Niyə yatırıq? Yatdığımız zaman nələr baş verir? Yuxusuzluğun orqanizmə təsiri. Bu mövzularda ən son araşdırmalar

0

Yatmaq bədənimizin ehtiyac duyduğu,mənə (düşünürəm əksər insanlarda belədir)həftəsonunu səbirsizcə gözləməyə vadar edən bir fəaliyyətdir. Eynşteyn də çox sevirmiş ki, “yuxusuzluq ağıllı insanların lənətidir” deyib.Yatmaq haqqında çox fikirlər eşitmişik. Bəlkə də, hər kəs 7-8 saat(yetkin insanlar) yatmaq lazım olduğunu bilir. Bəs niyə yatmalıyıq? Niyə 7-8 saat?
Çoxumuz televiziya və ya sosial şəbəkələrdə “50 ildir yatmayan insan” kimi başlıqlarla verilən xəbərlərə rast gəlmişik.Əlbəttə ki,bu xəbərlərin doğruluq payı yoxdur.Araşdırmalar göstərir ki,özümüzü yuxusuz qalaraq sınamağa çalışsaq belə ,beynimiz öz-özünə yuxu halına keçir. Həm də araşdırmalarda ən çox 11 gün yuxusuz qalmağın mümkün olduğu ortaya çıxmışdır. Sonrasında isə təcrübə aparılan şəxslər davam etmək istəsələr də, beyin fəaliyyətlərində və bəzi fizioloji proseslərində problemlərin əmələ gəlməsi səbəbi ilə təcrübələr dayandırılmışdır.

Ona görə də gəlin yuxunu düzgün və daha dərindən araşdıraq.
Yuxu insandan başqa bir çox heyvanlarda da müşahidə edilib: insan da daxil olmaqla məməlilər, quşlar, sürünənlər, amfibilər, balıqlar, bəzi böcəklər və hətta həlqəvi qurdlar kimi daha sadə quruluşlu heyvanlarda belə ya tam olaraq yuxuya ya da yuxuya bənzər davranışlara rast gəlinir.

Niyə yatmaq kimi bir ehtiyac təkamül etdi?

Bu sualın hələ də dəqiq bir cavabı yoxdur(bu məsələyə birazdan bir daha toxunacağıq).
Əcdadlarımızı vəhşi heyvanların hücumlarına qarşı müdafiəsiz hala gətirən bu davranışın təkamüldə bizə verdiyi müsbət cəhətlər də olmalıdır.
Bunlardan birinin yaddaşı gücləndirmək olduğu düşünülür. Yeni təcrübələr qazandıqca beyin hüceyrələri beynin başqa bölmələri ilə yeni bağlar yaradır.Beyin bu bağların bəzilərini mühkəmləndirdiyi halda digərlərini “budayır”. Yuxusuz saxlanılan siçanlar üzərində aparılan təcrübələrdə göründü ki, bu proses yatdığımız zaman gedir. Yəni yatdığımız zaman önəmli bağların möhkəmləndiyi,önəmsiz olanların “budandığı” müşahidə edilmişdir . Buna görə də alimlər yuxunun beynin bu cür funksiyalarını həyata keçirməsi üçün bir vasitə olduğunu düşünürlər, amma güclü yaddaşa və böyük bir beyinə sahib fillər ən çox 2 saat yatır.

Nyu-Yorkda Rochester universitetində prof.Maiken Nedergaardın başçılığı ilə siçanlar üzərində aparılan araşdırmada beyində kimyəvi tullantılarla dolu kanallar sistemi kəşf olundu .Sience jurnalında dərc edilən məqalədə qeyd olunur ki, yatdığımız zaman beyin hüceyrələri kiçilir və buna görə neyronlar arasındakı boşluqlar böyüyür.Tullantı maddələrin bu boşluqlardan keçərək beynin təmizlənməsi həyata keçirilir.

Science Translational Medicine jurnalında yayımlanan başqa bir məqalədə siçanlar yuxusuz qaldıqları zaman beyinlərində β-amiloidin(A β) toplanmağa başlayır və buna “plak” adı verilir. Bunun yuxusuzluqla Alzheimer xəstəliyi arasında əlaqənin göstəricisi olduğunu düşünürlər.

 

 

Belə ki, A β zülalı Presellin zülalı ilə birlikdə APP proteininin tərkibinə daxildir.Sağlam insanlarda APP (Amyloid Precursor-Protein) hüceyrənin membranında parçalanmadan qalır.Çünki bu zülalı parçalayan Proteinaza fermenti mühitdə su olmadıqda inaktiv olur.Alzheimer xəstələrinin beyin hüceyrələrinin membranında su olduğundan Proteinaza APP –ni kəsir və β-amiloid hüceyrədən çıxaraq ətrafında β-amiloid plakları əmələ gətirir.

Yuxunun faydaları haqqında başqa bir araşdırmada,yuxunun beyin hüceyrələrimizi qoruyan və mielin adlanan maddəni yaradan hüceyrələri(oliqodendrositlər) artırdığı qeyd olunur.Wisconsin universitetindən Chiara Cirelli və həmkarları siçanların yatarkən oliqodendrositlərin artma sürətinin iki qat artdığını kəşf etdilər.Siçanlar yuxusuz qaldığı zaman isə hüceyrə ölümü və streslə əlaqəli genlər aktivləşir.Araşdırma Neuroscience jurnalında nəşr olundu.
Araşdırmaçılar insanlarda yuxusuzluğun mielinə  zərər verən Multipl Skleroz(MS) xəstəliyini gücləndirəcəyini deyirlər.

Lazımi qədər yatmadıqda nələr baş verir?

Görünüşə görə yetərincə yatmadığımız zaman genlərimizin “davranışları” dəyişir.İngiltərədəki Surrey universitetindəki araşdırmaçılar iltihab reaksiyaları ilə (immun sistemlə) əlaqədar olan genlərin aktivliyinin artdığını müşahidə etmişlər.Araşdırmanı aparan kamandanın üzvü Malcon von Schantz genlərin yuxusuzluğa verdiyi cavabın bədənin stress altında olduğu zaman verdikləri cavaba bənzəydiyini bildirib .Bu prosesin izahı olaraq,bu yolla uzaq keçmişdə əcdadlarımızın düşmən hücumlarının təsirini azaltmaq üçün stressin iltihab genlərinin aktivləşdirməsi ilə özlərini yaralanmalara hazırladıqlarını düşünürlər. Əslində bu hal yuxusuzluqla ürək xəstəlikləri,iflic arasındakı əlaqəni açıqlamaq üçün bizə yardım edə bilər. Çünki qanda kortizol kimi stress hormonları artır və stres bu xəstəliklərin riskini artırır.

Yuxusuz olduğumuz zaman diqqətimizi toplamaqda çətinlik çəkdiyimizi ,bəlkə də, hər kəs hiss edib .Araşdırmalar bu zaman beyinin bəzi bölmələrinin yuxu halına keçdiyini göstərir.Balinalar və delfinlər üzərindəki araşdırmalar göstərir ki, bu canlılarda beyinin yarısının yuxu halında olduğu zaman digər yarısı hava almaq üçün suyun səthinə üzməyə xidmət edir.

Yuxu görmək…

Bu psixiatrların əsas da Carl Yunq,Ziqmund Freud kimi məşhur alimlərin açıqlamağa çalışdığı,ancaq az uğurlu olduqları məsələdir. Son zamanlarda Yaponiyadakı araşdırmaçılar maqnit rezonans tomoqrafiyası (MRT) ilə yuxuda görülən əşyaları təxmin etməyə çalışdı. Belə ki,üç nəfərin yatarkən beyin fəaliyyətləri incələndi.MR-tomoqrafiya zamanı təcrübədə iştirak edən şəxslər yuxuya getdikləri anda oyandırıldı və nə gördükləri soruşularaq qeyd edildi. Bu hər birində 200-dən çox dəfə təkrarlandı. Oxşar əşyalar bir kateqoriyada birləşdirildi(məs:ev ,bina,otel).Sonra isə oyaq halda eyni əşyalara baxarkən beyin fəaliyyətləri qeyd olundu.Beləcə hər hansı bir əşyaya baxarkən beyin fəaliyyətinin “forması”qeyd olundu.Science jurnalında dərc olunan məqalədə bu üsulla yuxuda görülən şeylərin 75-80% doğruluq payı ilə təxin edildiyi qeyd edilib.Araşdırmaçılar indi beyin fəaliyyətlərini incəliyərək yuxu görülən zaman keçirilən hislərin (qoxu,rəng,emosiyalar)qeyd edilməsinin mümkünlüyünü araşdıracaq .

 

Təkamülü haqqında…

Yuxu, heyvanlarda dəyişmiş bir şüur ​​səviyyəsində, hissi aktivliyin zəif və az qala bütün iradi əzələlərin işləməməsi ilə xarakterizə edilən bir haldır. Yuxu əsnasında bütün heyvanlarda qıcıqlara verilən reaksiya azalır; ancaq qış yuxusu (hibernation) və ya koma ilə müqayisədə bərpa edilməsi daha asandır.
“Niyə yatırıq?”sualına yenidən qayıdaq.

Los Ancelesdəki Kaliforniya Universitetinin professoru Jerome Siegel, yatan ilk canlını və ya yuxunun ortaq faydasını araşdırmaq yerinə, fərqli canlıların niyə özlərinə xas şəkildə yatdıqlarını araşdırmaq lazım olduğunu müdafiə edir. Bəzi növlərdə yuxunun hansı səbəbdən təkamül etdiyi çox açıqdır: Məsələn qəhvəyi yarasa, günəş batarkən oyanar. Çünki qidasını təşkil edən güvə və ağcaqanadlar ən çox bu zaman aktiv olurlar. Əgər gündüz oyansaydı özünün ov olma ehtimalı , nəyisə ovlamaq ehtimalıdan daha çox olardı. Çünki yırtıcıların əksəriyyəti gündüz aktiv olurlar.
Jerome Siegelə görə yuxu bəlkə də bioloji ehtiyac deyil ,enerji cəhətdən məhsuldarlığı artırmaq üçün təkamülün inkişaf etdirdiyi bir üsuldur. Nature Reviews Neuroscience jurnalında yayımlanan məqaləsində prof. Siegel qeyd edir ki, bəlkə də yuxu ,aktiv olmağın faydalı olmadığı zamanlarda enerji israfını azaldaraq qənaət etdirən bir davranışdır.
Bu heyvanlar aləmində olduğu kimi bitkilər aləmində də geniş yayılmış haldır.Ağaclar payızda yarpaq tökərək fotosintezə son verir. Bitkilər üçün bu fazada enerji balansının təmin olunduğunu deyir . Bir ağcaqayının yarpaqlarını töküb çılpaq hala gəlməsi, enerji qaynaqlarının doğru şəkildə istifadəsinin bir nəticəsi olaraq görülməlidir və bir növ “yuxu halı” dır.Ayılar qidanın az olduğu qış aylarında boş-boşuna enerji sərf etməmək üçün qış yuxusuna gedir.Yuxu bəlkədə gecələri özümüzü boş yerə yormaqdansa, sabahkı günə daha yaxşı başlamağımızı təmin edən bir vasitədir.Buna seçilən tənbəllikdə demək olar. Bu səbəbdən yuxunun təkamülünü və o canlıda və ya əcdadlarında necə təkamül keçirdiyini anlaya bilmək üçün, o canlının hansı səbəbdən və necə yatdığını anlamaq və oyanıq halda nələr etdiyini müşahidə etmək lazımdır. Bəzi araşdırmaçılara görə yuxunu bəlkə də tərs anlayırıq: bəlkə yuxu “normal” olan vəziyyətdir, “oyanıqlıq” isə aktiv hərəkət edən heyvanlarda sonradan təkamül etmiş bir davranışdır. Bu fikir bəzi təkamül prosesləri ilə üst-üstə düşən bir fikir olsa da, hələ də elmdə geniş şəkildə qəbul edilmir.
Bu da bizə yuxu haqqında ilk önəmli fikri verir: Yuxu, böyük ehtimalla, homoplazmik bir təkamül nümunəsidir,yəni, təkamül prosesində canlıların birdən çox növündə bir-birindən asılı olmayaraq inkişaf etmişdir. Təkamülün bu növünə əsasən faydalı xüsusiyyətlərdə rast gəlirik.Məsələn, göz təkamül prosesində bir neçə növdə və müstəqil şəkildə inkişaf etmişdir, çünki işığa həssas olmaq çox faydalı xüsusiyyətdir.Həmçinin də yuxu…

Heyvanların yuxu proseslərinin müqayisəsinə aid bir neçə nümunəyə baxaq:
1.Böyük qəhvəyi yarasa, dünyada bilinən ən çox yuxulayan heyvanlardan biridir. Gündə 20 saatdan çox yatır. Digər tərəfdən,təbiətdə fillərin ən çox 2 saat yatdığı ortaya çıxdı(zooparklarda və digər saxlanma yerlərində 4-6 saat).Sürülərin başçıları olan dişi fillər isə bir neçə gün oyanıq qala bilirlər.

2.Köçəri quşlar və yeni doğulan qatil balinalar həftələrcə yatmadan yaşaya bilirlər və sonradan bunu “əvəzini çıxmağa” ehtiyac duymurlar.

3.REM(Rapid Eye Movement –sürətli göz hərəkəti fazası vəya tez yuxu fazası yuxunun 15-20 %-ni təşkil edir ,adətən yuxugörmə bu fazada olur) yuxu bütün quru məməlilərində,bütün quşlarda (sürünənlərdə, balıq və amfibiyalarda ,delfin və digər dəniz məməlilərində yoxdur) müşahidə edilmişdir.

4.İnsan orqanizmində ləng yuxu fazasında (Non-REM )daha çox böyümə hormonu ifraz edilir. Siçanlar və itlərdə isə oyaq halda daha çox böyümə hormonu ifraz olunur.

5.İnsanların və sıçanların erkək fərdləri REM yuxu fazası zamanı ereksiya olurlar. Erkək armadillolardakı yuxu zamanı ereksiya isə REM fazasında deyil, başqa fazalarda müşahidə olunur.

Deməli əgər “İlk yatan heyvan hansıdır?” sualı soruşulacaqsa və məqsəd yuxunun təkamül etdiyi ortaq əcdadı tapmaqdısa, yəqin ki,sualımız cavabsız qalacaq. Çünki yuxu tək bir növdə və eyni səbəbdən inkişaf etməmişdir .

San Dieqo Universitetində neyrogenetika professoru olan Ralph Greenspana görə yuxu ilk dəfə sadə canlı formalarında təkamül keçirmiş və daha sonra sinir sistemlərinin inkişafıyla birlikdə daha kompleks hala gəlmişdir. Onlar laboratoriyada davam edən bir araşdırmada meduza növlərində yuxu davranışını təyin etməyə çalışırlar. Meduzalar ən ibtidai sinir sisteminə sahib olan heyvanlardır. Eyni laboratoriyada Trichoplax adlı dəniz heyvanı da tədqiq edilir. Trichoplax’ın sinir sistemi yoxdur. Maraqlı bir şəkildə drozofil milçəkləri və siçanlardakı yuxunu ifadə edən genləri bu primitiv dəniz canlısında tapıblar.
Tək hüceyrəlilərdən çox hüceyrəlilərin təkamülü,çox hüceyrəlilərin ilkin nümayəndələrinin bugünkü süngərlər kimi hərəkətsiz heyvanlar olması, sonradan bu heyvanların içərisində hərəkət edə bilən qrupların təkamül etməsi, bizə yuxunun bəzi canlılarda necə təkamül keçirdiyinə dair fikirlər verə bilər. Az əvvəl də dediyimiz kimi süngərlərin hərəkətsiz heyvanlar olması ilkin heyvanların onsuz da “davamlı yuxu” kimi bir halda olduqlarını göstərir. Sonradan hərəkətin yayılmasıyla birlikdə, yuxu və oyanıqlıq kimi iki ayrı faza meydana gəlmiş ola bilər.

Yuxunun fazaları:

Biz yuxunu iki hissəyə ayıra bilərik: REM Faza (Rapid Eye Movement-Sürətli Göz hərəkəti və ya tez yuxu fazası) ilə NREM (Non-Rapid Eye Movement və ya ləng yuxu fazası). Bu mərhələlər adlarını məlum olduğu kimi gözlərimizin hərəkətlərindən alır.. Bu göz hərəkətinin xüsusi səbəbi bilinmir,ancaq REM zamanı oyananlar demək olar ki, həmişə yuxu gördüklərini deyirlər. Gözlər, yəqin ki, yuxunun təsiri ilə məlumatları tez bir şəkildə qəbul etməyə çalışırlar,amma bağlı olduğundan və duyğu orqanları inaktivliyə yaxın olduğundan bu mümkün olmur.Bu cür sürətli göz hərəkətlərinə bəzən korlarda da rast gəlinir. Bununla belə, dəqiq bir səbəb bilinmir.
REM və NREM mərhələləri bir yuxu boyunca periodikdir. Yəni bədənimiz 90 dəqiqədə bir REM vəNREM mərhələləri arasında gedib gəlir. Ancaq REM faza NREM fazasından daha qısadır. NREM mərhələsi təxminən 90 dəqiqə çəkir və sonra REM mərhələsinə daxil olur. Lakin REM mərhələsi adətən 90 dəqiqə davam etmir,ancaq dəqiq bir zaman aralığı yoxdur. NREM dövründə ümumi yuxumuzun 75% -ni keçiririk.

 

A) NREM (75%)
NREM fazasında sinir fəaliyyəti tədricən azalır, metabolik sürət və bədən istiliyi aşağı enir. Bu mərhələdə görülən yuxuların 10% -i yadda qalır. Bu mərhələnin subfazaları və ümumi prosesləri aşağıdakılardır:

Subfaza – 1
Oyanıqlıq və yuxu arasındakı dövrdür.Mürgüləmək kimi də başa düşmək olar.
Subfaza – 2

Yuxunun başlanğıcıdır.

Ətraf ilə əlaqə kəsilir.

Nəfəsalma və ürək döyüntüləri sabitlənir.

Bədən temperaturu aşağı enir.

3 və 4-cü subfazalar
Ən dərin və bədən üçün ən önəmli yuxudur.

Qan təzyiqi aşağı enir.

Nəfəsalma yavaş olur.

Əzələlər boşalır.

Əzələlərə gələn qan miqdarı artır.

Toxuma əmələ gəlməsi və bərpa prosesləri sürətlənir.

Enerji yenilənir.

Boy hormonu ifraz olunur

B) REM (25%)

REM mərhələsində neyro aktivlik yüksək olur. Beyin kötüyü ( pons) və görmə mərkəzindəki (oksipital pay) neyronlar oyanıqlıq halından daha aktivdir. Bu fazada əzələ tonusu aşağıdır. Kişilərdə penisdə ereksiya və qadınlarda klitoral böyümə REM yuxusunda olur . REM yuxusundakı insanları oyatmaq çətindir. Birdən oyandırılarsa, əzələ tonusu aşağı olduğundan bir müddət iflic olmuş kimi hiss edir. Bu mərhələdə görülən yuxuların təxminən 80% -i yadda saxlanıla bilər. Lakin həmişə REM-də oyanmadığımız üçün çox vaxt yuxularımızı xatırlamırıq. Yetkin insan hər gün ortalama 4-7 yuxu görür. Heç bir yuxu görmədən keçən gecələrin sayı yox dərəcəsindədir. REM yuxusunu tam almayan insanlarda şübhəcilik, emosional pozğunluqlar, yaddaş zəifliyi rast gəlinir. Bu mərhələdə ümumi proseslər aşağıdakı kimi verilə bilər:
Beyinə və bədənə enerji paylanır.

Gündüz iş qabiliyyətinin artırılması üçün proseslər həyata keçirilir.

Beyinin müxtəlif bölgələri aktivləşir və yuxular görülür.

Gözlər hərəkət edir.

Bədən boşalır və hərəkət edə bilmir, əzələlər tamamilə hərəkətsizləşir.

Grelin və leptin hormonları sayəsində xoşbəxtlik və toxluq kimi hislər təmin olunur.

Qaranlıqda ifraz olunan melatonin hormonunu ifraz olunur.
Yetkin insanın , yuxusunun:
1. 5% -i NREM 1

2.50-60% – i NREM 2

3. 15-20%-iNREM 3 ilə 4 arasında

4. 20-25% -i REM

fazasında keçir.

Yuxu həyat boyunca eyni ritmdə davam etmir.
Yaşa görə gündəlik yuxuların sayı aşağıdakı kimi verilə bilər:

Yenidoğulmuş körpələrdə polifazalı (birdən çox)

Uşaqlarda bifazalı (iki)

Yetkinlərdə monofazalı (tək)

Yaşlılarda bifazalı (iki)

 

Fərdi yuxu ehtiyacı
Bu da çox mübahisəli məsələlərdəndir.Belə ki, 7-8 saatlıq yuxu rejimi məsləhət görülsə də, fərdi yuxu ehtiyacı haqqında fərqli fikirlər mövcuddur.
Yuxu miqdarı iki sistemlə idarə olunur:circadian və homeostatic .

Circadian system:
Günlük ritimləri idarə edir,yuxu və oyanıqlığın bir ritm halında 24 saat ərzində bir-birini izləməsi beyində suprakiazmatik nüvə ilə həyata keçirilir.Suprakiazmatik nüvə hipotalamusun ön tərəfində yerləşir.Bu nüvə bədənin “zəngli saatı”kimi fəaliyyət göstərir və axşam qaranlıq düşdüyü vaxtdan səhər açılana qədər hormonlar ifraz edərək yuxuya meyilli olmağımızı və bədənin yatmağa hazırlanmasını təmin edir.

Homeostatik sistem:
Yuxunun nə zaman başlayıb nə zaman bitəcəyi və xüsusiyyətləri bu sistem tərəfindən müəyyən olunur.
Həm circadian həm də homoestatik proseslər daxili faktorların(məs:genlər), məşq etmək və xəstəliklər kimi xarici faktorların təsirinə məruz qalır. Ona görə də yuxu müddətinin insandan insana dəyişməsi də, bu daxili və xarici faktorların kompleks təsirləri ilə izah edilə bilər

Genlərimiz bizlərin nə zaman yatacağımıza təsir edir: gecə oyanıq qalmağa üstünlük verənlərdənmiyik, yoxsa tezdən oyanıb erkən qalxanlardanmı, bunu böyük nisbətdə genlərimiz təyin edir. Eyni zamanda genlərimiz qısa, yoxsa uzun müddət yatmağa üstünlük verəcəyimizi də təyin edən təməl faktorlardır.
San-Fransiskoda az yatmaqdan şikayətlənən bir qadın üzərində araşdırma aparıldı və ailəsində də bir neçə şəxsdə bu problem aşkarlandı. Genomlarının müqaisəsində DEC2 adlı gendə kiçik bir mutasiya aşkarlandı.Eyni mutasiya siçanlara tətbiq edildikdə onların da az yatdığı ,amma fiziki heç bir təsiri olmadığı müşahidə olundu.Yatmaqda çətinlik çəkməyin bir çox səbəbləri ola bilər,amma necəliyindən asılı olmayaraq sağlamlığa mənfi təsir göstərir. Lakin unutmayaq ki, genlər təməl faktorlar olsa da, xarici təsirlərin də önəmi böyükdür. Sağlamlıq, məşqlər, ağır iş və hətta zehni yorğunluq belə yuxu müddətini dəyişdirir

Gecələri yuxumuza ən çox təsir edən faktorlardan biri də, yuxu keçmişimizdir. Günlük ya da həftəlik olaraq yuxunu məhdudlaşdırmaq və ya gecələri oyaq qalaraq səhərləmək, yuxularımızın keyfiyyətinə böyük təsir göstərir və özümüzə “yuxu borcumuz” yaranır.Bu borcu ödəmək üçün nə qədər yuxusuz qalmışıqsa, o qədər də yatmalıyıq.Məsələn bu gün 7 saat əvəzinə 5 saat yatmısınızsa, sabah 9 saat yataraq borcu ödəyə bilərsiniz.

Yuxu ehtiyacı da yaşla da əlaqədardır. Daha yaşlı insanlar ümumiyyətlə gənclərdən daha az yatarlar. Yaşa bağlı olaraq bu ehtiyacın dəyişməsinin də circadian ritmi ilə homeostatic proseslər arasındakı əlaqənin dəyişməsindən qaynaqlandığı düşünülür.

Gördüyümüz kimi nə qədər yatmaq lazım olduğu haqda məsləhət vermək çətindir ,ancaq yuxu haqqındakı araşdırmalarda 7-dən 9 saat yatmağın ən doğru olduğu deyilir.

Niyə 7-8 saat?
7 saatdan daha az yatan fərdlərin reaksiya müddətinin yavaşladığı, qərar qəbul etmək bacarığının pozulduğu, konsentrasiyasının azaldığı, yaddaşın zəiflətdiyi və psixoloji tarazlıq halının pozulduğu müşahidə edilmişdir. Eyni zamanda gün ərzində yorğunluq özünü göstərir, ancaq 7-8 saat yatan insanlardakı araşdırmalar bu proseslərə heç bir müsbət və ya mənfi təsir aşkar etməmişdir.

“Hypnik Jerk”: Yatarkən hündürlükdən düşürmüş kimi hiss etməkhiss etmək

 

Demək olar ki, hər kəsə bu hiss tanışdır.Yuxu əsnasındakı bu cür hadisələr heç bir elmi əsası olmayan astral səyahətin gerçək olduğuna inanc bəsləyənlərə dərindən təsir etdiyi kimi, elmi arenada da marağa səbəb olan bir mövzudur. Çünki beyninizdə bir hissin əmələ gəlməsi üçün qıcıqlanması lazımdır. Bu qıcıq real və ya saxta ola bilər (fantom). Ancaq fizioloji və biokimyəvi əsası olmalıdır.

Şeffild universitetinin professoru Tom Stafford bu prosesin necə baş verdiyini izah edib .
Hipnik səyirmələr əsnasında əl və ayaqlarımız qeyri-iradi olaraq hərəkət edir. Bu proses çox qəribə haldır və səbəbi tam olaraq bilinmir, ancaq bunu beynin yuxu ilə oyanıqlıq halı arasında hər gecə baş verən “müharibənin”yan təsiri kimi başa düşmək olar.Science jurnalında nəşr olunan məqalədə bildirilir ki,yatarkən bədənimiz iflic halında olur.Gördüyümüz yuxulardan asılı olamayaraq əzələlərimiz hərəkətsiz olur və hiss etdiyimiz həyəcanı ifadə etmirlər.Eyni zamanda xarici aləmdəki dəyişikliklərdə bizə təsir etmir.Məsələn,yatarkən göz qapaqlarınız açıq qalacaq şəkildə yapışqan lentlə yapışdırsanız,yuxuya getdiyinizdə kimsə gözünüzə işıq salsa, bunun yuxunuza təsir etmədiyi görüləcək.

Beynimizdəki müharibə

Yatdığımız zaman göz hərəkətləri daha çox görünür və yuxuda gördüklərinizə uyğun hərəkət edir.Məsələn,yuxuda tennis yarışı izləyiriksə, gözlərimiz sağa və sola hərəkət edəcək.Qeyri-iradi hərəkətlər olan hipnik səyirmələr isə fərqli səciyyə daşıyır.Buna ən çox uşaqlarda rast gəlinir.Yuxularımızın ilkin mərhələlərində əmələ gəlir və yuxuda gördüklərimizi əks etdirmir.Məsələn,yuxuda velosiped sürürsünüzsə,ayaqlarınız müvafiq hərəkətləri etmir.Hipnik səyirmələr yuxuda iflic halı bütün bədəni ələ keçirmədən hərəki sistemin bədənimizə hələ də nəzarət etdiyininin göstəricisidir.
Bu hərəki sistemlərin biri retikulyar formasiya adlanan sinir hüceyrələri şəbəkəsində yerləşir.Retikulyar formasiya biz ayıq olduğumuz və hərəkət etmək istədiyimiz zaman güclü fəaliyyət göstərir.Qısa olaraq VLPO adlanan bu sistem insanda yuxu halını yaradır və göz sinirlərinə yaxın olduğundan gecə ilə gündüzü ayırd edərək yuxu tsiklimizi tənzimləyir.Yuxuya gedərkən beyindəki müharibə VPLO-nun lehinə getməyə başlayır.Yuxu iflici adlanan hal meydana gəlməyə başlayır.Hərəki sistemin nəzarəti uğrunda gedən müharibənin davamında retikulyar formasiya gündüzdən qalan enerji ilə ani əzələ hərəkətləri ilə bir növ partlayışa səbəb olur.Başqa sözlə,hipnik səyirmələr gündüz hərəki nəzarət sisteminin son çırpınışlarıdır.Oyanan insanlar hipnik səyirmələrinin yuxuda hündürlükdən düşdükləri zaman meydana gəldiyinə inanır.Bu hissin beynimizin hekayələr uydurmaq bacarığının nəticəsi olduğu qəbul edilir.

Eyni zamanda Amerika Yuxu Tibbi Akademiyası və Mayo klinikası bu mövzuda bir çox araşdırma aparmış əhəmiyyətli təşkilatlardır. Amerika Yuxu tibbi Akademiyası, Hipnik səyirmənin səbəbləri ilə əlaqədar bir araşdırma etdi və bu hiss ilə şəxsin həyatı arasında əhəmiyyətli əlaqələri ortaya qoydu. Xüsusilə stress halı, həddindən artıq kofein istehlakı və axşam saatlarında çox yorucu işlərlə məşğul olan kəslərin bu hissi daha tez-tez yaşadıqlarını göstərmişlər. Ən çox da yastığı narahat olan insanlar bu hissi yaşadığı ortaya çıxdı.
Bu son nəticə alimlərin ağlına bunun bir adaptasiya ola biləcəyini gətirdi. Düzdür, əcdadlarımız təxminən 5.5 milyon il əvvəldən etibarən ağaclardan enib, meşələrdən çıxıb, savanna həyatına, yer həyatına keçmişdir. Hətta yaxın qohumlarımız da əcdadlarımızla müqaisədə yerdə daha çox vaxt keçirirlər. Lakin yenə də ağaclardakı və meşələrdəki keçmişimiz, davranış təkamülü baxımından çox da uzaq bir keçmişə sayılmaz.

Ona görə də bu hissin ağacda yatdığımız zamanlardan qaldığı düşünülür.Yuxuya gedərkən əzələlərimiz boşalmağa başlayır.Bəzən beyin bunu sanki hündürlükdən düşürmüşük kimi qəbul edir.
Bu mövzuda edilən araşdırmalar davam edir…

Redaktə: Ziya Mehdiyev

Əlavə ədəbiyyat: Niyə yuxuda uçur və yıxılırıq?

Şəffaf və ya İdarəolunan Yuxular.

Mənbə:

http://www.bbc.com/future/story/20120522-suffer-from-sleep-shudders

http://www.bbc.com/news/science-environment-32606341

http://stm.sciencemag.org/content/4/150/150ra122

http://www.bbc.com/future/story/20170220-the-surprising-truth-about-why-we-sleep-and-how-much-we-need

http:/www.evrimagaci.org/makale/89

http://www.nature.com/nature/journal/v537/n7618/full/nature19323.html?foxtrotcallback=true

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin