Manipulyasiya və təlqinin ən qorxunc örnəyi: Conestaun qətliamı

0

İnsan beyninə nəzarət etmək üsullarından biri olan təlqin metodu illərdir müzakirə olunur. Bu tərz yönləndirmələr əgər varsa, təsirinin nə dərəcədə olacağı üzərində hələ də çox düşünülür. Əslinə qalsa, tarixi hadisələri bir süzgəcdən keçirsək, təlqinin beyinə nəzarət edəcək qədər irəli getdiyi hadisələrə rast gələ bilərik.

Beyin yumaq müəyyən üsullarla fərdin ya da topluluğun beynində bəzi dəyişikliklər yaratmaq, ideoloji bir çevrilmə və təxribata yol açmaq məqsədilə edilən propaqanda tipli bir yönləndirmədir. Bu, bir fərdi və ya bir topluluğu təzyiq altına almaq, müxtəlif məqsədlərə görə zorla razı salmaq üçün istifadə olunur. Fərdin zehnində şüurlu şəkildə bir dəyişikliyə və təxribata yol açılır ki, bunun nəticəsində də fərd öz dəyər anlayışından və seçimlərindən kənar şəkildə, “azad iradəsindən istifadə edə bilmədən” başqa məqsədlər uğrunda çalışmağa başlayır. Manipulyasiya hesab edə biləcəyimiz bu vəziyyət şəxsin zehninə elə möhkəm şəkildə yerləşir ki, şəxs bütün həyatını artıq bu yeni dəyərlərə və ya “ali məqsədlər”ə həsr edir. Bu ali məqsədlərin və ya seçimlərin reallaşmaması vəziyyətində isə şəxsin beynində qurduğu bu xəyali dünyaya gedən yol sarsılmış olur. Zərərçəkmişin artıq bütün o “yalan” gerçəkliyi sarsılmış olduğundan həyatının da bir önəmi qalmır. Bu cür manipulyasiyalar elə təhlükəli bir həddə çata bilər ki, zərərçəkmiş həm öz həyatına, həm də başqalarına həyatına qəsd edəcək qədər irəli gedə bilər. Bunu isə ali bir məqsəd uğrunda etdiyini düşündüyü üçün etdiyi şeydə heç bir nöqsan görməz. Bu şərtləndirilmiş və yönləndirilmiş insanlar artıq geri dönülməz bir yola girirlər və əvvəlki kimi olmaları da mümkün deyil.

Təlqinə məruz qalan şəxs hər nə qədər yaxşı niyyətli insan olsa da, əgər ona təlqin edən şəxsin niyyəti pisdirsə (ki, ümumillikdə yaxşı niyyətlə edilməz), zərər çəkmiş insanın davranışları və bu davranışların nəticələri də heç yaxşı olmaz. Çünki təlqin və beyin yumaqdakı məqsəd öz mənfəəti üçün başqalarının gücündən istifadə edə bilmək istəyindən keçir. CIA-in əsgərlər üzərində MK-ULTRA ya da BLUEBIRD kodlu proqramlarla bəzi beyin nəzarətini ehtiva edən təcrübələr etdiyi güman edilir. Manipulyasiya və təlqin hələ də bir şəhər əfsanəsi kimi qarşılansa da, bunların faktiki örnəkləri də mövcuddur.

Əslində, bu cür üsullar olduqca qədim dövrlərə gedib çıxır.
Məsələn, Xaşxaşilər adlı bir təriqətin qurucusu olan Həsən Sabbahın təriqət üzvlərini həm təlqin, həm də xaşxaş adlanan narkotik təsirli otla nəzarət altına aldığı deyilir. Həsən Sabbah qalasına gələn qonaqlara olduqca fərqli tərzdə bir ziyafət verirdi. Sabbah qalanın təpəsində olan 3 müridinə aşağı tullanmasını əmr edirdi və heç tərəddüd etmədən aşağı tullanan müridlər o dövrdə olduqca diqqət çəkmişdi. Hətta intihar anlayışının da tarixə bir şəkildə düşdüyü deyilir. Yenə deyilənə görə, Sabbah müridlərinə etdiyi təlqinlərlə onların cənnətə gedəcəyini deyirdi. Eyni zamanda, Sabbahın fədailəri olaraq da yetişdirilən bu professional sui-qəsdçilər Sabbahın əmrini eşidənə qədər döyüşməyə davam edir və eynilə bir maşın kimi yorulmaq bilmirdilər.

1970-ci illərdə ortaya çıxan Cim Conz (Jim Jones) adlı bir vaiz də eynilə Sabbah kimi insanları təsiri altına almış və tarixin ən böyük toplu intiharına səbəb olmuşdu. Cim Conz 1931-ci ildə dünyaya gəlmişdi. Bilinənə görə, ən azı özü qədər xəstə ruhlu bir ailəsi vardı. Anası onu dünyaya gətirəndə bir Məsihin dünyaya gəldiyini düşünürdü. Atası isə Ki Klux Klan adlı zəncilər əlehinə olan bir təşkilatın üzvü idi. İndianada böyümüş və orada təhsilini almış Conz 1950-ci illərdə vaizlik etməyə başlamışdı. Vaizlik etdiyi kiçik kilsənin gəlirini isə əhliləşdirilmiş meymun sataraq əldə edirdi. Conzun yaxın dostlarından birinin dediyinə görə, onun ölü heyvanlara qarşı xüsusi marağı vardı. Meymunları öldürüb onlara yas mərasimləri hazırlamağı sevirdi. Ancaq onun bu xəstə fantaziyalarını kilsə əhalisi, əlbəttə ki, bilmirdi. Conz həm də olduqca yaxşı bir natiq idi. Kilsəsinə gələn insanlara qarşı nəzakətli idi. İnsanların gözündən pərdə asmağı çox yaxşı bacarırdı. Onun bu nəzakətli davranışları sayəsində kilsəyə gələn insan sayı zamanla artmışdı və Conz artıq əhliləşdirilmiş meymun satmağa gərək duymurdu. Din mövzulu nitqlərində kilsənin təmirə ehtiyac duyduğu mesajını verir və özünü dinləməyə gələnləri təsiri altına alaraq onların pul verməsini təmin edirdi.

Conzun təsiri artıq böyük idi. Əsaslı bir kütləyə də sahib idi. Bu səbəbdən, bu kütləni itirməmək üçün “Xalqın məbədi” (People’s Temple) adında bir təriqət qurdu. Əvvəllər xalqa açıq bir şəkildə baş tutan kilsə nitqləri artıq gizli bir şəkildə həyata keçirilirdi və içəri əsas kütlədən başqa heç kim alınmırdı. Conz bu şöhrəti və təsiri yalançı şoular sayəsində qazanmışdı. Əksəriyyəti zəncilərdən ibarət olan bu kütlənin zəif nöqtələrinə toxunur ya da məsihçilik rolunu oynayırdı. Məsələn, bir dəfə dinləyənlər arasından əlil arabasına məhkum olmuş bir qadını seçmişdi və qadını sehrli üsullarla sağaltdığını iddia edərək dinləyicilərin rəğbətini qazanmışdı. Sonradan ortaya çıxdı ki, dinləyicilərin arasından seçdiyi və sağaltdığı iddia edilən bu adamlar öncədən danışdığı və ətrafında olan köməkçiləri idi.

Conz daha çox əzilən ya da manipulyasiya edilməyə açıq olan insanlara xitab etməyə çalışırdı. Bu səbəbdən, kütlənin təxminən 68%-i zəncilər idi. Yenə eyni şəkildə insanların duyğuları ilə oynayır; onlara siyasi partiyaların bir yalandan ibarət olduğunu, onlar üçün əsl bərabərlik gətirəcəyini iddia edirdi və bunları din mövzulu mətnlərlə də dəstəkləyirdi.

Conz nitqlərində ağların və qaraların bərabərliyi haqqında danışırdı. Bu səbəblə, müridlərinin çoxu zəncilər idi. O, müridlərinin gözündə ilahi bir varlıq idi və onu “Ata” deyə çağırırdılar.

Bu təriqət elə belə qurulmamışdı, əlbəttə və hər təriqət və ya təşkilat kimi müəyyən məqsədləri vardı. “Xalqın məbədi” təriqətinin məqsədi də şəhər həyatından və izdihamdan uzaqda yalnızca öz aralarında kənd təsərrüfatına əsaslanan kommunal yaşayış qurmaq idi. Bu səbəblə, varını-yoxunu bu təriqətə bağışlayanlar sayəsində Cim Conz Guyanada bir ərazi aldı və buraya “Jonestown” adını verdi.

Ancaq işlər Amerikada olduğu kimi uğurlu şəkildə getmədi. 900-dən çox adama ev sahibliyi edən bu ərazi artıq bu insanların məzarı olmağa hazır idi.

Bəs bu necə olmuşdu? İnsanları necə bu qədər təsiri altına ala bilmişdi və Conz niyə belə davranırdı? Conzun ölümündən sonra oğlunun danışdıqlarına görə, atası həyatı boyunca amfetamin, marixuana və LSD kimi narkotik maddələrin təsiri altında yaşamışdı. Müridləri sayəsində zənginliyə də qovuşmuş olan Conzun Guyanadakı həyatı isə daha çox narkotiklə keçirdi. Başa düşəcəyimiz kimi, bu insanların heç biri maddə asılılığı olan bir ruhi xəstəyə müridlik etdiklərini bilmirdilər.

Conz ərazinin hər yerində öz təlqinlərini müridlərinə dinlədə biləcəyi meqafonlar yerləşdirmişdi. Onları bu dəfə təkcə öz nitqi ilə deyil, həm də hər küncdə qarşılarına çıxan səsi sayəsində təsiri altına almağa, hətta, bu təsiri artırmağa çalışırdı. Dozasını aşan Conz artıq müridlərinə toplu intihar məşqləri də etdirməyə başlamışdı. Xristianlığa görə, şəxsin özünü öldürməsinin böyük günah olduğunu söyləyən müridlərinə isə qarşı çıxırdı və toplu ölümün müqəddəs olduğuna dair yalanlar uyduraraq qarşı çıxanları susdurmağa çalışırdı. Bu arada Amerika hökuməti Guyanada qurulmuş olan bu qəsəbədə hər hansı bir insan haqları pozuntusunun yaşanıb yaşanmadığına dair senator və jurnalist qrupu göndərmək istədi. Çünki 900-dən çox insan hələ də Amerika vətəndaşı idi və bu səbəbdən hökumət və media məsələ ilə yaxından maraqlanırdı. Komanda gələn zaman qəsəbədə yaşayan müridlərdən bəziləri oradan getmək istədiklərini komandaya bildirdi. Müridlər komandalarla birlikdə oradan getdiyi əsnada getmək istəyən müridlərin üzərinə silahlı basqın edildi və hadisə yerindəki insanlar həyatını itirdi. Bu hadisədən sonra qəsəbəyə çox sayda təhlükəsizlik qüvvələri gəldi. Eyni günün axşamı qəsəbəyə gələn təhlükəsizlik qüvvələri şok edici bir mənzərə ilə qarşılaşdılar. Təhlükəsizlik qüvvələri ilə birlikdə gələn media isçiləri isə mənzərənin şəkillərini çəkərək bu qətliamı ölümsüzləşdirdilər. Qaçmaq istəyən şəxslərin öldürülməsi üzərinə, bir də ruhi xəstə olduğu üzə çıxan Conz artıq hər şeyin sona çatdığını anlamış, ancaq idealını qurduğu həyatın yerlə bir olacağını görməmək və müridlərinin hamısını birdən itirməmək üçün hər kəsi toplu intihar etməyə razı saldı. Tapılan səs yazılarına görə, 900-dən çox adamın ölümündən əvvəl Cim Conz meqafonlar vasitəsilə böyük bir toplu seans hazırlamış və ölümlə bərabər cənnətə qovuşacaqlarını müridlərinə açıqlamışdır. Ona hələ də inanan böyük bir kütlə sianid (red. HCN duzları) içərək həyatına son qoymuşdur. Əvvəlcə öz uşaqlarını, ardınca isə özlərini öldürən bu insanlar ölmək istəməyənləri də vuraraq təsirsiz hala salmışdılar. Cim Conzun isə toplu intihar əsnasında özünü silahla vuraraq öldürdüyü ortaya çıxmışdır. Hadisədən bir neçə saat sonra gələn təhlükəsizlik qüvvələri və media tarixin gördüyü ən böyük toplu intiharla qarşılaşmışdı.

Əlbəttə ki, bu tarixi hadisənin ardından çoxlu fərziyyələr irəli sürüldü. Bəziləri Cim Conzun CIA tərəfindən yetişdirildiyini və beləliklə, zənginləşdiyini, müridlərini isə MK-ULTRA adlanan üsulla nəzarət altına aldığını iddia etmişdi.

Bəzilərinə görə isə bu qədər insanın ölümünə səbəb olmuş Cim Conz, əslində intihar etməmişdir və qorxağın biridir. Arxasındakı səbəb ya da həqiqət hər nə olursa olsun, Cim Conz adlanan bu adam o qədər insanın təlqin yolu ilə, onların zəifliklərindən istifadə edərək təsiri altına almış və belə dəhşətli bir qətliama səbəb olmuşdur. Bu hadisə, əslində insan ağlının bəzi durumlarda nə qədər zəifləyə biləcəyi və heyvanları insanlardan ayıran ən önəmli şeyin, yəni iradəmizin bizim nəzarətimiz xaricində necə istifadə oluna biləcəyini görmək üçün olduqca önəmlidir. Əlbəttə, psixoloji baxımdan da yanaşsaq, bütün həyatını öz qurduğu yalana inanaraq keçirən insan qurduğu bu yalanın sarsıldığını gördükdə həyatına belə son verə bilər.

“Downfall” filmindən

“Downfall” filmində Hitlerin son günləri təsvir edilir. Hitlerin Propaqanda Nazirliyini yaratmış olan və bu gün də istifadə etdiyi propaqanda üsulları ilə xatırlanan Cozef Qoblz (Joseph Goebbels) və ailəsinin sonu filmdə olduqca maraqlı bir tərzdə verilmişdir. Almaniyaya nasist sosialist bir sistemin gələ bilməyəcəyini anlayan Qoblz və həyat yoldaşı Maqda (Magda) qurduqları sistemin sonunu görmək istəməyib əvvəlcə uşaqlarının həyatına son vermiş, ardınca isə özləri intihar etmişdilər.

“Jonestown” (Conestaun) qətliamından yalnızca iki nəfər xilas ola bilmişdi. Xilas ola bilməyənlər isə ölmədən öncə intihar məktubları yazmışdılar. Məktublara görə, bir qismi ölmək istəmirdi, lakin bir qisim isə ölümü düşünərək həzz alırdı.

Ölməyən müridlərdən biri kar idi ki, bu, əslində olduqca önəmli bir detal idi. Hadisələr baş verdiyi zaman öz daxmasında yatan və meqafondan eşidilən seansları/təlqinləri eşitməmiş olan Qrover Davis (Grover Davis) adlı bir mürid hadisədən sonra oyanmış və qarşılaşdığı hadisəni anlamayaraq ərazidən qaçmışdı.

Təlqin, yəni bir insanın zəifliklərindən istifadə edərək təsir altına almaq və əslində olmayan bir şeyə inandırmaq ya da şəxsin özünə olan güvənini qırmaq dediyimiz bu üsulla filmlərdə də qarşılaşmışıq, əslində. Məsələn, “One Flew Over the Cuckoo’s Nest” filmində tibb bacısı Raçed (Ratched) klinikada qalan xəstələri ruhi xəstə olduqları və sağala bilməyəcəkləri yönündə təlqin edirdi.

“They live” filmindən

Qlobal hipnoza bir örnək olaraq da “They Live” filmini örnək verə bilərik. Filmdəki əsas obraz taxdığı eynəklər sayəsində insanların təlqinli mesajlar vasitəsilə nəzarət altına alındığının fərqinə varmışdı.

“Gaslight” filmindən

1944-cü il istehsalı olan “Gaslight” adlı kult (red. Müəyyən bir fiqur və ya nəsnəyə yönəlmiş dini bir vəhy və bağlılıq sistemi) filmdə isə həyat yoldaşı tərəfindən manipulyasiya edilən, dəli olduğunu düşünən bir qadın təqdim olunur. Filmdə hər gün səbrlə şəxsin psixologiyasını korlamaq üçün müəyyən üsullar tətbiq edilərsə, şəxsin olduqca rahat bir şəkildə nəzarət altına alına biləcəyini göstərilir.

“The Girl on the Train” filmindən

Son olaraq 2016-cı il istehsalı olan “The Girl on the Train” filimində həyat yoldaşından ayrılmış və alkoqol problemləri ilə mübarizə aparan Reyçlın (Rachel) hekayəsini həqiqətin tam ziddi şəkildə izləyirik. Filmdə Reyçl alkoqolik olduğundan başına gələnlərin səbəbkarının özü olduğunu bilir, ancaq işin heç də belə olmadığını və yalnızca buna inandırılmış olduğunu sonralar öyrənir. “The Girl on the Train” filmi də eyni şəkildə, onsuz da əsəbləri zəif olan birinin necə manipulyasiya edilə biləcəyini görmək baxımından olduqca önəmlidir.

Gördüyümüz kimi, beyin nəzarəti əslində heç də göz ardı ediləcək bir mövzu deyil.
Doğru insanlar üzərində və doğru üsullarla edildiyi zaman sözlə razı salmaq və ya narkotik vasitələrin təsiri ilə şəxsləri nəzarət altına almaq, əslində mümkündür. Manipulyasiya edilməyə uyğun olan insan beyninin bu nöqtədə nə dərəcədə güclü olduğu bilinmir, ancaq müasir dünyada hər birimizin az da olsa, media və sosial rabitə vasitələri sayəsində nəzarət altına alındığımız bir həqiqətdir.

 

Mənbə:

https://www.wannart.com/beyin-yikama-ve-telkinin-en-korkunc-ornegi-jonestown-katliami/

Redaktə etdi: Fatimə Əliyeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin