Qədim Dünyanın Yeni Dünyaya Qatqısı Nədir?

0

XX əsrin əvvəllərindən etibarən Avropada özünün pik dövrünü yaşayan böyük genişlənmə hərəkatı hələ Genuyalı dəniz səyyahı Xristofor Kolumbun (Christopher Kolumbus) öz ekspedisiya fəaliyyətinə başlaması üçün İspaniyalı kraliça İzabellanın razılığını ala bilmək məqsədilə etdiyi təşəbbüslərindən çox daha öncəki bir zamanda başlamışdır.

                          Xristofor Kolumb

Belə ki, XI əsrdən başlayaraq vikinqlər Amerika qitəsinə ayaq basmış, genuyalılar, ispanlar, venesiyalılar XII və XIII əsrlərdən başlayaraq etdikləri məhdud sayda kəşflərdən çox şey öyrənmiş, minlərlə insanı və heyvanı zəruri vasitələrlə uzun müddətə xarici ölkələrə göndərə biləcək bir vəziyyətə gələrək tanımadıqları diyarlarda, çox da vərdiş etmədikləri iqlim mühitlərində necə həyatda qala biləcəklərinə dair məlumat toplamışdılar. İtalyanlar isə hətta minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrdə, məsələn, Rusiyada ticarət koloniyaları quraraq burada yaşayan insanlarla necə rəftar etmək lazım olduğunu öyrənmiş, bir sözlə, öz-özlərini idarə edə
bilmək vərdişləri qazandılar. Məhz əsrlərlə toplanan bu biliklər sayəsində portuqal, ispan və italyan dənizçi və cəngavərləri IV əsrdə Atlantik okeanına çıxış əldə edə bilmiş, sahildən təqribən 1500 kilometr uzaqlıqda yerləşən Kanar (adı çəkilən ada Mərakeşin qərbində İspaniyaya yaxın bir ərazidə qərarlaşan, Atlantik okeanında yer alan bir farxipelaqdır) və Azor adalarında (nəzərinizə çatdıraq ki, həmçinin bu ada da Atlantik okeanda yerləşir) yaşayan xalqlara avropasayağı idarəetmə formalarını mənimsədə bilmişdilər.

Qeyd edək ki, o dövrün məşhur dənizçilərindən olan Portuqaliya şahzadəsi Henri (1394-1460) heç də novator biri deyildi, amma buna baxmayaraq, Qərb mədəniyyətinin ən böyük güclərindən müəyyən qismini bir araya gətirib onları Afrika qitəsinin qərb sahillərini fəth etməyə vadar edəcək qədər böyük bir yenilik sahibi olmağı bacarmışdır. Gəmiçi Henri ilə işbirliyi edən Qomez Eanez de Azuraranın (Gomes Eannes de Azurara) XV əsrin ortalarından etibarən yazmağa başladığı “Chronica del Rei D. Joam İ de boa memoria. Terceira parte em que se contam a Tomado de Ceuta”, yəni portuqal dilində qeyd olunan bu yazılar onların sözügedən kəşflə nələri hədəflədiklərini açıq-aydın ortaya qoymuşdur.

İndi isə elə uzaq keçmişlərə səyahət etmişkən gəlin Qomez Eanez de Azuraraya məxsus olan aşağıdakı məcmuədə həmin zamanların böyük tapıntılarından sayılan Qvineyanın kəşfi yolunda aydınlıq tapan bəzi faktlarla tanış olaq:

QVİNEYANIN KƏŞFİ VƏ FƏTHEDİLMƏ          XRONOLOGİYASI 

Qomez Eanez de Azurara

Bu yazıda dənizçi şahzadə Henrini (mətnin orijinalında bu şəxs Lord İnfant, “Kiçik Lord” və ya “Körpə Lord” olaraq da xatırlanır) Qvineyanı kəşf etməyə yönəldən 5 əsas səbəb haqqında ətraflı məlumat alacağıq. Ona görə də, vaxt itirmədən Qomez Eanez de Azuraranın o dövrdə qələmə aldıqlarını sizlər üçün təqdim edirik:

“Əgər hər birimiz istehsal edilən şeyi tanısaq və onun nə məqsədlə istehsal olunduğunu öyrənsək, həmin nəsnənin necə fəaliyyət göstərdiyini də bildiyimizi sanarıq. Qərbi Afrika sahillərinin kəşfi işlərində öncüllük edən şahzadə Henri haqqında bir az bilgi sahibi olduqdan sonra onun məqsədləri ilə bağlı müəyyən informasiya əldə etməyimiz də zəruridir. İlk öncə deməliyəm ki, şahzadənin soylu ruhdan olması onu böyük işlər görməyə vadar edirdi. Seutanı fəth etdikdən sonra gəmilərini kafirlərə qarşı hər zaman hazır bir vəziyyətdə saxlamağa çalışması lazım olduqda onun həm mübarizə apara bilməsi, həm də Kanar Adalarının və Bojador adlı Burunun yaxınlığındakı ayaq basılmamış, hələ də müəmmalı qalan bəzi əraziləri kəşf etmək istəyi ilə əlaqədar idi. Hətta St. Brandon həmin ərazilərdən keçdiyi zamanı iki vadinin arasında yerləşən adı çəkilən Burnun dönməsi və beləliklə də həmin hadisədən sonra Brandonun bir də heç yerdə görünməməsi ilə bağlı rəvayətlər dolaşmağa başlamışdır. Lakin buna inanmaq çətindir, çünkü əgər bu cür olsaydı, digərləri də bu bölgələri araşdırmaq həvəsinə düşməz, hətta, soraqlamazdılar.

Şahzadə Henri də məhz bu prinsipi əsas tutaraq orada nələrin baş verdiyinə dair məlumata özünün sahiblənə bilməyəcəyi təqdirdə, nə hər hansı digər bir dənizçinin, nə də bir tacirin buna cəsarət edə bilməyəcəyini düşünürdü (və təbii olaraq da öz mövqeyində haqlı idi, çünki heç kim ona bir ümid işığı saçmayan və ya mənfəət vəd etməyən bir yerə getmək xəyalına qapılmaz) və məhz buna görə də, öz gəmilərini hazır vəziyyətə gətirərək bunu Tanrı xatirinə və böyük qardaşı kral Edvard üçün etməyi özünə hədəf olaraq müəyyənləşdirdi. Beləliklə, bu cür gərgin səyahətə başlamasının ilk səbəbi artıq
hər birimiz üçün şəffaflıq tapmış oldu.

İkinci səbəb sözügedən diyarlarda xristianlardan ibarət birliyin və qorxmadan  sığınıla biləcək hər hansı bir limanın və ya qərargahın aşkar ediləcəyi halda həmin əraziləri faydalı bir məkana çevirərək ölkənin nüfuzuna müsbət təsir göstərəcək ticarət yolu açmaqdan ibarət olmuşdur.

Üçüncü səbəb kimi həmin dövrdə rəvayət şəklində geniş yayılan bəzi fikirlər göstərilirdi. Belə ki, Afrikada mövcud olan Moor adlı tayfanın düşünüləndən daha çox gücə malik olması və onların arasında heç bir xristiana rast gəlinməməsi həmin fikirlərin əsas məğzini təşkil edirdi. Hər bir ağıllı, sağlam düşüncə tərzinə malik insan düşməninin gücünü bilmək məcburiyyətində olduğundan şahzadə Henri də bu məsələnin tam olaraq araşdırılmasını və həmin kafirlərin gücünün hansı ölçüdə olmasının müəyyənləşdirilməsini istəyirdi.

Moor tayfasından olan dəstəbaşının  portreti

31 il ərzində Moorlar ilə mübarizə apararkən bu ölkədəkilər xaric, qalan heç bir xristian kralın onun özü kimi Hz.İsaya olan sevgisindən irəli gələrək kömək etmək istəyindən çıxış etməməsi isə bu cür addım atmasının dördüncü səbəbi olmuşdur. Daha dəqiq desək, oralarda özü ilə birlikdə
kafirlərə qarşı mübarizə aparacaq qədər inanclı xristian şahzadələrinin olub-olmamasını aydınlaşdırmaq şahzadə Henrinin düşüncəsini məşğul edən amillər sırasında qərarlaşmışdır.

Beşinci səbəb Hz.İsanın təlimini yaymaq  və ona xilas ediləcək ruhlar təqdim etmək üçün Henrinin duyduğu böyük arzudan irəli gəlirdi. O, Hz.İsanın Yenidən Doğum, ölüm və ehtiras sirrinin arxasında duran əsl məqsədin bu olduğuna, yəni, itmiş olan ruhlar olduğuna inanır və oradakıları düzgün yola gətirməyi özünə vəzifə olaraq gördüyündən bunun Tanrıya xidmətin ən yaxşı yolu olduğunu fikirləşirdi. Əslində, həmin məqamın da arxasında bir psixoloji səbəb dururdu. Çünki Tanrı edilən tək
bir yaxşılıq qarşılığında yüz yaxşılıq vəd edirdi. Ona görə də, şahzadə Henri düşünürdü ki, onun cəhdləri nəticəsində xilas ediləcək olan onlarca ruh, idarə etdiyi krallığına Tanrının yüz qat daha artıq mükafatı qismində geri dönəcək və hətta, öldükdən sonra belə onun ruhu səmavi aləmdə də çox böyük hörmətlə qarşılanacaqdır. Bütün qeyd etdiyim hadisələri qələmə alarkən o diyarlarda
müqəddəs inancına sadiq qalan o qədər çox insan gördüm ki, əgər şahzadə bir kafir olsaydı belə, həmin mömin şəxslərin etdiyi dualar sayəsində məhkum edildiyi hər hansı bir cəzadan asanlıqla qurtula bilərdi.

Nəhayət, bu beş səbəbin hamısının təməlində dayanan altıncı bir səbəb də var
idi: Səmavi çarxın uyğun olması! Kral həzrətlərinə bir neçə gün öncə yazdığım bir məktubda da qeyd etdiyim kimi, ağıllı insanlar ulduzların hökmdarı olacaq və planetar hərəkətlər (müqəddəs hesab
edilən şəxslərin təxminlərinə görə) xeyirxah adamlara maneə törətməyəcəkdir. Planetlərin Tanrının iradəsində olduğu, fərqli məqsədlərə xidmət etməklə öncədən müəyyən edilmiş bir biçimdə hərəkət edərək daha alt səviyyədəki varlıqlar üzərində təsirli olduqları və onların davranışlarını yönləndirdikləri məlumdur. Bir katolik olaraq bunu deyə bilərəm ki, səmavi çarxın  mənfi yöndə fəaliyyətindən Tanrının lütfü ilə xilas olmaq mümkündür. Onun şanslı yaratdıqları insanlar yenə onun yardımı ilə yollarına davam etməklə yanaşı, özlərini daha da inkişaf etdirə bilərlər. Burada şahzadənin təbiətin məhdudlaşdırıcı təsirinə rəğmən necə bu işlərə meyilləndiyinə aydınlıq gətirəcəyəm. Yüksələni Qoçdur və Günəş on birinci Mars, Saturnun evi olan Dolçada, yəni ümid evində məskunlaşmışdır. Bütün bunlar şahzadə Henrinin böyük fəthlər edəcəyinə, Saturnun təsiri ilə heç kimin bilmədiyi sirlərə varacağına dəlalət edirdi…”

Azurara aşağıda qeyd etdiyimiz yazıda isə portuqalların Afrikadan iki yüzdən çox Moros kölə (ispanların şimal-qərbi Afrikaya verdikləri addır. Məğrib olaraq da adlandırılır. Bu yer adı sonralar bölgədə yaşayan müsəlman qövmlər üçün istifadə edilməyə başlandı. Coğrafi kəşflər və müstəmləkəçi fəaliyyətlərlə bərabər aşkar edilən, Uzaq Şərqdə yaşayan “yeni” müsəlman qövmlər də çox keçmədən bu ad altında çağırılmağa başlandı. Bəzən Moros sözü “aşağılamaq, təhqir etmək”
kimi mənanı da özündə əks etdirirdi) ilə qayıdışını, bunların şahzadə Henri tərəfindən necə qarşılandığını və onun Afrika macərası zamanı qənimət kimi əldə edilmiş “insan artıqları”nın ərazi üzrə necə səpələnməsinə dair planlarını açıqlamağı bacarmışdır.

KÖLƏLƏRİN TƏƏSSÜF DOLU
DUYĞULARI VƏ QƏNİMƏTİN NECƏ PAYLAŞDIRILMASINA DAİR..

Ey böyük Tanrım, sən ki ilahi mahiyyətini itirmədən güclü əlinlə Müqəddəs Şəhərinin sonsuzluğunu idarə etməkdə və doqquz
qatlı yüksək dünyalardakı hər hərəkəti nəzarətin altına alıb çağların qısa və ya uzunmu olacağına istədiyin kimi hökm etməkdəsən, gözyaşlarım vicdanıma haqsızlıq etməsin deyə sənə yalvarıram, çünki məni ağladan onların inancsızlığı deyil, acınacaqlı halda olmalarıdır. Əgər vəhşi heyvanlar belə öz növlərinin çəkdiyi əzabı instinktiv olaraq hiss edə bilirlərsə, bir insan olaraq mən gözlərimin qarşısında baş verən bu acınacaqlı mənzərədən necə təsirlənməyə bilərəm? Bəs bunlar da Adəmin soyundan deyildilərmi?

Ertəsi gün, yəni avqust ayının səkkizinci günü, hava çox isti olduğundan dənizçilər səhər tezdən gəmilərdəki kölələri verilən əmr üzrə sahilə çıxarmaq üçün hazırlıq görməyə başladılar. İlk baxışdan gözəl bir görüntü meydana gəlmişdir: aralarında ağ dərili olanlara da rast gəlinirdi. Digərləri mələz (hərfi mənası “müxtəlif irqlərdən törəmiş olan” deməkdir) insanlar kimi bir az daha əsmər idi. Bəziləri isə efiopiyalılar kimi tünd dərili idilər, hansı ki, barələrində aşağı dünyadan gəldiklərinə dair fikrə qapılmaq olardı. Həmin kölələrdən bəziləri başlarını önə doğru əyərək qəmli nəzərlərlə bir-birinə baxır, müəyyən bir qismi isə sanki yardım gözləyirmiş kimi üzünü səmaya çevirərək çox ağır bir şəraitdə inləyir, geridə qalanlarının göz yaşları sel kimi dayanmadan axırdı. Belə acınacaqlı bir vəziyyətə heç bir qəlb davam gətirə
bilməzdi. Dillərini başa düşə bilmədiyimiz halda belə çıxardığı səslər çəkdikləri işgəncənin nə dərəcədə böyük olmasının göstəricisi idi. Bu da yetmirmiş kimi nəzarətçi şəxslər kölələri qrup şəklinə salıb ataları oğullarından, ərləri arvadlarından, qardaşları bacılarından ayıraraq onların üzərlərində daşımış olduqları iztirablardan qidalanaraq ağır bir yük daşına çevrilmiş əzablarını birə-beş daha da artırırdı. Bu zaman belə bir sual yaranır: Tale bir az daha mərhəmətli ola bilməzdimi?Doğrudanmı dünyanı istədiyi kimi idarə etmək qüdrətinə malik olan çarxın bu zavallı irqi əzab çəkərkən görüb onlara bir təsəlli bağışlayacaq zərrə qədər də olsa hər hansı bir anlayış göstərməsi
mümkünsüzdür? Yəni insanları bir-birindən təcrid etmək bu qədərmi asandır?

Qruplara bölünərək bir-birindən ayrı düşmüş atalar, oğullar, zövcələr aid olduqları yerdə dayana bilmir, o dəqiqə digərlərinin yanına qaçır, körpələri olan analar isə onlardan ayrı düşməmək üçün əllərindən gələni əsirgəmirdilər. Bütün bu olanlardan sonra ətraf xeyli izdihamlı idi, çünki hər kəs işini-gücünü buraxıb yeni bir şey görmək üçün seyrə gəlmişdi. Bəziləri gördüklərindən çox təsirlənərək ağlamış, bəziləri isə əksinə, bölgünü reallaşdıran nəzarətçi şəxslərə bu prosesi daha da sürətləndirmək üçün kömək etmişdir. Həmin hadisələr gerçəkləşən zaman şahzadə Henri də burada idi. Yanında köməkçiləri olmasına baxmayaraq, kölələrin arasından şəxsən seçim edərək payına düşənləri özü üçün
alırdı. Onların beşdə bir hissəsini təşkil edən 49 ruhu çox qısa bir zamanda seçmişdi, çünki əsl mükafat qeyb olan bu ruhların çox tez bir zamanda xilasa çatması idi..

Müəllif: Aynurə Məmmədova

Mənbə: Batıya yön veren metinler (2-ci cild)

Redaktə etdi: Fatimə Əliyeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin