Semmelvays Refleksi: Yeni məlumatları rədd etmək halı

0

“Semmelvays refleksi” (Semmelweis) yeni bir məlumatı avtomatik olaraq, heç bir təcrübə və ya müşahidə olmadan rədd etmək halına deyilir. Bu termin ilk dəfə yazıçı Robert Vilson (Robert Wilson) tərəfindən lohusa sindromu (təzəlikcə doğum edən qadınlarda rastlanan tempraturlu, iltihablı xəstəlik) araşdırmaları ilə məşhur olan Dr. Ignaz Semmelvaysın başına gələnlərdən ilhamlanaraq istifadə edildi.

Hekayəsi belədir:

Dr.Ignaz Semmelvays (1818-1865) Macar əsilli qadın xəstəlikləri mütəxəssisidir. 1840-cı illərdə Astriyada Vyana Xəstəxanasında işləyərkən lohusa sindromu ilə bağlı ana və uşaq ölümlərinin sayının gözləniləndən daha çox olduğunu düşünürdü. Xəstəxanada xəstə ziyarətlərinin müəyyən bir sırası var idi və mütəxəssis həkimlər doğum mərtəbəsinə çıxmazdan əvvəl tibb tələbələrinə meyit üzərində dərs keçirdilər. Həkimlər əl təmizliyindən xəbərdar idilər, ancaq əl yumağın vacibliyi bugünkü qədər kəşf edilməmişdi. Əlcək icad olunmamış, antibiotiklərin dövrü hələ başlamamışdı. Semmelvays, qadın və uşaq ölümlərinin səbəbinin “kiçik meyit hissəciklərinin sağlam insanlara bulaşması” olduğunu düşünürdü.

Fransız kimyaçı və əczaçı Antuan Cermeyn Lebarak (Antoine Germain Labarraque) tekstil ləvazimatlarını ağartmaq üçün istifadə edilən xlorlu məhlulun (maye yuyucu vasitə) antiseptik xüsusiyyəti olduğunu kəşf etmiş və həkimlərə açıq yaraların dezinfeksiyasında bu məhluldan istifadə etmələrini tövsiyə etmişdi. Vəba epidemiyasında Fransanın paytaxtı Parisin hər yerinin xlorla yuyulduğu xəbəri yayılmışdı. Semmelvays, bütün həkimlərdən meyit müayinəsindən sonra və hər xəstədən əvvəl əllərini “Lebarak məhlulu” ilə yumalarını istədi.

Və gözlədiyi olmuşdu: ölüm nisbəti 20%-dən 2%-ə düşdü. Lohusa sindromuna bənzər açıq və sulu yaraları olanlarla fərqli səbəbdən eyni palatada yatan xəstələrə də infeksiya keçdiyini müşahidə etdi. “Açıq yaralardakı kiçik mikrobların hava vasitəsilə daşındıqlarını” düşünürdü. Təbii ki, bütün bu müşahidə və tapdıqlarını tibb dünyası ilə bölüşdü.

Lakin həmkarları bu ölümlərin “həkim səhvi ilə” başvermə ehtimalını çox sərt şəkildə rədd etdilər. Həkimlərin əllərini yumağının yetərli olduğu, xüsusilə, “Vyanalı” həkimlərin təmizliyi düşünülərsə, deyilənlərin mənasız olduğu, meyitdən xəstəlik keçə bilməyəcəyi, əgər deyilənlər doğru isə ölüm faizinin çox daha yüksək olmalı olduğu və bənzər fikirlər üzə çıxdı. Semmelvaysın iddiaları şişirdilmiş, gerçəklərdən uzaq, kifayət qədər sübutu olmayan fikirlər kimi qiymətləndirildi. Həmkarları Semmelvaysı müəyyən qurumlara və tibb akademiyalarına şikayət etdilər.

1847-ci ildəki bu mübahisələr 20 il sonra Lui Pasterin (Louis Pasteur) antiseptik araşdırmalarından sonra nəticə əldə etdi. Semmelvays haqlı idi, sabun əldəki mikrobların hamısını öldürmürdü və xəstəliyin səbəbi bilmədən yanlış üsuldan istifadə etdiyinə görə məhz həkimlər idi.

Bəs Semmelvaysın iddialarının hamısımı doğru idi? Xeyr.

Lohusa sindromu düşünüldüyü kimi meyit hissəciklərindən keçmir. Bu xəstəliyə Streptococcus pyogenes adlı, sağlam insanlarda udlaq və normal dəridə rast gəlinən bakteriya növü səbəb olur. Bu xəstəlik də doğum zamanı gigiyenik şərtlərə əməl edilmədikdə asanlıqla ortaya çıxır. Semmelvays lohusa sindromunun səbəbində yanılmışdı, ancaq etdiyi vacib müşahidələr və tətbiq etdiyi ağıllı sanksiya sayəsində həkimlərin xəstədən xəstəyə keçid edən zaman “mikrobsuz” əllərlə müdaxilə etməsini təmin etmiş və beləliklə, xəstəliyin meydana gəlməsinə əngəl olmuşdu. Bütün bu işləri sayəsində Dr. Ignaz Semmelvays o zamanlarda “anaların qurtarıcısı” , bu gün isə cərrahiyədə “antiseptikin atası” olaraq layiq olduğu yeri tutur.

Tərcümə etdi: Aysel Əliquliyeva

Redaktə etdi: Pəri Abbaslı

Mənbə: https://evrimagaci.org/photo/tr/semmelweis-refleksi-tecrube-veya-bilgi-sahibi-olmaksizin-yeni-bilgileri-reddetmek

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin