Aqressiya nədir ?

0

Şərti olaraq aqressiyanı 2 növə bölürlər:

  • Düşmənçilik məqsədilə, kiməsə zərər yetirmək üçün;
  • İnstrumental -məqsədə çatmaq üçün;

Bütün tarix boyu bəşəriyyət qəddarlıq, zorakılıq, qəsdlər,dağıntılar və digər destruktiv əməllər şəklində özünü göstərən və insanlara fiziki və mənəvi iztirablar gətirən hallarla qarşılaşır. Biz, demək olar ki, hər gün kütləvi informasiya vasitələrindən insanların aqressiv davranışının təcəssümü olan cinayətlər, müharibələr,terror aktları haqqında məlumat alırıq. Aqressiyanın tibbi aspektlərindən söz açılarkən, ilk növbədə psixi patalogiya ilə bağlı olan aqressiya nəzərdə tutulur. Psixi xəstələrin aqressiyası müharibələr zamanı törədilən zorakılıqdan müqayisə olunmaz dərəcədə az olsa da , nəzərə almaq lazımdır ki, psixi xəstəxanaların pasientlərinin 10 %-də bu və ya digər aqressiv tendensiyalar müşahidə olunur. Təəssüf ki, aqressiya anlayışının özü, ona dəqiq tərif vermək cəhdləri zamanı ciddi ziddiyyətlər doğurur. Belə ki, bir çox hallarda , digərləri üçün təhlükəli olan və onlara zərər yetirən , istənilən davranış aqressiya kimi qiymətləndirilir. Lakin sürücünün diqqətsizliyi üzündən baş vermiş və insan tələfatı ilə nəticələnən, qəsdən törədilməyən avtomobil qəzası, bir qayda olaraq, aqressiv əməl hesab olunmur.

Aqressiv davranışı insan psixikasının hər hansı konkret sferası ilə bağlamaq daha böyük çətinliklərlə rastlaşır. Bəzən aqressiya emosional sferanın məhsulu kimi nəzərdən keçirilir. Burada ön planda nifrət və qəzəb kimi emosional hallar – affektlər durur. Lakin belə olan təqdirdə soyuqqanlı şəkildə fəaliyyət göstərən muzdlu qatilin hərəkətləri aqressiya sayılmamalıdır. Bu isə cəfəng görünür. Aqressiyanı motiv ilə əlaqələndirmək cəhdləri də inandırıcı görünmür. Məsələn, valideynlərin uşağını hər hansı bir dəcəlliyinə görə tənbeh etməsini kimsə aqressiya adlandıra bilməz. Halbuki burada qəsdən zərər yetirmək motivi şübhəsizdir. Ən nəhayət, aqressiyanın koqnitiv proses nöqteyi –nəzərindən qiymətləndirmək də həmişə mümkün olmur. Bir çox hallarda aqressiya xoşməram , müsbət münasibət bəslənilən yaxın adamlara qarşı yönəlmiş olur.

Aqressiv davranışın çoxlu miqdarda müxtəlif variantlarının mövcudluğunu və hərhansı hərəkətin aqressiya sayılıb-sayılmadığının dəqiq müəyyənləşdirilmədiyini nəzərə alaraq , Buss (1976) tərəfindən verilmiş aqressiv davranışın çoxxətli təsnifatından istifadə etmək məqsədyönlü görünür. Bu sxemə görə aqressiv hərəkətlər 3 xətt üzrə təsnif olunur:

Fiziki-verbal , aktiv-passiv, birbaşa-dolayı.

Aqressiv davranışın psixoloji determinantları

Aqresssiyanın təbiətini aydınlaşdıran konsepsiyalardan biri də instinktlər haqqında təlimdir. Nobel mükafatı laureatı Lorens heyvanlarda aqressiv davranışı tədqiq edərkən belə nəticəyə gəlmişdir ki, yaşamaq uğrunda mübarizədən başlanğıc götürən xüsusi aqressiv təzahürlər təkamül nöqteyi-nəzərindən güclü və həyat qabiliyyəti fərdlərin sağ qalıb çoxalmasını təmin etmək əhəmiyyəti daşıyır. Aqressiv davranış Lorensin hipotezinə görə, toplanmış aqressiv enerjinin çıxarılmasını təmin edən və ya tormozlayan xüsusi xarici amillərdən asılıdır. Onu da qeyd edək ki, öz aqressiv instinktlərini cilovlamaq qabiliyyəti qurbanlara ciddi xəsarət yetirmək imkanları ilə bağlıdır. Məsələn, pələng, aslan, ayı kimi vəhşi heyvanlar güclü cilovlayıcı başlanğıca malik olduqlarından öz növünün nümayəndələrinə çox nadir hallarda hücum edirlər. Daha az təhlükəli canlı olduğundan insanlarda aqressiv instinktlərini cilovlamaq qabiliyyəti də zəifdir. Lakin silahın ixtirasından sonra onların xəsarət yetirmək imkanları ölçüyəgəlməz dərəcədə artdı. Lorens yazır : “İnsan bir-biri ilə mübarizə aparan heyvanlara bənzəməklə yanaşı onunla unikaldır ki, o , öz cəmiyyəti üçün yaramayan yeganə varlıqdır”.  Eyni zamanda bu məntiqi hipotez aqressivlik olmadan “nə elmin ,nə mədəniyyətin, nə də digər insan xarüqələrinin “ mümkün olmasını iddia edir. Təsvir olunan hipotezin tənqidçiləri haqlı olaraq bildirirlər ki , heyvanların müşahidəsindən alınan nəticələr avtomatik olaraq insanlara şamil edilə bilməz. Bundan əlavə, heyvanlardan fərqli olaraq, insanlar sülhsevərlik, xeyirxahlıq, mərhəmət ,qarşılıqlı yardım kimi xüsusiyyətlərə də malikdirlər. Həmin xüsusiyyətlər uyğunlaşma nöqteyi-nəzərindən aqressivliyə nisbətən daha vacib rol oynayır.

Aqressivliyin təbiətini instinkt mövqeyindən izah edən digər konsepsiya psixoanalizin nümayəndələri tərəfindən təklif olunmuşdur. Freyd hələ 1920-ci ildə belə qənaətə gəlmişdi ki, insanda dağıtmağa və həyatı məhv etməyə yönəlmiş xüsusi instiktiv meyl mövcuddur. Aqressiyanın formalaşmasına dair daha maraqlı fikirlər E.Fromun “ İnsanın ruhu” və “ İnsanın destruktivliyinin anatomiyası” əsərlərində şərh olunmuşdur. From aqressiyanı xoşxassəli və bədxassəli növlərə bölür. Birinciyə daha çox idman yarışlarında rast gəlinən oyun aqressiyası aiddir. Burada məqsəd rəqibi öldürmək və ya yaralamaq deyil, cəldlik və məharəti nümayiş etdirməkdir. Xoşxassəli aqressiyanın daha bir növü məqsədə nail olmağa yönəlmiş özünütəsdiq meylidir. Belə aqressiya şəxsiyyətin özünü təsdiq etməsi üçün vacibdir. İşgüzar menecer, parlaq siyasətçi , cəsarətli tədqiqatçı öz məqsədinə nail olmaq üçün bucür aqressiyaya malik ola bilər. Təbii ki, məqsədi dağıtmağa deyil, həyatı qorumağa yönəlmiş müdafiə meyli də xoşxassəli aqressiyaya aiddir.

Aqressiyanın bədxassəli formalarına paxıllıq və qısqanclıq üzündən törədilmiş aqressiyalar daxil edilir. Bu zaman insan təkcə istədiyinə malik ola bilməməsi səbəbindən deyil, həmçinin başqasının buna malik olmasına görə zorakılıq əməlləri törədir.  Aqressiyanın digər növü intiqam məqsədilə keçirilən aqressiyadır. Müdafiə aqressiyasından fərqli olaraq , zərər artıq yetirildiyindən , o qorumaq funksiyası daşımır. O, artıq baş vermiş hadisəni sanki geri qaytarmaq cəhdi edir. Bu isə reallıqdan çox ecazkar məna daşıyır. İnamın sarsılması ilə əlaqədar aqressiya da mövcuddur. From yazır : “Həyata inamın itməsi nifrətə səbəb olur. İnsan sübut etməyə çalışır ki, həyat amansızdır, bütün insanlar qəddardırlar və sən özün qəddar olmalısan”. Nəhayət, aqressiyanın ən ekstremal forması kompensator aqressiyasıdır. Kompensator aqressiya özündə pozitiv qüvvələr aşkar etmək qabiliyyətindən məhrum olan insanlara xasdır. Belələri, sanki həyatda tam dəyərli yaşamaq imkanından məhrum olduğuna görə dünyadan intiqam alır. Onun məntiqi “ mən qurub-yarada bilmirəmsə , məhv etməliyəm” formuluna uyğun gəlir. Sadistin törətdiyi aqressiya kompensator aqressiyaya yaxındır. O, digər insana əzab verməklə şikarını əsas həyati keyfiyyətdən – azadlıqdan məhrum edir. Stalin, Hitler, Himler kimi destruktiv şəxsiyyətlərin tərcümeyi-halını öyrənən From insan aqressivliyi anlayışını genişləndirmişdir. Froma görə, bədxassəli aqressiyanın mənbələri aşağıdakılardır :

Nekrofiliya- Bütün cansız şeylərə meyl (cinsi). Həyata qarşı biganəlik , sadələşdirmək, bəsitləşdirmək cəhdi ;

Narsisizm- Öz şəxsiyyətinə pərəstiş, özünə vurğunluq, hamını və hər şeyi arzulara tabe etdirmək;

İnsestual sinbioz – Azadlıqdan qorxa , başqalarından asılılıq , qüvvəni şəxsləşdirmək.

Son hədd kimi adları çəkilən təzahürlər tənəzzül sindromunda birləşərək ən aqressiv davranış formasında əks olunur

Aqressiv davranışın tədqiqində digər istiqamət biheviorizmin görkəmli nümayəndəsi Bandura tərəfindən təklif olunmuşdur. Aqressiyanın formalaşmasında vacib elementlər aşağıdakılardan ibarətdir.

  1. Aqressiv davranışı mənimsəmə üsulları;
  2. Aressiyaya təhrik edən amillər ;
  3. Aqressiyanın tənzimlənməsinə cavabdeh amillər.

 

Redaktə etdi: Şəfiqə Babayeva

Mənbəə : N.V.İsmayılov, F.N.İsmayılov – Tibbi psixologiya və psixoterapiya

Pasif-Agresif Kişilik Bozukluğu (PAK) Nedir?

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin