Pul sistemi

0

 

Restoranda nahar sifariş edərkən siz özlüyündə müəyyən dəyəri olan toxluq hissini duyacaqsınız. Göstərilən xidmətlərə görə hesablaşmaq üçün siz restoran sahibinə üzərində qəribə simvolların, hökumət binaların təsviri və görkəmli siyasi xadimlərinin portreti olan bir neçə kağızın bir az əzik vərəqlərini verəcəksiniz. Siz eyni ilə ona yalnız bankın adı və imzanız olan təkcə bir vərəq də verə bilərsiniz. Nəğd və ya çeklə ödəyəcəyinizin fərqinə varmadan hər halda restoran sahibi əlindən gələn hər bir şeyi edəcək ki, özlüyündə heç bir dəyəri olmayan bir neçə kağızın əvəzində sizin bütün arzularınızı yerinə yetirsin.

Müasir iqtisadiyyatla əlaqəsi olan hər bir insan üçün bu qayda heç də qəribə deyil. Kağız pulların daxili dəyəri yoxdursa da, restoran sahibi əmindir ki, gələcəkdə kimsə üçüncü bir şəxs onları ondan restoran üçün gərəkli olan mal və ya xidmətin əvəzinə alacaq. Öz növbəsində həmin üçüncü şəxs bir zərrə də şübhə etmir ki, pulları eyni ilə almağa hazır olan beşinci şəxsin də tapılacağını bilən dördüncü şəxs vardır və s.

Restoran sahibi kimi, qalan adamlar üçün də nəğd pul və ya yazılmış çek onların sahibinə mal və xidməti almaq hüququnu verir.

Saziş həyata keçirilərkən puldan istifadə böyük və mürəkkəb insan birliklərində son dərəcə faydalıdır. Bir anlıq təsəvvür edin ki, iqtisadiyyatdan mal və xidmətlərin əvəzində qəbul edilən ödəniş işarələri götürülüb. Bu halda adamlar barterə, yəni lazımi malı almaq məqsədilə məhsulun qarşılıqlı mübadiləsinə keçməyə məcbur olacaq. Məsələn nahar etmək imkanını almaq üçün siz restoran sahibinə onun üçün müəyyən dəyəri olan nəyi isə etmək: döşəməni süpürmək, avtomobili yumaq və ya restorana xüsusi ailəvi yemək reseptini bağışlamağı təklif etməli olacaqsınız. Barter mübadiləsinə əsaslanmış iqtisadiyyat mütləq məhdud resursların effektiv bölüşdürmə problemi ilə toqquşacaq. Belə şəraitdə ticarət aparmaq üçün iqtisadçıların təbirincə desək, arzuların ikiqat üst-üstə düşməsi – iki adamda onların bir-biri ilə mübadilə aparmağa hazır olduğu malları olması kimi son dərəcə nadir hal tələb olunur.

Pulların olması ticarəti xeyli sadələşdirir. Restoran sahibinə sizin ona münasib mal və ya xidməti təklif edəcəyiniz barədə düşünmək lazım gəlmir. O, başqa adamların da pulları məmnuniyyətlə ondan alacağını bilərək sizin pulları almağa şad olacaq. Bu qayda ticarətin imkanlarını xeyli genişləndirir. Restoran sahibi pulları alır və onları baş aşpazın əmək haqqının ödənilməsinə istifadə edir; baş aşpaz bu pulla uşaq bağçası haqqını ödəyir; uşaq bağçası bu vəsaitləri tərbiyəçinin əmək haqqına yönəldir; tərbiyəçi öz növbəsində əldə etdiyi vəsaiti özü üçün başqa yerə yönəldir və s. Pulların sərbəst axını hər bir adama onun daha yaxşı bacardığı işlə məşğul olmağa imkan yaradaraq istehsal və ticarəti yüngülləşdirir, habelə əhalinin rifah halının yüksəlməsinə təsir göstərir.

Pulların rolu və əhəmiyyəti

Pul nədir? İlk baxışdan sual qəribə görünə bilər. Siz milyarder Bill Qeytsin (Bill Gates) maddi durumu haqqında oxuyarkən söhbətin nədən getdiyini çox gözəl başa düşürsünüz. B. Qeyts o dərəcədə varlıdır ki, praktiki olaraq istədiyi hər bir şeyi ala bilər. Bu mənada pul ifadəsi sərvəti bildirmək üçün istifadə edilir. Buna baxmayaraq iqtisadçılar bu sözü daha konkret mənada işlədirlər: pul – insanların mal və xidmətləri digər fərdlərdən əldə etmək üçün müntəzəm istifadə etdikləri aktivlərin cəmidir.

Cibinizdə olan nəğd pul ona görə puldur ki, siz onu restoranda naharın ödənilməsi və ya geyim mağazasında köynəyin əldə edilməsi üçün istifadə edə bilərsiniz. Əgər sizə Bill Qeytsin hazırda sahibi olduğu Microsoft korporasiyasının səhmlərini əldə etmək nəsib olarsa, varlı adam olacaqsınız, lakin bu vəsaitləri pul kimi nəzərdən keçirmək mümkün olmayacaq. Səhmlərin bir hissəsini nəğd pula çevirməyənə qədər siz səhmlərin vasitəsi ilə naharın və ya köynəyin haqqını ödəyə bilməyəcəksiniz. İqtisadçıların tərifinə müvafıq olaraq pullara maddi dəyərlərin yalnız elə növləri aiddir ki, onlar mal və xidmətlərin əvəzində satıcılar tərəfindən daim qəbul edilir.

Pulun funksiyaları

İqtisadiyyatda pul üç funksiyanı yerinə yetirir: tədavül vasitəsi, dəyər ölçüsüyığım vasitəsi. Bu 3 funksiyanın vəhdəti pulları aktivlərin digər növlərindən fərqləndirilir.

Tədavül vasitəsi anlayışı altında alıcının mal və ya xidmətləri alarkən satıcıya verdiyi xüsusi növ əmtəə başa düşülür. Siz paltarı alarkən malın əvəzinə geyim mağazasında pul qoyursunuz, pulların alıcıdan satıcıya bu cür verilməsi sazişin baş tutmasına imkan verir. Siz həmişə əminsiniz ki, istənilən mağaza pullarınızı əldə edilən malların ödənişinə qəbul ediləcək, belə ki, pul hər yerdə geniş yayılmış mübadilə vasitəsidir.

Dəyər ölçüsümal və xidmətlər üzərində qiymətlərin müəyyən edilməsi, qoyulması və öhdəliklərin qeydə alınması üçün adamların istifadə etdiyi ölçü vahididir. Mağazada görürsünüz ki, köynək 20 dollar, hamburger isə 2 dollardır. Köynək on hamburger, hamburgerin isə 1/10 köynək dəyərində olduğunun ədalətli təsdiqinə baxmayaraq qiymətlər heç vaxt bu cür qoyulmur. Eyni ilə bankdan borc götürdükdə qaytarmalı olacağınız məbləğin ölçüsü hər hansı mal və xidmətin kəmiyyəti ilə deyil, dollarla ölçüləcək. Hər hansı iqtisadi parametrin dəyər ifadəsini ölçdükdə və qeydiyyata aldıqda hesab vahidi kimi həmçinin puldan istifadə edirik.

Yığım vasitəsi insanların alıcılıq qabiliyyətinin bu gündən gələcəyə keçirilməsi üçün istifadə etdikləri xüsusi vəsaitdir. Əgər bu gün satıcı mal və ya xidmətin əvəzində pul alırsa, o, alınan məbləği saxlaya və onun üçün əlverişli olan hər bir vaxtda alıcı rolunu oynaya bilər. Aydındır ki, müasir iqtisadiyyatda pul yeganə yığım vasitəsi deyil. Bu məqsəd üçün səhmlər, istiqrazlar, daşınmaz əmlak və s. istifadə edilir. Sərvət termini altında pul kimi digər aktiv növləri də daxil olunmaqla bütün yığım vasitələrin cəmi başa düşülür.
Hər aktiv növünün iqtisadiyyatda qəbul olunmuş tədavül vasitəsinə çevrilməsinin asanlıq dərəcəsini müəyyən etmək üçün iqtisadçılar pula çevrilə bilmək (likvidlik) anlayışından istifadə edirlər. İqtisadiyyatda pul tədavül vasitəsi rolunu yerinə yetirdiyi üçün o, aktivlərin daha likvid növü sayılır. Başqa aktivlərin likvidliyi müxtəlif ola bilər. Səhm və istiqrazların əksəriyyəti istənilən anda az bir məsariflərlə satıla bilər, buna görə onlar nisbi likvid aktivlərdir.

Pul növləri

Daxili dəyərə malik olan əmtəə pul rolunda çıxış etdiyi hallarda o, əmtəə pulları adlanır. Daxili dəyər anlayışı və pullar hətta pul kimi istifadə edilmədikdə belə dəyərə malik olan pullara aid edilir.

Əmtəə pullarının nümunəsi ümumi daxili dəyəri olan qızıldır, belə ki, həm sənayedə, həm də zərgərlik məmulatları hazırlandıqda ondan istifadə edilir. Biz hazırda qızıl sikkələrdən istifadə etmirik, lakin onun bazarda hərəkətinin çoxəsrlik tarixi vardır. Qızılın pul kimi xüsusi tanınmışlığı onun nisbətən sadə yerdəyişməsi, ölçülməsinin asanlığı və tərkibində qarışıqların yoxlanılmasının mümkünlüyü ilə əlaqədardır. İqtisadiyyatda pul kimi qızıl sikkələrdən (indi və ya ilk tələbə görə qızıla dəyişdirilə bilər kağız pullar) istifadə edildikdə deyirlər ki, onda qızıl standart vardır.

Əmtəə pullarının başqa bir nümunəsi siqaretlərdir. İkinci Dünya müharibəsi illərində hərbi əsirlər üçün düşərgə məhbusları siqaretləri yığım vasitəsi hesab vahidi və tədavül vasitəsi kimi istifadə edərək bir–birilərinə müxtəlif mal və xidmətlər satırdılar. Eyni ilə Sovet İttifaqı dağılan zaman 1990-cı illərin əvvəllərində Moskvada tütün məmulatlar rublu çox gözəl əvəz edirdi. Hər iki şəraitdə hətta siqaret çəkməyənlər belə onu məmununiyyətlə ödəniş kimi alırdılar, çünki bilirdilər ki, siqareti həmişə başqa mal və xidmətləri əldə etmək üçün istifadə edə bilərlər.

Daxili dəyərdən məhrum olan pullar dekretləşmiş və ya kağız pullar adlanırlar. Onların adı (fiat money) “fiat” sözündən olub dekret – fərman deməkdir. Belə ki, kağız pullar tədavülə hökumət sərəncamı ilə buraxılır.

Nümunə üçün əsl dollarlar ilə İnhisar (Monopoly) oyununda istifadə olunan (Parker Brothers Game şirkəti tərəfindən çap olunmuş) kağız dollarları müqayisə edin. Nə üçün yalnız birincilər restorandakı hesabınızı ödəmək və ya hər hansı qiymətliləri əldə etmək imkanını verir? Bu sualın cavabı belədir: ABŞ hökuməti öz dollarını qanuni ödəmə vasitəsi elan edib. Hər bir dolların üzərində belə bir qeyd vardır: «Verilən banknot bütün dövlət və özəl öhdəliklərin ödənilməsində qanuni ödəmə vasitəsidir».

 

Mənbə: G. Mankiw – Principles of Economy (Qreqori Menkyu – Ekonomiksin Prinsipləri) , (ABŞ, 2001) səh. 507-512

Redaktə etdi: Pəri Abbaslı

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin