Sinir sisteminin təkamülü

0

Sinir sisteminin təkamülü.

Sinir sisteminin əsas funksiyası qıcığın qəbul edilməsi və oyanmanın qıcığa, cavab vermək qabiliyyətinə malik olan orqanlara ötürülməsindən ibarətdir. Siniı sistemi orqanizmin bütün funksiyalarına, həmçinin orqanizmin xarici təsirlərə qarşı cavab reaksiyalarına da nəzarət edir.

Heyvanlarda ən primitiv sinir sistemi diffuz sinir sistemidir. O, dəridə bütün bədən səthi boyunca yerləşən ayrı–ayrı hüceyrələrdən təşkil olunmuşdur Hüceyrələr öz uzun çıxıntıları vasitəsilə bir–biri ilə əlaqə yaradaraq sinir kələfi əmələ gətirir. Bağırsaqboşluqlular və ibtidai yastı qurdların diffuz sinir sistemi olur.  Diffuz sinir sistemindən heyvanlarda iki tipdə olan sinir sistemləri yaranır: yastı və sap qurdlarda olduğu kimi sütunvari (şəbəkəşəkilli), dərisitikanlılarda və yarımxordalılarda olduğu kimi dəri-qanqlioz sistem. ( lat. ganglia-düyün. Lat. gangliosus-düyünlü)

Image result for arthropods nervous system

Yastı qurdların sütunvarı sinir sistemləri sinir hüceyrələrinin diffuz sinir sistemində sinir hüceyrələrinin baş qanqlisində yığılması yolu ilə gedir ki, sonunculardan da çıxan cüt sinir sütunları arasında eninə atmalar yerləşir. Bu tip sinir sistemi diffuz sinir sistemi kimi bədən səthində deyil, bədən örtüklərinin altında yerləşir. Sap qurdlarda belə sinir sistemi şəkildəyişməyə məruz qalır, udlaqətrafı qanqliya həlqəsi əmələ gəlir ki, onlardan da uzununa istiqamətdə sinir sütunları çıxır. Buna artıq biz mərkəzi sinir sistemi deyə bilərik.

Sütunvarı sinir sisteminin sonrakı inkişafı molyuskalarda düyünlü sinir sisteminin, həlqəvi qurdlarda və buğumayaqlılarda isə qarın sinir zəncirinin əmələ gəlməsi istiqamətində gedir.

Molyuskalarda sinir sisteminin formalaşması zamanı əvvəl şəbəkəşəkilli sinir sistemi inkişaf edir ki, o da udlaqətrafı sinir həlqəsindən, iki cüt uzununa sütunlardan və onların arasında yerləşən eninə sinir atmalarından ibarət olur. Bu sinir sistemi öz quruluşuna görə yastı qurdların sütunvarı sinir sistemlərinə çox yaxın olub, molyuskaların aşağı pillələri üçün səciyyəvidir.

Ali molyuskalarda bütün sinir sütunları boyunca cüt qanqliləri formalaşır və düyünlü sinir sistemi əmələ gəlir. Bu sinir başayaqlı molyuskalarda özünün ən yüksək inkişaf mərhələsinə çatır. Belə ki, bütün qanqlilər baş beyində toplanmış olur ki, ondan da bütün orqanlara sinirlər gedir.

Image result for nervous system evolution

Həlqəvi qurdlarda və buğumayaqlılarda sütunvarı sinir sistemindən ilk əvvəl sinir pilləkəni formalaşır ki, o da eninə atmaları olan bir cüt sinir sütunundan ibarət olur. Sonradan da o cüt qanqlilərlə birləşən qarın sinir zəncirini əmələ gətirir. Buğumayaqlılarda udlaqüstü qanqlilər mürəkkəb baş beyni əmələ gətirir.

Aşağıda buğumayaqlıların sinir sistemini, o cümlədən qarın sinir zəncirlərini görürük: Sol tərəfdə sadələşdirilmiş şəkildə uzun düyünlər ardıcıllığı qarın sinir zənciridir. Qarın sinir zəncirini yuxarıda, soxulcanın  (earthworm) təsvirində də görə bilərik.

Image result for arthropods nervous system

Dərisitikanlılarda(ən məşhur nümayəndəsi dəniz ulduzudur)  dəri qanqlioz sinir sistemi öz başlanğıcını qurdabənzər əcdadların diffuz sinir sistemindən götürmüşdür. Dərisitikanlılarm dərisi üzərində diffuz yerləşən çoxlu sinir hüceyrələri olur. Onlardan da ağızətrafı həlqə formasında qanqlilər yığını formalaşır, sonunculardan da sinir sütunları çıxır.

Xordalılarda sinir sisteminin yeni tipi sinir borusu formalaşır. Sinir borusunun yaranmasını belə təsəvvür etmək olar. Xordalıların əcdadlarının bel hissəsində yəqin ki, uzununa zolaq olmuşdur ki, orada da çoxlu miqdarda hissedici və diffuz sinir hüceyrələri yerləşirdi. Sonradan bu zolaq əyilərək şırım əmələ gətirir. Bu şırımın kənarları bitişir və beləliklə də sinir borusu yaranır. Sinir borusunun daxilində sinir və hissedici hüceyrələr, kənarlarda isə sinir hüceyrələrinin çıxıntıları yerləşir. Bu proses xordalıların fərdi inkişafında təkrar olunur. Aşağıdakı şəkildə qırmızı rənglə sinir sistemi verilmişdir. Sarı rənglə verilən isə həzm yoludur.

Image result for chordates nervous system evolution

Onurğalı heyvanlarda sinir borusunun Ön hissəsindən baş beyin əmələ gəlir ki, o da beş şöbədən ibarət olur. Arxa hissədən isə onurğa beyni formalaşır. Balıqlardan başlayaraq, quşların və məməlilərin baş beyninin təkamülü onun quruluşunun mürəkkəbləşməsinə, ön beynin həcminin artmasına, baş beyin qabığının inkişafına səbəb olur ki, orada da orqanizmin funksiyalarını nizamlayan, eləcə də mürəkkəb davranış formalarını təmin edən mərkəzlər olur. Aşağıdakı şəkildə bənövşəyi rənglə verilən bizim ön beyin dediyimiz hissədir.

Image result for vertebrates nervous system evolution

Qaynaq:

Biologiya. Zoologiya. Tərtibatçılar: T. M. Eybatov, T. Ə. Məmmədxanlı. Elmi red. M. A. Rəhmanov, Baş red.  R.H. Novruzov və başqaları

İnsan Anatomiyası- V. Şadlınski

Animal Physiology, Fourth Edition by Richard W. Hill, Gordon A. Wyse, and Margaret Anderson

Hazırladı: Gündüz Osmanlı

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin