Filip K. Dik – “Androidlər elektron qoyun xəyal edirlərmi?”

Filip K. Dik (ing. Philip Kindred Dick, 16 dekabr 1928-ci ildə Çikaqoda doğulmuş, 2 mart 1982-ci il Santa-Ana, Kaliforniyada vəfat etmişdir) romanlarında və hekayələrində tez-tez personajlarını illüziyalı vəziyyətlərdə qaldıqlarına görə psixolojik çarpışma içərisində qoyan və buna görə tanınan yazıçı-fantastdır.

Dik Berklidəki Kaliforniya universitetində oxumazdan əvvəl 1 il müddətində radioda işləmişdir. 1952-ci ildə qələmə aldığı “Orada Vub uzanır” adlı hekayəsindən sonra onun olduqca məhsuldar olan, hər bitirdiyi işdən sonra qısa hekayə və ya novella  yazdığı yazıçılıq karyerası daimi peşəsinə çevrildi. O, ilk romanı “Günəş lotareyası”nı 1955-ci ildə nəşr etdi. Dik yaradıcılığının başlanğıcında hər zaman diqqət mərkəzində olacaq mövzu kəşf etmişdi – yaranmasına və ya yarana biləcəyi fikrinə əks olan  reallıq. “Taym-aut” (1959), “Hüqo” mükafatı qazanmış “Yüksək qaladakı adam” (1962) , “Palmer Eldriçin üç stiqmatı” (1965) kimi romanlarında qəhrəmanlar “Alternativ reallıqda” oreantasiya etməli idilər. “Simulakra” (1964) və yaradıcılığının kulminasiya nöqtəsi hesab edilən “Androidlər elektron qoyun xəyal edirlərmi?” romanlarından başlayaraq illüziya süni varlıqlarda və gələcəyin real dünyasında süni anlayışlarla mübarizəyə cəmlənmişdi.

Uzun müddət narkotik aludəçisi olan və psixi pozuntular ilə mübarizə aparan Dik kasıblamış və elmi-fantastika sevərlər arasında məşhurluq  ilə əhatələnən ədəbi reputasiya ilə vəfat etmişdir. Lakin 21-ci əsrdə o, Frans Kafka (ing. Franz Kafka), Tomas Pinçon (ing. Thomas Pynchon) ruhunda paranoid, xəyal gücü tələb edən  fantastika janrında usta kimi geniş tanınır. Onun əsərlərini elmi-fantastika kimi klassifikasiya etməli olsaq da, Dik janrın bir çox nümayəndəsi kimi futuristik texnologiyanın atributlarında fokuslanmırdı, onun yerinə personajları əhatə edən və onları narahat vəziyyətlərdə qoyan distopik mühitlərə köklənirdi.

Çox saylı hekayə kolleksiyasının içində filmlərə adaptasiya olunanlar da vardır, bunlara “Biz bunu topdan sənin üçün xatırlayırıq” ( “Total recall”, [1990 və 2012]), “İkinci müxtəliflik” (“Screamers” [1995]), “Azlıq hesabatı” (“Minority report”, [1995]),Androidlər elektron qoyun xəyal edərlərmi?” (“Blade Runner”, [1989]) və s. aiddir.

 

Mors certa, vita incerta” (lat. “Ölüm müəyyəndir, həyat qeyri-müəyyən”, 28. səhifə)

“Androidlər elektron qoyun xəyal edirlərmi?” kitabının adı belə bizə özü haqda bir az işarə verir.

Romanda hadisələr bu cür cərəyan edir:  alternativ bir gələcəkdə üçüncü dünya müharibəsindən sonra nüvə silahlarından istifadə edildiyindən dünya radiyasiyaya görə məhv olmağın eşiyindədir. Heyvanların nəsli tükənmək üzərədir, insanlar isə kaloniyalara üz tutmuşlar. Dünya demək olar ki, boş xarabalıqlara çevrilmiş, geriyə çox az sayda insan qalmışdır. Beləliklə, planetlərin kaloniyalaşdırılmağına kömək etməsi üçün robotlar yaradıldı və bu robotlar get-gedə daha da inkişaf etdirildi. İnkişafın son həddi Nexus-6 humonoid robotu yaradılmışdır ki, onları da xüsusi test olmadan adi insandan ayırd etmək olduqca çətindir. Buna görə də tamamilə qanuni sayılan “xüsusi muzdlu qatillər” kimi bir peşə yaranmışdır.

Kitabın adından da göründüyü kimi, yazıçı heyvanlar mövzusuna xüsusilə diqqət etmişdir. Heyvanların nəsli tükənmək üzrə olduğundan onlar həm çətin tapılır, həm də bahadırlar. Hətta sanki heyvanlar artıq ilahiləşdiriliblər. Heyvan saxlamaq səviyyənin işarəsi olmuşdu. Kitab da baş qəhrəman Rik Dekardın qoyunu haqda fikirləşməsi ilə başlayır. Lakin o, qoyununun öldüyünü heç kim bilməsin deyə onu elektron qoyun ilə əvəz etməyə məcbur olmuşdu. Bu, Rikə əziyyət verirdi, o istəyirdi ki, onun həqiqi qoyunu olsun, amma buna imkanı çatmırdı, pul qazanmalı idi, pul qazanmaq üçün isə daha çox endi, yəni adroidi ‘təqaüdə göndərməli”, başqa sözlə öldürməli idi.

Bəs androidlər niyə öldürülməli idilər? Kaloniyalarda, əsasən, Marsda istifadə edilən androidlər tamamilə kölə idilər, cəmiyyətdə onların heç heyvanlar qədər də rolu yox idi və onların ömürləri ağır işdən tez köhnəldiyinə görə cəmi 4 il idi. Bəzi androidlər kölə həyatından qurtulmaq üçün çətin yollarla boşalmış dünyaya qaçırdılar, burada o qədər də gözə dəyməzdilər, amma muzdlu qatillər yenə də onları tapırdılar. Üsyankar kölə artıq heç kimə lazım deyildi, onlar da buna görə “təqaüdə  göndərilirdilər”.

Bizim hekayəmiz də 6 androidin kaloniyadan qaçması və Rik Dekardın onların işini öz üzərinə götürməsi ilə başlayır.

Kitabda hadisələr Rik Dekardın tərəfindən danışılmağından əlavə həm də Jon D. İsidorun da tərəfindən danışılır. Jon “xüsusilərdən”, kitabdakı xalq arasında yayılan söz ilə desək, “toyuqbaşdır”. Radiyasiya, əlbəttə, insanlardan da yan ötməmişdi, Dünyada geridə qalan kütlənin böyük hissəsi radiyasıyanın təsiri ilə əqli geriliyi olan toyuqbaşlardır. Onların dünyanı tərk etmək kimi bir hüquqları yoxdur. İsidor bir çoxmərtəbəli binada tək yaşayırdı, tənha idi, muzdlu qatillərdən gizlənən android bu binaya köçəndə o, nəhayət ki, dost tapacağı ümidində idi. Əvvəlcə, onun android olduğunu bilməmişdi, amma sonra qız ona doğrunu deyəndə belə onun üçün bir fərq yox idi. Maraqlıdır ki, normal insanlar tərəfindən bu qədər təhqirlərə və özündən uzaqlaşdırmağa məruz qalan İsidor mənə bir çoxundan daha çox insan kimi görünürdü, sanki o, məhv olan insanlığın təcəssümü idi.

Sözsüz ki, yazıçı kitabda hadisələri androidlərin gözündən də təsvir etməyə bilməzdi. Nexus-6 model androidlər insanlar qədər intellektualdırlar, lakin təəssüf ki, onların insanlar kimi empatiya qabiliyyətləri yoxdur. Elə bu da onların ələ keçirilməyinə səbəb olur. Məsələn onlar heyvanlar ilə əlaqə qura bilmirlər, onların qayğısına qala bilmirlər. Kitabda elə bu yanaşmadan “duyğudaşlıq qurğusu” və “duyğudaşlıq testi” var. Bu test sayəsində müxtəlif sualların cavablarına əsaslanaraq şəxsin adroid və ya insan olduğunu aydınlaşdırmaq mümkün olur.

“Duyğudaşlıq qurğusu” insanlarda istədiyi duyğuları və başqa insanın duyğularını hiss etmək imkanı yaradan və mistik Mercer adlı şəxs ilə əlaqə qurmağa kömək edən bir qurğudur. Bu qurğunun yaradılması ile “Mercerizm” adli yeni bir din yaranmışdır.

Marsdan qaçan 6 android, əslində, sadəcə azadlıq və sakitlik axtarışlarındadırlar. Onların arasında adi insan olmaq istəyənlər də var.

Rik Dekard Luba Luft adlı androidi öldürməyə hazırlaşarkən android son dəfə ondan baxdığı rəsmin nüsxəsini almasını istəyir, Dekard isə heç düşünmədən onun üçün 50 dollara incəsənət jurnalı alır. Digər bir muzdlu qatil olan və Rikin onun android olduğu şübhələndiyi Fil Reş Rikə belə bahalı jurnalı almalı olmadığını deyir. Luba Luft isə son sözlərində belə deyir:

  • Çox nəzakətlisiz. İnsanlarda təsir edici, qəribə şeylər var. Bir android bunu heç vaxt etməzdi, – Fil Reşə iyrənən baxışlar ilə baxmağa davam etdi, – androidlərdən, doğrudan, xoşum gəlmir. Marsdan gəldiyimdən bəri həyatım insanları təqlid etmək ilə keçdi. Bir insanın düşüncə və davranışlarına sahiblənmiş kimi davrandım. Mənə görə daha üstün bir həyat formasını təqlid etdim. Sənə də belə oldumu Reş? İnsan kimi…

Kitab boyu Rik daha da androidləri başa düşməyə, özünü günahkar hiss etməyə başlayır. Hətta androidlərə qarşı hissləri olduğundan belə şübhələnməyə başlayır. Luba Luftun sözlərinə dözməyən Reş onu başından vurub öldürdü,  Luftun ölümündən sonra Reş ilə arasında bu dialoq baş verir:

  • Bu işi buraxıram
  • Bəs hansı işə girəcəksən?
  • Hər hansı bir şey, məsələn sığorta işi və ya köçərəm. Bəli, Marsa gedərəm.
  • Kimsə bu işi etməlidir.
  • Bu işdə androidləri işlətsinlər. Endinin etməsi çox daha yaxşı olar. Mən artıq davam edə bilmərəm, bu qədər bəsdir. O, çox gözəl muğənni idi və bu planet ondan istifadə edə bilərdi. Bu, dəlilikdir.
  • Xeyr, bu lazımdır, unutma, qaçmaq üçün insanları öldürdülər və əgər səni Mission polis şöbəsindən çıxarmasaydım, sənə də bunu edərdilər. Garlandın məni otağına çağırmasının da səbəbi bu idi. Polokov və Luba Luft da az qala səni öldürmürdülərmi? Biz sadəcə özümüzü qoruyuruq, onlar təhlükəli, qanunsuz özgələrdir və ortalıqda sanki…
  • Polis, muzdlu qatil kimi dolanırlar.

   

*

Telefon danışması bitdikdən sonrə telefonu qoyarkən “o mükəmməl bir muğənni idi” deyə düşündü. Bunu başa düşmürəm. Onun kimi bir istedad cəmiyyətimiziə necə bir zərər verə bilirdi ki? Lakin, problem onun istedadı deyildi. Özü idi. Tam da Fil Reşdə olduğu kimi. O da eyni səbəblərdən təhlükəli idi. “Bu işi indi buraxa bilmərəm”, deyə düşündü. Telefon kabinəsindən çıxıb Fil Reş və android qızın üzüqoyulu yatan cəsədinə geri qayıtdı. Biri qızın üzərini palto ilə örtmüşdı. Palto, Fil Reşə aid deyildi.

 

Kitabın sonuna yaxın 6 androidi də “təqaüdə ayırmış” və hər biri üçün 1000 dollar pul qazanmış Rik Dekard müəyyən çətinliklərlə də olsa, özünə həqiqi bir keçi ala bilir. Lakin keçinin yanından ayrılandan sonra Rik tərəfindən atılmış android Reyçel Rosen keçini mərtəbəli binanın başından itəliyib öldürür. Mənə görə kitabın kulminasiya nöqtəsi elə buradadır. Burada bir dilemmanın içində qalırıq: android Reyçel qısqanclıq hissinə görə keçini öldürür, əgər o qısqanclıq hissi keçirə bilirsə, deməli, onun hissləri var, amma Reyçel heyvana qarşı heç bir mərhəmət hissi keçirtmir və tərəddüd etmədən nəsli tükənmək üzrə olan heyvanı öldürür. Yenə gəlib çıxırıq kitabın adına: “Android elektron qoyun xəyal edirlərmi?”, başqa sözlə bir android süni intellekt insan ola bilərmi? Onlara insan kimi davranılmalıdırmı? Mənə görə yazıçı bu suala iki aspektdən, həm insan, həm də süni intelekt tərəfdən baxmaq ilə çox uyğun bir addım atıb. Kitab boyu da androidlərin nə qədər inkişaf etmiş olmalarına baxmayaraq, hələ də onlarda bir çox insani çatışmazlıqlarının olduğunu görürük. Amma cəmi 4 il yaşaya bilən bir süni intelektdən nə gözləməliyik ki?

Keçisinin öldüyünün xəbərini alan Rik məhv olur. Maşınına minib radiyasiyadan quraq torpaqlara gedir. Özünü radiyasiyadan pis hiss edir və artıq maşınına minə bilməyən vaxtda yerdə gəzən qurbağa tapır. Qurbağaların artıq çoxdan nəsli tükənmişdi. Rik ilk öncə bu qurbağadan milyonlar qazanacağını düşünür. Onu götürüb tez evə qayıdır. Evdə qurbağanı həyat yoldaşına göstərəndə onun saxta olduğunu başa düşür. Amma artıq onun üçün heç bir fərqi yox idi. Kitab da elə burda bitir. Bununla mənə görə yazıçı dünyamızın necə saxtalamağa doğru getdiyini bir daha göstərməyə çalışır.    

Bəli, sizə əlimdən gəldiyincə az detallara girərək Filip K. Dikin “Androidlər elektron qoyun xəyal edirlərmi?” kitabının xülasəsini verməyə çalışdım. Sizə tövsiyəm, gədib bu kult elmi-fantastik kitabı oxumanız və özü kimi kult olan kitab əsasında çəkilmiş 1982-ci il istehsalı, rejissoru Ridley Skot (ing. Ridley Scott) olan “Blade Runner” filminə baxmağınızdır. Qeyd edim ki, kitab ilə film bir-birindən fərqlənir.

Redaktə etdi: Nihad Şahverdizadə

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin