Dünyada Ərzaq Təhlükəsizliyi

0

 

Ərzaq təhlükəsizliyinin hüquqi əsasını ölkə konstitusiyası təşkil edir və hər bir ölkənin milli ərzaq müstəqilliyinə əsaslanır. Ölkənin milli ərzaq suverenliyi baş verə biləcək hər hansı fövqəladə vəziyyətlər zamanı, dövlətin əhalini ərzaq və qida məhsulları ilə təmin etmək imkanına, eləcə də hər kəsin ərzaq məhsulları əldə etmək üçün fiziki, sosial və iqtisadi imkanlara malik olması deməkdir.

Bəşəriyyətin ən qlobal problemlərindən biri ərzaqla təminatdır. Bunun həllində taxıl istehsalı xüsusi əhəmiyyət kəsb edir. Bu, aqrar–sənaye istehsalında digər sahələr üçün yaradıcı sistem rolunu oynayır və taxılın bazardakı vəziyyəti beynəlxalq miqyasda, eləcə də ayrı-ayrı dövlətlərin ərzaq təhlükəsizliyində əsas göstəricilərdən biri sayılır. Dünya miqyasında ərzaq təhlükəsizliyinin xarakteristikasını, strategiya və taktiki yanaşmaları işləyib hazırlayan Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının  (FAO) Beynəlxalq Təhlükəsizlik Komitəsi dünya əhalisinin ehtiyacını hesablayarkən dünyada taxıl ehtiyatının ümumdünya istehsalına nisbətini əsas götürür. Dünya taxıl istehlakının 60 gününə bərabər (cəmi istehlakın 17%-i miqdarında) olan keçid taxıl ehtiyatının həcmi təhlükəsiz səviyyəni təşkil edir. Bununla yanaşı, taxıl ixrac edən ölkələr tərəfindən təklif edilən taxılın, qarğıdalının və düyünün qiymətləri əsas götürülür. Beynəlxalq miqyasda bazarda qiymətlərin aşağı səviyyəsi ehtiyatların toplanmasının indi indikatoru, qiymətlərin yüksək səviyyəsi isə ehtiyatlardan istifadənin indikatoru funksiyasını yerinə yetirir. Bu amil həm idxalçılar, həm də icraçılar üçün iqtisadi cəhətdən sərfəli sayılır. Dünya təcrübəsində o ölkənin ehtiyatı təhlükəsiz hesab edilir ki, ölkə əhalisinin illik istehlakının 17-20%-i həcmində taxıl ehtiyatı olsun. Yəni taxıl resursu illik istehlakdan əlavə ölkə əhalisinin daha 2 ay müddətinə taxıla olan tələbatını təmin etmək imkanı versin. Taxıl və onun emal məhsulları mənşə etibarı ilə əhalinin həyat fəaliyyətinin əsasını təşkil edir. Bununla yanaşı, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsində digər kənd təsərrüfatı məhsullarının, o cümlədən  meyvə-tərəvəzin, bostan və heyvandarlıq məhsullarının istehsalı vacibdir. Bu məhsullar insanların qida rasionunun əsas tərkib hissəsi, həyat mənbəyidir.

Əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasının qiymətləndirilməsi aşağıdakı göstəricilərlə müəyyən olunur:

  • Ərzağın fiziki əldə olunması imkanları istehlak bazarında kifayət qədər təhlükəsiz və yüksək qida keyfiyyətinə malik olan ərzaq məhsullarının mövcudluğu , ölkənin hər bir yerində istənilən çeşiddə və istənilən vaxt əldə etmə imkanı;
  • Ərzağın iqtisadi əldəolunma imkanı əhalinin bütün sosial qruplarının tələbatına uyğun gələn və keyfiyyətli ərzaq məhsullarını alması imkanına malik olması;
  • İstifadə üçün təhlükəsiz qidanın olması ərzağın analoji qidalandırıcı tərkibi, əhalinin sağlamlığına ziyan verəcək ərzağın istehsalının, satışının və istehlakının qarşısının alınması. Göstərilən amilləri nəzərə almaqla, ərzaq təminatı siyasəti kompleks tədbirlərin həyata keçirilməsini zərurətə çevirir, istehsalın artırılması və əhalinin alıcılıq qabiliyyəti ilə vəhdət təşkil etdiyindən daha çox ölkənin maddi imkanlarından, dövlət büdcəsinin vəziyyətindən də asılı edir.
    Dünya üzrə qəbul olunmuş normaya görə, əgər ölkədə 80% əsas istehlak olunan ərzaq məhsulları istehsal olunursa, ölkədə ərzaq təhlükəsizliyi təmin olunmuş sayılır.

Hazırda müasir dövrdə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin əsas 2 amilinə daha çox diqqət yönəldilir: Ərzaq bazarında məhsulların mövcudluğu və onların əldə edilməsi üçün maliyyə imkanlarının olmasına. Ərzaq məhsullarının mövcudluğu istehsal və idxal münasibətlərindən asılı olursa, maliyyə imkanları adambaşına aylıq gəlirlərin səviyyəsinə görə qiymətləndirilir. Bu amillərdən biri olmasa, ərzaq təhlükəsizliyi təmin olunmur.

Aqrar siyasətin həyata keçirilməsi nəticəsində son illər Rusiyada adambaşına 14, ABŞ-da 271, Kanadada 238, Avropa Birliyi ölkələrində 480 ABŞ dolları vəsait xərclənmişdir.

Avropada və Amerikada kənd təsərrüfatına külli miqdarda dotasiyalar verilir və bu sahə artıq xərc aparan, lakin dövlətin təhlükəsizliyi və varlığı üçün, ordu və dövlət aparatının saxlanması kimi vacib sayılır. Ərzaq məhsullarının güclü ixrac potensialına malik olan ölkələr belə imkandan öz maraqları naminə digər ölkələrə təsir etmək vasitəsi kimi də istifadə edirlər. Bu səbəbdən də dövlətin ərzaq təhlükəsizliyinin təmin edilməsinin çox böyük əhəmiyyəti var. Yəni, fövqəladə vəziyyətlər zamanı dövlət əhalini ərzaq və yeyinti məhsulları ilə təmin etmək məqsədilə xarici dövlətlərdən asılı vəziyyətə düşməsin. İqtisadi qanunlara görə ölkədə isteklak olunan ərzaq məhsullarının 25%-dən çoxu xarici ölkələrdən gətirilərsə, həmin ölkənin ərzaq təminatı təhlükəli sayılır. Onu da qeyd etməliyik ki, ərzaq məhsulları idxal edən ölkələrin sayı getdikcə artır. Bu isə artıq bəşəriyyət üçün həyəcan siqnalı deməkdir.

Hazırda dünya əhalisi 7 milyard nəfəri ötmüş və 2050-ci ildə dünya əhalisinin sayının 9,2 milyard nəfərə çatacağı ehtimal olunur. Dünya əhalisi 1970–ci ilə nisbətən, demək olar ki, 2 dəfəyədək artmışdır. Eyni zamanda, 3 mlrd. əhalinin yemək rasionu da dəyişmiş, yumurta, süd və ət məhsullarının istehlakı artmışdır. Bu isə, heyvandarlıq məhsullarının dünya miqyasında istehlakının artmasına və nəticədə heyvanları da yedizdirmək lazım olduğundan heyvandarlıqda yem məhsullarına da tələbatın artması nəticəsində qarğıdalıya, dənli və paxlalı bitkilərə tələbatın artmasına gətirir. Hazırda dünyada hər il təqribən 2.2 mlrd. ton taxıl istehlak olunur. On il bundan əvvəl istehlakın artım həcmi hə
il 20 mln. ton olduğu halda, hazırda bu rəqəm 40 mln. tona çatmışdır. Son illərdə dünya bazarlarında qarğıdalının, düyünün, buğdanın qiymətləri xeyli artmışdır. Dünyada dənli bitkilərin ümumi əkin sahəsinin 32%-ni buğda təşkil edir. 2010-cu ildə dünyada buğdanın ümumi istehsalı 681.9 mln. ton, hər hektardan orta məhsuldarlıq isə 3.02 ton təşkil etmişdir. Buğda istehsalının hazırki səviyyəsi ilə (təqribən 620-680 mln. ton) müqayisədə bu artımı təmin etmək üçün 2020-ci ilə kimu buğda istehsalı 840 mln. tona çatdırılmalıdır.

Eyni zamanda, dünya üzrə su çatışmazlığı da ərzaq təhlükəsizliyinin təmin olunmasında problemlər yaradır. Ümumiyyətlə, bu hal Şimali Afrika və Ərəb ölkələri üçün xarakterik sayılır. Belə ki, Səudiyyə Ərəbistanının ərazisinin çox hissəsi səhra olsa da, 20 il bundan öncə, yeraltı sulardan istifadə etməklə özünü buğda ilə təmin edə bilirdi. Suların çəkilməsi və səhralaşma ilə əlaqədar, hazırda elə vəziyyət yaranıb ki, ölkə yaxın gələcəkdə tələb olunan buğdanın hamısını idxal etməli olacaq. Taxıl istehsalı İraqda, Suriyada getdikcə aşağı düşür, Yəməndə isə su çatışmazlığı əsas problemdir.

Amerika alim M. Ensmingerin deyiminə görə, “istehlak ərzağı həm məsuliyyət, həm də silahdır. Məsuliyyət, çünki insanın yaşaması və yeməsi üçün lazım olan kifayət edəcək ərzağın olması onun ən başlıca hüququdur. Digər tərəfdən, o silahdır, çünki siyasətdə və iqtisadiyyatda ərzaq məhsulları böyük təsirə, güllə və neftdən artıq gücə malikdir”.

Yoxsulluq həddini müəyyənləşdirmək üçün bütün ölkələri iki qrupa bölmüşlər: adambaşına gündəlik gəlirləri 1 ABŞ dol– larına bərabər olanlar. Bu qrupa daxil olan ölkələrin əhalisinin ifrat yoxsulluq həddində yaşadığı hesab edilir; adambaşına gündəlik gəlirləri 2 ABŞ dollarına bərabər olan ölkələr isə əhalisi yoxsulluq həddində olduğu qəbulu edilir. Bəzi ölkələr üzrə ötən 11 il ərzində ifrat yoxsulluq həddində yaşayanların sayı 15 faiz artmışdır və 1.1 milyard əhalinin hər nəfərinə düşən aylıq gəlirləri 1 ABŞ dollarından aşağı olmuşdur. Doğulan hər 100 uşaqdan 6-sı 1 yaşa, 8-i isə 5 yaşa çatana qədər ölür, məktəb yaşına çatmış hər 100 uşaqdan 23-ü təhsil almaq imkanından məhduddur. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesablamalarına görə, dünyanın bütün ölkələrində 840 milyon adam xroniki olaraq (davamlı) aclığa məruz qalır, onların əksəriyyəti ifrat yoxsulluq həddində yaşayanlardır. Hətta inkişaf etmiş ölkələrdə (İEÖ) 10 milyon nəfər aclıqdan əziyyət çəkir.
Uzun müddət ərzaq çatışmazlığı nəticəsində yaranan və iri ərazilərdə çoxsaylı insanların ölümünə səbəb olan aclıq, kütləvi hal kimi, sosial bəla sayılır.

Aclığın iki halı nəzərə alınır: mütləq və nisbi aclıq. Mütləq aclıq dedikdə orqanizmin yaşaması və inkişaf etməsinin təmin olunması üçün zəruri qida məhsullarının minimum həddən az olması və yaxud tamamilə çatışmadığı hallar başa düşülür. Nisbi aclıq hallarında (Onu gizli və ya natamam aclıq da adlandırırlar) orqanizmin fəal həyat tərzini təmin etmək üçün zəruri tələbatdan aşağı miqdarda və qidalanma keyfiyyətində məhsullar ilə xroniki qidalanma şəraiti hesab edilir. Nəticədə orqanizm müxtəlif növ xəstəliklər ilə mübarizədə olur və orta ömür müddəti qısalır.

FAO-nun məlumatlarına görə , 2002-2004-cü illərdə dünya üzrə 850 milyon nəfər və yaxud 13 faiz əhali aclıqdan əziyyət çəkirdisə, 2010-cu ilin sentyabr ayına olan məlumata görə xroniki aclıqdan əziyyət çəkən insanların sayı 925 milyon nəfər olmuşdur.

Onlardan 578 milyon nəfər (62,5%) Asiya və Sakit okean regionunda, 239 milyon nəfər (25,8%) Afrikada (Saxaradan cənuba doğru), 108 milyon nəfər (11,7%) digər ölkələrdə yaşayırlar. Eləcə də, dünyada hər gün aclıqdan 10 min uşaq və 25 min yaşlı insan ölür. Bununla belə, yalnız kifayət
qədər ərzaq məhsullarının istehsal edilməsi ilə aclıqdan yaxa qurtarmaq mümkün olmur. Məqsədə nail olmaq, hamının sağlam və fəal həyat tərzi keçirməsi üçün kifayət qədər müvafiq, keyfiyyətli məhsulları əldə etməsi imkanını yaratmaq tələb edilir. Bütün dünyada səylər ərzaq məhsulları ilə təminata yönəldilir ki, aclıq və az qidalanma halları aradan qaldırılsın. İndiki və gələcək nəsillər üçün onların dağıdıcı nəticələrini ləğv etmək mümkün olsun. Bütün insanların əsas hüququnun məcburi şərti onunla səciyyələndirilir ki, insanlar “aclıq” hiss etmədən yaşasınlar. İnsanın qidalanma keyfiyyəti iki əsas göstəriciyə görə: enerji təminatı və zəruri inqrediyentlər kompleksinə (zülallar, yağlar, vitaminlər və mineral maddələr üzrə təminatına) görə qiymətləndirilir.

Afrikada aclıq

Məhz bu amillər insanın fiziki gücünü, normal fəaliyyətini və firavan həyat tərzini formalaşdırır. Qidalanmanın enerji təminatı onun kaloriliyi ilə ölçülür. BMT–nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri hesab edirlər ki, hər bir adamın gündəlik qida rasionunun enerji təminatı, orta hesabla, aşağısı 2400-2500 kkala bərabər olmalıdır, 2150 kkal daimi doymamaq, normal hədd 2600 kkal kimi xarakterizə olunur. Bununla belə, yaşından, fiziki yükündən , ərazinin təbii iqlim şəraitindən və s. amillərdən asılı olaraq, enerji təminatı norması da müxtəlif olur.

Mütəxəssislərin hesablamaları göstərir ki, gün ərzində 2500 kkal həcmində qidalanmaya, yalnız dünya əhalisinin 35 faizinin imkanı vardır. Dünya əhalisinin daha 15 faizi kifayət qədər kalorilikdə ərzaq məhsulları qəbul etsələr də, bu və ya digər qida əhsullarının, ilk növbədə, heyvan mənşəli zülalların qəbul edilməsində çatışmazlıqlara məruz qalırlar. Dünyanın 20 faiz əhalisi mütləq qida çatışmazlığı şəraitində yaşayır və bu qədər insanın qidalandıqları məhsulların enerji təminatı 1500 kaloridən aşağıdır.

Araşdırma göstərir ki, adambaşına gündəlik istehlak edilən ərzaq məhsullarının orta illik həcmi 4 ölkədə 1880 kkaldan aşağıdır (bu ölkələrdə yaşayanlar dünya əhalisinin 1,3 faizini təşkil edir), bu göstərici 6 ölkə üzrə 1800–2000 kkal arasında dəyişir
(1,9%), 50 ölkənin, yəni 31,2 faiz dünya əhalisinin qidalanmasının enerji təminatı 2000-2500 kkal-a bərabərdir. Dünya ölkələri üzrə əhalinin qidalanması üçün enerji təminatının minimum həddi Konqo Demokratik Respublikasında (1585 kkal) maksimum həddi isə ABŞ-da  (3770 kkal) müşahidə olunur.

Təbiidir ki, insanların yaşından, yerinə yetirdiyi işin xarakterindən, təbii-iqlim şəraitindən və s. amillərdən asılı olaraq, hər bir adamın qidalanma norma göstəricisi də dəyişir. Qidalanma zamanı təkcə kaloriliyin deyil, həm də zülalların (ilk növbədə heyvan mənşəli zülalların), habelə yağların, vitaminlərin, mikroelementlərin çatışmazlığı zamanı natamam qidalanma hesab edilir. Onu da, bir qayda olaraq, gizli (xroniki) aclıq adlandırırlar.

Təbii ki, əhalinin artım sürəti həlledici dərəcədə ərzağa tələbatın artım sürətini müəyyən edir, digər tərəfdən isə bu tələbat ilbəil keyfiyyətcə təkmilləşir, dəyişir və yeniləşir. Bu səbəbdən də dünyanın əksər ölkələrində kənd təsərrüfatı məhsulları istehsalında məhsuldarlığın artırılması məqsədilə mütəmadi olaraq elmi tədqiqatlar aparılır, yeni texnika və texnologiyaların kənd təsərrüfatı istehsalına tətbiqi, innovasiyaların istehsal sahələrinə gətirilməsi, gen mühəndisliyi və genetik cəhətdən modifikasiya olunmuş mikroorqanizmlərdən, müxtəlif kimyəvi preparatlardan, qida əlavələrindən, əvəzedicilərdən və s. istifadə hazırda geniş yayılmışdır. Təbii ki, bu vasitələr və elmi–texniki nailiyyətlər istehsal həcminin artırıl masında mühüm rol oynamaqla yanaşı, bəzən düzgün istifadə edilmədikdə qida sağlamlığı üçün müəyyən təhlükələr yara dır. Bundan əlavə, tələbatın artım sürəti istehlak bazarında keyfiyyətsiz, insan sağlamlığı üçün təhlükə yarada biləcək ərzaq məhsullarının yer almasına da şərait yaradır.

Bu məsələ, əsasən, inkişaf etməkdə olan və iqtisadi–siyasi sistemi transformasiyaya uğrayan ölkələrdə daha qabarıq şəkildə özünü göstərir. Hazırda dünyada qida təhlükəsizliyinin idarəedilməsi üçün ən çox istifadə olunan sistem HACCP (Təhlükəli Faktorların Analizi və Kritik Nəzarət Nöqtələri) sistemidir və bu, qida təhlükəsizliyinin idarəedilməsi üçün mühüm əhəmiyyət kəsb edən, təhlükəli faktorların identifikasiyası, qiymətləndirilməsi və onlara nəzarət mexanizmidir. Qeyd olunanlara istinadən demək olar ki, müasir dövrün xarakterik xüsusiyyəti əsasən onunla səciyyələndirilir ki, vahid dünya təsərrüfatı sisteminin formalaşması prosesi yaşanılır və onun idarə edilməsini müxtəlif ixtisaslaşdırılmış beynəlxalq təşkilatlar aparırlar. Onlar bütün ölkələrin təbii və iqtisadi potensialından səmərəli istifadə edilməsini əsaslandırmaqla, iqtisadi münasibətlər sisteminin vahid standartları və nizam–intizam qaydalarını müəyyənləşdirirlər.

Yer kürəsində baş verən ekoloji və iqlim dəyişiklikləri, kənd təsərrüfatı istehsalına yararlı torpaq sahələrinin və su resurslarının azalması, eroziya proseslərinin sürətlənməsi, habelə dünya əhalisinin müntəzəm artması ərzaq məhsullarına qlobal tələbatın yetərincə ödənilməsində ciddi problemlər yaradır.

Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin