Fəlsəfi Skeptizm Antik Dövrdə

0

Skeptizm, başqa adı ilə Şübhəçilik hellinizm və Roma dönəmində geniş şəkildə yayılmış fəlsəfi məktəblərdən biri kimi təşəkkül tapmışdır. Bu görüşün ardıcılları obyektiv reallığın dərk olmasının mümkünlüyünü şübhə altında olduğunu irəli sürürdülər. Bu səbəbdəndir ki, skeptizm nihilizmə olduqca yaxınlaşır. Aqnostizmlə (Yaradıcının varlığının və yoxluğunu bilməyin imkansız olduğunu söyləyən fəlsəfi düşüncə; bilinməzçilik) də bağlı olan bu fəlsəfi cərəyan fəlsəfəçilər arasında hələ də müzakirəlidir. Biz bu müzakirələrə yox, onun əsasları və antik dönəmdəki tarixi inkişafına göz gəzdirəcəyik.

Skeptizm fəlsəfəsi quldarlığın böhran yaşadığı hellinizm dövründə ortaya çıxmışdır. Skeptizmin iki əsas qola ayırmaq mümkündür; birinci qolu e.ə. 4-3-cü əsrlərdə Pirronun (e.ə. 365 – 275)  əsasını qoyduğu, ikinci isə miladi 2-ci yüzillikdə Sekstus Empirikusun yaratdığı. Şübhəci düşüncələrə bənzər fikirlər Pirron və Sekstus Emprikusdan öncə də mövcud idi. Onlardan əvvəl bəzi yunan filosofları dünyada olan hər şeyin axıcı, keçəri, nisbi olduğunu bildirmişdilər. Sofistlər eleaçılar və Platon və Demokritin fəlsəfələri bunlara örnəkdir. Amma bu kimi filosofların fikirlərində skeptizm tam təşəkkül etməmişdi. Ona görə skeptizmin bir təlim kimi qurucuları onlar sayılmazlar. Fəlsəfi təlim kimi yalnız ellinizm dövründə Pirron tərəfindən yaradılmış və “skeptisizm” adlandırılmışdı.

Yuxarda bildirdiymiz kimi Skeptizmin yaradıcısı Pirron hesab edilir. O, Peloponnesus yarımadasında yerləşən Elida şəhərində dünyaya göz açmışdır. Pirronun dünyagörüşü haqqında Diogenes Laertius bizə bilgi verir. Pirrona görə hər bir insan və ya hər hansı bir varlıq hər hansı bir şeyi fərqli qavrayır, dərk edir və duyur deyə heç bir şey haqqında qəti, doqmatik fikir bildirə bilməz. Eyni bir şey birinə yararlı və ya gözəl olsa da, digərinə bu cür olmaya bilər. Pirron xarici aləmin cismlərin özəlliklərinə təsirinə diqqət çəkərək cismlərin özəlliyi haqqında da qəti fikir bildirə bilməyəcəyimizi düşünürdü. Misal üçün: daş havada ağır, suda yüngüldür (indi Ayın cazibəsi Yerdən aşağı olduğundan cismlərin orda daha yüngül olduğunu da bilirik).

Pirrona görə insan hər şeyin həqiqi, ya da yanlış olduğunu təyin edir və o, hər şeyin ölçüsüdür. Pirronun ən məşhur tələbəlirindən biri Timondur (e.ə 320-230-da yaşayıb). O, müəlliminin fəlsəfi idealarını təkmilləşdirmiş, əlavələr etmiş və yaymağa çalışmışdır. Bununla bağlı kitablar yazmışdır. Timon da bizim duyğu orqanlarımızla həqiqəti anlaya bilməyəcəyimizi bildirirdi. Timondan sonra skeptizm 200 il inkişafdan qalır. Daha sonra Enesidemus ortaya çıxır və skeptik məktəbin düşüncələri ilə çıxış edir. O, ya e.ə. 1-ci, ya da b.e. 1-ci yüzilliyində yaşaması haqqında iki ayrı fikir var. Ailəsi Krit adasından olsa da, özü yaşamını Misirin İsgəndəriyyə şəhərində sürdürür.

Pirronun Sözləri” adlı kitab ərsəyə gətirmişdir. Enesidemus bu kitabında səbəbin olub-olmaması haqqında müzakirə başladır. Təbiətdə bir-birinin səbəbi adlandırdığımız bir sıra olaylara şahid oluruq. Enesidemus burada hərəkət və səbəbin eyni olub-olmaması sualını verir. Pirrona görə əyər onlar eynilik təşkil etmirlərsə, onda, deməli, səbəb hərəkəti ortaya çıxara bilməz, çünki onlar mahiyyət, ya da təbiətcə fərqlidir.

Enesidemus skeptizm haqqında troposlarında bildirir:

  1. Canlıların duyğuları fərqli olduğundan dünyanı özünəxas biçimdə görür və ya qavrayır. Buna görə eyni şey müxtəlif canlılara müxtəlif şəkildə olur. Biz varlığın bizə görünən tərzi haqqında danışsaq da, əsl mahiyyəti haqqında söz aça bilmərik.
  2. İnsanların da varlıqlara münasibəti nisbidir. Bu səbəbdən birmənalı fikir yürütmək olmur.
  3. Duyğu orqanlarımız bir şey haqqında fərqli bilgilər verir. Məsələn görünüşcə xoşagəlməyən bir şey dad baxımından yaxşı olabilir. Ona görə də, əvvəlcədən bilinmir ki, onlardan hansına üstünlük verilməlidir.
  4. İnsanın halı dəyişkəndir. Məsələn ac olanda yemək dadlı olsa da, tox olduqda belə olmur. Buna görə, onun gəldiyi qərarlar fərqli olur ki, bu da onlardan hansına üstünlük verilməlidir olduğu sualını doğurur.
  5. Gəlinən nəticələr məkanın təsiri altında irəli sürülür. Hər bir şey tutduğu məsafə və yerdən asılı şəkildə bizə fərqli görsənir. Məsələn gəmi uzaqdan kiçik, yaxında isə böyükdür.
  6. Var olanlar bir maddədən ibarət deyil, qarışıqdır. Məsələn biz bir şeyi dərk ediriksə, mütləq ona öz düşüncəmizi və münasibətimizi qatırıq. Ona görə də, hansısa bir şeyin mahiyyəti haqqında heç nə demək olmur.
  7. Kəmiyyətlərin (eləcə də dəyərlərin) nisbətinə və quruluşuna görə şeylər müxtəlif görünə və duyula bilər. Məsələn: qum eyni zamanda həm bərk, həm də yumşaqdır.
  8. Var olanlar kəmiyyət və keyfiyyətcə dəyişkəndir. Hər şey nəyəsə görə nisbi ola bilər. Ona görə də, onun hansısa görkəmdə görünməsi daha da çox ehtimal oluna bilər, onun həqiqi təbiəti bilinməz.
  9. Şeylərə münasibət onlara rast gəlməkdən asılıdır. Belə ki, bəzi şeylər nadir hallarda rast gəlindiyi üçün qiymətli sayılır. Məsələn əgər qızıl daş kimi hər yerdə olsaydı, onda o heç də qiymətli metal sayılmazdı.
  10.  Şeylər haqqında iddialar qanunlar, inanclar və adətlərin təsiri altında da yürüdülər. Ona görə də, onların mahiyyəti haqqında birmənalı fikir yürütmək olmur.

Enesidemusun ardıcılı olan Aqrippa-nın (b.e. 1-ci yüzilliyində yaşayıb) fikrincə, bu troposlara 5-i də əlavə edilməlidir:

  1. Hər şey haqqında ziddiyətli fikirlər iləri sürüldüyünə görə onlar haqqında qəti fikir söyləməkdən qaçınmaq gərəkdir.
  2. Sübutlar silsiləsi sonsuzadək uzanır. Buna görə hər hansı iddianı sübut etsək də, bu sübutun özünü sübut etmək lazımdır. Sonra bu yeni sübut başqası ilə isbatlanmalıdır.
  3. Hər şey nisbidir. İnsan varlığın mahiyyətini deyil, onun duyğuları daxilində onların görsəntilərini (təzahürlərini) hiss edir. Bu səbəbdən onların gerçək təbiəti bilinməzdir.
  4. Hər şey fərziyyədir. Bunlar nəyinsə haqqında fikir yürütməyə əsas vermir (Aqrippaya görə).
  5. Sübutlar bir-birini sübuta yetirməlidir. Yəni hansısa iddianı sübut etmək üçün irəli sürülmüş sübutu da qarşılıqlı biçimdə həmin iddia ilə sübut etmək lazımdır.

Skeptizm Roma dövründə Sekstus Emprikus (b.e. II əsrin 2-ci yarısında yaşayıb) tərəfindən təmsil edilnmişdir. “Pirronun Müddəaları“, “Riyaziyyatçılara Qarşı” adlı kitablar yazmışdır. Bu kitablarda, o, skeptizmin tarixi və əsasları haqqında bəhs açır. S.Emprikus skeptik fikirlərini tibblə bağlantılandırmışdı, Enesidemusun 10 troposuna dəyişikliklər etmişdi. Bu zamanlardan başlayaraq duyğular vasitəsi ilə əldə etdiyimiz biliyin nisbiliyi və ziddiyətli olduğu fikrini ispat etməyə çalışan filosof mütəfəkkirlər Sekstus Emprikusun kitablarından yararlanmışdır.

İstifadə edilmiş ədəbiyyat: Aydın Əlizadənin “Antik Fəlsəfə Tarixi (Bakı 2016)” səh. 122-129.

http://www.anl.az/el/Kitab/2016/Azf-289695.pdf

Hazırladı: Subhan Qulu

Redaktə etdi: Pəri Abbaslı

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin