Nə qədər itaətkarsınız? 50 ildən sonra “Milqram təcrübəsi”

0

İnsanlar qanunlara riayət etmək üçün hələ də digər insanları incidir.

Əgər indiyə qədər ictimai elmlərlə məşğul olmusunuzsa, çox güman “Milqram təcrübələri” haqqında da eşitmisiniz. Öz “mənfi şöhrəti” ilə tanınan bu təcrübələr seriyası 1961-ci ildə başladıldı və əgər bir avtoritar fiqur əmr etsə, bir çox könüllünün digər insanlara zərər verə biləcəkləri qənaətinə gəlindi.

Bu təcrübə zamanla ən çox müzakirə edilən və barəsində ən çox danışılan psixoloji təcrübələrdən biri oldu. İndi, 50 ildən daha çox vaxt sonra Polşadakı bir təcrübə qrupu layihənin müasirini təkrarladı. Təcrübədən əldə edilən qənaətlərin hələ də doğru olduğunu müşahidə etdilər.

Polşadakı Bəşəri və İctimai Elmlər Universitetinin (SWPS) psixoloqlarından Tomas Grzyb deyir: “İnsanların əksəriyyəti “Milqram təcrübələri” haqqında məlumat əldə etdikdə- “heç vaxt o cür hərəkət etmərəm” -deyir. Gördüyümüz işlər təcrübəyə cəlb edilən şəxslərin üzləşdiyi vəziyyətin möhtəşəm gücünü və bu şəxslərin xoş qarşılamadığı şeyləri necə rahat bir şəkildə qəbul edəcəyini bir daha göstərdi.”

Əgər “Milqram təcrübələri”nə aşina deyilsinizsə, deyə bilərik ki, bu təcrübələr Yale Universitetinin psixoloqu Stenli Milqram tərəfindən aparılmışdır və 1961-ci ilin iyul ayında alman nasist müharibə cinayətkarı Adolf Eichmanın məhkəmə prosesindən üç ay sonra başladılmışdır.

Milqramın cavab axtardığı sual bu idi: “Eichman və onun Yəhudi soyqırımındakı milyonlarla cinayət ortağı, sadəcə verilən əmrləri yerinə yetirmiş ola bilərdimi? Yoxsa bu əmr elə cinayətkarların ürəyindən xəbər verib?”

Bunu araşdırmaq üçün, bir təcrübəçinin qaydalarına tabe olan könüllülərdən, yan otaqda yerləşdirilmiş onların görmədiyi, amma eşitdiyi bir şəxsə, hər yanlış cavabda elektrik şoklarının verilməsi tələb olunan bir təcrübə hazırlandı.

Hər birinin üstündə gərginlik düşgüsü (volt) miqdarının göstərildiyi etiket olan 30 fərqli düymə könüllülərin ixtiyarında idi. Şoklar, zərərsiz 15 voltdan başlayıb, lakin şok qəbul edicisini ciddi həyati təhlükələrə düçar edə biləcək 450 volta qədər dəyişirdi.

Könüllülər, bu aparatın bir neçə qorxulu səs və işıq effektlərindən başqa heç bir funksiyasının olmadığını, yan otaqdakı şəxsin əslində professional aktyor olduğunu və guya əzab çəkirmişcəsinə ağlaması üçün pul aldığını bilmirdilər.

Hər şeydən xəbərsiz könüllülər əslində yan otaqdakı şəxsə zərər verdiklərini düşünürdülər, lakin təcrübəçilər davam etməyin lazım olduğunu, bunun təcrübə üçün çox vacib olduğunu deyirdilər.

Milqram təcrübələrinin ən məşhur olanı, 40 könüllünün 65%-nin əmrlərə tabe olduğunu, yan otaqdakı şəxsin ağlama və yalvarışlarına rəğmən şok təsirini 450 volta qədər yüksəltdiyini göstərdi.

Bəzi könüllülər təcrübəni rədd etsə də, 2/3-i əmrlərə tabe oldu və davam etdi.

O vaxtdan bəri keçən illər ərzində bəzi təcrübəçilər Milqramın istifadə etdiyi üsulların diqqətsizcə quraşdırıldığını, əsassız olduğunu və Milqramın əldə edilən məlumatları sonradan dəyişdiyini iddia etdi, lakin indiyə qədər tətbiq olunan müxtəlif təcrübə üsulları əsaslı nəticələrini bütün dünyada təkrarladı.

Bütün bunlarla yanaşı təcrübənin heç aparılmadığı daha bir yer- Mərkəzi Avropa var idi.

Grzyb və komandası “Social Psychological and Personality Science” jurnalında belə yazır: “Bizim məqsədimiz, Polşada əhali arasında itaətkarlıq səviyyəsinin hansı həddə olduğunu araşdırmaqdır. Milqram təcrübələrinin Mərkəzi Avropada gerçəkləşdirilmədiyini nəzərinizə çatdırmaq istəyirik. Bu bölgədəki ölkələrin bənzərsiz tarixi, əmrlərə tabe olmaq mövzusunu bizim üçün son dərəcə maraqlı hala gətirir”

Təcrübəçilər bu layihənin müasir variantını həyata keçirmək üçün yaşları 18-69 arasında dəyişən 80 iştirakçı (40-ı qadın, 40-ı kişi) topladı.

Milqramın testlərinə bənzər şəkildə, yəni nəzarətçi könüllüləri təşviq edərək onalara hər səhv cavab eşitdiklərində yan otaqdakı şəxsə artan şiddətlərdə elektrik şoku vermələrini, voltaj artsa belə davam etmələrinin vacib olduğunu dedi.

Lakin müasir versiyasındakı bu təcrübəni daha etik hala gətirmək məqsədi ilə ilk təcrübələrdəki 30 düymə əvəzinə daha aşağı şok dəyərlərinə sahib 10 düymə təyin olunmuşdu.

Təcrübəçilər nəhayət, könüllülərin 90%-nin mövcud olan ən yüksək şok səviyyəsinin yan otaqdakı şəxsi vurması məqsədi ilə əmrlərə tabe olduğunu müşahidə etdi. Bu, təqribən “Milqram təcrübə”lərində 10-cu düyməyə basmış könüllülərin sayına bərabərdir.

Grzyb bu nəticəyə gəlir: Milqramın əmrlərə itaət mövzusunda apardığı təcrübələrdən hardasa yarım əsr keçməsinə baxmayaraq, könüllülərin böyük bir qismi hələ də çarəsiz bir insanı elektriklə edam etməyə hazır vəziyyətdədirlər.

İnsanlığın vəziyyətinin acınacaqlı olduğunu düşünmədən əvvəl bunun kiçik ölçülü, çox məhdud şəraitdə aparılan bir təcrübə olduğunu unutmamaq lazımdı. Buna görə də, bu nəticələrin insan kütlələri arasında hansı məna daşıdığını bilmək biraz çətindi.

Əslində, Polşadakı komanda, Milqramın ilk təcrübəsinin detallarını ortaya çıxarmağı və əmrə itaət mövzusunda kişilərlə qadınlar arasında bir fərq olub-olmadığını müəyyən etməyi hədəfləyirdi. Lakin təcrübə parametrlərinin bu nəticəni əldə etmək üçün kifayət olmadığını qəbul etdilər.

Komanda “Social Psychological and Personality Science” jurnalında belə yazır: “Elektrik verilən şəxslərin cinsiyyətinin iştirakçıların göstərdiyi itaət səviyyəsinə təsiri mövzusundakı hipotezi təsdiq etmədiyimizi qəbul etmək məcburiyyətindəyik”.

Həmçinin, son illərdə Milqramın əldə etdiyi nəticələrin hansı tərəfə yozulacağı mövzusunda müzakirələr də olmuşdu.

2014-cü ildə bir təcrübə komandası Yale arxivlərinə qayıtmış, könüllülərin təcrübədən sonrakı təəssüratlarında özlərini nəinki pis hiss etdiyini, hətta elmi inkişaf yolunda əllərindən gələni etdikləri üçün yaxşı hiss etdiklərini tapmışlar.

Təcrübəçilərdən biri, Queensland Universitetindən Alex Haslam açıqlamasında belə deyirdi: “Əldə etdiyimiz nəticələr zülm psixologiyasına yeni baxış bucağı gətirir. Cinayətkarlar çox vaxt qarşı tərəfə pislik etmək arzusu ilə deyil, elədikləri şeyin vacib əhəmiyyətinin olduğu və müqəddəs dəyərlərə xidmət etdiyi düşüncəsi ilə motivasiya olduqları digər təcrübələrlə təsdiq olunur.”

Bu baxış bucağı Milqramın (artıq Grzyb və komandasının) illər əvvəl əldə etdiyi nəticələrə kölgə salmır. Lakin insan təbiəti barəsində mənfi fikir göstərə bilməyəcəyinə az bir miqdar təsəlli yeri buraxır.

Təcrübə “Social Psychological and Personality Science” jurnalında dərc edilib.

Mənbə: PopSci

 

Nadir İsmayilov

Redaktə: Lalə Həsənova

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin