Duyğu və Qavrayışın Pozuntuları

0

 

Cisim və hadisələr hiss üzvlərimizə təsir edir və duyğu şəklində subyektiv effekt yaradır. Bu zaman subyekt əks etdirilən obyektə münasibətdə heç bir fəallıq göstərmir.

Duyğular əsasında yaranan mürəkkəb proseslər qavramadır. Qavrama zamanı əşyaların həcmi, rəngi və digər xüsusiyyətləri bütövlükdə dərk olunur. Duyğu orqanları vasitəsilə obyektiv varlığın mərkəzi sinir sistemində əks olunmasına qavrama deyilir. Qavrama aktiv proses olub, digər psixi funksiyalarla sıx əlaqədardır. Məsələn, insanın əhvali-ruhiyyəsi, maraq dairəsi və intellektual səviyyəsindən asılı olaraq, əşya və hadisələr müxtəlif cür qavranıla bilər. Rəssam təbiət mənzərəsini, yaşıllıqlar arasında axan çayı yüksək bədii vüsətlə, başqa birisi həmin mənzərəni sönük, məzmunsuz qavraya bilər və ya istirahət zamanı, yaxşı əhvali-ruhiyyədə hər hansı bir musiqini dinləyərək ondan yüksək zövq alan  şəxs ovqatı pis, yorğun olarkən həmin musiqini qıcıqlandırıcı bir səs kimi qavraya bilər. Qavrama perspektiv fəaliyyət olub, ümumiləşmiş xarakter daşıyır və şəxsiyyətin motivlərindən asılı olaraq formalaşır. Bəzi müəlliflər qavrama prosesinin insanın emosional və şəxsiyyət xüsusiyyətlərindən asılı olduğunu qeyd edirlər. Qavramanın pozulması zamanı əsasən səhv qavrama, səhv hisslər, səhv tanıma və s. baş verir.

Duyma qabilliyyəti anadangəlmə sinir sisteminə malik olan həm bizə, həm də bütün canlılara xasdır. Aləmi obrazlar şəklində qavrama ancaq insanlara və ali heyvanlara aiddir. Bu proses həyat təcrübəsinin genişlənməsi ilə bağlı olaraq inkişaf edir.

Cisim və hadisələrin hiss üzvlərinə bilavasitə təsiri nəticəsində onların insan beynində bütövlükdə inikasından ibarət olan psixi prosesə qavrayış deyilir.

Məktəbə təzə gələn uşaqlarda qavrayış hələ reproduktiv xarakter daşıyır. I-II sinif şagirdlərinin qavrayışları azfərqləndirici, səthi, nisbətən az məqsədəyönəlmiş olur. Bu dövrdə uşaqların qavrayışı kəskin emosionallığı ilə fərqlənir. I-II sinif şagirdləri cisim və hadisələrdə ən çox onlar üçün əhəmiyyətli olan cəhətləri qavramağa meyilli olurlar.

Ona görə də, bu dövrdə uşaqların qavrayışı çox vaxt cisim və hadisələrin  yalnız müəyyən əlamət və keyfıyyətlərini əks etdirir. Bu zaman xarici, bilavasitə nəzərə çarpan əlamətlərə görə qavramaya daha çox üstünlük verilir. Cisimlərin mahiyyətinin dərindən təhlili və dərk olunması uşaq üçün hələ çətindir. Ona görə də, kiçik məktəb yaşının əvvəllərində şagirdlərin qavrayış prosesi qavranılan obyekti yalnız tanımaq və sonra onu aydınlaşdırmaqla məhdudlaşır.

Bu dövrdə şagirdlərin qavrayışı üçün xarakterik cəhətlərdən biri də oxşar obyektləri qavramalarındakı qeyri dəqiqlikdir. Məhz fərqləndirmənin lazımi səviyyədə olmaması şagirdlərin oxşar cisim və hadisələrə eyni əhəmiyyət vermələrinə və onları eyni cür qavramalarına səbəb olur. Buna görə də, bu dövrdə müəllimin müvafıq iş aparmasına böyük ehtiyac hiss olunur.

III-IV siniflərdə qavrayış produktiv xarakter daşımaqla, təlim fəaliyyətinin təsiri altında daha məqsədəyönəlmiş, ixtiyari olmağa başlayır. İxtiyari qavrayış olan müşahidə inkişaf edir. Müşahidənin təsiri altında qavrayış prosesi məqsədəmüvafiq, planlı və adekvat xarakter daşımağa başlayır.

Təcrübə göstərir ki, kiçik yaşlı məktəblilərdə təlim və tərbiyənin təsiri altında zaman və məkan qavrayışı inkişaf edir. Lakin bu zaman qavrayışının həmin növlərinin inkişafı bir sıra çətinliklərlə müşayiət olunur. Kiçik məktəblilərin, xüsusilə I-II sinif şagirdlərinin zaman haqqında təsəvvürləri olduqca konkret xarakter daşıyır. Uşaqlar yalnız öz həyatlarında rast gəldikləri zaman münasibətlərini bilirlər. Onlar yalnız saatın gündüzün, gecənin nə olduğunu bildikləri halda, sutkada neçə saat olduğunu, ayda, ildə neçə gün olduğunu dəqiq bilmirlər.

Təlim və tərbiyənin təsiri altında və ümumi inkişaf prosesində kiçik məktəblilərdə zaman və məkan qavrayışının təkmilləşməsi baş verir.

Duyğu və qavrayışın pozuntuları: senestopatiyalar, hipersteziyalar, hiposteziyalar, illüziyalar, hallüsinasiyalar və psixosensor pozuntular.

SENESTOPİYALAR
Duyğu prosesininn pozulması nəticəsində senestopatiyalar baş verir. Bunlara göynəmə, dartılma, təzyiq, qıdıqlanma, sancma, soyuqluq və bir sıra digər xoşagəlməyən hisslər aiddir. Senestopatiyalar əksər hallarda əzabverici və davamlı olur. Onlar bədənin bütün sahələrində müşahidə oluna bilər. Senestopatiyalar bir sıra hallarda ipoxondrik şikayətlərlə birlikdə təsadüf edilir. Bu əlamətlər həm somatik, həm də psixi xəstəliklərdə, travmatik ensefalopatiyalarda, beynin damar xəstəliklərində, nevrozlarda və s. xəstəliklərdə rast gəlinir.
Daxili orqanlarda gedən bir sıra patoloji proseslərlə əlaqədar yaranan parasteziyalardan senestopatiyaları fərqləndirmək lazımdır. Parasteziyalar senestopatiyalardan fərqli olaraq müxtəlif daxili orqanlarda meydana çıxan patoloji proseslər nəticəsində müşahidə olunur. Senestopatiyalar həm somatik, həm də psixi xəstəliklərdə, travmatik ensepalopatiyalarda, beyin-damar xəstəliklərində, nevrozlarda və s. xəstəliklərdə rast gəlinir.

Reseptor duyğu prosesinin pozuntularına sadə psixopatoloji əlamətlər kimi təzahür edən hipersteziyalar və hiposteziyalar da aid edilir.

Hipersteziyalar
Hipersteziya qıcıqların kəskinləşmiş (güclü) qavranılmasıdır. Adi lampa işığı gözqamaşdırıcı projektor, ətrafdakı əşyaların rəngi olduqca əlvan, səslər gurultu kimi və s. qavranılır. Hipersteziyalar əksər hallarda somatik xəstəliklərdə, yorğunluqla əlaqədar və nevrozlarda rast gəlinir. Bir sıra hallarda psixi xəstəliklərin başlanğıc mərhələsində meydana çıxır.

Hiposteziyalar
Hiposteziya – qıcıqların zəif qavranmasıdır. Belə pozuntu zamanı mühitdən əşya və hadisələr solğun, məzmunsuz, səslər zəif, qoxular kütləşmiş qavranılır, depressiv hallar da tez-tez rast gəlinir.

Aqnoziyalar 

(yun. “qnozis” – tanımaq, idrak; “a” – inkar mənasındadır.)

Aqnoziya tanımanın pozulması deməkdir. Bu, duyğu orqanlarının anatomik və fizioloji pozuntusu ilə deyil, beyin qabığının ali inteqrativ şöbələrinin zədələnməsi ilə bağlıdır. Aqnoziyalara başlıca olaraq beyinin orqanik pozuntularında, travmalar, şişlər, damar xəstəliklərri və s. rast gəlinir. Aqnoziyalar bütün duyğu orqanlarına aid ola bilər.

Aqnoziyanın müxtəlif formaları vardır:

  1. Görmə aqnoziyası – ənsə paylarının, onların xarici səthlərinin patologiyası ilə əlaqədardır. Xəstə əşyanı yalnız görməklə tanıya bilmir, əlləri ilə toxunduqda tanıyır. Görmə (optik) aqnoziyası nisbətən tez-tez rast gəlinir. Buna “ruhi korluq” da deyilir. Belə pozuntu zamanı xəstə hər hansı bir əşyanı baxmaqla tanıya bilmir, lakin əli ilə toxunduqda düzgün qavraya bilir. Görmə aqnoziyası bəzən əşyalara deyil, onların məzmununa aid ola bilər. Məsələn, xəstə hər hansı bir şəklə baxarkən orada təsvir olunan hadisənin məzmununu başa düşə bilmir. Bəzi hərfləri tanıya bilmədiyi üçün yazını oxuya bilmir (alepsiya). Bəzən not yazılarını (optik amuziya), rəqəmləri, rəngləri, bir sıra hallarda isə xəstə ona yaxşı məlum olan əşyaları sanki ilk dəfə görür. Görmə aqnoziyaları zamanı: obyekt və əşyaların tanınmasında pozulmalar “əşya aqnoziyaları”, “simultan aqnoziyaları”, yəni ayrı-ayrı əşyaları tanıyan xəstə şəkildə təsvir olunan hadisəni, situasiyanı tanıya bilmir. Müşahidə olunur ki, tanıma zamanı xəstə əşyanın gah bir, gah da digər əlamətini söylədiyi halda onları sintez edib hansı əşya olduğunu tanıya bilmirdi. Digər halda əşyanı tanımayan xəstə onun formasını düzgün tapırdı.
  2. Eşitmə aqnoziyası – afferent eşitmə yollarının gəldiyi gicgah paylarının patologiyasında müşahidə olunur. Eşitmə aqnoziyası (buna “ruhi karlıq” da deyilir) zamanı xəstə ona tanış olan səsləri, sözləri, musiqi melodiyalarını başa düşmür. Aqnoziyalar başlıca olaraq beyinin orqanik pozuntularında, travmalar, şişlər, damar xəstəlikləri və s. də rast gəlinir.
  3. Toxunma (taktil) aqnoziyası – stereoqnostik hissiyyat, yəni gözlər yumulu halda yalnız toxunmaqla əşyanı, yaxud onun ayrı-ayrı xassələrini tanımaq qabiliyyətinin itirilməsinə deyilir. Stereoqnoziya mürəkkəb hissiyyatın xüsusi növüdür. Stereoqnoziyanın pozulması, yəni astereoqnoziya hadisəsi arxa mərkəzi qırışıqdan geridə olmaqla təpə payında baş verən patoloji proseslər zamanı müşahidə olunur.

Bədən sxeminin pozulması  zamanı isə xəstə öz bədəninin hissələrini qarışıq salır, bədənin ayrı-ayrı hissələrini tanıya bilmir. Aqnoziyaların eşitmə və hissetmə növləri qavramanın ümumiləşdirmə funksiyasının pozulması ilə əlaqədardır. Üzvi demensiya zamanı psevdoaqnoziyalar da müşahidə olunur. Üzvi xarakterli ağıl çatışmamazlığı zamanı xəstələr siluet və qırıq xətlərlə verilən əşyaların şəkillərini tanımır. Sujet şəkillər göstərdikdə, belə xəstələr orada olan əşyaları tanıdıqları halda, ümumi şəklin nədən bəhs etdiyini deyə bilmir. Bəzən göstərilən şəklin hansı hissəsində diqqət cəmlənirsə, onu nəyəsə oxşadıb tanıya bilirlər. Məsələn, göbələyin baş hissəsinə diqqət cəmlənsə, onu pomidora, aşağı hissəsinə diqqət yönəlsə, onu xiyara bənzədə bilirlər. Bəzən isə əşyanın formasını qavrayırlar, lakin o dəqiqə də onun strukturu pozulur. Bu fenomenə optik diqqətin pozulması deyilir. Tərsinə çevrilmiş şəkili tanımırlar: yəni, ortoskopik qavramanın pozulması yaranır. Rəngli şəkillər göstərdikdə onun hissələrinin rəngli elementlərində ilişib qalırlar və tanıma prosesi pozulur.

 

İllüziya 

(lat. illusio – aldatma, masqara, ələ salmaq)


İllüziya sözü izahlı lüğətdə belə izah olunur:

  • olmayan bir şeyi həqiqi bir şey kimi qəbul etmə; yanlış, səhv təsəvvür, xəyal;
  • cisimlərin səhv, təhrif olunmuş şəkildə qavranılması;
  • yanlış, həyata keçməsi mümkün olmayan boş ümid, xam xəyal və zahirən görünən, həyata keçməz arzu.

(Əliquliyev R.. Şükürlü S., Kazımova S. Elmi fəaliyyətdə istifadə olunan terminlər)

İllüziya sahəsi daxili gerçəklik və xarici gerçəkliyin, yəni gerçəkliklə xəyalın arasında bir sahədir. Donald Winnicott bu sahəyə “keçid sahəsi” (transitional space) adını vermişdir.
İllüziyalar başqa sözlə təhriv olunmuş qavramadır. Onun da 5 növü var: görmə, eşitmə, qoxu, dadtaktil illuziyalar. İlluziyalar sağlam adamlarda da rast gəlinə bilər. Məsələn, ağır eşidən və ya zəif görən adamın səs və əşyaları düzgün qavramaması, yaxud içərisində maye olan stəkana salınmış qaşığın sınmış görünməsi. Sağlam adamın illuziya görməsinə səbəb mənəvi və fiziki yorğunluq da ola bilər. Lakin bu hal qeyri-patoloji illuziyadır. Bu sadəcə qavramanın çətinləşməsidir. Bu zaman psixi pozuntulu insanlardan fərqli olaraq, sağlam insanlarda özünütənqid mövcuddur. Yəni şəxs öz səhvini düzəltmək iqtidarında olur. Lakin psixi pozuntu nəticəsində yaranan illuziyalar zamanı xəstə öz səhvini düzəltmək iqtidarında olmur və illuziyanın davam etmə müddəti psixi pozuntunun dərəcəsindən asılıdır. İlluziyanın təsadüf olunduğu situasiyalar:

  1. Affektiv (affektogen) – Bu illuziyalar hissiyatın güclənməsi fonunda – qorxu, vahimə, gərgin gözləmə zamanı təsadüf olunur. Xəstə küncdə asılmış paltonu evə girmiş oğruya, ağacın əyri budağını ona hücum etməyə hazırlaşan zəhərli ilana, pəncərə şüşəsindən düşən kölgəni caniyə bənzədir.
  2. Verbal – (latınca: “verbalis” -nitq, söz deməkdir). Bu zaman isə xəstələr ətrafdakı insanların danışdığı adi sözləri özlərinə təhqir kimi başa düşür.

3.  Pareydolik – Bu zaman xəstə ətrafdakı obrazları fantastik bir səhnəyə bənzədir (məsələn, buludları, xalçadakı naxışları). Bu növ illuziyalar “delirios” halın (alkoqol psixozu) başlanğıc formasında rast gəlinir.

  Hallusinasiyalar
(lat. hallucinatio – qarabasma, sərsəmləmə)

Bu zaman xəstə real aləmdə mövcud olmayan obrazları görür. Bir sözlə, hallusinasiyalar obyektsiz qavramadır.

  1. Eşitmə hallusinasiyası – Epileptik krizlər zamanı daha çox meydana çıxır. Bir neçə növü var:
    Akoaizm – bu zaman xəstə məzmunsuz küylər eşidir. Bu sadə eşitmə hallusinasiyasıdır.
    Verbal eşitmə hallusinasiyası  zamanı xəstə uzun-uzadı sözlər, nitq eşidir. Ən təhlükəli eşitmə hallusinasiyası imperativ hallusinasiyadır. Bu zaman xəstəyə eşitdiyi səslər müxtəlif əmrlər verir. Məsələn, belə hallusinasiyanın təsiri altında xəstə qadın öz uşağını balta ilə doğramışdır.
    Antoqanist eşitmə hallusinasiyası  zamanı xəstə iki səs eşidir. Biri hər hansı bir şeyi etməsini, digəri isə etməməsini əmr edir.
  2. Görmə hallusinasiyası – bu bəzən sadə – fotopsiya şəklində (gözün önündə kiçik parıltılar, tüstü, cizgilər görür), bəzən isə mürəkkəb formada baş verir. Ətrafda mövcud olmayan obrazlar, döyüş səhnələri, hətta ağır xəstələrdə qarşılarında özlərini də görürlər. Məsələn, bir xəstə qarşısında özünün 3 formada görür – birinin əlində nizə, birində balta və birində isə tapanca.
  3. Qoxu hallusinasiyası (Olfaktorik) – ən çox alın payında şişi olan xəstələrdə rast gəlinir. Belə xəstələr əksər hallarda burunlarına pis qoxunun – çürümüş ət iyi, benzin iyi, kəskin qoxulu dərmanlar və s. gəlməsindən şikayət edir. Belə xəstələr yeməkdən imtina edirlər. Çünki oraya zəhərli maddələrin qatıldığını, xörəyin meyiddən hazırlandığını hesab edirlər.
  4. Taktil hallüsinasiyası – xəstələr bədənin müxtəlif nahiyələrində göynəmə, soyuqluq, dartılma və s. kimi hissiyatın olması, bədənlərində cücülərin və qarışqaların gəzdiyini deyirlər. Bir sıra hallarda bu böcəklər onları sanki dişləyir, cırmaqlayır və digər formada narahat edir. Taktil hallüsinasiyaların visseral formasında xəstələr daxili orqanlarında (yemək borusu, mədə və bağırsaqlarda, oynaqlarında və s.) tikan, bıçaq və ya canlıların (arı, qarışqa, böcək, ilan və s.) olmasını bildirirlər.Hallüsinasiyalar hansı duyğu orqanına aid olmasından asılı olmayaraq, həqiqiyalançı olmaqla iki yerə bölünür:
    Həqiqi hallüsinasiyaların obyekti orqanizmdən kənar mühitdə yerləşmiş olur. Məsələn, “səs” divarın arxasından, küçədən, qoxu o biri otaqdan gəlir və s.
    Yalançı hallüsinasiyalar (psevdohallüsinasiyalar) daha mürəkkəb xarakterli olub, təkcə qavramanı deyil, eyni zamanda, təfəkkür sferasını da əhatə edir. Bu zaman hallüsinator obraz orqanizmin özündə yerləşir. Belə ki, xəstə səsi, qoxunu, əcayib heyvanı bədəninin daxilində hiss edir. Söhbət zamanı o qeyd edir ki, “səslər” beynimin içindədir, qoxu mədəmdən gəlir, vəhşi heyvanları “beynimin gözü” ilə görürəm. Psevdohallüsinasiyalar, adətən, mürəkkəb psixopatoloji sindrom, psixi avtomatizm və ya Kandinski – Klerambo sindromunun tərkib hissəsini təşkil edir və şizofreniya xəstəliyinin inkişaf mərhələlərində rast gəlinir. Psevdohallüsinasiyalar zamanı xəstələr qeyd edirlər ki, səslər onları təqib edir, öz arzusundan asılı olmadan sani qəlbinə sirayət edir. Eyni zamanda, xəstə qavranılan hadisələrin ona məcburi (iradəsindən asılı olmadan) təlqin olunmasını qeyd edir.
  5. Hipnohagik hallüsinasiyalar yuxu ilə ayıqlıq arasında, yəni mürgüləmə fazasında rast gəlinən görmə hallüsinasiyalarına deyilir. Bu növ hallüsinasiyalar bəzi mürəkkəb səhnələri xatırladan məzmunda olur (xəstələr sanki “televiziya verlişlərinə baxıram” söyləyirlər). Bəzən qeyri-adi adamlar onları qorxudur, hücum edir və ya lağa qoyur. Xəstə gözünü açdıqda bütün bu səhnələr yox olur, bir neçə müddətdən sonra yenidən təzahür edir. Bir sıra hallarda hipnohagik hallüsinasiyalar yuxudan oyananda (ayılmağa az qalmış, səhərə yaxın) baş verir.
  6. Funksional hallüsinasiyalar yuxarıda qeyd olunan hallüsinasiyalardan fərqli olaraq, real qıcıqlandırıcılar əsasında yaranır və yalnız qıcıq mənbəyi yox olduqdan sonra, o da yox olur. Məsələn, qatarda gedən şəxs təkərlərin ahəngdar səsini sözlər, onun ünvanına deyilən müxtəlif söyüşlər kimi eşidir. Bu növ hallüsinasiyaları illüziyalara bənzətmək olar, lakin illüziyalardan fərqli olaraq, burada xəstə həm təkərlərin tıqqıltısını, həm də onun ünvanına deyilən sözləri eşidir. Təkərlərin tıqqıltısı dayanan kimi səslər də kəsilir. Beləliklə, funksional hallüsinasiyalar öz xüsusiyyətinə görə illüziyalardan və yuxarıda qeyd olunan hallüsinasiyalardan fərqlənir.

Hallusinasiyalar ümumilikdə unimodal, bəzən isə polimodal ola bilirlər. Çox zaman yuxudan oyanarkən və ya yuxuya dalarkən ortaya çıxırlar. Hallusinasiyalar bir neçə dəqiqə və ya bir neçə saat davam edə bilir.
Psixoz, psixonevroz və şizofreniya kimi ruhi xəstəliklər sinfinə daxil olan xəstəliklərlə

birlikdə ortaya çıxır. Bununla yanaşı, meskalin (C11H17NO3), psilosibin (C12H17N2O4P), dimetil triptamin (DMT – C12H16N2), LSA (C20H25N3O), LSD (C20H25N3O) kimi maddələrin istifadəsi zamanı da hallusinasiya görmə ehtimalı artır. Bundan dolayı bu tip maddələr “hallusinogen” adlandırılır. Hallüsinasiyalar bəzən bir neçə hiss orqanını əhatə edə bilər. Məsələn, xəstə qoluna ilan sarındığını görür, onun nəfəsini eşidir və soyuqluğunu hiss edir.

İlluziya və hallüsinasiyalar arasındakı fərqlər:

  1. İlluziyalarda istifadə olunan bir vasitə ya da alət ilə yanaşı kənar faktor olmalıdır.
    Hallüsinasiyalarda nə kənar faktora, nə də vasitəyə ehtiyac yoxdur.
  2. İlluziyalar normal psixoloji vəziyyət sayıldığı halda, hallüsinasiyalar anormal vəziyyət hesab olunur.
  3. İlluziyalarda fərd var olan bir obyekti fərqli qavrayır.
    Hallüsinasiyalarda isə olmayan predmet və ya təzahürlər varmış kimi qavranılır.
  4. İlluziyaları hər kəs görə bilər.
    Hallüsinasiyalar isə fərdin ruh vəziyyətinin normal olmadığının göstəricisidir.

Psixosensor pozuntular.
Psixosensor pozuntular mərkəzi sinir sistemində sensor sintez prosesinin pozulması nəticəsində meydana çıxır.
Metomorfopsiya adı altında təsvir olunan bu pozuntular əsasən üç formada rast gəlinir:

  1. makropsiya – ətrafdakı əşyaların, ölçüsündən böyük (məsələn, küçələr, binalar, ağaclar, avtomobillər və s.) qavranılması;
  2. mikropsiya – əşyaların ölşüsündən kiçik qavranılması;
  3. dismeqalopsiya – cisimlər həcmdə deyil, formaca dəyişilmiş (məsələn, üçbucaq çevrə şəklində, çevrə dördbucaq, düz xərr əyri-üyrü və s.) qavranılır.

Psixosensor pozuntular ətrafındakı cisimlərə aid olarsa, – derealizasiya, orqanizmin öz hissələrinə aid olarsa, – depersonalizasiya (person – şəxs deməkdir) deyilir.
Derealizasiya zamanı “kiçilmiş”, “böyümüş” və ya “öz formasını dəyişmiş” əşya orqanizmdən kənar mühitdə yerləşir.
Depersonalizasiyada isə pozuntu bədənin hissələrinə aid olur. Xəstəyə elə gəlir ki, onun bütün bədəni və ya ayrı-ayrı orqanları (məsələn, qolu, başı, ayaqları) mütənasib və ya qeyri-mütənasib şəkildə böyümüşdür və ya kiçilmişdir. Bir çox hallarda bədən quruluşunun parsial pozuntuları qeyd edilir. Xəstə hiss edir ki, başı həddindən artıq böyümüşdür, onu çiyinləri üzərində saxlaya bilmir və ya qolu o qədər böyümüşdür ki, hətta yorğanın altına belə sığmır. Bəzən xəstəyə elə gəlir ki, qolu, ayağı və ya başı bədənindən ayrılıb sanki havada dayanıb, yaxud da başı bir çiyin üzərindədir.

Psixosensor pozuntular əksər təsadüflərdə qısamüddətlidir, xəstəlik halı keçdikdən sonra patoloji qavrama da yox olur. Lakin, mərkəzi sinir sisteminin orqanik xəstəliklərində və şizofreniyada rast gəlinən psixosensor pozuntular xeyli müddət davam edə bilər.

Qavrama pozuntularının patofizioloji mexanizmi.
İllüziyaların, hallüsinasiyaların və psixosensor pozuntuların ayrı-ayrılıqda və birlikdə patofizioloji mexanizmini izah edən müxtəlif nəzəriyyələr yaranmışdır. Lakin bu nəzəriyyələrin heç biri klinik psixiatriyanı qane edən səviyyədə deyildir. Uzun illər alimlər hesab edirdilər ki, hallüsinasiyaların səbəbi mühiti sinir sistemində (reseptor aparatda) yaranan pozuntulardır. Sonralar psixiatriya klinikalarında aparılan tədqiqatlar göstərdi ki, hallüsinasiyaları olan xəstələrdə mühiti sinir sistemində heç bir patoloji hal yaranmır. Bu mülahizəni qulağı eşitməyən (kar) və kor adamların psixi xəstəliyə tutularkən onlarda eşitmə və görmə hallüsinasiyalarının olması tamamilə sübut etdi. Mühiti sinir nəzəriyyəsi inkar edildikdən sonra mərkəzi nəzəriyyə tərəfdarları hallüsinasiyaların meydana gəlməsini

İ.P.Pavlov

beyin qabığı və qabıqaltı nahiyələrdə gedən pozuntularla izah edirdilər (Kandinski, Benkin və s.). Neyrofizioloji biliklərin zənginləşməsi ilə əlaqədar olaraq sovet psixiatrı B.A.Gilyarovski (1940) belə bir fikir irəli sürdü ki, sensor yolun bu və ya digər hissələrinin zədələnməsi hallüsinasiyaların əmələ gəlməsinə, xarakterinə təsir edən amillərdən olub, həm də yeganə amil deyildir. İ.P.Pavlov və onun şagirdləri tərəfindən ali sinir fəaliyyətinin fizioloji mexanizmlərinin tədqiqi qavrama pozuntularına yaranma səbəblərinin öyrənilməsinə böyük təkan verdi. İ.P.Pavlov belə bir nəzəriyyə irəli sürdü ki, yuxu zamanı beyin qabığının bütün hüceyrələri ləngimə prosesinə uğramır, onun bəzi sahələrində “gözətçi məntəqələr” qalır. Həmin məntəqələrdə oyanma, ləngimə nisbətən üstünlük təşkil edir, yuxugörmə və hallüsinasiyalar həmin “məntəqələrin” fəaliyyəti ilə əlaqədardır (A.V.İvanov –Smolenski). Hallüsinasiyaların kliniki və eksperimental tədqiqatlarının müəllifi sovet psixiatrı Y.A.Popov, İ.P.Pavlov məktəbinin elmi mülahizələrindən istifadə edərək izah etdi ki, hallüsinasiyalar beyin qabığında baş verən hipnotik fazaların (paradoksal) nəticəsində yaranır. Bu zaman zəif qıcıqlar güclü, güclü qıcıqlar isə zəif reaksiyalarla təzahür edir. Y.A.Popovun fikrincə, əvvəllər qavranılan hadisə və əşyaların izləri real olaraq təsir edən obyektlərə nisbətən zəif qıcıqlandırıcı rolunu oynayır. Patoloji proses nəticəsində xəstə şəxsin beyin qabığında paradoksal  vəziyyət yaranarkən, bu zəif qıcıqlar güclü qıcıq mənbəyinə çevrilir və hallüsinasiyalar baş verir, digər hallarda isə hallüsinator obraz mühitə proyeksiya olunmur və psevdohallüsinasiyalar baş verir. Beləliklə, “gözətçi məntəqə” və “hipnotik fazalar” haqqında İ.P.Pavlov təlimi qavrama pozuntularının patofizioloji məzmununu dərk etməyə imkan verən elmi nəzəriyyə sayıla bilər.

Mənbə:

1. https://az.wikipedia.org/wiki/Duy%C4%9Fu_v%C9%99_qavraman%C4%B1n_pozuntular%C4%B1#Qavrama_pozuntusu
2. http://sheki-adpu.az/attachments/article/211/Klinik%20psixologiya%20m%C3%B6vzu%205.pdf
3. https://www.guncelpsikoloji.net/bilissel-psikoloji/algi-yanilmalari-illuzyon-ve-halusinasyon-h5632.html
4. http://psixotest.az/?smode=article_view&item=257#.WttSAm7RDIW

 

Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin