ALBERT CAMUS – TİPASAYLA NİKAH

0

Yazda Tipasada allahlar dolaşır. Onlar günəşin va yovşan ətrinin, gümüşü zirehə buxovlanmış dənizin, gömgöy səmanın, çəmən çiçəklərinin içində itib-batan xarabalıqların, istidən xumarlanan sal daşların diliylə danışır. Digər saatlarda ətrafda hər şey gözqamaşdıran günəşdən qara rəngə boyanır. Gözlər kirpiklərdə titrəyən işıq damcıları və çalarlardan savayı, cidd-cəhdlə başqa şeylər də sezməyə çalışır. Qızmar havada ətirli otların qoxusu boğazı qıcıqlandırır və adam az qalır ki, boğulsun. Mən kəndi əhatələyən təpələrin arxasından boylanan nəhəng qara Şenuanı zorla ayırıram.

Kəndin içi ilə gedirik, artıq ordan buxta görünür. Əlcəzairin göyümsov sarı dünyasının torpaq ətri adamı bihuş edir. Ətrafda hər yerdə divarların arxasından bugenvilliyaları(çiçək növü) boylanır; bağçalarda tezliklə al–qırmızı çalar alacaq, ancaq hələ ki solğun don geyinmiş ketmiyalar(gül kolu), çalınmış qaymaq tək köpüklənmiş qızılgüllər, uzun gövdəsində muncuq tək düzülmüş süsənlər göz oxşayır. Buranın hər daşı-kəsəyi adamın ürəyini isidir. Biz qızıl düymə tək par-par yanan avtobusdan düşəndə, ət satanlar adətləri üzrə öz qırmızı maşınlarında kəndi dolaşaraq sakinləri haylayırdılar.

Limandan solda sementlə möhkəmlənməmiş daş plitəli pilləkənlər naz(sarıçiçəkli çöl bitkisi) pöhrəliyi və saqqız ağacının(ətirli zift verən kiçik ağac) içindən keçərək xarabalığa aparır. Yol kiçik bir mayakın yanından ötüb tarlada itir. Mayakın lap yanından başlayan, bənövşəyi, sarı və qırmızı gülləri olan hansısa iri, ətirli bitkilər dənizlə qucaqlaşan qayaların düz dibinədək gedib çıxır. Biz üzümüzü yüngül məhlə zarafatlaşan günəşə sarı tutub, buludları sanki gedər-gəlməzədək qovmuş mavi səmaya və dalğalara dərin yuxuya getmək əmri vermiş, indi rahat-rahat gülümsəyən dənizə tamaşa edirik. Xarabalıqlar səltənətinə ayaq basmazdan öncə bu mənzərədən son dəfə xoşhal oluruq.

Heç bir-iki addım atmağa macal tapmamış yovşan ətri boğazımızı öz cənginə alır. Baxışlarımızın əhatələyə bildiyi qədərincə onun bomboz saçları xarabalıqları örtür. Bürküdən qaynayan yovşan şirəsinin ətri sanki düz günəşədək qalxır və səmanın özünü belə sərxoş edir. içimizdə sevgi və istək hissi bir-birinə qarışır. Biz əzəmətli olan hər şeydən adəti üzrə gözlənilən, fəlsəfə burulğanında boğulan nəsihət axtarmırıq. Əsas olan günəş, öpüş və vəhşi qoxulardı, yerdə qalanınısa boş veririk. O ki qaldı mənə, burada tənha olmağa can atmıram. Bura, adətən, sevdiklərimlə gəlmişəm və onların üzündə sevgi dolu işıqlı təbəssümün şahidi olmuşam. Burada intizam və əndazə mənə yaddır. Burada mən bütünlüklə təbiətin özbaşınalığı və dənizin əxlaqsızlığının hökmü altındayam. Yazla sövdələşən xarabalıqlar yenidən daşa çevrilib və insanların sahmanladığı nizamı bir kənara tullayaraq, növbəti dəfə özünü təbiətin qoynuna atıb. Sərsəri övladlarının qayıdışını bayram edən təbiət onları, öz növbəsində, rəngbərəng çiçəklərə qərq edib. Günçiçəyi öz yumru, ağ başını meydanın sal daşları arasından dürtüb çıxarır, qırmızı ətirşahlar nə vaxtsa ev, məbəd və şəhər meydanları olmuş yerləri al qana boyayır. İndi onlar öz keçmişləri ilə sağollaşırlar və artıq heç nə onlara asanca yerə sərələnən bədənin cəzb etdiyi o hökmlü gücə boyun əyməyə mane olmur.

Yovşanı tapdalaya-tapdalaya, ilıq daşları əlləyə-əlləyə və öz nəfəsimi dünyanın coşqun ahlarına qata–qata neçə saat keçirdiyinin fərqində deyiləm! Vəhşi qoxulardan və həşəratların adamı mürgülədən vızıltısından sərməst olaraq, qızmar günəşin şəfəqlərinə boyanmış səmaya tamaşa etməkdən doymuram. Özün olmaq, uzaq keçmişdə, bəlkə də, uşaqlığında sağollaşdığın daxili harmoniyanı qaytarmaq elə də asan deyil. Amma Şenuanın vüqarlı sıra dağlarını seyr edərkən, istər-istəməz qəribə bir sakitlik keçir içindən. Dərindən rahat nəfəs alır, iç bütövlüyü və dolğunluq hissi keçirirdim. Gah bir, gah da digər yamaca qalxır və hər dəfəsində ruhumu oxşayan növbəli mənzərə ilə qarşılaşırdım. Sütunlarında günəşin şəfəqləri oynayan məbədin pillələrində dayanıb, ağ və çəhrayı damları, yaşıl şüşəbəndləri bir-birini əvəzləyən kəndi rahat–rahat izləmək olur. Hələ Şərq təpəsindəki bazilikanı(antik dövr və orta əsrlərə məxsus, içərisi sütunlarla iki hissəyə bölünən böyük bina) demirəm, divarları hələ dağılmayıb, qazıq–qazıq edilmiş sərdabələr onu üzük kimi əhatələyir. Öncə sakini ölülər olan bu sərdabələrə indi sarı şəbbülər və sürvələr qonaq gəlib. Sent-Salsa xristian bazilikasıdı, onun istənilən dəlmə–deşiyinə baxmaq kifayətdi ki, tənhalıq hissini bir kənara atıb, kainatın melodiyasına qulaq kəsiləsən: yamaclar şam və sərv ağaclarıyla bəzənib, hardasa iyirmi metrlikdə dəniz göyərir. Sent-Salvanın yüksəldiyi təpənin zirvəsi yastıdı və bu səbəbdən məbədin içində yellər oynayır. Səhər şəfəqləri hər tərəfi başına alıb.

Miflərə ehtiyac duyanlar kasıbdan da kasıbdı. Burada allahlar günlərin axdığı məcraya, ya da onların axınını qeyd edən pillələrə xidmət edir. Mən mənzərəni təsvir edərkən deyirəm: ”Bax, bu qırmızıdı, bu göydü, bu yaşıldı. Bu dənizdi, dağdı, çiçəklərdi”. Saqqız ağacının tumurcuqlarını iki barmağımın arasında əzib, burnuma yaxınlaşdırmağımdan olmazın həzzini aldığımı ifadə eləmək üçün Dionisin adını niyə çəkim ki? Ya da yaddaşımda ilişib qalan o qədim himn Demetraya həsr olunub: ”Bunu görən kəs xoşbəxtdi”. Yalnız və yalnız yerdəkiləri görmək – bu vəsiyyəti necə unutmaq olar ki? Elevzin misteriyalarının iştirakçılarına seyr etmək yetərli idi. Hətta burada belə dünya ilə sona qədər yaxınlaşmayacağımı bilirəm. Mənə çılpaq soyunub dənizə atılmaq, üstümə hopmuş yer qoxularını bu sularda əritmək, onunla, ta qədimdən bəri bir-biriylə öpüşən torpaqla dənizin xəyal etdiyi kimi, qucaqlaşmaq lazımdı. Mən suya sanki soyuq qatrana girirmiş kimi ayaq basıram və nəfəsim kəsilir; sonra baş vururam; qulaqlarım uğuldayır, burnumdan su axır, ağzım acışır və mən üzürəm – sanki üzərinə lak çəkilmiş, günəşin qızılını əks etdirən, par–par parıldayan qollarım sudan çıxıb havaya qalxır, hər biri əzələsi işə düşməklə əyilir və aşağı düşür; su qollarımdan bədənimə doğru axır, var-gücümlə ayaqlarımı geri itələyirəm və üfüqə can atıram. Sahildə yenidən vücudumun və sümüklərimin ağırlığından qumun üzərinə sərilirəm və günəşdən məst oluram. Ara-sıra əllərimə baxır və su damcılarının qollarımın boyu süzülməsini müşahidə edirəm; dəri quruyan yerdə qızılı tüklər və düz ləkələri qabarır.

Burada mən seçilmişliyin nə olduğunu anlayıram: bu, hədsiz sevmək haqqıdı. Bu dünyada daha bir sevgi var. Qadın bədənini ağuşunda sıxmaq – sanki göydən dənizə enən o əcaib sevinci içinə hopdurmaq. İndi mən yerə yıxılıb, yovşan qoxusunu üzərimə hopdurmaq üçün onun üstündə yomalanacam və şəylərin həqiqi təbiətinə uyğun hərəkət etdiyimi dərk edəcəyəm. Məhz bu təbiətin sayəsində günəş işıq saçır və mən nə vaxtsa öləcəm. Hansısa mənada burada mən öz həyatımı təhlükə altına qoyuram, daşların yaydığı istiliklə qızımın, dəniz qoxusunu ciyərlərinə çəkən və cırcıramaların cırıltısıma diqqət kəsilən həyatı. Təravət dolu meh, mavi səma. Mən bu həyatı fədakarcasına sevirəm və elə hey Ondan danışmaq istəyirəm: o, taleyimə görə – insan taleyinə görə fəxarət hissi keçirməyimi təlqin edir. Hərçənd mənə dəfələrlə söyləyiblər: burada fəxrediləsi heç nə yoxdu. Xeyr, var: bu günəşlə, bu dənizlə, gənclik hərarəti ilə döyünən ürəyimlə, duzlu bədənimə. mənzərəsinin sarı və göy çalarlarında zərifliklə əzəmətin bir araya gəldiyi ucsuz-bucaqsız genişliklə. Bütün bunları qazanmaq, – var–gücümü bax buna sərf etməliyəm. Burada heç nə özüm olmağa maneçilik törətmir, mən heç nədən üz döndərmirəm və heç bir maska taxmıram: səbirlə öyrənmək və yaşamaq mənə kifayət edir. Bu, mürəkkəb elmdi, amma o, həyati müdrikliyin bütün formullarına dəyir. Günortaya az qalmış xarabalıqlardan keçərək limanın düz yanındakı balaca kafeyə qayıdırıq. İçərisində kölgələr oynaşan bu sərin zal günəşdən və əlvan rənglərdən doyan bir insan üçün əla sığınacaqdı; buz kimi yaşıl nanə içkisi qızmar bədəni necə də sərinlədir! Pəncərədən dəniz və tozanaqlı yol uzanır. Masa arxasında oturub, gözlərimi qıyıb, qızmar günəşə baxmağa cəhd edirəm –gözqamaşdırıcı işıq gözlərimi alacalandırır. Üzümüzü tər bassa da, yüngül kətan paltara bürünmüş bədənimiz xoş təravətini qoruyub saxlayır və hər birimizin üzündən dünyayla nikaha girməsini bayram edənlərin xoşbəxt yorğunluğu yağır.

Kafenin yeməkləri bərbaddı, əvəzində ürəyin istəyən qədər meyvə var – ən ləzzət edənisə şirəsi çənəndən axan şipşirin şaftalılardı. Meyvəni iştahla yeyə-yeyə qanımın necə coşmasına, gicgahımda döyünməsinə diqqət kəsilirəm. Dənizə ətrafı hökmünə almış günorta sakitliyi çöküb. İstənilən əsrarəngiz varlıq, təbiiki, öz gözəlliyi ilə fəxr edir və dünyanın qüruru bu gün hər kəsi dəlib keçir. Niyə mən onun qarşısında həyatın sevincini rədd edim?! Yetər ki, bu sevinc mənim üçün yerdə qalanları istisna etməsin. Xoşbəxt olmaq ayıb deyil. Bu gün kral səfehdi. Səfehsə mənim nəzərimdə həyatdan həzz almaqdan

qorxan kəsdi. Bizə qürurdan o qədər bəhs ediblər ki: axı siz bunun iblis günahı olduğunu bilirsiniz. Qorunun, bizə çığırırdılar, siz özünüzü və öz canlı gücünüzü itirəcəksiniz! Elə o zamandan belə bir qürurun gerçək olduğunu öyrəndim… Amma bu dəqiqələrdə həyatla fəxr eləmək haqqımı israr etməyə bilmirəm. Mənə bu hissi yeritmək üçün bütün dünya qəsdimə durub. Tipasada görmək və inanmaq eyni anlama gəlir və mən əllərim, ya dodaqlarımla toxuna biləcəyim şeyi inadla danmayacam. Gördüklərimi sənət əsərinə çevirmək kimi bir tələbatım yoxdu, fikrim, sadəcə, onun barəsində söhbət açmaqdı, bu isə tamam başqa şeydi. Tipasa, mənə görə, dünyaya baxışımı açıqlamaq üçün vasitədi. O, bu baxışın xeyrinə şahidlik edir və bunu comərdliklə həyata keçirir. Bu gün o, mənim personajımdı və mən onu sevə–sevə təsvir etdikcə sərxoşluq dənizinin dalğalarına baş vuracağam. Hər şeyin öz zamanı var – yaşamaq və bu yaşamı təcəssüm etdirmək zamanı. Yaratmaq zamanı da gəlib çıxır ki, bu o qədər də təbii deyil. Mənə vücudumun hər hüceyrəsi ilə yaşamaq və və bu yaşamı ürəyimin hər bir döyüntüsü ilə təsdiqləmək yetərlidi. Tipasanın həyatına qovuşmaq və o həyatı təcəssüm etdirmək. İncəsənətin də növbəsi çatacaq. Burada azadlıq yuva salıb.

Mən Tipasada bir gündən artıq qalmamışam. Həmişə elə bir an gəlir ki, mənzərəni həddən ziyadə seyr etdiyinin fərqinə varırsan, bu elə ona lazımınca tamaşa edəcəyin anadək keçirdiyin uzun fasilədən doğan hissi xatırladır. Dağlar, səma, dəniz bizi öz yorğunluğu, ya gözəlliyi ilə qəfil valeh edən tanış simalara bənzəyir. Amma hər bir sima parlaq olmaq üçün məlum yenilənmədən keçməlidi. İnsanlar hər şeydən tez bezdiklərindən şikayətlənirlər, halbuki onlar dünyanın bizə sadəcə onun necə olduğunu unutmamız səbəbindən yeni görünməsinə heyran olmalıdılar.

Axşama doğru şoseyə yaxın olan, nisbətən qulluq edilmiş, təmizlənmiş parka qayıtdım. Çıldırmış günəş və adamı məst edən qoxular artıq geridə qalıb. Axşam sərini fikirləri də cilovlayıb, dincəlmiş bədən təmin edilmiş sevgidən doğan iç sakitliyinin dadına baxır. Skamyada oturub ətrafı dövrəyə alan ala–toranın düşməsini seyr etdim. Hər şeydən doyduğumu hiss edirdim. Başımın üzərindən sallanmış nar ağacının bərk qönçələri mövsümdən doğan ümidi bir yumruq tək sıxmışdılar. Arxamda gizlənən rozmarinin qoxusu məni sərxoş edirdi. Ağacların arasından dağlar boylanırdı, uzaqdasa səmanın misilsiz zərifliyini öz sularında əks etdirən dəniz ləpələnirdi. Köksümdə vicdanın mükafatlandırdığı əcaib bir sevinc baş qaldırmışdı. Aktyorlar öz rollarının öhdəsindən gəldiklərini dərk etdikləri zaman keçirdikləri bir hiss olur, daha doğrusu, onların əməlləri ifadə etdikləri ideal personajların əməlləri ilə son dərəcə dəqiqliklə üst–üstə düşür, yəni onlar hansısa anlamda öncədən çəkilmiş təsvirə girir və öz ürək döyüntüləri ilə onu canlandırırlar. Mən məhz bunu hiss edirdim: rolumun öhdəsindən gəlmişdim. Mən öz mənliyimlə məşğuldum və gün ərzində təbiətdən zövq almağım mənə heç də müstəsna uğur kimi deyil, məlum şəraitdə üzərimizə xoşbəxt olmaq öhdəliyini qoyan vəzifənin həyəcanla reallaşması kimi gəlirdi. Bu məqamda biz tənhalığımıza yenidən nail oluruq, sadəcə, bu dəfə məmnunluğun dolğunluğunda. İndi ağaclarda quşlar da peyda olub. Torpaq tam zülmətə qərq olmazdan öncə dərindən ah çəkdi. Tezliklə ilk ulduz gecəni də çəkib özüylə gətirəcək. Nur saçan allahlar gündəlik ölümlərinin qoynuna girəcəklər. İndi onları başqa allahlar əvəzləyəcək. Əldən düşmüş bu qaranlıq allahları yerin təkindən doğulacaqlar. Hələliksə sahilə cuman dalğaların səsi ağacların arasından sızıb gəlir, havada qızılı tozcuqlar oynayırdı. Dəniz, tarla, səssizlik, torpaq qoxusu… Mən həyatın ətrini ciyərlərimə doyunca çəkir və əsrarəngiz dünyanın şirinliyini sevgili busəsi kimi dodaqlarımda hiss edirdim. Yox, məsələ məndə və dünyada deyildi, məsələ dünyayla aramda bu sevgini doğuran harmoniyayla sakitlikdəydi. Bu sevgiyə müstəsna sahiblənməyə iddia edəcək qədər aciz deyildim, onu günəşdən və dənizdən doğan bütöv bir nəsillə bölüşdüyümü məğrurluqla dərk edirdim. Bu nəsil öz əzəmətini sadəliyindən əxz edir və sahildə dayanaraq səmanın məsud təbəssümünə anlayışla gülümsəməklə cavab verir.

Albert Kamyu( “Hə ilə Yox arasında” kitabından)

Tərcümə: Məmməd Süleymanov, Kifayət Haqverdiyeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin