Azərbaycan – İsrail münasibətləri (mədəni aspektdə)

0
ultraorthodox Jewish rally in Foley Square and march around Chinatown Manhattan NY, against the secularization and army service conscription for Haredi Jews in Israel. photo by Stefano Giovannini

Azərbaycan dünya yəhudi elitasının diqqət mərkəzinə 1810-cu ildən düşməyə başlayıb. Həmin dövrdə ilk aşkenazilər Bakıda məskunlaşmağa başlayıblar. 1832-ci ildə isə yəhudilərin Bakıda ilk ibadət evləri inşa olunub.
Hazırda Bakı şəhərində yəhudilərin üç sinaqoqu mövcuddur. Bir sinaqoq isə Azərbaycanın Quba rayonunda, dağ yəhudilərinin iri icmasının məskunlaşdığı Qırmızı Qəsəbədədir. Bu, keçmiş Sovet İttifaqı ərazisində yəhudilərin kompakt yaşamaqda olduğu yeganə yer idi.
Azərbaycanda yəhudilərə həmişə yaxşı münasibət bəslənib və burada heç zaman antisemitizm halları olmayıb. Hər iki ölkəni yaxınlaşdıran daha bir amil isə Azərbaycanda yəhudi diasporunun və İsraildə Azərbaycandan getmiş 80 mindən artıq yəhudinin yaşamasıdır.

Ölkələr arasında mədəni əlaqələrin inkişafında diasporun rolu böyükdür. Yəhudi icması Azərbaycanda ən fəal icmalardan biridir.

Azərbaycan Respublikasında 3 yəhudi icması mövcuddur: əsasən Quba (Qırmızı Qəsəbə) və Bakıda yaşayan dağ yəhudiləri; əsasən Bakı və Sumqayıtda yaşayan yəhudi aşkenazlar; Gürcüstanla sərhəddə yaşayan Gürcüstan yəhudiləri.
Azərbaycanda “Soxnut” yəhudi agentliyi, “Coynt” və “Vaad-L-Xetzola” komitələri yəhudi adət-ənənələrinin qorunması və saxlanılması ilə məşğul olur. Həmçinin yəhudi icmasının mədəni mərkəzi, “Yeva” qadın cəmiyyəti, “Hesed-Qerşon” xeyriyyə cəmiyyəti, “Alef“, “Kilel” gənclər klubu, “Mişpaxa” videoklubu, yəhudi dini məktəbləri – ieşivlər, “Xabad Or-Avner” orta məktəbi fəaliyyət göstərir.

Mədəni əlaqələrin qorunması. Bakıda 2003-cü ildə açılmış sinaqoq Avropada ən böyük sinaqoqlardan biri sayılır. Quba rayonunun Qırmızı Qəsəbə kəndində sinaqoq və dini ayinləri icra etmək üçün mikva mövcuddur.
Azərbaycanda “Az-İz“, “Qüllə” və “Amişav” kimi yəhudi dilində qəzetlər nəşr olunur.
İsraildə də Azərbaycandan gəlmə yəhudilər mədəni əlaqələrin saxlanılmasında çox fəaldırlar. Burda Azərbaycan mədəniyyət guşəsi, Afula şəhərində Azərbaycan mədəniyyət mərkəzi, Azərbaycanda İsrail mədəniyyət mərkəzi fəaliyyət göstərir.
1991-ci ildə İsrailin Hayfa şəhərində Azərbaycandan gedən yəhudilər tərəfindən “Hayfa-Bakı” Cəmiyyəti yaradılıb.
25 may 2005-ci ildə Azərbaycan əsilli məşhur caz pianoçusu Leonid Ptaşka həmkarı Şlomo Qronixlə birgə Müslüm Maqomayev adına Bakı Filarmoniyasında konsert vermişdir.
12 Aprel 2007-ci ildə İsraildə əsası qoyulmuş Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (Azİz) iki ölkə arasında mədəni, elmi, iqtisadi əməkdaşlığın genişlənməsində böyük rol oynayır. Təşkilatın bu ölkədə 50 mindən çox üzvü var. Azİz-in təşkilatçılığı ilə 2008-ci ilin noyabrında İsraildə M. Maqomayevin xatirə gecəsi keçirilib. 21 iyun 2007-ci ildə Bakıda İsrail-Azərbaycan diplomatik münasibətlərinin 15-ci ildönümünə həsr olunmuş muğam konserti keçirilib.

Ölkələrarası ticarət. İsrail Azərbaycan neftinin ən iri alıcılarından biridir. O, neftə olan tələbatının 30 faizini Azərbaycan nefti hesabına ödəyir. İsrail həmçinin Azərbaycandan böyük həcmdə neft məhsulları idxal edir. Hazırda İsrail Azərbaycan qazını almağa maraq göstərir.
1993-cü ildən Azərbaycanın AZAL şirkəti Bakı və Tel-Əviv arasında hava reysini həyata keçirir. Azərbaycanda mobil telefon sahəsində ilk dəfə İsrail şirkəti – “Bakcell” investisiya yatırıb və Azərbaycan bazarında ilk mobil telefon operatoru olub. 2007-ci ilin fevralında iki ölkə arasında ilk iqtisadi sənəd olan İnvestisiyaların Qorunması və Təşviqi haqqında razılaşma imzalanıb.
7-8 iyul 2009-cu ildə Bakıda İsrail-Azərbaycan Tikinti Forumu keçirilib. Forumda 6 İsrail şirkəti iştirak edib. 29 iyun 2009-cu ildə Bakıda Azərbaycan-İsrail biznes-forumu keçirilib. Forumda İsrail tərəfindən 6 şirkət və həmçinin hər iki ölkənin prezidentləri iştirak etmişdir.
Bakı-Şamaxı-Yevlax yolunun Muğanlı-Yevlax hissəsinin (156 km) yenidən qurulması layihəsində İsrailin “Binui” ve “Shikun” şirkəti də iştirak edir. Hazırda Azərbaycanda onlarla İsrail firması fəaliyyət göstərir. İki ölkə arasında ticarət dövriyyəsi 2009-cu ildə 4 milyard dollara çatıb. Azərbaycan-İsrail parlamentlərarası işçi qrupu fəaliyyət göstərir. İsrail Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. 2009-cu ildə Azərbaycana səfəri zamanı İsrail Prezidenti Şimon Peres ölkəsinin bu mövqeyini bir daha bəyan edib. 

Mənbə: Bakı Slavyan Universiteti “Diplomatiya və xarici siyasət kafedrası”nın müəllimləri Əliyeva Aygün, Sadıqova Pərvin xanımın mühazirələrindən ümumiləşdirmə.

Redaktə etdi: Pəri Abbaslı

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin