Üzvlük şərtləri

 

 

“Rezonans”ın ümumi idarəedici və icraedici heyətinin  qəbul etməli olduğu qaydalar.

 

1.Obyektivlik

Heç bir üzv “Rezonans”ın tək ideologiyası olan maarifləndirici fəlsəfədən kənara çıxmamalı, öz şəxsi inanc və fəlsəfi baxış prizmasını, həmçinin siyasi ideologiyasını “Rezonans” adından çıxış edərkən əks etdirməməli, heç bir təbliğata yol verməməlidir ( Burada ateizm, deizm, teizm, panteizm, müxtəlif dini, siyasi və siyasi olmayan təşkilat, sekta, təriqət, icma və s. kimi anlayışların təbliğatının aparılması nəzərdə tutulur).

Unutmayın ki, “Rezonans”ın tək məqsədi elmi,incəsənəti və fəlsəfəni cəmiyyətə obyektiv şəkildə çatdırmaq və cəmiyyəti maarifləndirməkdir.

2.“Rezonans” laboratoriya deyil

Heç bir üzv “Rezonans” adından çıxış edərkən hər hansı bir dəqiq elmi mövzunu öz şəxsi fikri ilə (hipotez – fərziyyə) şərh edə bilməz. Yanaşma mütləq şəkildə materialist(Kainatdakı hər şeyin və hər prosesin maddi əsası olduğunu müdafiə edən düşüncə sistemi) və naturalist(Kainatın ancaq təbii qüvvələr və qanunlar əsasında mövcud olduğunu düşünən, fövqəltəbii qüvvələri qəbul etməyən düşüncə sistemi) və konstruktiv pozitivist-elmi realist(qəbul görmüş və real sayıla biləcək məlumatlara elmi,məntiqi və riyazi yolla yanaşan fəlsəfi düşüncə sistemi)olmalıdır. Bu üç yanaşma modern elmin əsasını təşkil edir və bizlər də modern elmə öncüllərimiz kimi yanaşmağı özümüzə borc bilirik.

3.Proqressivlik

“Rezonans” üzvü maarifləndirmə adı ilə “elm”, “fəlsəfə” və “incəsənət” başlıqları altında geriliyə aparan fikirləri ehtiva edən müəllifləri tərcümə edə və ya təbliğ edə bilməz.

Bu fikirlərə daxildir: nasizm, soyğunçu və satışa yönəlmiş kapitalist düşüncə, faşizm, cinsiyyətçilik, ifrat feminizm, sinfi ,cinsi ,dini ,irqi ,milli və sosial ayrıseçkilik yaradan və s. fikirlər.

 

4.Real müzakirə mühiti

Fəlsəfə və incəsənətin bəzi mövzuları fərqli fikirlərə açıq olsa da, dəqiq elm sahələrinin qəbul olunmuş mövzuları müzakirəyə açıq deyildir. Rezonans üzvləri “Dünya düzdür” , “Təkamül yalandır” ,“Homoseksuallıq xəstəlikdir”, “Pinqvinlər uçur” tipli müzakirələrdə iştirak etməməli, sadəcə izləyicini faydalı ədəbiyyat (elmi mənbə) ilə tanış etməlidir.

 

 

5.Tolerantlıq

Üzvlər heç bir istifadəçiyə məcburi şəkildə hər hansı bir fikri qəbul etdirməyə çalışmamalı, sadəcə mənbənin hansı səbəbdən obyektiv olduğunu izah etməlidir.

 

6.Şəxsiyyətin alçaldılması halları

Komandanın üzvləri təhqir və ya təhdid edildikdə, həmçinin birinci maddənin izləyicilər və ya digər üzvlər tərəfindən pozulması zamanı izləyicini uzaqlaşdırmaq, qaydanı pozan üzv haqqında isə idarəedici heyət üzvlərinə  məlumat vermək (fakt təqdim etmək məsləhət görülür) hüququna sahibdir. Zəruri olduqda problem hüquqi müstəvidə həll edilməlidir. Lakin qeyd edilən hallarda təhqir və ya təhdid edilən tərəf də eyni cür aqressiya və reaksiya göstərərsə, ona qarşı da tədbir görülməsində lüzum olacaqdır. “Rezonans” üzvü soyuqqanlı olmalıdır.

 

7.Tibb etikasına sadiqlik

Tibbi mövzularda üzvlər konkret həll, müalicə üsulları göstərməməli, istifadəçini uyğun mütəxəssisə yönləndirməlidir.

 

  1. Hər kəsə eyni imtiyaz

“Rezonans” üzvü olan şəxslər “Rezonans”ın nəzdində olan və əməkdaş olduğu sosial şəbəkə hesablarından, səhifələrdən, veb-saytdan(rezonanss.com) və digər yayım vasitələrindən yuxarıdakı şərtlər daxilində istifadə edə bilər.

 

9.Üzvün fəaliyyəti

Üzvlər idarə heyəti tərəfindən anket əsasında hər hansı bir fəaliyyət sahəsi məsləhət görülməsinə baxmayaraq , istədikləri zaman razılaşdırılmış  və mümkün olan digər sahələrdə də fəaliyyət göstərə bilərlər. İnanılan odur ki,hər bir kəs maariflənmə yolunda fəaliyyət göstərə bilər. Xüsusi hallar istisna olmaqla üzvlərin fəaliyyətsizliyi arzuolunan deyildir. Fəaliyyətsizlik aşağıdakı hallarda yolveriləndir:

1) Dərs yükünün çox olması 2) Həm oxuyanda, həm işləyəndə (ailəni dolandırır) 3) Şad və ya matəm günlərində 4) Hər hansı bir qəza baş verdikdə 5) Uzaq və ağır səfərdə olduqda (istirahət səfərinə çıxdıqda) 6) Səhhəti icazə vermədikdə və ya bununla bağlı müalicə aldıqda 7) Hərbi qulluqda şəraitsizlik ucbatından. Digər hallarda fəaliyyətsizlik qəbul olunmazdır.

10.”Rezonans” özü-özünü maliyyələşdirir

“Rezonans” üzvü olan şəxslər mütləq şəkildə aylıq göstərilən məbləği (hazırki valyuta ilə 4.50 AZN) ödəməlidir. Ödəniş  aylıq toplantılarda nəğd yolla və ya onlayn ödəniş vasitəsilə həyata keçirilə bilər. Ödəniş edilməmişdən əvvəl idarəedici heyət üzvləri ilə əlaqə saxlanılmalıdır və bu halda mümkün ödəniş vasitələri heyət üzvləri tərəfindən göstəriləcəkdir. Aktiv üzvlərə veriləcək təqaüdün “Rezonans”ın büdcəsindən ödəniləcək olduğuna görə ödənişin hər bir üzv tərəfindən müntəzəm olaraq edilməsi vacib şərtlərdən biridir.

Göstərilən bir ay ərzində iki ən aktiv üzvə aşağıdakı şərtlər daxilində təqaüd ayrılacaqdır:

 

 

1.Ən aktiv müəllif –Minimum 10 məqalə yazmalı və ya tərcümə etməlidir (1 məqalə etalon olaraq minimum 600 söz hesab edilir, 10 məqalə ən azı 6000 sözdən ibarət olmalıdır).

2.Ən yaxşı redaktor –Minimum 30 məqalə redaktə etməlidir(Etalon eynidir).

 

 

*Müəllif və redaktorun vəzifələri ilə ayrılıqda tanış olacaqsınız.

 

11.Fəaliyyətə nəzarət

Yuxarıda qeyd edilən qaydalara nəzarəti idarəetmə heyəti tərəfindən yaradılacaq olan könüllü nəzarət komitəsi edəcəkdir.Hər iki heyətin fəaliyyəti tamamilə könüllüdür və təyinat vasitəsilə həyata keçirilir.

 

 

* Sizin şəxsi fikirləriniz, dini inancınız, dünyagörüşünüz “Rezonans”a üzv olmağa hər hansı bir əngəl yarada bilməz. Yuxarıdakı qaydalar sadəcə “Rezonans” üzvü kimi çıxış edərkən şamil edilir. Heç bir halda üzvlərin şəxsi həyatına şamil edilə bilməz!