Müharibələr niyə var?

0

Eynşteyn (Albert Einstein Freydin (Sigmund Freud) şiddət, sülh və insan təbiəti haqqında az bilinən yazışmaları.

Elm üçün gördüyü böyük işlərə baxmayaraq, Albert Eynşteyn cəmiyyətdən təcrid olunmuş bir dahi deyildi. Hətta böyük zövqlə etdiyi söhbət və yazışmalarına hindistanlı bir filosof olan Taqordan (Rabindranath Tagore), elm adamı olmaq istəyən cənubi afrikalı gənc bir qıza qədər müxtəlif insanlar daxil olmuşdur. 1931-ci ildə İntellektual Əməkdaşlıq Birliyi məşhur fiziki özü istədiyi bir fikir adamı ilə birlikdə siyasət və sülh barədə elmlərarası bir fikir mübadiləsinə dəvət etdi. Eynşteyn 1927-ci ildə təsadüfən tanış olduğu və özü psixoanalizə şübhə ilə yanaşdığı halda işlərinə heyran olduğu 6 may 1986-ci ildə anadan olmuş Ziqmund Freydi seçdi. Bu seçim insan təbiətinin “transsendental” mücərrədliyi və dünyada şiddəti azaltmaq üçün nəzərdə tutulan konkret addımlar haqqında müzakirə apardıqları məktublarda özünü göstərdi. Yazışmalar ancaq 1933-də (sonda həm Eynşteyn, həm də Freydi sürgünə yollayan Hitlerin iqtidara keçməsindən sonra) Why War? (niyə müharibə?) başlığı altında məhdud sayda incə bir kitabça olaraq nəşr edildi. İngilizcə tərcüməsi isə cəmi 2.000 ədəd idi və əksəriyyəti də müharibə zamanında yoxa çıxdı. Lakin yazışmaların təəccüblü şəkildə az bilinən özəyi Börtrent Rasl (Bertrand Russell)ın önsözü ilə yayımlanan Eynşteyn – Sülhə dair (Einstein on Peace) kitabının 1960-cı il nəşri ilə qorunub saxlanıla bilmişdir.

Portrait of Austrian psychologist Sigmund Freud (1856 – 1939) as he sits behind his desk in his study, Vienna, Austria, 1930s. The office is filled with figurines and statuettes of various origins. (Photo by Authenticated News/Getty Images)

29 aprel 1931-ci il tarixli bir məktubda Eynşteynin Freydə bu cür şikayətlənməsini görürük:

“Həqiqəti ortaya çıxarmaq istəyinizə böyük bir heyranlıq duyuram: o arzu ki, qalan bütün fikirlərinizi istiqamətləndirir. İnsan ruhunda vəhşi və dağıdıcı instinktlərlə yaşamaq üçün hiss edilən sevgi və ehtirasın bir-birinə necə möhkəm bağlı olduğunu bizə göstərməkdəsiniz. Eyni zamanda inandırıcı tezisləriniz vasitəsilə insanın müharibənin mənfiliklərindən mənəvi və fiziki olaraq xilas olması qayəsinə necə dərindən bağlı olduğunuz məlum olur. Bu, öz dövrləri və ölkələri ilə məhdudlaşmayan və qarşılarında hörmətlə baş əydiyimiz İsadan Göteyə (Johann Wolfgang von Goethe) və Kanta qədər bütün əxlaqi və mənəvi liderlərin ən böyük istəyi idi. İnsanlar arasında olan münasibətlərin gedişini dəyişdirmək istəkləri kifayət etmədiyi halda belə insanların bütün dünyada lider olaraq tanınması diqqət edilməli olan məqam deyilmi?

Uğurlarına görə kiçik qrupların liderləri olaraq görünsələr belə, bütün insanların eyni məqsədi paylaşdıqlarına inanmış bir vəziyyətdəyəm. Lakin bu liderlərin siyasi proseslərin gedişində təsiri olduqca azdır. Millətlərin taleyi üçün ən mühüm məfhum olan bəşəri fəaliyyət fazası qaçınılmaz olaraq, tamamilə, məsuliyyətsiz siyasi liderlərin əlində imiş kimi görünür.

Siyasi liderlər və ya dövlətlər iqtidarlarını ya güc tətbiqinə, ya da kütlələr tərəfindən seçilməyə borcludurlar. Onlara əsla bir millətdə üstün əxlaqi və ya intellektual ünsürlərin təmsilçisi kimi baxılmamalıdır. Günümüzdə intellektual elitanın dünya tarixində heç bir təsiri yoxdur: hətta bir çox qruplara parçalanmaqları həqiqəti də üzvlərin günümüzün problemlərinin həllində əməkdaşlıq etməklərini imkansız edir.”

Sosial mediaya bənzər böyük bir layihənin həyata keçməsindən onlarca il əvvəl belə bir şəbəkənin xəyalını quraraq müsbət istiqamətin əvvəlki işləri və uğurları ilə bacarıq və dürüstlüklərini ortaya qoyan insanlardan yaradılan müstəqil bir birlik qurulması olduğu fikrini dəstəkləyərək deyir:

“İnsanların bir-biri ilə əlaqədə qalaraq davamlı fikir mübadiləsi edə biləcəkləri, millətlərarası fəaliyyət göstərə bilən bir qrup əgər həmfikir şəxslərin dəstəyini ala bilən münasibətlərini mətbuat yolu ilə ictimaiyyətə bildirə bilərsə, siyasi problemlərin həlli üçün də olduqca sağlam və diqqətəlayiq bir əxlaqi təsir yarada bilərlər. Belə bir birlik, əlbəttə ki, savadlı cəmiyyətlərdə tez-tez korlanmaya səbəb olan bütün çatışmazlıqlardan əziyyət çəkəcəkdir; insan təbiətinin qüsurları nəzərə alındıqda, təəssüf ki, belə bir korlanmanın meydana gəlməsi həmişə mümkün ola bilən təhlükə sayılır. Yenə də bu təhlükələrə və bütün təhlükələrə baxmayaraq, belə bir birlik yaratmaq üçün ən azından təşəbbüs göstərməməliyikmi? Mənə görə, bu, ən azından məcburi bir vəzifədir!

[…]

Birmingham At War 1914-18

Sizin həqiqət anlayışınız digər insanlara görə arzularla daha az qarışmasından və tənqidi mühakimə, ciddiyyət və məsuliyyət xüsusiyyətlərinin hamısına eyni anda sahib olduğunuza görə bu tövsiyələri dünyadakı başqa birinə deyil, sizə təklif edirəm.”

Sonrakı yaz Eynşteyn Freydə qısa bir təqdimat edərək İntellektual Əməkdaşlıq İnstitutuna rəsmi olaraq dəvət edir:

“Əsas məsələ budur: İnsanövladını müharibə təhlükəsindən xilas edəcək bir yol mövcuddurmu? Bildiyimiz kimi müasir elmdəki inkişafda bu mövzu sivilizasiyalar üçün ölüm-qalım məsələsinə çevrilmişdir. Lakin göstərilən bütün səylər, həlli üçün həyata keçirilən bütün cəhdlər ağrılı bir məhv oluşla sona yetmişdir.”

Niyə Freydi seçdiyini belə izah edir:

“Vəzifəsi problemləri praktiki və professional olaraq ələ almalı olanlar bunun öhdəsindən gəlmək üçün həddən artıq gücsüz olduqlarını bilirlər və özünü elmə həsr etmiş, bəşəri məsələlərə daha geniş çərçivədən baxmağı bacaran insanların baxış bucağını öyrənmək üçün çox böyük bir istək duyurlar. Mənə görə, mənim adi düşüncələrim insan iradəsi və idrakının qaranlıq hissələrinin daxilini anlamaq üçün kifayət deyil. Buna görə də hal-hazırda tövsiyə edilən araşdırmada əsas mövzu olan suala cavab tapmağa çalışmaqdan daha artığını edə bilər və olduqca aşkar olan həll yollarının qarşısındakı maneələri aradan qaldıraraq bu məsələ ilə əlaqə yaratmaq üçün insanların instinktiv yaşayışları haqqında geniş əhatəli informasiya toplusu aşkar etməyinizi təmin edə bilərəm. Dəqiq elmlərdə bu sahədən olmayan birinin varlığından şübhə edəcəyi, lakin aralarındakı münasibət və ifratçılığı dərk etmək üçün kifayət etmədiyi bəzi psixoloji maneələr var. İnanıram ki, siz siyasət sahəsindən kənarda bu maneələri aradan qaldıracaq öyrədici metodlar irəli sürəcəksiniz.”

Özünü “milliyyətçi qərəzin toxuna bilmədiyi biri” olaraq göstərən Eynşteyn bir həll yolunun məcburi olaraq sahib olması olduğu şeylər, yəni bütün anlaşılmazlıqların qarşılıqlı anlaşma yolu ilə həll olunan bir millətlərarası qanunvericilik və məhkəmə orqanı haqqında öz fikirlərini irəli sürür, fəqət bu anlayışın gətirdiyi çətinliklərə də təmkinlə yanaşır:

“Hüquq və güc qaçınılmaz şəkildə bir-biri ilə çox yaxın münasibətdədirlər və məhkəmə qərarlarının cəmiyyətin (çünki verilən qərarlar cəmiyyət adına və xeyrinə verilir) tələb etdiyi ədalət anlayışına daha çox yaxınlaşması, cəmiyyətin öz məhkəmə idealının hörmətini qazanmaq üçün sahib olduğu təsirli güc ölçüsündədir ki, bu da gözdən qaçınılmaması lazım olan həqiqətdir. Lakin hal-hazırda etiraz edilməyəcək səlahiyyətlə hökm vermək və hökmlərin icra edilməsi mövzusunda mütləq təslim olmağı aşılama mövzusunda transmilli bir quruluşa sahib olmaqdan olduqca uzağıq. Dolayısı ilə ilk tezisimi belə ifadə edirəm: millətlərarası təhlükəsizlik hər millətin hərəkət azadlığından, başqa sözlə desək, suverenliyindən – bəlli bir nöqtəyə qədər şərtsiz imtina etməsini tələb edir və heç şübhəsiz, belə bir təhlükəsizliyin başqa bir yolla əldə edilməyəcəyi aydındır.”

Silah nəzarətinə görə aparılan günümüzün qızğın müzakirələrindən uzun müddət əvvəl Eynşteyn bu qanunvericilik ütopiyasına əngəl olan baş günahkarı silah tərəfdarı qrupları göstərir:

“Hər bir millətdəki idarə edən sinfin fərqləndirici xüsusiyyəti olan iqtidar xəyalı millətlərin suverenliyinə ediləcək hər cür məhdudlaşmaya qarşıdır. Bu siyasi iqtidar aclığını, ümumilikdə, əsl məqsədi tamamilə iqtisadi mənfəət olan başqa bir qrupun fəaliyyətləri də dəstəkləyər. Bunu deyərkən, xüsusilə, hər millətdə fəal olan, sosial qiymətləndirmə və məhdudiyyətlərə biganə, müharibəni, silah istehsalı və satışını sadəcə şəxsi mənfəətlərini və fərdi səlahiyyətlərini artıra biləcəkləri bir fəaliyyət olaraq görən kiçik, amma zərərli qrupları nəzərdə tuturam. …Bunun ardınca başqa bir sual var: bu kiçik cəmiyyətin, müharibə vəziyyətindən zərər görməmək və itkiyə məruz qalmamaq üçün çalışan bir çoxluğun iradəsinə, öz ehtiraslarına xidmət edəcək formada diz çökdürməyi bacarması necə mümkün olur? …Bu suala verilən ən aydın cavab azlığın hansı ki, hal-hazırda idarə edən sinifdir, təsir dairəsində məktəbləri və mətbuatı, əsasən də, dini qurumları da saxlaması olur. Bu vəziyyət də idarəçi sinfə kütlələrin hislərini idarə etmək və onlara nəzarət etmək şansı verir və hisləri idarə edən sinif üçün bir alət halına gətirir.”

Daha sonra Eynşteyn Freydə verəcəyi əsas suala gəlir:

“İnsanın zehni təkamülünü onu nifrət və dağıdıcı psixologiya pozğunluqlarına qarşı güclü hala gətirəcək formada idarə etmək mümkündürmü? Burada qətiyyən sadəcə savadsız sayılan qara camaatdan danışmıram. Hətta təcrübə, əslində, intellektual tərəf sayılan qrupun real həyatla birbaşa təmasda olmamağından və real həyatı ən asan, ən süni forma olan kağız üstündən tanıdıqlarına görə toplu halda bu tip dağıdıcı məsləhətləri ortaya qoyma meyillərinin daha çox olduğu sübut edilmişdir. …Lakin burada bütün silahlı qarşıdurmalardan uzaq olmağa görə yeni yollar kəşf etmək üçün ən yaxşı fürsətə sahib vəziyyətdəyik.

Bu mühüm və maraq doğuran məsələnin hər sahəsi üçün dolayı və birbaşa cavabları sizin yazılarınızda tapa biləcəyimizi bilirəm. Yenə də bizim üçün ən böyük faydası dünyada sülh məsələsini ən son kəşflərinizin işığında təqdim etməyiniz olacaq, çünki belə bir təqdimat yeni və faydalı fəaliyyət formasını tapmaq üçün bizə bir işıq ola bilər.”

Bir neçə həftə sonra 12 sentyabr 1932-ci ildə Eynşteyn bu yazışmalara kömək edən Millətlər Liqasının başçısı Lion Ştaynix (Leon Steinig)dan Freydin Eynşteynin təklifi ilə maraqlandığını, ancaq deyə biləcəklərinin insanların gözləntiləri üçün olduqca bədbin ola biləcəyini, fəqət incidən həqiqəti bəzəməyi özünə yaraşdırmadığını bildirdiyi barədə xəbər aldı:

“Bütün həyatım boyu insanlara həzm edilməsi çətin olan xəbərlər verməyə məcbur oldum. Lakin artıq kifayət qədər böyüdüm və heç kimi aldatmaq istəmirəm.”

Eynşeyn Freydin nikbin olmaqla yanaşı psixoloji olaraq da təsirli bir cavab axtardığına inandırandan sonra intensiv yazışmalar başladı. Freyd sentyabr günlərinin birində belə yazırdı:

“Əziz Eynşteyn,

Həm sizi şəxsi olaraq maraqlandıran, həm də xalqın xeyrinə imiş kimi görünən bir mövzu haqqında ediləcək fikir mübadiləsinə məni dəvət etmək fikrinizi öyrənəndə bütün səmimiyyətimlə razılaşdım. Bu gün etibarlı olduğu kimi ikimizin də bir fizik və psixiatr olaraq öz fikirlərimizi bildirəcəyimiz, fərqli təkliflərdən yola çıxsaq da, ən sonda eyni yerdə görüşəcəyimiz, bilinən çərçivələr içərisində olan bir mövzu seçməyinizi diləyərdim. Dolayısı ilə bu sual – insan övladını müharibə təhlükəsindən xilas etmək üçün nə edə bilərik? məni olduqca təəccübləndirdi. Və daha sonra acizliyimi (az qala acizliyimizi yazırdım) hiss edərək çaşqınlaşdım. Çünki bunu praktikadakı siyasətin, dövlət işçilərinin iş mövzusu olduğunu düşünürdüm. Lakin sonra sizin bu sualı elm insanı, ya da fizik kimi deyil insanları çox sevən biri olaraq yönəltdiyinizi hiss etdim. Və sonra məni praktikaya meyilli fikirlər irəli sürməkdən əlavə dava-dalaşların qarşısını almaq mövzusunun bir psixoloqda necə bir iz qoyduğunu açıqlamaq üçün çağırdığınızı özümə xatırladım.”

Daha sonra Freyd özünün şiddətin təkamüldəki yolu barəsində irəli sürdüyü nəzəriyyəni xatırlayır:

“Haqq və qüdrət arasındakı münasibətə başlayırsınız və bizim müzakirəmiz üçün, tamamilə, uyğun bir başlanğıc nöqtəsidir. Lakin mən “qüdrət” termini yerinə daha güclü və mənası daha geniş bir söz deyərdim: şiddət. Bugün haqq və şiddət anlayışlarında aşkar ziddiyyətin olduğu həqiqəti ilə qarşı-qarşıyayıq. Birinin digərindən inkişaf etdiyini sübut etmək asandır və dərinlərə enib ilkin şərtləri araşdırdıqda məsələnin həll yolu olduqca asan görünür.

İnsanlar arasındakı mənfəət mübarizələri prinsip olaraq şiddətə müraciət edərək həll edilir. Heyvanların krallığında hansı ki, bura insanlar aid olmadıqlarını iddia edə bilməzlər, bu da belədir; lakin insanlar zaman-zaman mücərrəd düşüncənin ən yüksək zirvəsinə toxunan fikir mübarizəsinə də girməyə meyillidirlər və görünən odur ki, bu cür mübarizələrin başqa yollarla həll edilməsi lazımdır. Lakin bu düzəliş gecikmiş bir inkişafdır. Başda kiçik cəmiyyətlərdə mülkiyyət mövzusunda və kimin arzularının daha üstün olduğuna qərar verən faktor qrup təzyiqi idi. Qısa müddət sonra müxtəlif köməkçilərdən istifadə edərək fiziki güc tətbiq edilməyə başladı və daha sonra o köməkçilər fiziki gücün yerinə keçdi. Silahı daha yaxşı olan və daha yaxşı istifadə edə bilən qalibiyyətini elan edirdi. İndi isə silahların meydana gəlməsi ilə ilk dəfə üstün beyinlər fiziki gücün qarşısını aldı, lakin mübarizəsilərin təsiri eyni qaldı: bir tərəfin özünə verilən ziyanlarla, ya da gücünün azaldılması ilə mübarizəsindən əl çəkməyə, ya da inkar etməyə məcbur edilməsi. Bu son ən təsirli olaraq düşmən tamamilə aradan qaldırılanda – öldürüləndə qazanılır. Bu müddətin 2 üstünlüyü var: düşmən mübarizəni davam etdirə bilmir və düşmənin taleyi sonrakıları eyni hadisələri təkrarlamaqdan çəkindirir. Sonrası isə bir rəqibin qətli mənəvi arzunu təmin edir… Lakin öldürmə istəyinə qarşı başqa bir düşüncə yarana bilər: əgər canı bağışlanıbsa və cəsarəti qırılıbsa, bir düşməni kölə olaraq istifadə etmək ehtimalı. Elə burada şiddət qətliam olaraq deyil, tabeçilik olaraq meydana çıxır. Beləcə mərhəmət toxumları əkilir, ancaq mübarizənin qalibi qurbanın intiqam alma istəyini düşündüyünə görə öz təhlükəsizliyindən müəyyən dərəcəyə qədər güzəştə gedir.”

Photograph of Flag Raising on Iwo Jima, 02/23/1945

Freyd mədəniyyəti “güc və silahlı şiddətdən” hüquqa necə inkişaf etdiyini araşdırarkən ortaq eynilik və cəmiyyət düşüncəsini nizama salmaq üçün güc işlətməkdən daha möhkəm bir qəlib olduğunu iddia edir:

“Güc tətbiqi birlik olaraq keçirilə bilər, dağınıq qrupların birliyindən yaranan qüvvət cəmiyyətdən ayrılmış böyük qüvvəyə qarşı haqlarını yaxşılaşdırmışdır. Dolayısı ilə haqq anlayışını (yəni hüquq) bir cəmiyyətin qüdrəti olaraq təyin edə bilərik. Lakin yenə bu qabağına çıxan hər şəxsi asanlıqla məhv edən şiddətdən başqa bir şey deyil və tamamilə, eyni metodları mənimsəyir, oxşar məqsədlərin ardınca qaçır, amma tək bir fərq var: fərdi deyil, ictimai olan, öz metodları olan bir şiddətdir. Amma xam şiddətdən hüququn üstünlüyünə keçərkən gözdən qaçmaması lazım olan bəlli bir psixoloji vəziyyət var. Çoxluğun birliyi sabit və daimi olmalıdır. Əgər varlığın tək məqsədi təkəbbürlü bir fərd tərəfindən təxribata məruz qalmaq və bu fərdin çöküşündən sonra dağılıb getməkdirsə, hər şey puç olacaq. Öz gücünün üstünlüyünə inanan bəzi fərqli insanlar şiddətlə idarəetməni geriyə qaytarmağın yollarını axtaracaq və bu dövran daim təkrarlanacaq.  Dolayısı ilə insanların birliyi, daimi və yaxşı planlaşdırılmış olmalıdır. Ehtimal olunan üsyan riskinin qarşısını almaq üçün qaydalar qoyulmalı, qaydalara – qanunlara əməl edilməyi və qanunların tələb etdiyi şiddət fəaliyyətinin üsuluna uyğun olaraq yerinə yetirilməsini təmin edən bir sistem qurulmalıdır. Bu cür mənfəətlər cəmiyyətinin tanınması, birliyin üzvləri arasında birliyə əsl gücünü verən birlik və qardaşcasına həmrəylik istəyi yaradar. Mənə görə mövzunun özü olan nöqtəni dedim: iqtidarın üzvlərini bir yerdə saxlayan həssaslıq toplumu üstünə yaradılmış daha böyük bir birliyə keçərək güc tətbiqinin yatırılması.”

Lakin Freydin işarət etdiyi kimi bunu etmək, nəzəriyyədə asan olsa da, praktikada çətindir, çünki bərabər bir cəmiyyət irəlini görür və bir çox qrupda fərdlər arasındakı təbii güc bərabərsizliyi qaçılmaz bir qarşıdurma ilə nəticənər.

Freyd buradan sülh paradoksunu araşdırır:

“Bu torpaqlarını genişlətmək üçün aparılan müharibələr haqqında hamını əhatə edən bircə hökm belə verilə bilməz. Türklərlə moğollar arasında olanlara oxşar bəzi mübarizələr tam olaraq peşmanlığa səbəb olmuşdur. Bəziləri sərhədlər içərisində şiddətdən istifadə etməyin qadağan edildiyini və bütün fikir ayrılıqlarının yeni rejimlə qərara bağlı olduğunu daha geniş hissələri meydana gətirdikləri üçün şiddətdən hüquqa keçidi inkişaf etdirmişdir. Bu cür Romanın fəthi də Akdeniz torpaqlarına firavanlıq gətirmişdir. Fransız kralının torpaqlarını genişlətmək istəyi sakitlik içində inkişafa davam edən və vahid bir Fransa yaratmışdır.  Ziddiyyətli görünsə də, müharibələrin həmişə arzuladığımız sülhpərvər vəziyyət üçün də bir zəmin hazırladığını qəbul etmək məcburiyyətindəyik, çünki sərhədləri çərçivəsində bütün müharibələrdə güclü mərkəzi qüvvətlə qanundan kənar edən geniş imperiyaların yaranmasına şərait yaradan da müharibədir.”

Freyd nəzəriyyəsini mövcud məsələlərlə əlaqələndirərək müharibəni sona çatdırmağın tək bir yolu olduğunu deyir: bir yerdə bütün mənafe qarşıdurmaları həll edəcək mərkəzi nəzarət mexanizmi yaratmaq. Lakin bu, Freydin dövründə, bu gün də hələ yerinə yetirilməmiş məsələləri tələb edir:

“Bunun üçün 2 şey lazımdır; birincisi, ali bir məhkəmənin yaradılması, ikincisi, Ali Məhkəməyə lazımı icra haqqı verilməsi. İkinci məsələ yerinə yetirilməsə, birinci məsələ özbaşına faydasız olacaq. Aydın görünür ki, Ali Məhkəmə olaraq fəaliyyət göstərən və birinci məsələni yerinə yetirən Millətlər Liqası ikincini yerinə yetirə bilmir. Əlinin altında heç bir güc yoxdur və bu gücə ancaq bu yeni quruluşun üzvləri, yəni onu yaradan millətlər tərəfindən veriləndə sahib ola bilir. Və göründüyü kimi bu, mənasız bir arzudur. Yenə də tarixdə oxşar bir cəhdin nadir olduğu – hətta belə bir ölçüdə heç olmadığını düşünsək, Millətlər Liqasını uzaqgörən baxış bucağında görmürük deməkdir. Millətlər Liqası bəlli olan idealist düşüncə tərzini istifadə edərək indiyə qədər iqtidar sahibi olanların əlində olan hökmranlığı ələ keçirmək üçün edilən bir cəhddir… Bir cəmiyyəti birlik formasında saxlayan iki faktor vardır: içərisində şiddət olan təzyiq və qrup üzvləri arasında olan həssas bağlılıq. Bu faktorlardan hansısa biri olmazsa, digəri qrupu birlikdə tuta bilmək üçün hələ də kifayət ola bilər.

[…]

Və hal-hazırda da hökmranlığını sorğulamaq üçün aydın olmayan bu cür birləşdirici fikirlərə mənasız baxırıq. Bu gün hər ölkədə zirvədə olan milliyyətçi fikirlərin olduqca fərqli istiqamətdə inkişaf etdiyi aydındır. Bolşevik düşüncələrinin müharibəyə son qoyacağını, lakin bu gün olduğu kimi bu hədəfin çox uzaqda olduğunu və bəlkə də, sadəcə mərhəmətdən kənar və bir çoxlarının ölümünə səbəb olan bir müharibə ilə çata biləcəkləri fikrini müdafiə edənlər var. Bu cür günümüzün şərtlərində güc tətbiqlə ideal bir qüdrətin yerdəyişməsi üçün göstərilən hər bir cəhd uğursuzluğa məhkum imiş kimi görünəcək. Əgər haqqın güc tətbiqi üstündə qurulduğu və bu gün belə bu haqqı müdafiə etmək üçün şiddətə ehtiyac duyulduğu həqiqətini göz ardı etsək, bu məntiq xətalı olar.”

Daha sonra Freyd nəzəriyyəsinin insan təbiətinin həm yaxşını, həm də pisi bir yerdə daşıya bilmək bacarığını ələ alan ən maraqlı hissəsindən danışır və burada zidd görünən iki gücün qaçılmaz bir uyğunluqda fəaliyyət göstərdiyini iddia edir.

“İnsan instinktlərinin 2 cür olduğunu güman edərik: Erotik (Platonun Symposionda Erosu tanıtdığı mənada) və ya cinsi deyə təyin etdiyimiz qorumaq və  birləşdirmək instinktləri, ikinci isə təcavüzkar və dağıdıcı instinktlər olaraq bildiyimiz yox etmək və öldürmək instinktləri. Təxmin etdiyiniz kimi bunlar çox yaxşı bilinən antonimlər sevgi və nifrətin nəzəri varlıqlara dönən vəziyyətidir. Bəlkə də, bunlar sizin ixtisaslaşdığınız sahədəki əbədi polarlıq davranışları olan itələmək və çəkməyin fərqli formalarıdır. Lakin yaxşı və pis anlayışlarına keçərkən çox tələsməmək lazımdır. Bu instinktlərin hər biri antonimindəki qədər imtina edilməz olan öyrəşilən hissələrdir və həyatdakı bütün faktlar bunların istər uyğun, istər bir-birlərinə qarşı olan fəaliyyətlərindən qaynaqlanır. Hər hansı bir kateqoriya içindəki bir instinkt nadir də olsa, tək fəaliyyət göstərə bilirmiş kimi görünür; hər bir dövrdə qarşısındakından müəyyən bir hissə daşıyar və bu da məqsədini dəyişdirər və hətta müəyyən vəziyyətlərdə bacarığının ilkin şərti olar. Bu səbəbə görə özünü qorumaq instinkti tamamilə erotik bir instinktdir, lakin məqsədinə çatmaq üçün bu instinkt təcavüzkar davranışlara ehtiyac hiss edər. Eyni şəkildə sevgi instinkti də müəyyən bir əşyaya istiqamətləndiriləndə əgər bu əşyanın təsirinə təslim olacaqsa, tamahkar instinkt öz antoniminə ehtiyac hiss edər. Bunları görməyimizin bu qədər uzun çəkməsinin səbəbi bu 2 fərqli növdəki instinkti bir-birindən ayırmağın çətin olmasıdır. Bu fəaliyyətin təkcə Eros və dağıdıcılığın bir növü olan tək bir instinkt xəbərçisi olaraq meydana çıxması istisna bir vəziyyətdir. Ümumilikdə oxşar bir birləşməyə sahib fərqli motivlər birlikdə işləyərək prosesi yaradırlar.”

9/13/1965- Qui Nhon, South Vietnam – Guitar slung over his shoulder, a trooper of the United States 1st Calvalry walks ashore from a landing craft.

Bunu da beynəlxalq müharibələrin dinamikası ilə əlaqələndirir:

“Bir millət bir müharibəyə çağırılanda bəziləri açıq şəkildə elan edilən, bəziləri yatırıla bilən bir çox səsli və səssiz insani motivlər bu çağırışa cavab verə bilər. Hücum və dağıntı üçün hiss edilən arzu da, mütləq ki, bunlardan biridir. Tarixdəki saysız-hesabsız zülm və insanların günlük yaşayışları bunun yayılmasını və qüvvətini təsdiqləyir. Bu dağıdıcı impulsların idealizmə və erotik instinktə xitab edərək xəbərdar edilməsi, təbii olaraq aydınlaşmalarını asanlaşdırır. Tarix səhifələrinə qeyd edilmiş haqsızlıqlar barədə baş sındırarkən ideal impulsunun, ümumiyyətlə, dağıntı tozlarının kamuflyaj vəzifəsi daşıdığını hiss edərik. Bəzən İnkvizisiya zülmlərində olduğu kimi ideal impulsların şüurun ön planını işğal edərkən gücünü şüurdan kənarda mövcud olan dağıdıcı instinktlərdən alırmış kimi görünür. İki izah da ağlabatandır.”

Freyd elm və fəlsəfə arasındakı oxşarlıq haqqında təsirli və əvvəlcədən görünən bir nöqtəyə toxunur:

“Bütün bunlar sizə nəzəriyyələrimizin mifoloji növlərindən, həm də darıxdırıcı olanlarından biri imiş kimi görünə bilər. Lakin hər təbiət elmi sonunda bura – bu cür mifologiyaya çatmırmı? Yoxsa sizin fizika elminizdə bu gün etibarlı olan əksidir?”

Dini təlim və psixologiya arasında da oxşar bir münasibət mövcuddur və altında yatan ortaq məxrəcdə Freyd Eynşteynin ilk sualına təklif edilən cavabı tapır və Çaplinin Böyük Diktatorda “Bir-birimizin xoşbəxtliyi ilə yaşamaq istəyirik, ağrısı ilə deyil” deyə davam edən simvolik nitqini təcəssüm etdirərək deyir:

“Instinktlərimizin mifologiyasından müharibəni siləcək bilavasitə bir üsul asanlıqla tapa bilərik. Əgər müharibə meyli dağıdıcı bir instinktə görə meydana çıxırsa, əlimizdə hər zaman ona qarşılıq maddə, yəni Eros mövcuddur. İnsanlar arasındakı bütün həssaslıq bağlarınının məhsulları bizim üçün bir müharibə padzəhəri ola bilər. Bu əlaqələr 2 cürdür: birincisi, sevilən bir şeylə olan münasibətdir, lakin əgər bunda cinsi arzu varsa, etibarsızdır. Psixoanalizçi bu əlaqədə sevgidən danışarkən heç peşmanlıq hiss etməməlidir, çünki din də eyni dili istifadə edir: “qonşunu özün kimi sev”. Dini bir əmr ifadə edilməsi asan, icra edilməsi isə necə də çətindir! Digər həssaslıq əlaqəsi isə identifikasiya yolu ilə olacaq. İnsanlar arasında əhəmiyyətli oxşarlıqları aşkar edən hər şey insan cəmiyyətinin inşasında böyük ölçüdə fundamental vəzifəni yerinə yetirən bu cəmiyyət olma hissinin, identifikasiyanın başlamasına kömək olacaqdır.

[…]

Lakin insanların idarə edənlər və idarə olunanlar olaraq ayrılmaları doğuşdan gələn və geriyə yolu olmayan bərabərsizliklərinin başqa bir təzahürüdür. İdarə edilənlər sinfi çox böyük bir çoxluğu əhatə edir; özlərinin yerinə qərar verə biləcək (əksər hallarda bu qərarları etirazsız qəbul edirlər) bir üst əmrə ehtiyac duyarlar. Bu baxımdan, bu insanların indiyə kimi qorxudan təsirlənməyən, həqiqət axtarışında həvəsli və vəzifəsi onların liderliyindən asılı olan kütlələri idarə etmək olan, daha üstün bir müstəqil mütəfəkkirlər sinfi yaratmaq üçün daha çox səy göstərmək lazım olduğuna işarət edə bilərik. Düşüncə azadlığı barədə siyasətçilərin qoyduğu qanunların və dinin müəyyən etdiyi qadağaların belə bir formalaşmanı şövqləndirməkdən nə qədər uzaq olduğundan danışmağa ehtiyac yoxdur. Hər fərdin məntiqin əmrlərini öz instinktual yaşamından daha əhəmiyyətli saydığı bir cəmiyyətdə ideal şərtlərin tapıla biləcəyi aydındır. Yalnız belə bir cəmiyyət qarşılıqlı həssaslıq əlaqələri qırılmış belə olsa, fərdlərarası birliyi bu qədər qüsursuz və bu qədər möhkəm şəkildə aşkar edə bilər. Lakin göründüyü kimi belə bir ümid, tamamilə, xəyal məhsuludur. Müharibələrin qarşısını almağın bilavasitə üsulları isə mümkündür, lakin dərhal nəticə verməyəcək. Bu üsullar çox yavaş üyüdən dəyirmanı xatırladır: o qədər yavaş üyüdür ki, un hazır olmamış hamı acından ölür.”

Ümumi olaraq distopik bir təbiətə sahib olan Freyd heç nəyə baxmayaraq Eynşteynin tədqiqatının niyə dəyərli bir tədqiqat olduğunu qeyd etməyi də yaddan çıxarmır:

“Hər fərd öz həyatı üzərində haqlara sahibdir və müharibə ümidlə dolu həyatları yox edir; insanları həmcinslərini öldürməyə məcbur edərək öz insanlığından utandıracaq vəziyyətə salar; maddi imkanları, insanların əməklərinin qarşılıqlarını və daha çoxunu xarab edər. Bundan əlavə, baş verən müharibələr köhnə ideallara görə qəhramanlıqlara meydanı buraxmır və müasir silahların mükəmməlliklərini nəzərə alındıqda bu gün müharibələr tam olaraq qarşılıqlı müharibə edən 2 nəfərdən ən azı birinin məhv olması deməkdir. Bu, o qədər doğru və o qədər aydındır ki, müharibənin ortaq ittifaqla niyə qadağan edilmədiyini düşünməmək əldə deyil.”

Hissin rasionallıqdan üstünlüyü ilə əlaqəli ümumilikdə Eynşteynə istinad edilmiş və böyük ehtimalla, səhv istinad edilmiş “İntuitiv ağıl müqəddəs bir hədiyyədir və rasional ağlın sadiq bir xidmətçisidir. Bu xidmətçini şərəfləndirən və hədiyyəni yaddan çıxaran bir cəmiyyət yaratdıq” cümləsini düşünəndə Freydin zehnin instinktləri basdırmağını insan inkişafının spesifik xüsusiyyəti olaraq göstərməsi olduqca maraqlıdır:

“İnsanın irqinin mədəni inkişafı (bilirəm bəziləri buna mədəniyyət deməyi üstün tutur) keçmiş vaxtlardan bəri inkişaf mərhələsindədir. Yaşayışımızdakı demək olar ki, çox şeyi, lakin eyni zamanda insanın əziyyət çəkməsinə də səbəb olan bir çox şeyi də bu müddətə borcluyuq. Kökünü və səbəblərini başa düşə bilmirik, sonu naməlumdur, lakin bəzi xüsusiyyətlərini qəbul etmək asandır. Bir baxımdan cinsi fəaliyyətini zəiflətdiyi üçün insanlığın nəslinin tükənməsinə də səbəb ola bilər və bu gün belə bir çox barbar irq və bütün millətlərin aşağı sinifləri mədəni təbəqəyə nisbətdə daha sürətlə çoxalırlar… Mədəni dəyişim müddətinə yoldaşlıq edən bu mənəvi dəyişikliklər diqqət çəkir və rədd edilməməlidir. İnstinktual məqsədlərin get-gedə rədd edilməsinə və instinktual reaksiyaların azalması ilə bağlıdırlar… Psixoloji baxımdan mədəniyyətin ən mühüm 2 faktından birincisi, instinktual həyatımıza hakim olmaq istəyən zəkanın gücləndirilməsi və ikincisi, sonrasında ortaya çıxan bütün fayda və təhlükələri ilə təcavüzkar impulsların daxilə dönüşüdür. Hal-hazırda müharibə mədəniyyətin inkişafı ilə üstümüzə məcburən yüklənilən ruhi vəziyyətə qətiyyən uyğun gəlmir, bu səbəbdən də müharibəni qətiyyən qəbul edilməz saymaq, ona qarşı olmaq məcburiyyətindəyik.”

Neal Boenzi/The New York Times

Bugün qarşıdurmalara görə məhv olmuş dünyamıza baxarkən Freydin gəldiyi nəticə insanı yaralaya bilən bir bədbinliklə əks olunur:

“Yerdə qalan insanların üzlərini sülhə çevirmələrinə görə daha nə qədər gözləməliyik? Demək imkansızdır, lakin yenə də 2 faktorun – insanın mədəni vəziyyətinin və gələcəkdə müharibələrə son qoya biləcəyi ümidimiz mənasız bir ümid deyil. Lakin hansı yollardan, ya da yan yollardan gələcəyini təxmin edə bilmirik. Bu vaxt mədəni inkişafı təmin edən şey hər nədirsə, onun eyni zamanda müharibəyə qarşı da istifadə edilə biləcəyinə inanıb, bəlkə, hiss edə bilərik.”

3 dekabr 1932-ci ildə Eynşteyn səmimi bir məktubla cavab verir.

“Həqiqəti ortaya çıxarmaq üçün sərf etdiyiniz bütün zəkanız və həyatınız boyu fikirlərinizi bəyan etmək üçün göstərdiyiniz nadir olan cəsarətinizlə həm mənim, həm də insanlığın təşəkkürünü qazandınız.”

Eyni vaxtda Eynşteyn intellektual sülh fəaliyyətlərində aktiv şəkildə iştirak etdi. Ən kədərli, zamansız və bütün zamanlara uyğun olan fikirlərini “Avropa və Yaxınlaşan müharibə” mövzusundakı bir simpoziuma töhfə olaraq 1932-ci ilin aprel ayında yazdığı, rusca Nord-Ost jurnalında nəşr edilmiş bir yazısında görürük:

“Millətlərarası bütün qarşıdurmalar arbitraja tabe olmadığı, arbitrajla əldə olunan qərarların icra edilməsinə əmin olunmadığı, müharibə yaratmaq qadağan edilmədiyi halda müharibələrin müharibələri yaradacağına əmin ola bilərik. Sivilizasiyamız bu bəlanın öhdəsindən gələcək əxlaqi gücü qazana bilməsə, özündən əvvəlki sivilizasiya ilə eyni taleyini bölüşərək dağıdılmağa və çürüməyə məhkumdur.”

 

Mənbə: http://www.libidodergisi.com/nicin-savasiyoruz/

Tərcümə etdi: Firəngiz Manafova

Redaktə etdi: Etibar Gara, Pəri Abbaslı

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin