Albrext Dürerin ( Albrecht Dürer) “Melanxoliya I” adlı məşhur qravürasının mistik təsirləri

0

Orta əsrlərdə kəndli təbəqəsinin yoxsullaşması, epidemiyanın yayılması, işğallar nəticəsində kəndlərin yerlə yeksan olması və dini təzyiqlərin baş verməsi sənətkarlara da təsir göstərmiş və onların yaradıcılığında öz əksini tapmışdır. Qərb sənətkarları həmin dövrün insanlarının vəziyyətini,  çətinliklərini təsəvvürləri ilə birləşdirərək öz rəsmlərinə köçürmüşlər. Rəsmləri əsasən din, simvolika, metafizika və cadugərlik mövzularının izahı ilə bağlı olmuşdur.

Atası 1455-ci ildə Nürnberqdə məskunlaşmış zərgər olan Albrext Dürer (1471-1528) 15-ci yüzilliyin sonu, 16-cı yüzilliyin əvvəlində yaşamış alman rəssamıdır. Zərgər ailəsindən olan və alman intibahının görkəmli nümayəndəsi hesab olunan Dürer uşaqlığından bəri rəsmə olan marağına görə atası tərəfindən Nürnberqli usta Michael Wolgemut’un yanına köməkçi olaraq  göndərilir. O, burada kitab çapı ilə məşğul olmuş və tablo rəsmlər üzərində işləmişdi. 1505-ci ildə getdiyi İtaliyada Dürer  2 ilə yaxın yaşamış, intibah mədəniyyətini İtaliyadan Almaniyaya gətirmiş və bununla da Almaniya mədəniyyətinə böyük töhfələrini vermişdir.

Dürerin quaş və sulu boya işlədərək, bu qədər kəskin bir reallıq yaratması, sizcə də, böyük dahilik deyilmi? Onun sulu boya, qara qələm, yağlı boya, mis oyma və digər qrafik işlərində əsasən dini mövzuların təsviri və portretlər vardır. O, insan vücudu və hərəkətlərini çox yaxşı müşahidə edirdi.

Dürer öz gücündən qaynaqlanan üslubu ilə alman intibah mədəniyyətinin ən güclü və təmiz nümunələrini yaradıb. Ömrü boyunca insanlarla ünsiyyətində soyuq və uzaq olan sənətkar münasibətlərə qorxu və hirs ilə yanaşdığından sevgi həyatı yaşamamışdır. Onun sözlərinə görə, Tanrıya ən yaxın insan sənətkarlardır. 1500-cü ildə özünü çəkdiyi portreti üzərinə “mən – Nürnberqli Albrext Dürer, özüm özümü yaratdım”  yazmışdır. Bu iş  intibah ruhunu daşıması, özgürləşmə, insanın prioritetlik qazanması və humanistləşməsi baxımından əhəmiyyətlidir.

                          

Atasının, sonra isə anasının ölümü ona dərindən təsir göstərmiş və bu onun sənətində əks olunmuşdu. 1511-ci ildə Passion- İsanın iztirabları adlı qravüra işləmişdi. İsa Piterin xəyanətindən sonra tutulub işgəncələrə məruz qalmış, qamçılanmış, istehza edilmiş sonra çarmıxa çəkilmişdi. Çarmıxa çəkilməsindən sonra, dirilişindən öncəki halını təsvir edən rəsmdə İsa dini mətnlərdə bəhs olunduğu kimi özündən əmin, güclü və qüvvətli deyil, əksinə əldən düşmüş və çarəsizdir. Bir qaya üstündə oturarkən üzündə ona nəyə görə belə bir cəza verildiyini anlamayan kədərli bir ifadə vardır. Saçında tikanlı tellərdən tac var. Yana əyilmiş başının altına əlini qoyması bu dünyada olmaqdan narazılığını, arada qalmışlığını və depressiv halını göstərir.

Buna bənzər olan başqa bir Dürer işi “Melanxoliya I” adlı mis qravürasıdır. İsa kimi oturan və əlini başının altına qoyan bir qadın simvolik cəhətdən zəngin və alleqorik bir təsvirdir. Dürerin 1514-cü ildə 43 yaşında işlədiyi əsrarəngiz qravüranın sağ qismində monumental görünüşü olan bir qadın pəncərəsiz və örtüksüz bir quruluşun qarşısında oturmuş, divarda susqun bir zəng qum saatı, tarazlıqda duran tərəzi və simmetrik rəqəmlər dördbucaqlısı yer alır.

Bu sehrli və ya mistik kvadrat adlanır.  Dördbucaqlının soldan sağa, yuxarıdan aşağıya rəqəmlərinin cəmi 34-dür.  Burada 34 ədədi üfüqi, tək  şaquli və dioqanal xətlər üzrə ədədlərin cəmində yox həm də kvadratın dörddə birlərinin hər birində, mərkəzi dördbucaqda  və hətta dörd künc damasının cəmində də alınır- ən heyrətamizi budur ki, Dürer aşağıdakı cərgələrə 15 və 14 ədədini yerləşdirməyi bacararaq bu ağlasılmaz qəhrəmanlığın edildiyi ili göstərib (1514). “ Melanxoliya” bu sehrli kvadratın Avropa incəsənətində peyda olduğu ilk hadisədir. Birinci belə kvadratlar 4 min il öncə Misir və Hindistanda yaradılmışdı.

`

Burada bütün ölçü alətlərinin hamısı daşlaşmış, zamanı dondurulmuş, tək bir vaxtda qalmışdır. Bir-biriləri ilə əlaqəsiz görünən bu obyektlər bir daha istifadə olunmayacaqmış kimi buraxılmışdır. Məkanın tam olaraq hara olması başa düşülməsə də, havadakı səhnənin arxa planında dəniz, kənarında bir məskunlaşma yeri təsvir olunub. Alatoranlıq, mistik məkanda olan bu quruluşun arxa divarına söykədilmiş yeddi  pilləsi görünən nərdivanın funksiyası qeyri-müəyyəndir. Orta əsrlərin ənənəvi inanclarında nərdivanın ruhların göy üzünə çıxmaları üçün vasitə olduğu hesab olunurdu. Ola bilər ki, burada da bu mənanı daşıyır. İşığın haradan gəldiyi bəlli olmayan boz rəngli qravüranın sol tərəfinin orta hissəsində  duran çoxbucaqlı blok daşın bir səthi qeyri-müəyyən olaraq görünür. Lakin qadının baxışları oraya yönəlməyib.  Daş blokun qarşısındakı qıvrılmış zəif itin gözləri qapalıdır, amma onun yatıb-yatmadığı bəlli deyil.

Oturmuş qadının ayaqları altında nə üçün orada olduğu məlum olmayan bir kürəcik var, hansı ki üzərinə işıq düşərək aydınlanmış vəziyyətdədir.  Qravür boyunca səpələnmiş obyektlər  əsasən həndəsəçilərin, memarların, dülgərlərin işlətdiyi elmi-texniki vasitələrdir: cədvəl, rəndə, çəkic, mismar, mişar və s. Melanxoliya ilə dünya arasında qarşılıqlı əlaqələr əsasən alətlər vasitəsilə olur. Çevrilmiş qadının sağ tərəfində dəyirman daşı üzərində  qıvırcıq saçlı, sağlam və  dolu olaraq təsvir edilmiş  kiçik qanadlı bir uşaq fiqurunun uşaq və ya mələk olduğu bəlli deyil. Və hələ də öz sirrini qorumaqdadır. Rəsmin arxa planında göy üzündə ağzı açıq, quyruqlu zolaqlı yarasaya bənzər, amma kərtənkələni də xatırladan bir heyvan görünür. Şeytana bənzər bir cin olan  bu məxluq göy üzündə “Melencholia I”  yazılmış tablonu saxlayır. Durğun dənizə qarşı qarışıq və narahat olan göy üzündə göy qurşağı və quyruqlu ulduz təsvir edilib. Kometa, 15-ci yüzilliyin bəla simvollarındandır. Göy qurşağının isə orta əsrlər dövründə su basqınlarına səbəb olduğuna inanılırdı. Şəkildə sanki quyruqlu ulduz dünya ilə toqquşacaq  və sel fəlakətinə səbəb olacaq kimidir, yarasa isə bu pis xəbəri verərkən insanlar sakitdir. Digər yandan, alman filosof Agrippa von Nettesheim’in “De Occulta Philosophia”sının 1510-cu ildən sonra Almaniyada dolaşan əlyazmasındakı düşüncələrlə “Melancholia I” arasında oxşarlıqlar vardır. Filosof melanxoliyanın səbəbkarı olaraq görülən qara ödün yanında yaradıcılığı ortaya çıxardan ağ ödün olduğu fikrini irəli sürmüş və 3 melanxoliya növünü ortaya çıxartmışdır: birincisi, melancholia imaginations; bacarıqsız insanları yetişdirib onların rəssam və ya memar olmalarına səbəb olar.  İkincisi, melancholia rations; ağıl yolu ilə müdrikliyə çatan filosoflar, həkimlər və s. ifadə edir və ədədlərlə bağlıdır. Üçüncü növ isə melancholia mentis; uca olanları Tanrının qanunlarını əhatə edir. Burada quyruqlu ulduz və göyqurşağı son qurtuluşdur. Dürerin qravürasında 3 növdən də xüsusiyyətlər görmək mümkündür. Göy qurşağı və quyruqlu ulduz burada fəlakət xəbərdaredicisi deyil də, gələcəkdəki qurtuluşu da xəbər vermiş ola bilər. Dalğın üzlü qadın bütün düşüncələri və iztirabları ilə tək başınadır. Sıxıntılı, eyni zamanda yaradıcı insanların tipik təsviri olan əyilmiş başını yumruğunu sıxmış sol əlinə dayamış vəziyyətdədir. Dağınıq uzun saçları, qanadları, başında çiçəklərdən düzəldilmiş  çələng, qucağında  qapalı bir kitab, sağ əlində pərgar  var. Kitab və  pərgar onun ağıllı onun ağıllı və müdrik insan olduğuna işarə edir.  Qadının geyiminin bel qismindən aşağıya pul kisəsi və açarlar sallanır. Dürer bu qravüra ilə bağlı etdiyi açıqlamada “ açar gücün, pul kisəsi də zənginliyin simvoludur ” deyə yazmışdır. Bu iki simvol Saturn uşaqlarının, yəni melanxoliklərin xüsusiyyətləri olaraq bizə məlumdur. Saturn mifologiyada zənginliyin qoruyucusudur. Ölçü sənətinin, harmoniyanın, zamanın, həndəsənin, bundan başqa, əmək tanrısıdır. Rəsmdəki xəyala dalmış qadın dünyaya aid şeylərlə maraqlanmır, gücü , pulu əhəmiyyətli hesab etmir. Baxışları uzaqlara dalıb, qeyri müəyyən bir nöqtəyə, heçliyə doğru yönəlib. Sanki olduğu yerdə deyil. Dürer qanadlarla melanxolik insanların bu dünyadan getmək istəyən kədərli insanlar olduğunu vurğulayır. Bütün ağırlığıyla oturmuş şəxsin qanadlanması elə də uyğun görünmür. Qanadlar bədənin çökmüşlüyünün sübutu olaraq hərəkətsiz durub. Gözləri parlaq və canlı görünən qadının üzündə üzüntüdən daha çox şübhəli və gərgin bir ifadə gözə çarpır. Dağılmış, səliqəsiz əşyalar arşında otursa da, heç birinin fərqində deyil. dərin bir melanxoliya halı içindədir. Orta əsrlərdə Saturnun təsiri altındakı melanxoliklər haqqında xəstə və uğursuz olduqları düşünülərkən, intibah dövrü humanist düşüncəsində cəmiyyətin ən yaradıcı insanları hesab olunurdular. Avropada sürətlə məşhurlaşan  sirli kainatın əks olunduğu bu əsərin ikonoqrafik  elementləri sənətkarlar tərəfindən xüsusilə də melanxoliya ilə bağlı mövzularda  istifadə olunur. 15-ci yüzillikdə aktual olan dünyanın sonu ilə bağlı narahatçılığı Dürer də ömrü boyu  keçirmişdir. Bu rəsmdə Dürerin orta əsr insanlarının həyatını əks etdirdiyi ilə bağlı fikirlər söylənsə də, bəzi alimlər hesab edirlər ki, o bu rəsmdə özünün melanxolik halını təsvir edib. Erwin Panofsky rəsmdəki fiqurun  Albrext Dürerin öz ruhu olduğunu iddia edir. Dürer öz melanxoliyasını və yaşadığı vəziyyəti qravüra halına gətirmiş ola bilər. Bu alleqorik iş bir tapmaca kimidir, mistikliyinin təsirlərini sonrakı dövrlərdə də davam etdirməkdədir.

Redaktə etdi: Şəfiqə Babayeva

Mənbə:

Lebriz Sanal Dergi

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin