Marsın arvadı çadralıdır

0

Bu parlaq ulduzu çox vaxt “axşam”, ya da “dan” ulduzu adlandırmışlar. Qədim xalqlar isə bunun başqa-başqa ulduzlar olduğuna inanırdılar. Yerin axşam səmasında Venera çox erkən, hələ tam qaranlıq düşməmiş görünür. Səhər isə, Günəş çıxandan sonra mavi səmada sanki başqa ulduz yoldaşlarından ayrı düşmüş kiçik bir ulduz görmək mümkündür. Bu – Veneradır.

O öz orbiti üzrə hərəkət edərək Yerə yaxınlaşanda Günəş və Aydan sonra səma cisimləri arasında ən parlaq olur. Bəzən onun işığından xəfif kölgə də düşə bilir.

Ən güclü teleskoplarla da Veneranın səthini müşahidə etmək mümkün deyil. Onu sıx buludlu atmosfer elə bürüyüb ki, bəzən Veneranı “çadralı planet” adlandırırlar.

Bəs bu çadra nədən toxunub? Karbon qazından! XIX yüzilliyin 60-cı illərində astronomlar spektral analiz yolu ilə Veneranın atmosferində “həyat qazları” – oksigen və su buxarı tapmaq istəsələr də, tapa bilməmişdilər. XX əsrdə Pulkovo rəsədxanasında (Rusiya) astronom A.Belopolski və Flaqstaffda (Arizona, ABŞ) V.M.Slayfer də buna uğursuz cəhd göstərmişlər. 1932-ci ildə amerikan astronomları U.Adams və T.Denhem Maunt-Vilson rəsədxanasında Veneranın spektrində üç zolaq aşkar etdilər. Bu onu göstərirdi ki, Venera “havasında” karbon qazının miqdarı çox yüksəkdir. 1923-cü ildə astronomlar E.Pettit və S.Nikolson Veneranın temperaturunu ölçməyə cəhd göstərsələr də, yalnız 1955-ci ildə Sinton və Stronq (ABŞ) onun bulud örtüyünün -40⁰C olduğunu müəyyənləşdirə bildilər.

Astrofizika üsulları ilə onun buludlarının təbiətini müəyyən etmək mümkün olmadı. 50-ci illərin ortalarında Venera atmosferini radioastronomiya üsulları ilə öyrənməyə başladılar. Ancaq alimlər daha dəqiq məlumatı 60-cı illərdə Kosmosa ilk uçan aparatlar göndəriləndən sonra aldılar.

Qəzəbli Marsdan fərqli olaraq, gözəl Venera tədqiqatlara müqavimət göstərmirdi. Ancaq son 40 il ərzində onun haqqında biliklərimiz o qədər də artmayıb.

Amerika alimi Karl Saqanın fərziyyəsinə görə, Venera atmosferi nəhəng istixanadır. Atmosfer 96% karbon qazından ibarətdir. Qalan 4%-in payına su buxarı, azot, metan, ammonyak, azot-oksidi, kükürd-oksidi, xlor və flüor birləşmələri, oksigen düşür.

Venera atmosferində təzyiq çox yüksəkdir – 100-110 atmosferə çatır. İnsan Veneranın səthinə çıxa bilsəydi, əzilib yerə yapışardı. Veneranın səthinə enəcək aparatın möhkəmliyi okeanın 1 km dərinliyinə enən batiskaf kimi olmalıdır. Venerada insan nəfəs ala bilməz – skafandrı çıxardan kimi boğular. Üstəlik, başına sulfat turşusu yağar.

Veneranın buludları çox sıxdır. Onlar ayna kimi Günəşin işığını əks etdirir. Ona görə dan ulduzu bu cür gözəl və cazibədar görünür.
Əsl gözəl kimi, Venera da daim buludlardan olan aynasına tamaşa edir.


Mənbə:

Ayna ensiklopediyası

Space.com

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin