9 iyun 2016-ci ildə Afinada bütün kütləvi informasiya vasitələrinin məlumat verdiyi sadə press-konfrans keçirildi. Burada Tutanhamonun (Tutankhamun) sərdabəsinin araşdırılması qədər maraqlı bir mövzu müzakirə edildi. Ümümdünya Antikiter mexanizminin araşdırılması layihəsinin (AMRP, The Antikythera Mechanism Research Project ) üzvləri qədim dünyanın ən sirli qurğusu haqqında yeni tapıntılardan danışdılar.

1900-cü ilin sensasiyası: Egey dənizində yerləşən Antikiter adası yaxınlığında qədim ticarət gəmisinin qalıqları tapıldı. Gəmi ilə birlikdə batan qiymətli yük üzgüçüləri qorxutmuşdu: “Orada meyitlər var! Çürüyən meyitlər!”. Onlar o dəqiqə başa düşmədilər ki, dənizin dibindəki başlar, ayaqlar və əllər bürünc və mərmər heykəllərə aiddir.

Tapıntı dövlət və alimlər arasında qarışıqlıq yaranmaması üçün həddən artıq böyük və qeyri-adi idi. Dibdə tapılan hər şeyi çıxarmağa qərar verdilər. “Antikiter” gəmisinin batdığı yerdə sualtı arxeologiyanın təməli atılır və Antikiter mexanizminin müasir hekayəsi başlayır.

Onlarla heykəl və fraqment, zinət əşyası, mebel, dəbdəbəli şüşə qab-qacaq, şərab üçün qablar və bunun kimi 400 əşyanın sudan çıxarılması üçün 2 il sərf olundu. Sualtı qazıntı işləri ilə Afina Milli Arxeologiya muzeyinin direktoru Valeryos Stays (Valerios Stais) məşğul olurdu. O vaxtdan tapılan və tapılacaq artefaktların əsas hissəsi bu muzeydə saxlanılır.

Afina arxeoloji muzeyinin “Antikiter” sərgisinin zallarından biri. Bütün eksponatlar “Antikiter” gəmisinin yüküdür. Foto: namuseum.gr 

Yunanlar inanırlar ki, tarix boyu heç bir sualtı arxeoloji qazıntı 1900-cü ildəki bu təsadüfi tapıntı ilə miqdarına, müxtəlifliyinə görə müqayisə edilə bilməz. Yunanlar, bəlkə də, doğru deyirlər, “Antikiter” gəmisinin artefaktları illik sərgidə bir neçə zalı tutur, 2012-ci ildə yenilənmiş qazıntılar səyasində hər sezon yeni tapıntılar gətirilir və çoxu hələ də orada qalıb.

Bütün bu gözəlliyin fonunda formasız, korroziyadan pis hala düşmüş qiymətli əşyalarla dənizin dibindən çıxarılmış metal parçası əvvəlcə heç kimin marağını cəlb etmədi. Yalnız 1902-ci ildə Valeryos Stays böyük hissələrdən birini “parçaladı” və hansısa mexanizmin bürünc detalına oxşar bir şey tapdı. Dişli çarx? Siferblat? Lakin ilk mexanizmləri XIV əsrdə Avropada ixtira ediblər! Necə ola bilər ki, bu orta əsr qurğusu eramızdan əvvəl batmış gəmidə olub? Bu çirkin detalları olan parçalanmış qurğunu hansı məqsədlərlə düzəltmişdilər?

Antikiter mexanizmi. Saxlanan parçalardan ən böyüyü ( fraqment A ), 1902-ci il. Şəkil The Albert Rehm Archives / Bavarian State Library

Bu an “arxeoloji zibil” dünyanın ən qiymətli arxeolojik tapıntılarından birinə çevrildi. Mexanizmin qalıqları sensasiyaya səbəb oldu, ən yavaş, zəif inkişaf edən, mütəmadi olaraq dozalarla yayılan tarixi sensasiya. Antikiter mexanizmini artıq 114 ildir ki, araşdırırlar, lakin alimlər öz fikirlərini texnologiyanın inkişafı ilə yeniləyirlər və təmkinli dozalarla bildirirlər. 2016-cı ildən bir sitat: “Antikiter mexanizminin dəqiq təyinatı hələ də məlum deyil, lakin son illərdəki kəşflər bu barədə əsaslandırılmış fikir bildirmək imkanı verir”.

Yəqin ki, yalnız bizim dövrümüzdə alimlər Antikiter mexanizminin həqiqi dəyərini başa düşüblər, onlar artıq bunu daha yaxşı başa düşürlər. “Bu balaca, korroziyadan pis hala düşmüş bürünc fraqmentlərdə bir neçə kitabı əhatə edəcək miqyasda məlumat və həm də bu biliklərin özünün mədəni sferasında necə inkişaf etdiyi və qarşılıqlı münasibətdə olması haqqında məlumatlar var. Antikiter mexanizmi, şəksiz, informasiya ilə doldurulmuş, arxeoloqlar tərəfindən tapılmış ən böyük artefaftkdır” – Nyu-York universitetinin dəqiq elmlər tarixi professoru və AMPR-ın seçilən iştirakçılarından biri olan Aleksandr Cons (Alexander Jones) belə düşünür.

Antikiter mexanizminin fraqmentindəki yazı. Miqyas böyüdülməsi tətbiq edilməmişdir. Şəkil: The Antikythera Mechanism Research Peroject / namuseum.gr

Bütün qurğularda, qədim ənənəyə əsasən, istehsalçı tərəfindən yazılmış istifadə qaydaları olmalıdır. 1902-ci ildə ilk diqqətli baxışdan sonra Valeryos Stays fraqmentlərin birində kiçik hərfləri gördü. İlk oxunan söz Αφροδίτη (“Afrodit”, yunanlar Venera planetini bu cür adlandırmışlar) və Ηλίου ακτίνα (“günəş işığı”) olmuşdur. Həmin an Antikiter mexanizminin astronmiya ilə əlaqəli olduğu fikrinə gəlindi. Lakin ilk tapılan yazıların niyə güzgü əksi – sağdan sola olduğunu Stays açıqlaya bilmirdi. Cavab bir neçə araşdırmadan sonra tapıldı, mətnin bu hissəsi bir “neqativ” idi, yəni digər bir detalın izi idi. Yazılar bütün fraqmentin üstündə olan dəniz çöküntüsünün qalın təbəqəsində iz kimi qalmışdı. Orijinal parça hələ də Egey dənizində Antikiter adasının sahillərində batıb qalmışdır.

Zaman keçdikcə alimlər mexanizmin belə pis saxlanılmasının səbəbini tapdılar: mexanizmin detalları tərkibində az qalay olan, deformasiya edilən bürünc laylarından hazırlanmışdı. Belə bürüncü hələ də hazırlayırlar, o plastikdir və əl ilə mexaniki işlənmə üçün uyğundur, lakin dəniz suyu isə uzunmüddətli kontaktı yaxşı keçirmir. Ancaq gəminin batdığı yerdən tapılan bürünc heykəllə mükəmməl mühafizə olunublar – onların hazırlanmasında fərqli tip bürüncdən istifadə olunub.

“Antikiter” gəmisinin qəza yerində tapılan bürünc heykəllərdən biri (“Filosof”). Şəkil: namuseum.gr

Antikiter mexanizminin korroziyaya uğramış parçaları olduqca kövrəkdir, mexanizmin özünün çoxlaylı olduğu məlum oldu, bu qədər fiziki manelərə baxmayaraq, yaxşı görə bilən texnologiya isə uzun müddət olmamışdır. Lakin ilk araşdırmada mexanizmin səthindəki 600-ə yaxın simvolu oxumaq mümkün olmuşdur. Mətni oxuyandan sonra mexanizmin astronomiya ilə əlaqədar olması haqqında ilkin tezisin doğru olması və mexanizm barədə bir təlimat olduğu düşünüldü.

İki müharibə, Avropadakı siyasi sarsıntılar elmi araşdırmaları, demək olar, ki sıfra qədər azaltdı. Digər dəyərli muzey artefaktları kimi mexanizmin detallarını ordan-bura daşıdılar, kövrək fraqmentlərin hissələri parçalandı və ya itdi – müasir dövr alimləri mexanizmin indiki vəziyyəti ilə müharibədən əvvəlki vəziyyəti olan şəkilləri qarşılaşdırıb bu qənaətə gəliblər.  İtmiş detalları virtual olaraq yenidən yaratmaq olsa da, fraqmentdəki mətnlər və onlarda olan ipucuları birdəfəlik itib.

Adi gözlə nə görmək olur?

Araşdırmaların ikinci dalğasını 1950-ci illərdə görkəmli fizik və elm tarixçisi Derek de Solla Prays (Derek John de Solla Price) başlatmışdır. O, yenidən qalmaqallı qurğuya maraq oyatdı və yalnız 1971-ci ildə rentgen cihazı ilə araşdırmalar aparmaq üçün icazə almağa nail oldu. Beləliklə, qədim “devays”ın daxilinin ilk şəkilləri meydana gəldi. Prays həm də qurğunun ilkin formasını bərpa etməyə çalışmış ilk insan idi. Bu günlərdə Praysın modeli səhv sayılır, lakin o öz missiyasını yerinə yetirirdi. Qədim dövr texnologiyasını mütəmadi olaraq inkişaf edən müasir texnologiyalar ilə araşdırmağa başladılar.

İndiki dövrdə Antikiter mexanizmini rekonstruksiyasının bir neçə variantı vardır. Lakin onlardan ən həqiqətə uyğun olanı mühəndis Maykl Rayt (Michael Wright) tərəfindən irəli sürülmüş model sayılır. Rayt əsl uzaqgörən (və ya yalnızca yaxşı mühəndis) oldu, hələ 1990-cı ildə Rayt mexanizmin düşündüyümüzdən daha mürəkkəb olduğunu və əldə olunan detallardan daha çox detala və funksiyaya sahib olduğunu deyirdi. Raytın fikirləri son illərdəki araşdırmalar sayəsində dəqiqləşdi.

Lakin mətnin oxunması ləng irəliləyirdi, 1970-ci ildə oxuna bilən simvolların sayı 600-dən 923-ə qalxdı. Rentgen aparatı ilə edilmiş şəkillər bulanıq alınırdı, metal hissələr pis oxunmurdu, lakin daxilindəki xırda yazıları oxumaq praktik olaraq mümkünsüz idi.

Texnologiya Antikiter mexanizminə yalnız XXI əsrdə kompüter tomoqrafiyası və metal şəkillərinin rəqəmsal emalı  əlçatan olandan, arxeologiya üçün istifadə etməyə başlanandan sonra “çatdı”. 2005-ci ildə Antikiter mexanizminin araşdırılmasının beynəlxalq proyekti – AMPR yaradıldı. Müxtəlif ölkələrdən fiziklər, astronomlar, mühəndislər, tarixçilər və arxeoloqlar qədim sirləri öyrənmək üçün güclərini birləşdirdilər

Demək olar ki, elə fəaliyyətə başlayan kimi problemlərlə üzləşdilər, muzeydən icazə almaq üçün 5 il gözləməli oldular. 2005-ci ildə icazə alındı, lakin kövrək detalların daşınmasına qadağa qoyulmuşdu, ona görə də, alimlərə Afinaya 8 tonluq turbinlərdə mikro çatları müəyyən etmək üçün yüksək həssaslığa malik olan tomoqrafiya “Bladerunner”i daşımalı oldular, amma nəticə bu qədər əziyyətə dəydi.

Antikiter mexanizmi, Bladerunner apparatı sayəsində aparılmış radioqrafik araşdırmalar. Şəkil: The Antikythera Mechanism Research Project

ARMP-nin idarə heyətində olan astrofizik Mayk Edmundz (Mike Edmunds) özünə xas ironiya ilə araşdırmaların başlanğıc mərhələsi haqqında danışmışdır: “Ümumiyyətlə, biz sadəcə Antikter mexanizminin necə işlədiyini aydınlaşdırmaq istəyirdik. Bu problemi biz uğurla həll etdik. Amma bizə sonradan aydın oldu ki, bizim işlətdiyimiz texnologiyalar həm də mexanizmin üzərindəki və daxilindəki yazıları da oxumağı mümkün edir və bu, bizdə əvvəlki cəhdlərdən daha yaxşı alınır.”

Mətnin araşdırılmasının əsas metodu hal-hazırda babil gil lövhələrində də aktiv şəkildə istifadə olunan PTM (Polynomial Texture Mapping – polinomial tekstura xəritənməsi) texnologiyasıdır. Bu, təxminən, belə edilir; obyektin fərqli yönlərdən şəkli çəkilir, iki ölçülü şəkillərdən xüsusi proqram vasitəsilə təxmini həqiqətə uyğun üç ölçülü səth şəkilləri yaradılır. Xoşbəxtlikdən bu apparat daha portativ idi.

PTM texnologiyası ilə Antikiter mexanizminin araşdırılması. Şəkil: Cultural Heritage İmaging / culturalheritageimaging.wordpress.com

Beləliklə, işlər tezliklə kor döngədən çıxdı. İlk iş yeni bir sensasiya meydana çıxardı – mexanizmin yeni fraqmentləri tapıldı. Onlar “Antikiter” gəmisinin qəzaya uğradığı yerdə dənizdə tapılmadı. 1950-1970-ci illər arasında bu axtarışlara Jak-İv Kustonun (Jacques-Yves Cousteau) özü başçılıq etmişdir, lakin onun axtarışları heç bir nəticə verməmişdi. 2005-ci ildə, əsas araşdırmaların başladığı bir dövrdə alimlər müharibədən əvvəlki təmizləmədən nələr qaldığını yoxlayanda zibillərin arasında xırda hissələr və dəniz çoküntüləri tapdılar. İlk araşdırmaçılar, sanki texnologiyanın inkişaf edəcəyini qabaqcadan bilmiş kimi Antikiter mexanizmi ilə əlaqədar olan heç nəyi atmamışdılar.

Beləliklə də, fraqmentlərin sayı 82-yə qalxdı – 7 böyük (onlar latın hərfləri ilə adlandırılmışdılar, A-dan G-yə kimi ) və 1-dən 75-ə kimi nömrələnmiş 75 kiçik hissə. Kiçik hissələri dəyərli edən onlarda da mətndən hissələr olmasıdır, bunların əksəriyyəti bir neçə hərf və rəqəmdən ibarətdir, lakin onlar çox lazım oldular. 15 parçada da ilk fraqmentdə Staysın tapdığı “neqativ” kimi, yəni güzgü əksi kimi yazılar tapıldı. Araşdırmaçıların öz sözləri ilə desək, “ikili tapmaca”nın orijinalı ilə güzgü əksini qarşılaşdırmalı oldular.

Artıq başlayandan bir il sonra tapılmış və oxunmuş simvolların sayı 2160-a çatdı. Mətnin təxmini oxunmasından sonra araşdırmaçılar mətnin mənasını daha da başa düşür və onun həcmi haqqında anlayışları olurdu. Yazılar əsas araşdırma obyekti oldu, bu isə çətin və çoxpilləli prosses idi – tapmaq, emal etmək, oxumaq və informasiyanı lazım olan elmi və tarixi kontekstə əlavə etmək.

PTM emalından sonra mətndəki fraqment. Şəkil: The Antikythera Mechanism Research Project.

Simvolların oxunma prossesi və onların interpretasiyası AMPR press-konfransının əsas mövzusu idi. Alimlərin verdiyi məlumatları iki eyni olmayan hissəyə bölmək olar: inanılan və əsaslandırılan fikirlər. İnanılan fikirlərə Antikiter mexanizminin astronomik funksiyalarını daxil edirik. Təəccüblü deyildir ki, buraya araşdırmanın ən “asan” hissəsi aiddir. Mühəndis Maykl Rayt mexanizmin bir çox funksiyalarını və xüsusiyyətlərini AMPR layihəsi başlamadan əvvəl təxmin etmişdi. Dəqiq elmləri aldatmaq olmaz.

AMPR-in 9 iyun 2016-cı ildəki press-konfransı. Ön planda Antikiter mexanizminin modelini görürük. Şəkil: Petros Giannakouris / AP

Təxmin edilənlərə isə ən çox jurnalistləri və humanitarları maraqlandıran suallar aid edilir: Kim və nə vaxt Antikiter mexanizmini hazırlayıb? “Antikiter” gəmisinin qəza yerində beş sezon boyunca araşdırmaçılar nə tapdılar? Hansı əsasla 114 ildə ilk dəfə araşdırmaçılar mexanizmdə astronomik xüsusiyyətlərin olduğunu deyirlər? Jurnalistlərin adlandırmağı sevdiyi kimi o, “dünyadakı ən qədim kompütermidir” yoxsa adi “astronomik kalkulyator”? Bəlkə, alimlərin özünün də düşündüyü kimi “kainatın güzgüsü” və “filosoflar üçün qalaktikada yol göstəricisidir”? Ən sonda, bu qurğunun instuksiyası varmı?

Bu suallara biz ikinci və üçüncü hissələrdə cavab verəcəyik. Antikiter mexanizminin araşdırılması onun özünü belə keçərək bu araşdırmanı çoxseriyalı tarixi dedektivə çevirdi.

Mənbə: https://www.vesti.ru/doc.html?id=2767779&cid=2161

Redaktə etdi: Fatimə Əliyeva

1 ŞƏRH

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin