Ədəbiyyata bir feminist toxunuşu: Virciniya Vulf

0

Bir feminist, bir modernist və bir tənqidçi kimi Virciniya Vulf!

25 yanvar 1882-ci ildə Londonda dünyaya gəldi Virciniya Vulf (ing. Virginia Woolf – əsl adı ilə Adeline Virginia Stephen).

Bəzən olur ki, gündəlik həyatda bir şey düşünməyə başladıqdan dəqiqələr sonra düşüncələr zəncirinin digər ucunda, başqa bir mövzuda baş sındırarkən taparıq özümüzü… Budur, şüur axını adlanan bu texnikadan ustalıqla istifadə edərək obrazlarının daxili monoloqlarını bütün çılpaqlığı ilə önümüzə sərdi Virciniya Vulf. Qaydaları və qəlibləri yıxaraq ədəbiyyatda modernist hərəkatın öndə gələn nümayəndələrindən oldu.

Əsərləri:

  • Səyahət (The Voyage Out, 1915)
  • Gecə və gündüz (Night and Day, 1919)
  • Bazar ertəsi və ya Çərşənbə axşamı (Monday or Tuesday, 1921)
  • Ceykobsun otağı (Jacob’s Room, 1922)
  • Missis Dallouey (Mrs. Dalloway, 1925)
  • Mayaka doğru (To the Lighthouse, 1927)
  • Orlando: Bir həyat hekayəsi (Orlando: A Biography, 1928)
  • Özünə aid bir otaq (A Room of One’s Own, 1929)
  • Dalğalar (The Waves, 1931)
  • London mənzərəsi (London Scene, 1931)
  • İllər (The Years, 1937)
  • Flaş: Bir bioqrafiya (Flush, 1938)
  • Üç Qvineya (Three Guineas, 1941)
  • Pərdələr arasında (Between the Acts, 1941)
Roger Fry tərəfindən çəkilən Virciniya Vulf portreti

Virciniya Vulf “Səyahət” (1915) və “Gecə və gündüz” (1919) adlı romanlarının yayımlanandan sonra praktiki işlərə yönəldi. Həyatın aramsız axışını, xarakterin izaholunmaz xüsusiyyətini və xarici ünsürlərin şüurda buraxdığı izləri vurğulamaq istəyirdi. Zamanın həm ayrı-ayrı anlardan ibarət olan ardıcıl bir nizam kimi, həm də illərin və yüzillərin axışı kimi yaşanması da diqqətini çəkirdi.

“Ceykobsun otağı”ndan başlayaraq Vulf indiki zamanla keçməkdə olan zamanın şəxsi həyatdakı izlərini və şəxslərin tarixi zaman şüurunu əks etdirməyə çalışdı. “Missis Dallouey” və “Mayaka doğru” əsərlərində texniki ustalığını daha da inkişaf etdirdi.

Təkrarlanan görüntülər kimi bəzi poetik elementlərdən istifadə edərək bir ölçüdə də hadisələrin keçdiyi müddəti qısa tutaraq bu iki romana son dərəcə nizamlı bir forma qazandırmışdı. Tarixi bir fantaziya olan “Orlando”da (1928) I Elizabet dönəmindən 1928-ə qədər İngiltərən, xüsusilə də bu ölkədəki ədəbiyyat yaşamını təsvir etdi. “A Room of One’s Own” (1929) adlı uzun bir təcrübəsində qadın yazarların kişilərə aid bir dünyada qarşılaşdığı çətinliklər ifadə edilirdi.

Vulf “Dalğalar”la (The Waves, 1931) roman janrına qayıdaraq şüur axını texnikası üzərində durdu. Şəxs ya da hadisələrdən çox “insanın yeddi çağı”nı necə yaşadığına ağırlıq verdiyi bu romanda obrazlarının şüur axınını uşaqlıqdan qocalıq dönəmlərinə qədər olduğu kimi çatdırmağa çalışırdı. “Dalğalar”ı daha ənənəvi bir forma olan “İllər” əvəz etdi.

“Pərdələr arasında” əsərində isə hadisələr “Missis Dallouvey”də olduğu kimi bir gün ərzində baş verir, amma ingilis tarixinə xas bir kənd tamaşası vasitəsilə daha geniş bir zaman əks etdirilir, bir yandan da oxucuya müharibənin yaxınlaşmaqda olduğu çatdırılırdı. “Pərdələr arasında”nı bitirdikdən sonra Vulf ruhi bir sarsıntı keçirərək özünü evinin yaxınlığındakı çaya ataraq (59 yaşında) intihar etdi.

Vulfun iki dənə də bioqrafik əsəri vardı. Bunlardan biri Elizabet Baret Brouninqin (Elizabeth Barrett Browning) itinin xatirələri əsasında Brouninq ailəsinin həyatından bir hissənin təsvir olunduğu “Flaş”” (1933), digəri isə sənət tənqidçisi Roqer Frayın (Roger Fry) həyat hekayəsidir (1940).

Vulfun ən yaxşı tənqidi əsərləri “Adi oxucular” (The Common Reader, 1925), “Adi oxucular: ikinci hissə” (The Common Reader: Second Series, 1932), “Kəpənəyin ölümü” (The Death of the Moth, 1942) və “Qranit və göy qurşağı”dır (Granite and Rainbow, 1958).

Yazdığı gündəliklərin bəzi bölmələri Leonard Vulf (Leonard Woolf) tərəfindən “Yazıçının gündəliyi” (A Writer’s Diary, 1953) adı ilə, beş cildlik “Virciniya Vulfun gündəliyi” isə 1977-1984-cü illərdə yayımlanmışdır.

N. Nikolson (N. Nicolson) ilə J. Trautmanın (J. Trautmann) tərtib etdiyi “The Letters of Virginia Woolf” (Virciniya Vulfun məktubları) 1975-1980-ci illər arasında 6 cild halında nəşr olunmuşdur. Qardaşı oğlu Kuentin Bellin (Quentin Bell) yazdığı 2 cildlik bioqrafiya (1974) Vulf haqqında yazılmış ən ətraflı əsər hesab olunur.

Virciniya Vulf yaşadığı dönəmin qadın-kişi bərabərsizliyinə görə qardaşları kimi məktəbə göndərilmədi. Lakin atasının kitabxanasında özünü inkişaf etdirərək qadın olmağın bədbəxt taleyini rədd edib, bu patriarxal cəmiyyət quruluşunu məhv etməyə qərarlı idi. Feminist bir manifest xüsusiyyəti daşıyan “Pul qazanın, özünüzə aid ayrı bir otaq və boş zaman yaradın. Və yazın, kişilər nə deyər deyə düşünmədən yazın” sözləri ilə Viktoriya dövrü qadınlarının mayakı oldu, fırtınalı gecələrin nəhəng dalğalı sularında yol göstərdi onlara. Elə ki, ölümündən illər sonra bizlərin belə yoluna işıq tutur.

Hələ 3 yaşında ikən anasını itirdi. Bu hadisə öz deyimi ilə desək, “ola biləcək ən böyük fəlakət” idi onun həyatında. Beləcə, xəstəliyinin toxumları hələ 13 yaşında ikən ruhuna atılmağa başladı.

Nə qədər güclü və qeyri-adi düşüncələri, sağlam bir duruşu olsa da, həssas şəxsiyyəti onun sonunu gətirdi. II Dünya müharibəsi ilə birlikdə xroniki bir böhran halına gələn ruhi sayıqlamalarına artıq dözə bilməyən Virciniya Vulf 28 mart 1941-ci ildə ciblərinə doldurduğu daşlarla özünü evlərinin yaxınlığındakı Ouse çayına ataraq intihar etdi.
Məzar daşında “Dalğalar” adlı kitabının “Özümü sənə doğru atacağam, yenilmədən və boyun əymədən, ey ölüm!” cümlələri yazılıb.

Həyat yoldaşı Leonard Vulfa yazdığı təsirli intihar məktubunun orijinal mətni və tərcüməsi ilə aşağıda tanış ola bilərsiniz.

Leonard Vulfa, 18 mart 1941

“Ən sevdiyim,

Yenə dəli olmaq üzrə olduğumu hiss edirəm. O qorxunc zamanların bir digərini artıq sovuşdura bilməyəcəyik. Və mən bu dəfə sağalmayacağam. Səslər eşitməyə başladım və diqqətimi toplaya bilmirəm. Buna görə, məncə, edilməli olan ən yaxşı şeyi edirəm. Mənə verilə biləcək ən böyük xoşbəxtliyi verdin. Hər şeyim oldun, bir insanın nə qədər yanında oluna bilərsə, o qədər yanımda idin. Bu iyrənc xəstəlik gün üzünə çıxmadan öncə birlikdə bizim qədər xoşbəxt ola biləcək iki insan daha düşünə bilməzdim. Daha çox mübarizə aparmağa gücüm qalmadı. Həyatını məhv etdiyimin fərqindəyəm və mən olmasam, rahatca işləyə biləcəyini bilirəm. Bunu sən də görəcəksən. Bax düz-əməlli yaza da bilmirəm. Demək istədiyim odur ki, həyatımdakı bütün xoşbəxtliyimi sənə borcluyam. Ən başından bəri səbirli və inanılmaz dərəcədə yaxşı oldun mənə qarşı. Demək istədiyim, bunu hər kəs bilir, məni xilas edə biləcək biri olsaydı, o, sən olardın. Sənin mənə qarşı olan sarsılmaz yaxşı niyyətindən başqa qalan hər şeyi itirdim. Artıq həyatını məhv etməyə davam edə bilmərəm. Başqa iki insan səninlə mənim qədər xoşbəxt ola bilməzdi. V.”

Son olaraq fərqli zamanlarda yaşamış 3 qadının bir gününü “Mrs. Dalloway” kitabından təsirlənərək birləşdirən və Nikol Kidmenin (Nicole Kidman) Virciniya Vulf rolu ilə “Oscar” mükafatı qazandığı “The Hours” (Saatlar) filmini izləməyinizi tövsiyə edirik.

 

Mənbə:

Dünyanın Dışında Kalmış Bir Kadın: Virginia Woolf

https://www.turkedebiyati.org/virginia-woolf.html

Redaktə etdi: Fatimə Əliyeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin