Akselerant uşaqlar

0

19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində bir çox ölkələrdə uşaqların sürətli böyüməsi müşahidə olunurdu. Nəhayət, 1935-ci ildə E. Kox ilk dəfə olaraq uşaqların fiziki inkişafının sürətli getməsini akselerasiya adlandırmışdır.

O dövrdə akselerasiya məfhumu uşaqların bədən ölçülərinin artması və cinsi yetkinliyə vaxtından tez çatması kimi başa düşülürdü. Fiziki inkişafın əsas göstəricisi kimi isə bədən uzunluğu, döş qəfəsinin tutumu və bədən kütləsinin artması nəzərdə tutulurdu. Lakin orqanizmin morfoloji xüsusiyyətləri ilə funksional fəaliyyəti arasındakı sıx əlaqəni nəzərə alan alimlərin bir qrupu fiziki inkişafın əsas əlamətində, ağciyərlərin həyat tutumunda, bəzi əzələ qruplarının iş qüvvəsində, skeletin sümükləşmə dərəcəsində,  dişlərin çıxması və dəyişməsində, cinsi yetkinləşmədə görürdülər.

Hazırda akselerasiyaya çox geniş bir anlayış kimi yanaşılır. Ona əsrin tendensiyası anlayışı kimi də baxırlar. Bir əsrdə orqanizmin bətndaxili inkişaf dövründən yetkin vəziyyətinədək fiziki inkişafın sürətlə getməsi kimi başa düşülür. Yeni doğulmuş körpələr üzərində aparılan tədqiqatlar göstərir ki, son 50-60 il ərzində onların bədən uzunluğu 0.5-1.0 sm, kütləsi isə 100-150 qram artmışdır. Bu isə o deməkdir ki, böyümənin sürətlənməsi bətndaxili inkişaf zamanı da olur. Uşağın bədən kütləsi 4 aylığında 2 dəfə artır, halbuki belə artıma əvvəllər 6 aylıqda rast gəlinirdi. 75-95 il bundan qabakı uşaqlara nisbətən hazırki 1 yaşlı uşaqlarda bədən uzunluğu orta hesabla 5 sm, kütləsi isə 1.5-2.0 kq artmışdır.

Akselerasiya bağça yaşlı və məktəbəqədər körpələrdə daha aydın müşahidə olunurdu. Məsələn, Polşanın Varşava şəhərində yaşayan 1.5-3 yaşlı körpələrin bədən uzunluğu 1881-ci ildən 1961-ci ilədək orta hesabla 10-12 sm artdığı halda, 1924-cü ildən 1961-ci ilədək təxminən 4 sm artmışdır. Şimali Amerikada, İngiltərədə, İsveçdə, Polşada 1800-cü ildən 1950-ci ilədək 5-7 yaşlı uşaqlarda hər 10 illikdə bədən uzunluğu 1.5 sm, kütləsi isə 0.5 kq artmış, dişləri isə 1 il tez çıxmışdır.

Böyümənin sürətlə getməsi ilə yanaşı olaraq cinsi yetişkənlik dövrü də tez başlayır. Məsələn: Sankt-Peterburq şəhərinin qızlarında ilk mensturasiya 1927-1930- cu illərdə 14 yaş 2 aylığından olduğu halda, 1959-cu ildən bu prosses 12 yaş 11 aylığında başlayır.

Qeyd etməliyik ki, akselerasiyaya səbəb olan amillər haqqında ümumiləşdirilmiş vahid bir fikir yoxdur. Çoxlu nəzəriyyə, fikir var ki, onlardan bir neçəsinin üzərində dayanaq.

Alimlərin çoxu belə güman edir ki, inkişafdakı bütün irəliləyişin əsasında qida amili durur. Hər adama düşən yüksək keyfiyyətli zülalın və təbii yağın , piyin, əhalinin təlabatı baxımından artması ilə əlaqələndirilir. Bura həmçinin bütün il boyu meyvə-tərəvəzdən mütəmadi olaraq istifadə olunması, ana və uşaq orqanizminin vitaminlə yaxşı təmin olunması və s. aiddir.

Heliogen nəzəriyyəyə görə, akselerasiyada başlıca rolu uşaq orqanizminə günəş şüalarının təsiri oynayır. Bu nəzəriyyənin tərəfdarlarının fikrincə, hazırda uşaqlar daha çox günəş şüalanmalarına ( radiasiyalarına) məruz qalırlar. Bu fikir o qədər inandırıcı deyil. Ona görə ki, Yer kürəsinin şimal qütbündə akselerasiya prosesi heç də cənub qütbünə nisbətən aşağı templə getmir.

Bir qrup alim isə akselerasiya prosesini iqlim dəyişmələri ilə əlaqələndirir. Onlar belə güman edirlər ki, rütubətli və isti iqlim orqanizmin istilik itirməsinə səbəb olur və ona görə də guya, boy artmasını stimullaşdırır.

Akselerasiya sözü  latınca akselartio  sözündən götürülmüşdür, mənası sürətlənmə deməkdir. Bu fenomen özünü uzun müddət uşaq və yeniyetmələrin daha çox somatik inkişafı və cinsi yetişməsi sahəsində göstərir ki, elmi- texniki tərəqqi şəraitində uşaqların psixi, əqli inkişafının sürətlənməsi faktları da diqqəti cəlb etməyə başlamışdır. Buna görə də, elmdə psixoloji akselerasiya anlayışı meydana gəlmişdir.

Akselerant uşaqlar özlərinin bilik səviyyələri ilə seçilməklə yanaşı, onların ağıl səviyyələri, intellekt səviyyələri çox yüksəkdir. Bu uşaqların müxtəlif hadisələri təhlil edərkən əsaslandıqları məntiqi ölçülərə, verdikləri suallara diqqət yetirdikdə onların inkişafının nə dərəcədə sürətləndiyini görə bilirik. Bu cür uşaqların məntiqi ölçüləri çox güclü olur. Yaşları artdıqca hər şeydən daha çox dəlil-sübuta arxalanırlar. Mübahisə etməyi, öz fikirlərini əsaslandırmağı xoşlayırlar, özlərinin idrak təlabatlarını elmi-kütləvi ədəbiyyat , radio və televizor , internet vasitəsilə ödəyirlər. Yaşlarına uyğun olmayan ağıllı baxışları, özlərini müdrik aparmaları, təmkinlilikləri , ağıllı mühakimələri ilə fərqlənirlər.

Uşaqların fiziki və psixi inkişafında baş verən sürətli hadisə akselerasiya adı ilə ifadə olunur.  Akselerasiya bir sıra səbəblərdən asılı olaraq baş verir. İnsanın formalaşmasına və inkişafına müsbət təsir edən fiziki, kimyəvi və bioloji amillər, informasiya mübadiləsinin güclənməsi və s. akselerasiyanın yaranmasına imkan vermişdir. Akselerasiya uşaqlarda psixi inkişafın sürətini və tempini dəyişir. Ona görə də, psixikanın inkişafı dövrlərini dəqiqləşdirmək və təlim-tərbiyə prosesini məhz bu dəyişikliklər zəminində qurmaq lazımdır.

Akselerasiya şəraitində akselerant uşaqlar meydana çıxır. Onlar özlərinin psixoloji simasında akselerasiya anlamının başlıca meyarlarını əks etdirirlər.

Vaxtilə uşaqlara nə barədə danışırdınsa, danış, onların hansısa sualına necə ətraflı və ya ötəri, təfərrüatı ilə cavab verirdin-vermirdin , fərqi yoxdur, ağızlarını açıb matdım-matdım sənə baxırdılar, nə deyirdin razılaşırdılar, qane olub sakitləşirdilər. Yaşlılar çox şey bilirdi, uşaqlar isə az qala onların hər bir görüşündə, söz-söhbətində, davranış və rəftarında dövr üçün səciyyəvi olan bu meyil aydın nəzərə çarpılırdı. İndi isə uşaqlar gözlərimizin qarşısında necə də dəyişirlər. Çox şey bilirlər, necə deyərlər yaşlılar kimi fikirləşirlər.

Bu gün artıq 1-ci sinifdə oxuyan uşaqlar müəllimin elə-belə cavabları ilə razılaşmırlar , onlardan özlərinin şeylər, hadisələr və insanlar haqqındakı inkişaf etmiş təsəvvürlər sisteminə uyğun gələn cavablar tələb edirlər. Artıq 1-ci sinif şagirdinin təfəkkürünü köhnə ölçülərlə səciyyələndirmək birtərəfli olardı. Onların əsl əqli qabiliyyətləri əvvəllər güman ediliyindən qat-qat geniş və zəngindir.

Görəsən, uşaqların psixologiyasında əmələ gələn bu yeni məziyyətlər nə ilə bağlıdır?

Vaxtilə akademik D.İ.Uznadzenin 7 yaşlı uşaqlarla apardığı tədqiqatı 30-40 il keçdikdən sonra gürcü psixoloqları eyni ilə təkrar etmişlər. Eksperimentin nəticələri əsrin meyllərini gözəl əks etdirir. Məlum olmuşdur ki, bugünkü 7 yaşlı uşaqlar çox inkişaf etmişlər, onlar bəlkə də 30-40 il bundan əvvəlki 9 yaşlı uşaqlardan çox şey bilirlər. Bu faktdır, lakin onu düzgün yazmaq, təhlil edib açıqlamaq üçün , görünür, bir mühüm mətləbi ayrıca vurğulamaq lazımdır.

Akselerant uşaqların müxtəlif hadisələri təhlil edərkən əsaslandırdıqları məntiqi ölçülərə, verdikləri köklü suallara diqqət yetirsəniz, bu cəhəti dərhal görərsiniz. Onların məntiqi ölçüləri çox güclüdür: yaşları artdıqca hər şeydə daha çox dəlil, sübut axtarırlar.

 

 

Qaynaq:

http://dpsikolog.com/makale/ustun-zeka/

https://www.cadempsikoloji.com/ustun-yetenekli-zekali-cocuklar

 

Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin