Orfizm (Orpheus) təlimi

0

Dualist bir təlim olaraq Orfizm

 

 

Xülasə

Hər din yarandığı coğrafiyanın mədəniyyətindən təsirlənərək meydana gəlir. Din bir həyat, fəlsəfə isə bir düşüncədir. Həyatımızda hər ikisinə də müvazinətli bir şəkildə ehtiyacımız vardır. Orfizm tarixdə Platon, Pifaqor kimi ilk filosofların təlimlərində yer alan bir dindir. Eyni zamanda o, Yunanıstanda həmin dövrdə var olan bir çox dinə meydan oxuyaraq yeni bir səhifə açmışdı, çünki günəş mərkəzli (heliosentrik) dinlər arasından tək tanrı düşüncəsini aşılayan ilk heliosentrik dindir. Orfizmin yaradıcısı mifoloji bir fiqur olan, musiqisi ilə hər kəsi valeh edən Orfeydir. Mövcud olduğu coğrafiyada qarşılaşdığı həvari  Pavelin başçılığı ilə formalaşan xristianlığa təlimləri ilə təkan vermişdir. Ruh köçü, ruhun ölümsüzlüyü, digər dünya inancı, əziyyətli bir dünya həyatı, insanı bədən və ruh olaraq ikiyə ayırmaq əsas xüsusiyyətlərindəndir.

GİRİŞ

E.ə. VII və VI yüzilliklərdə vacib sosial, fəlsəfi və dini hərəkatlar meydana gəlmişdir. Bu dəyişikliklərə  siyasi və iqtisadi amillər səbəb olur. Cəmiyyətin kral və əsilzadələrin hakimiyyəti altında olduğunu göstərən ifadələrə Homerin şeirlərində tez- tez rast gəlirik. Bu vəziyyət İoniyada sənaye və ticarətin inkişaf etməsi ilə birlikdə yeni varlı sinfin köhnə əsilzadə sinfinə rəqib olmasına qədər davam edib. Özünü inkişaf etdirən bu yeni siniflə birlikdə cəmiyyətdə siyasi və sosial bir şüur meydana gəldi. Köhnə siyasi quruluşun tənəzzülü yeni sosial və iqtisadi qaydaların vacibliyini təsdiqlədi. İnsanlarda fərdi şüur peyda olduqca onlar özlərini, ətraflarında baş verən hadisələri və yaşadıqları yeri düşünməyə , sorğulamağa və tanrı , təbiət və tanrıların qaydaları ilə bağlı mövzuları müzakirə etməyə başladılar. Bu dövr nəsihətləri ilə sadəcə Yunanıstanda deyil, bütün dünyada tanınan yeddi müdrikin yetişdiyi dövrdür. Bu hadisələr nəticəsində V yüzilliyin sonu və IV yüzilliyin əvvəllərində cəmiyyətə güclü təsir edən orfizmin yaranmasını izləyə bilir və onun Herodot, Evripid, Pifaqor və Platonun əsərlərində təzahürlərinə rast gələ bilirik.

ORFEY

Əslində Orfey adında biri yoxdur, fəqət tarix səhnəsində həqiqətlə mif arasındakı yerini alır. Aristotelə görə Orfey heç vaxt mövcud olmamış bir personajdır. Əgər həqiqətən də yaşamış biridirsə, təqdirəlayiq bir yenilikçi, dini bir lider və bu yolda ölən bir qəhrəmandır. Real və ya mifoloji personaj olmasından asılı olmayaraq Orfey çoşqun və çılğın saya biləcəyimiz şərab tanrısı Dionisə tam zidd bir şəxsdir. Orfey Apollon ilə ilham pərisi Kalliopanın oğludur. Yeddi telli lirin ustası, bütün təbiətin onu dinləməkdən doymadığı, ayaqlarının altında vəhşi heyvanların səssizcə uzandığı bir ozan və musiqiçidir. Əfsanəvi musiqiçilərin ən böyüyü olmaqla yanaşı eyni zamanda ölümsüzlüyün yolunu tapan və bunu açıqlayan, ilham paylayan bir teoloqdur. Lefran de Pompinyan onu “dünyanın ilk musiqiçisi” olaraq adlandırmışdır. Orfey günahlardan təmizlənmə düşüncəsini mifologiyaya qatan ilk şəxsdir. Yeraltı dünyanın tanrıları Hades və Persefonanı da cəzb edərək yoldaşını xilas etmək şansına çatacaqdır. Ustadı  Apollonun himayəsi altındadır və ondan lira çalmağı öyrənmişdir.  Apollonun onun atası olduğunu deyənlər də vardır. İndiyə qədər gördüyümüz Yunan qəhrəmanlarının heç birinə bənzərliyi yoxdur. Zəfərdən zəfərə qaçan, döyüş  meydanlarında möcüzələr yaradan, qılıncından qan damlayan bir qəhrəman deyil. O, həssas ürəkli, zərif , lirik və incə nəğmələri ilə könülləri fəth edən, maddi güclə edilə bilməyən igidlikləri sazıyla, sözüylə edən sənətkar  qəhrəmandır. Ezoterik bir dinin qurucusudur. Mövcud dini mətnləri şərh etməklə kifayətlənməmiş, eyni zamanda öz düşüncələrini də irəli sürmüşdür. Siciliyalı Diodora  görə Orfey dini ritualları Misirdə öyrənmişdir. Diodor və digərlərinin onu Dionis ilə əlaqələndirdiklərinə baxmayaraq Orfey bütün Yunan ezoterik dinlərinin yaradıcısı olaraq bilinir. Proklusa görə bütün Yunan ilahiyyatı Orfizm doktrinasının əsəridir. Yamvlixə  görə isə Pifaqor və Platonun “mövcud hər şey ədədi dəyərlərə əsaslanır” tezisinin dayağı Orfeydir. Platonun “Timey” adlı dialoq kitabı da Orfeydən qaynaqlanır. Ədəbiyyatda Orfeydən bəhs edilən ilk mətnə İran  döyüşlərindən əvvəl Yunan şairi İvikin bir əsərində rast gəlmək olar. Pindar da Orfeyin  şöhrətini artıran digər bir aşıqdır. O, Orfeyi mahnıların atası olaraq xarakterizə edir və Apollon ilə olan əlaqəsini xüsusilə qeyd edir. Pindarla eyni zamanda  yaşamış olan Simonidin şeirlərində isə Orfeyin musiqisiylə sakitləşən vəhşi heyvanlar görürük. Orfeydən bəhs edən ən köhnə mənbələrdən biri isə Esxilin “Likurq” adlandırılan dörd pərdəli pyesidir. Bu pyesin mətninin müəyyən bir hissəsinin itmiş olmasına baxmayaraq bəzi əhəmiyyətli nəticələr əldə etməyə  imkan verir. Bunlardan birində Otto Kern  Esxilin Orfeyi Apollona ibadət edən bir şəxs olaraq canlandırdığını  göstərir. Orfeyin Apollona ibadət etdiyi ilk dəfə burada nəzərə çarpır. Həmçinin Orfey Afinada tapılmış və tarixi e.ə  VI və V əsrlərə təsadüf edən sənət əşyalarında  qolunda lirası ilə pillələri çıxarkən təsvir edilir. Perikl dövrünə aid İtaliyanın cənubunda  tapılan qırmızı bir kraterdə ( çaxır və suyu qarışdırmaq üçün antik qab) isə frakiyalıların özlərindən gedərək dinlədikləri bir vəziyyətdə Orfey  qayaların üzərində oturaraq mahnı oxuyur. Roma dövrünə aid bir çox katakombalarda musiqisiylə bütün təbiətə təsir edən Orfey tez-tez təsvir edilir. Simonid Orfeyin gözəl nəğmələrini, Esxil inandırıcı səs tonunu, Evripid isə cazibədar danışığını, nəğmələrini və gitarada ifa etdiyi musiqi parçalarını öz əsərlərində qeyd edir.Səslərinin gözəlliyinə görə Orfey və Həzrəti Davudun eyni Tanrıdan ilham almasını iddia edənlər də vardır.

Orfeyin bilinən ən məhşur hekayəsi Evridika ilə bağlı olan kədərli bir hadisədir. Evridikanı bir ilan çalır və o ölür. Orfey Evridikanın ölümündən sonra çox böyük kədər içində olur və onun ardınca yeraltı dünyaya getməyə qərar verir. Orfeyin həyat yoldaşı Evridika üçün oxuduğu ağılar yeraltı dünyanı idarə edən Hades və Persefonanın diqqətini çəkir. Orfey yeraltı dünyaya çağırılır və ona kimsəyə təqdim edilməyən bir təklif irəli sürülür. Evridikanın yer üzünə yenidən dönməsi üçün tək bir şərt vardır: Orfey və Evridika birlikdə yer üzünə çıxacaqlar, lakin yer üzünə çıxana qədər Orfey yoldaşının üzünə baxmayacaq. Son çıxış nöqtəsinə gələnə qədər səbr edən, eşq atəşiylə tutuşub qovrulan Orfey özünə hakim ola bilməyib  arxaya çevrilir və Evridikanı xilas etmək şansını əldən verir. Sevdiyi qadın bir buxar kimi havaya yüksəlir və gözdən itir. Orfey onu tutmaq istəyir, lakin ruhları qayıqla cəhənnəm çayı Stiksdən keçirən qayıqçı Haron onu bir daha öz qayığına mindirməkdən imtina edir. Onun hekayəsi musiqinin gücünün ilk nümunəsidir. Çünki o, musiqisiylə insanların ruhlarını dincəldərək sülhə xidmət etmişdir. Tarixçi və dövlət adamı Polibiyə görə musiqinin insanlar üzərində sakitləşdirici bir təsiri vardır. Polibi  Arkadiyada yaşayan Kynaetheansların vəhşiliyini musiqini tərk etməkləri ilə əlaqələndirir.

Orfey Dionis kultunun içində olan bir çox qanlı səhnələri reform etməyə çalışmışdır. Orfey o dövrdə qaçılmaz , əzablı yuxuya bənzəyən ölümdən ruhları xilas etməyə çalışan bir ruh lideridir (psychopomp). Orfey təlimində inananlar ölümün taleləri olmadığına və eynilə Evridika kimi Hadesin cəhənnəmindən xilas olmağa inanırdılar. Yunan torpaqlarında ölümsüzlük ilk dəfə Orfey vasitəsilə dilə gətirilməkdədir. Pifaqor , Sokrat və Platon bu düşüncəni öz dövrlərində inkişaf etdirmişdirlər. Günümüzə qədər gəlib çatan Orfizm təlimlərdən əksəriyyəti bu şəxslər tərəfindən çatdırılmışdır.

Orfey də Dionis, Attis, Adonis, Herakl, Osiris və İsa Məsih kimi əzab çəkən xilaskarlar arasındadır. Bu xilaskarların  ortaq xüsusiyyəti onların təlimlərinə inananların  müəyyən bir əziyyətin sonunda təbii cənnətlərinə dönəcəkləri ideyasını təbliğ etmələridir. Orfizm təliminin ardıcılları  ölümdən sonrakı taleyimizin bu dünyadakı həyatımızla əlaqəli olduğu doktrinasını Yunan dünyasına ilk təqdim edən şəxslərdir. İsgəndəriyyəli  bir yəhudi tərəfindən yığılan Orfeyin Apokrifal təlimlərində Orfey təkallahlıq axtarışında olan və Allahın tək olduğu tezisini iddia edən ilk paqan dini müəllimidir. Orfeyin politeizmdən monoteizmə dönüşündə Misirə etdiyi səfərin təsiri olduğunu iddia edən yazıçılarla yanaşı bu düşüncəni inkar edən Fiçino kimi  yazıçılar da var.

Orfeyin ölümü də kədərlidir. Evridikanı ikinci dəfə itirdikdən sonra Orfey özünü yenidən musiqiyə qərq edir. Aylarca iztirabını dağlarda təbiətlə paylaşır.Orfey bir rəvayətə görə insanlara musiqi ilə sərxoş olmağı öyrətdiyi üçün ona nifrət edən Dionisin qadın müridləri olan Bakkhalar (Menadlar) tərəfindən öldürülmüşdür. Öldürüldükdən sonra başı və lirası  üzərək Midilli (Lesbos) adasına qədər gəlib. Apollon Orfeyin lirasını buradan alır və o, göy üzündə “Lira” bürcünə çevrilir. Pausanisasın rəvayətinə görə isə Orfey insanlara tanrıların möcüzələrini aşkar etdiyi üçün Zevsin ildırımı ilə vurularaq öldürülmüşdür.

Bir Təlim və Mifik Bir Din Olaraq Orfizm

Orfizm e.ə. VI əsrdə inkişaf etməyə başladı və Pifaqorun fikirləri ilə yekunlaşdı. Orfizmdə ruhun ilahiliyini və ölümsüzlüyünü,  bədənin çirkliliyini qeyd olunur, ölüm bir qurtuluş sayılırdı. Orfizmə görə içində olduğumuz dünya kənar dünya ilə müqayisə edildiyi  zaman önəmsiz qalır. Çünki orda hər şeyi əldə etmək şansımız vardır. Platon məlumat nəzəriyyəsini bu ənənənin təsiri altında inkişaf etdirmişdi. Orfizmə görə insan yaxşı və pisdən yaranan dualist bir quruluşdan peyda olur. Ənənəvi yunan düşüncəsindən fərqli olaraq Orfik inancda insan ruhu bədəninə və bu dünyaya bağlı deyildir. Platonun da ifadə etdiyi kimi Orfik inancda bədən bir həbsxana və ya məzardır. Ruh isə ölümsüzdür.

Evripid ehtimal ki, Orfizmdəm təsirlənərək belə deyir: “Ölüm bir həyatdır”. İçində olduğumuz dünya günahlarımıza görə  bir cəzadır, insan övladı ancaq kənar dünyada təmizlənəcək və Tanrı ilə görüşəcəkdir. Orfizm əslində Dionisizm təliminin reformasiya edilmiş halıdır. Dionisizm mədəni , sadə , ilkin , bəsit və duyğusal olduğu halda  Orfizm inkişaf etmiş ,gözdən keçirilmiş , detallı və intellektual bir təlimdir. Ortaq cəhətləri də çoxdur. Hər ikisi də eyni tanrıya – Dionisə fokuslanmışdır. Ölümsüzlüyü hədəfləmişlər və ayinlərdə bu hədəfə çatmağa çalışmışlar. Bütün bunlarla birlikdə Orfizmi Dionis təlimindən ayıran ən əsas fərq Orfizmin həyatı əziyyətli bir baxış tərzi ilə izah etməsidir. Bu din Yunanların əsas dini olmasa da, yunanların arasında rəngli fəlsəfi mübahisələrə səbəb olmuşdur. Orfizm  yunan düşüncə dünyasının təməlini qıraraq yeni səhifənin açılmasına səbəb oldu. O vaxt zehinlərdə bir maya vəzifəsi görərək  fərqli düşüncələrə təkan. E.ə. VI əsrdə yunanların qarşısında 2 yol var idi: İoniyalı fiziklərin təqib etdiyi rasional düşüncə və Orfizmin işarə etdiyi mistisizm. Bu iki axın ayrı-ayrı məcralardan axsa da, çox zaman yeni bir şey yaratmaq üçün bir araya gəlirdilər. Orfizmin harada başladığı tam olaraq bilinmir. Delfi, Fiv və Afina əsas mərkəzləridir. Bəziləri isə İtaliyanın cənubunda Sicilyadaki Kamarina, Sirakus və Krotonu əsas mərkəzləri olara tanıyırlar.

Orfizm o zaman məşhur olan politeist düşüncəyə qarşı çıxaraq panteizm düşüncəsini ortaya qoyur. Orfizm inancında tanrı təkdir və istənilən forma və şəkildə  universaldır. Bir çox Orfik mətndə Zevs tək bir tanrı olaraq xarakterizə edilir.

Bilindiyi kimi Dionis Zevsin Semeladan olan doğma oğludur. Bir rəvayətə görə qısqanc Heranın əmrinə uyan Titanlar Dionisi parça-parça edib  yeyiblər. Bu zaman Afina uşağın ürəyini alıb Zevsə çatdırmağı bacarmışdır. Zevsin baldırında saxladığı və tanrının ölümsüz cövhərini təşkil edən bu ürəkdən ikinci bir Dionis dünyaya gəlmişdir. Zevs oğluna edilən bu davranışı cavabsız buraxmamış və titanları ildırımla yandırıb kül etmişdir. Dionisi yeyib udmuş Titanların külləri içərisində Dionisdən bir cövhər qalmışdır. Orfik təlimə görə, insan övladı bu küllərdən meydana gəlmişdir.

Burada dualist bir düşüncə yaranır. İnsan övladında Dionisdən gələn ilahi bir hissə ilə yanaşı  titanlardan gələn maddi və günahkar bir quruluş da vardır. Buna görə insan Yer ilə Göyün, titanlarla tanrının qarışığından meydana gəlmişdir. İtaliyanın cənubunda tapılan bir kitabədə buna bənzər ifadələr vardır: “Mən ulduzlarla örtülü səma ilə torpağın uşağıyam ,fəqət mənim irqim cənnətdən gəlir. Özünüzü belə bilin”. Bu ifadələrdə insanın dualist quruluşu ortaya çıxır. İnsan bədəni torpağa, ruhu isə müqəddəs bir mənşəyə söykənir. Orfik təlimə görə insan dualist quruluşunun ilahi yönünü təmsil edən ruhunun  Titanlara dayanan bədənindən qurtulub azadlığa qovuşmasını gözləyir. Əbədi səadəti tapmaq üçün Dionisin çəkdiyi əziyyətin oxşarını çəkmək və bir sıra dünyəvi anlayışlardan yayınmaq lazımdır. Ölümdən sonra ruh Aidə getməyə məhkumdur və burada başqa bir bədənə bürünərək müəyyən bir vaxt qonaq qalır. Bu insanın alın yazısı, günahların bir nəticəsidir. Belə bir alın yazısı ilə qarşılaşmamaq üçün Orfizm təlimini yolunu getmək lazımdır. Ət yeməkdən, qan axıtmaqdan, yumurta və paxlalılardan , yunlu paltar geyinməkdən imtina etmək və hətta yun parça ilə dəfn olunma qadağası  bu təlimin şərtlərindən bəziləridir. Herodot ölümlə əlaqədar olaraq Orfizm və Misir adətlərini müqayisə etdiyi zaman bunları özəlliklə qeyd edir:

“Orfey və Dionis təlimlərində eyni qadağalara rast gəlinir ki, bunlar da  Misirdən və Pifaqorçulardan qaynaqlanır. Bu dinlərə iman gətirənlər yun parça içində dəfn olunmaq haqqına sahib deyildirlər.”

Herodotun hesabatlarına bunlardan başqa  inisiasiya və ayin mərasimləri  aiddir. Bütün edilən bu mərasimlər bədəndə həbs olunan ruhun günahdan təmizlənilməsi və reinkarnasiyası məqsədini təcəssüm etdirir. Cəhənnəmə düşmə bir cəza, günahın əvəzi və təmizlənmə müddətidir. Cəhənnəmdəki cəza müddəti tamamlandıqdan sonra ruh Yer üzündəki həyatına görə yeni bir bədən tapır. Ruh yeni bədəni axtararkən bu bədən hər zaman insan formasında olmaya bilər. Liza Lok “Orfey və Orfizm” adlı əsərində Orfizmin önə çıxan xüsusiyyətlərini bu formada düzmüşdür:

-Tək tanrı inancına yönəlmək

– Şeytanın varlığını qəbul etmək.

-Ruhun bədəndən ayrıla biləcəyini dərk etmək.

-Ruhun ölümsüzlüyünü qəbullanmaq.

-Günahın daimi  olduğunu vurğulamaq

-İnisiasiya olanlara mükafat, olmayanlara cəza verən bir kənar dünya inamı.

-Qan axıtmağı rədd etmək.

Orfizm və Pifaqorçuluq eyni düşüncənin erkək və dişi formaları olaraq göstərilə bilər. Birində vizual və fantastik elementlər varkən digərində isə rasional və elmi elementlər var. Biri, fərdi təmizlənməyə cavab verərkən digəri dövlət və cəmiyyətin tələblərinə cavab verir. Biri paklıq və çirklənmə qorxusu ilə doluykən digəri mülki nizam və xoşniyyətliliyin məqsədini tənzimləyir. Birində tədricolunmaya yönəliş varkən digərində özünü sənət üzərində ifadə edən etik bir mədəniyyətin qərarlaşmış intizamı vardır. Orfizmə inananlar arasında din qardaşlığı varkən Pifaqor cəmiyyəti yarı siyasi bir cəmiyyətdir. Orfizm riyazi və astronomik araşdırmaları nəzərə almır, Pifaqorçuluq isə astroloji və teoloji mübahisələrdən uzaqdır. Bütün bu saydığımız fərqliliklərə baxmayaraq bu iki ayrı düşüncə arasında  güclü uyğunlaşma vardır. Pifaqorçuluğu Orfizmin varisi olaraq görüb Orfizmi fəlsəfi bir axın olaraq da dərk edənlər vardır.

Daşlardan tanrılara qədər hər şeyə təsir edən Orfeyin lirası insanların hisslərini hərəkət etdirmə naminə Pifaqorun əlində elmi bir alətə dönmüşdür. Orfey bir ozan olduğu halda Pifaqor bir intellektual və araşdırmaçıdır.Pifaqorun irəli sürdüyü tezislər xaricdə öyrəndiyi elmi təlimlərlə Orfizmin harmoniyasıdır. Bu sintez Avropadakı ilk fəlsəfə məktəbinin bünövrəsini qoymuşdur. Orfizmdə mövcud olan bütün varlıqlara sevgiylə yanaşma Pifaqorçulara da sirayət etmişdir. Platonun yaradıcılığında da Orfik düşüncənin izləri görülür. “Kratil” adlı əsərində bədəni ruhun həbsxanası olaraq görür və ruhun gücünə olan inancını ifadə edir. Dramaturq Evripidin “Kritlilər” adlı pyesində də Orfizmin izləri görülür, “İppolit” (Zevsin oğlu) adlı pyesində isə bir Orfik  ənənəni təsvir edir. Pindarın şeirlərində Orfizmin ölümsüzlük mövzularına rast gəlinir. Orfizm təlimlərindən bəhs edən digər bir şəxs isə antik Yunan komediyasının ustası Aristofandır.

Orfizm və Xristianlıq

Tarix  Yəhudi Xristianlığını Yunan Xristianlığından ayırır. Birincisində Hz. İsanın ətrafında yəhudi bölgəsində cərəyan edərkən ikincisində hadisələr İsanı tərk edib  Yunanıstanda inkişaf edir. Hz. Isa “Jesus” deyə adlandırılarkən Pavelin təlimlərinin sıx olduğu dövrlərdə  Yunanıstanda  Hz. İsa “Christ” olaraq adlandırılır. Müqəddəs Pavel var olan dini sistematik hala gətirib formulator rolunu oynayır.Müqəddəs Pavel liberal və mühafizəkar olmaqla iki prizmadan analiz olunur. Müqəddəs Paveli liberal baxımdan analiz edən  F. C. Baura görə  Müqəddəs Pavel üzərindəki ellinizmin təsiri və Platonun təlimlərində ilhamlanaraq bu hala gəlmişdir. Liberal axının ikinci düşüncə məktəbinə görə isə fəlsəfi təsir rədd edilmir, lakin Yunan dünyasının sirrli dinlərinin ağırlığı da vurğulanır. Müqəddəs Paveli ənənəvi bir xətt istiqamətində araşdıran mühafizəkar görüşə əsasən ellinizm axınlarının təsiri dar bir çərçivədədir. Professor Klemen Xristianlıqla mistik dinlər arasındakı bağları öz təsbit etdiyi meyarlara görə dəyərləndirmiş, xristianlığa təsir edən mistik dinləri analiz etmiş və Orfizmi ən təsirli mistik din olaraq qeyd etmişdir. Digər mistik dinlər ortaya çıxış zamanı və ya məkanına görə  Xristianlıqdan çox uzaqdırlar.

Xristianlığın ilk dövrlərində  Orfey və  Hz.İsa arasında müqayisə aparılır. Hər ikisi də mövcud olan dini nizama salmaq üçün göndərilən yarım tanrılardır. Hər ikisi də sevdiklərini əbədi ölümdən xilas etmək üçün o biri dünyaya getmişlər. Orfey  Evridikanı gətirməyə gedəndə  eramızın 2-ci əsrindən etibarən formalaşan və Bibliyada mövcud olmayan bir düşüncəyə görə Hz. İsa Əhdi-Ətiqin köhnə qurucularını gətirməyə çalışmışdır, hər iki dinin prinsipləri dünyadakı yaşamdan aslı olaraq ruhun ölümsüzlüyünü təsvir etmişdir . Hər ikisi də dinləri üçün özlərini fəda etmişdir. Xristianlıqda Həzrəti İsa insanların günahını ödəyən qurbanlıq quzu kimi təsvir edilmişdir, orfizmdə isə Orfey  Dionis rituallarında parçalanaraq öldürülmüşdür.Bu dinlərə , yəni orfizm və xristianlığa inananlar bir çox dünyəvi həzzlərdən özlərini məhrum etmiş, hətta bəziləri bu əqidə üçün özlərini cəmiyyətdən belə təcrid etmişlər. Hər iki dinə mənsub olanlar yalnız öz irq və dinindən olan kəslərlə deyil , həmçinin digər dinlərə inanan insanlarla da ünsiyyət qururdular.

Xristianlıqda xaç suyuna salınmaqla günahlardan təmizlənmə, orfizmdə buna müvafiq olaraq xoşbəxtlik gətirən  orfik inisiyasiyalar mövcud idi(initium sözündən olub bir yerə girmə, başlama kimi tərcümə  olunur). Yəni orfizmdə bu, titanlardan gələn xarakterlərdən təmizlənib yaxşılığı təmsil edən Dionis xarakterinə keçid kimi dəyərləndirilir , xristianlıqda isə xaç suyuna salınmaq mənəvi aləmə keçidin bir təcəssümü sayılır .Orfizm və xristianlığa əsasən günah fərdi bir qəbahət deyil, bu insan doğulandan bəri mövcud olan  bir şeydir və insan bundan dərhal qurtulmalıdır. Görünür orfizm Avropada ,ya da bütün dünyada xristianlığın əksər xüsusiyyətlərini özündə ehtiva edən,  o biri dünya anlayışını vəd edən ilk dini nəzəriyyədir .

Həmçinin  orfizmlə xristianlığın antropologiyası və soteriologiyası(xilas olma nəzəriyyəsi)arasında oxşarlıqlar vardır. Həzrəti  İsa Allah tərəfindən dünyaya göndərilir , Zaqrey( Böyük Dionis) isə Zevs tərəfindən yenidən dirildilib dünyaya gəlir. Məhz elə Orfizmin özü də Zaqreyin mifoloji hekayəsinə əsaslanır, bu mifologiyaya əsasən Zevs və Persefonanın oğlu Zaqrey titanlar tərəfindən öldürülmüşdür. Zevs ildırımla titanları yox etdikdən sonra Zaqreyin sağ qalan ürəyini yemiş və ikinci Dionis  yaratmışdır. Bu mif xristianlıq dövrünə kimi orfizmin təməl nöqtəsini əks etdirmişdir .orfizmi teoloji aspektdən tədqiq etdiyimiz zaman burda 5 ünsür  ön plana çıxır:

1-Zaqrey Zevsin oğludur

2-Zaqreyi  titanlar öldürmüşdür

3-Zevs Zaqreyi yenidən həyata qaytarmışdır

4-Zevs Zaqreyi  göylərə yüksəltmişdir

5-Zevs Zaqreyə bir krallıq vermişdir

Bu mifik fiqurlar haqqında  Müqəddəs Pavelin hazırladığı xristianlıq amentusunda(ibadət etmək üçün lazım olan dini əsaslar ) bəhs edilmişdir. O vaxt bir çox insan tərəfindən Dionisin(Zaqreyin) yenidən dirilməsi həqiqət kimi qəbul edilmiş və orfizm teologiyasında Zevs və Dionis ata və oğul kimi əks etdirilmişdir  Dionis və Həzrəti İsa arasındakı bu oxşarlıq ilk xristianlar tərəfindən də kəşf olunmuş və şeytanın işi olaraq qiymətləndirilmişdir. Castin Martir  bu oxşarlıq haqqında  bəzi mülahizələr irəli sürmüşdür:

“Həzrəti İsanın gələcəkdə yenə gələcəyi digər peyğəmbərlər tərəfindən bilindiyi üçün  Zevsin oğlu  Zaqrey(Dionis) mifi uydurulmuşdur.” Xristianlar isanın gəlişini tövratın ilk 5 kitabındakı Təqvin hissəsində adı keçən Yaqub peyğəmbərin kəhanəti  ilə əlaqələndirmişdilər.Castinə görə İsa Məsihin geri dönüşü və Dionis bundan təsirlənmişdir və Dionosin həyatı, ölümü ,yenidən dirilişi, göyə yüksəlməsi məhz bu hadisəylə oxşarlıq təşkil edir

Nəticə

Günahlardan təmizlənmə ,reinkarnasiya, ruhun əbədiliyi  orfizmin təməl prinsiplərini təşkil edir. Bu dinin Misir və hindistanda yarandığına dair əfsanələr gəzir, lakin təsdiqlənməmişdir.

Orfizm Dionis kultu ilə əlaqəlidir və Yunanıstana Frakiyadan gəlmişdir.  Xristianlıq Yunanıstana yayılmazdan əvvəl orfizm artıq çox yayılmış bir din idi, orfiklər Yunanıstanın ilk filosoflarından olmuşdur .

Orfizm Platon, Pifaqor kimi yunan dünyasının öndə gələn filosoflarını təsir altına almış ,Herodot  Evripid ,Pindar kimi bir çox yazıçıların əsərlərində qarşımıza çıxmışdır. Müqəddəs Pavelin nəzəriyyəsiylə yenidən  formaya salınan xristianlıqda digər xüsusiyyətlərin üzə çıxması mübahisələrə yol açmışdır. Orfizm əvvəldə də qeyd etdiyimiz kimi xristianlıqla oxşar prinsiplərə sahibdir. Təktanrılı dinlərdə olduğu kimi, bu dünyadakı yaşam tərzimizdən aslı olaraq o biri dünyada hansı mövqe tutacağımız bu mistik  dində də özünü əks etdirmişdir

Dualist(ikili) bir quruluşa mənsub olmaqla ,bugün bir çox dində gördüyümüz o biri dünya və panteizm anlayışını özündə ehtiva edən bu din heliosentrik bir din kimi diqqətləri çəkmişdir Mifologiyada bundan başqa Orfey və Evridika arasında olan eşq də öz əksini tapmışdır .Orfeyin dağı, daşı insanları ,hətta yerin altındakı tanrıları cəlb etməsi musiqinin gücünü göstərən ilk səhnələrdən  sayılır

mənbə:

Bikerman,E.,The Orphic Blessing,Journal of the Warburg Institute,Cilt.2,No. 4, 1939.
Can,Sefik,Klasik YunanMitolojisi,
Copleston, Frederick, A History  of Philosophy Greece  and Rome,
Godwin,Joscelyn,TheGolden Thread:The Ageless Wisdom of the Western Mystery Traditions, Quest
books,.
Gomperz,T.GreekThinkers A history of Ancient Philosophy,
Heredotos,Heredot Tarihi
 Johansen,  Karsten Friis, A history of Ancient Philosophy:from the Beginnings  to  Augustine,
Routledge
 Linforth,IvanMTransactionsandProceedingsoftheAmericanPhilological Association,John
Hopkins University
Locke,Liz,OrpheusandOrphism:Cosmologyand Sacrificeat theBoundary,Folklore Forum28:2,
1997
Macchioro, Vittorio,Orphism  and Paulinism, the University  of  Chicago Press,

Tərcümə etdilər:Tofiq Cəfərov.Ismayıl İsmayılov .Hüseyn Yaşar

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin