Elmi-Texniki İnqilab (ETİ)

0

 

Elmi-Texniki İnqilab (ETİ) – ictimai istehsalın inkişafında elmin mühüm amilə çevrilməsi əsasında məhsuldar qüvvələrdə baş verən köklü keyfiyyət dəyişiklərdir. ETİ, həmçinin elm və texnikanın inkişafında əsaslı keyfiyyət dəyişikliyi, dərin sıçrayışdır.
ETİ-nin ilkin elmi-texniki sosial şərtləri var. Onun hazırlanmasında XIX əsrin sonu XX əsrin əvvəlində təbiətşünaslığın mühüm rolu olmuşdur. Elektronun, radiumun, kimyəvi elementlərin çevrilməsinin kəşfi, nisbilik və kvant nəzəriyyəsinin meydana gəlməsi ilə elm mikroaləm və böyük sürətlər sahəsinə daxil olmuşdur. 1920-ci illərdə inqilabi irəliləyiş texnikada da, ilk növbədə, sənaye və nəqliyyatda elektrikin tətbiqi nəticəsində baş vermişdir. Radio ixtira edilmiş, aviasiya meydana gəlmişdir. 1940-cı illərdə elm atom nüvəsinin parçalanması problemini həll etmiş, bəşəriyyət atom enerjisinə malik olmuşdur. Kibernetikanın yaranması mühüm əhəmiyyət kəsb etmışdir. Atom reaktorları və atom bombası yaratmaq sahəsindəki tədqiqatlar aparıcı dövlətləri iri milli elmi — texniki plan çərçivəsində elm və sənaye arasında razılaşdırılmış qarşılıqlı əlaqə yaratmağa məcbur etmişdir. Atom enerjisindən istifadə bəşəriyyətdə elmin rolunun dəyişdirici imkanlarına və onların praktik tətbiqinə inam yaratdı. Elmi məqsədlər üçün ayrılmış pul vəsaiti,elmi-tədqiqat idarələrinin sayı artmağa başladı. Elmi fəaliyyət kütləvi peşəyə çevrildi. 1950-ci illərdə kosmosun tədqiqi sahəsindəki elmi fəaliyyəti genişləndi. Elmi nəaliyyətlərin istehsala tətbiqi artdı. Elektron hesablayıcı maşınlar (EHM) meydana gəldi, elmdə və istehsalatda insanın məntiqi funksiyaları tədricən maşınlara verildi, istehsalın və idarəetmənin kompleks avtomatlaşdırılmasına keçid üçün imkan yarandı.
ETİ-nin fərqləndirici cəhəti ondan ibarətdir ki, fundamental elmi tədqiqat işlərinin nəticələri (yarımkeçirici və ifratkeçirici materialların, metallurgiyanın ehtiyacları üçün aşkar elementlərin, yeni konstruksiya materiallarının alınması) istehsal prosesinə bilavasitə qənaətcil təsir göstərir. Elm tutumlu istehsalatların (cihazqayırma, elektrotexnika sənayesi, elektron maşınqayırma) sürətlı inkişafı ETİ üçün səciyyəvi haldır. Bu, elmi təşkilatların maddi-texniki bazasını gücləndirməyə şərait yaradır və bununla da təbii–elmi və texniki biliklərin inkişafinda yeni imkanlar açır. Elmi-texniki yeniliklərin yayılması prosesi bu hadisənin sosial iqtisadi nəticələri baxımından heç də birmənalı deyildir, Texnogen proseslər nəticəsində biosferin kritik vəziyyətə düşməsi, biosenozun pozulması qorxusu elmi biliklərin ekolojiləşdirilməsi, ekoloji texnologiyalar yaradılması problemini aktuallaşdırır. Ekoloji xidmətlər göstərilməsi,ekoloji texnika və texnologiyaların dünya bazarında satılması hesabına əldə edilmiş mədaxilin məbləği 1994–cü ildə 400 milyard dollara bərabər olmuşdur. Təbii ehtiyatlardan istifadənin səmərəsinin artırılmasına, sənaye tullantılarının utilizasiyası, ətraf mühitin çirkləndirilməsi mənbələrinin ləğv edilməsi və neytrallaşdırılması metodlarının işlənib hazırlanmasına yönəlmiş elmi-texniki fəaliyyət ETİ-nin müasir mərhələsinin ən mühüm xarakteristikasıdır.
Elmlə texnikanın qarşılıqlı əlaqə formaları üç dövrə ayrılır:
a) 1-ci dövrdə (XVIII əsrə qədər) elm və texnika insan fəaliyyətinin 2 müxtəlif və müstəqil sahəsi kimi təzahür etmiş, onların əlaqəsi zəif olmuşdur; elmin istehsalata tətbiqi təsadüfi və qeyri-müntəzəm xarakter daşımışdır. Bu dövrdə elm texnikadan geri qalır və onun nəaliyyətlərini xeyli ləng izah edirdi. Texniki ixtiraları alimlər yox, istehsalçıların özü edirdi.
b) 2-ci dövrdə (XX əsrin 40-cı illərinə qədər) elmin inkişaf səviyyəsi bərabərləşir, elm texnikanın tələbatı ilə daha çox hesablaşır və onun “sifarişi” ilə işləməyə başlayır, elm və texnika bir-birinə daha çox ehtiyac hiss edir. Bu dövrün axırlarında elm müəyyən sahələrdə texnikanı qabaqlamağa başlayır, “elm-texnika” sistemi rüşeym halında formalaşır.
c) 3-cü dövrdə, XX əsrin 40-cı illərindən başlayaraq elm öz inkişafında texnikadan qabaqda gedir, “elm-texnika” sistemi inkişaf edərək, “elm-texnika-istehsal-insan” sistemi olur. Məhz 3-cü dövrdən başlanan ETİ nəticəsində texnikanın son dərəcə mürəkkəbləşməsi , onun iş prinsiplərinə insanın nəzarətinin çətinləşməsi insanları bir-birindən asılı etmişdir. ETİ bir sıra səciyyəvi cəhətlərə malikdir:
1. Əvvəlki dövrlərdə elm və texnikada inqilablar müxtəlif zamanlarda baş verir və vahid proses halında birləşmirdi.
2. “Elm-texnika” sistemini “elm-texnika-istehsal” sisteminə çevrilir. Bu, ictimai istehsalın səmərəliliyini artırır, elmin nailiyyətlərini istehsalata tətbiqi müddətini getdikcə qısaldır.
3. ETİ sayəsində insanın istehsalatda yerinə yetirdiyi nəzarət funksiyası maşınlara verilir, insan istehsalın ümumi proqramçısı, istehsal və texnoloji proseslərin, maşınların tənzimçisi olur. Bu proses getdikcə daha da intensivləşəcəkdir.
4. Elmi biliklər məhsular qüvvələrin ünsürlərində – texnika və texnologiyada, istehsalın təşkili formalarında maddiləşir; əvvəlki dövrlərdən fərqli olaraq elm bütün istehsal proseslərinin zəmininə, istehsalın mühüm amilinə çevrilir.
5. İdrak səviyyəsinin daha da dərinləşməsi, molekul, atom, elementar hissəciklər, genlər və s. Quruluşunu bilmək əsasında predmet və hadisələrə məqsədyönlü təsir göstərilir.

 

Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin