Adəmin ilk sevgilisi Lilit. Müasir həyatda Lilit Həvvaya qarşı.

0

Baxmayaraq ki, biz artıq XXI əsrdə yaşayırıq, elm və texnikanın inkişaf etdiyi dövürdəyik, lakin çoxları qalın divarlarla hörülmüş stereotiplərin əsiridir. Bu stereotiplərə görə, qadın passiv, emosional, həssas, utancaq, asılı olmalıdır. Məntiqi fəallıq, məqsədyönlülük, inam, yüksək intellekt kimi keyfiyyətlər isə kişilərə xas xüsusiyyətlər olduğu üçün qadına yaraşdırılmır. Halbuki qadın və kişi arasındakı fərqliliklər həddindən artıq şişirdilib. Bir çox adamlar hesab edirlər ki, əsrlər boyu belə olubsa deməli, əbədi belə olmalıdır. İnsanların təfəkkürü, stereotipləri çox passiv, hətta deyərdim, yox səviyyəsində dəyişir.

Paltaryuyan və qabyuyan maşınlar, mikrodalğalı sobalar və digər bunun kimi alətlər, belə desək, qadını mətbəxdən çıxarıb, onları əvəz etdi. Uşaq bağçaları və məktəblər isə ənənəvi tərbiyə vermə yükünün bir hissəsini öz üzərinə götürdü. Bu gün nikahlara biraz daha gec yaşlarda girilir və qadınların əksəriyyətin 1-2 uşağı olur. Bütün bunların nəticəsi olaraq qadının vaxtı çoxdur. Həmin o vaxt ki, qadın özünə həsr edir, öz gələcəyinə, təhsilinə, karyerasına, görkəminə, idmana, hobbisinə. Amma stereotiplər güclüdür. Bu cür qadın həmişə və hər zaman qınaq atəşinə məruz qalır. Ona “Sən qadın deyilsən! Sənin kimi qadın olmur!” damğası hər kəs tərəfindən vurulur. Bu cür təhqiramiz sözlər isə qadının özünə inamını zədələyir, onu alçaldır və patriaxal cəmiyyətin daha da güclənməsinə şərait yaradır.

Lilit və Həvva

Müxtəlif qadın tipləri haqqında araşdırmanı lap əvvəldən – insanın yaradılğı dövürdən incələyək. Tanrıya inanıb inanmamaq önəmli deyil. Lakin çox böyük ehtimal hamımız dini kitablarda insanın yaradılışı haqqında olan tarixi bilirik. Tövratın ilk hissəsi olan Yaradılışın birinci Babında Adəm ilə birlikdə bir dişi yaradıldığından bəhs edilir, ikinci hissədə isə Adəmin qabırğa sümüyündən bir dişi yaradıldığı yazılmışdır. Bir çox alimlər, ilahiyyatçılar və sadəcə dindar insanlar illər boyunca bu mətnlərin mənasını anlamağa və yozmağa çalışmışdırlar. Bu mövzuda hətta çoxlu rəvayətlər və əfsanələr yaradılıb. Ən ilkin və ən məşhur versiya “Sirakidin əlifbası” (Ben Sira əlifbası) adlanan apokrifik yəhudi əsərdə rast gəlinir. Həmin əsərə əsasən, Tanrı Adəmi yaratdıqdan sonra onun tək olmaması üçün ilk qadını da torpaqdan yaradır və onu Lilit adlandırır. Lakin onların arasında heç vaxt anlayış olmur.

Lilit - Dante Qabriel Rossettinin əsəri
Dante Qabriel Rossettinin əsəri – “Lilith”

Qadın deyir: “Mən heç vaxt sənin altında olmayacağam!”

Kişi cavab verir: “Heç vaxt sənin altında olmayacağam, yalnız yuxarıda! Sən həmişə aşağıda olmalısan.”

Qadın deyir: “Biz hər ikimiz bərabərik, çünki ikimiz də torpaqdan yaradılmışıq.”

Onlar bir birlərini dinləmirdilər. Adəm güc ilə Liliti özünə tabə etmək istəyərkən, Lilit şiddətlənir, Tanırının qadağan olunmuş adını söyləyir, bu zaman isə onun qanadları çıxır və o həmişəlik cənnəti və öz ərini tərk edir.

Adəm Tanrıya gileylənir: “Mənə verdiyin qadın məni tək qoyub getdi.”

Tanrı dərhal Lilitin qayıtması üçün üç mələk göndərir (Sanvi, Sansanvi və Semanqelaf) və deyir: “Əgər o qayıtsa, onda hər şey yaxşıdır. Əgər o imtina etsə, onda o gündə yüz övladının ölümü ilə barışmalı olacaq.”

Mələklər Liliti Qırmızı dənizin sahilində tapırlar. Lakin o heç bir halda geri dönməyəcəyini deyir. Nəticədə Tanrı onu cəzalandırır və Lilitin hər gün yüz iblisi övladları ölür.

Bundan sonra Tanrı Adəmin qabırğa sümüyündən Həvvanı yaradır. Həvva kişisinin bir parçasından yaradıldığına görə ona tabe olur.

Lilit və Həvva
Lilit və Həvva

Beləliklə, qarşımızda iki qadın ipostası var:

Lilit – öz hüquqları uğrunda mübarizə aparan, fəal, enerjili, öz qüvvələrinin yardımı ilə öz məqsədlərinə çatan qadın. O öz bərabərlik tələbi ilə Adəmi zəiflədir və dağıdır. Belə qadın ərinə imtina etdiyinə görə patriaxal cəmiyyətin mövcudluğu üçün böyük təhlükə daşıyır. Lilitin parlaq xarakteristikası tam azadlıq və məhdudiyyətsizlik istəyir. Bu cür qadın rolu cəmiyyət tərəfindən mənfi qarşılanır və düzgün qəbul edilmir.

Həvva – öz əri ilə razılaşan, üzüyola, sakit, yumşaq qadın. O öz əri ilə bağlılıq rəmzi hesab edilir, ona tabedir, çünki onun qabırğasından doğulub, onun bədənindən törəyib. Həvva ərinin və ailəsinin dayağıdır və buna görə bu qadın rolu cəmiyyət tərəfindən müsbət qadın obrazı kimi hesab edilir.

Bu mifi analiz etdikdə görürük ki, burada qadına belə bir göndəriş var: “Əgər sən mənimlə bərabər hüquq istəsən, əgər tələbkar, inadlı, azad, müstəqil olsan, onda sən İblisin qadını olacaqsan və sənin heç vaxt övladın olmayacaq!”

Bax beləcə qadın obrazı iki hissəyə bölünmüş olur. Bir hissəsini Lilit adlandırmaq olar. Bu qadın əksər hallarda kişilərin diqqətini cəlb edir. Lakin eyni zamanda qorxudur. Axı o öz istədiyini yaxşı bilir və nə edəcəyini öncədən bilmək mümkün deyil. Lilitin bərabərlik uğrunda mübarizəsi Adəmə tabe olmamağı simvolizə edir. Bu isə bütün kişiləri qorxudur, çünki Lilit onları passiv qalmağa məcbur edir. Ona görə də kişilər eyni zamanda həm Liliti axtarırlar, həm də ondan qorxurlar. Kişilər çətinliklə Liliti öz həyat yoldaşları kimi qəbul edirlər. Lilit çox yaxşı məşuqədir, sirdaşdır, lakin həyat yoldaşı deyil. Axı o bərabərdir.

Həvva isə qadın obrazının ikinci tərəfini əks etdirir. Həvva ocağın qoruyucusu, itaətli və başa düşən, əri və ailəsi üçün özünü həmişə qurban verəndir. O etibarlı, rahat və daha sakit xarakterlidir. Heç vaxt öz əri ilə mübahisə etmir, bütün işləri ərinin yerinə etsə belə, işində ona əvəzsiz dəstək və kömək olursa belə, ailə büdcəsinin əsas hissəsini özü qazanırsa belə, o həmişə ərinin kölgəsindədir və orada qalmağa razıdır. Çünki Həvva üçün əsas olan şey evdə əmin amanlığın olmasıdır.

İn və Yan

Bir anlıq İn və Yanın görünüşünü xatırlayaq. Bu qədim Çin fəlsəfəsinin ayrılmaz simvollarından biridir. Bütövlüyü bir arada tamamlayan iki hissə mənasını verir. Bir tərəf qaranlığı, digər tərəf isə işığı simvolizə edir. Lakin qaralıq hissə özündə işığı, işqılı hissə isə qaranlığı daşıyır. Bu çox unikal və çox dərin məna kəsb edən simvollardan biridir.

İn və Yanla qadın və kişi obrazları arasında bənzətmə aparmaq olar. Çünki qadın və kişinin varlığı bəşəriyyətin varlığı mənasına gəlir – bütövlüyü bir arada tamamlayan iki ayrılmaz hissə. Belə nəticəyə gəlmək də olar ki, hər bir hissə digər hissənin bir parçasını özündə daşıyır. Yəni qadında müəyyən qədər kişi obrazı, kişidə isə müəyyən qədər qadın obrazı vardır. Bəs bu belədirsə, niyə qadın tabe olmalıdır?

Fəal və ağıllı qadın sadəcə özünə əmin olmayan və özündə öz qadın hissəsini görməyən  qısqanc kişiləri qorxudur. Çünki bu kişilər ailədə evdar Həvvaya üstünlük verirlər, amma həmişə Liliti axtarırlar. Patriaxal mədəniyyət qadının azadlığını əlindən alaraq, ona öz istəklərini boğmasını diktə edərək qadının güclü tərəflərinin kəşf etməməsinə şərait yaradır. Bəlkə elə buna görə çox vaxtı məktəbli qızlar riyaziyyat və fizika sahəsində uğurları ilə fəxr etmirlər – axı ağıllı qadın ibadət və pərəstiş obyekti sayılmır. Uğur itəakar qadınındır. Buna səbəb olan çox zaman elə valideynlərin özüdür. Qızının məktəbdə və universitetdə olan uğurlarına sevinmək yerinə onun həyatına balta vuracaq sözlər deyirlər: “Bu qədər oxuyursan, nə fayda? Heç olmasa özünə bir ər tapardın.” Nəticədə isə qadının əldə etdiyi bütün uğurlar “qadın işi” olmadığı üçün qiymətsizləşir. Çünki iş, karyera, əyləncə bunların hamısı patriaxal cəmiyyətdə kişilər üçün səciyyəvidir.

Unutmaq olmaz ki, hər bir qadında Lilit və Həvva obrazları vardır. Sadəcə bunların nisbəti hər bir qadında fərqlidir. Güclü qadın yaxşı ana və həyat yoldaşı ola bilməz mənasına gəlmir. Eləcə də, sakit qadının gizli və kəşf edilməyən istedadı mütləq vardır. Sadəcə hər kəsi olduğu kimi qəbul edə bilmək lazımdır.

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin