Corc Oruell – “1984”-ün xülasəsi

0

Çağdaş dünya ədəbiyyatı tarixinə Corc Oruell təxəllüsü ilə daxil olan Erix Artur Bleyer 1903-cü ildə Hindistanın Benqal əyalətində ingilis ailəsində anadan doğulmuşdur. Corc Oruell XX əsr ingilis ədəbiyyatının, ədəbi tənqid və jurnalistikasının tanınmış nümayəndələrindən biridir. Onun yaradıcılığı özünün yüksək intellektual səviyyəsi, ictimai haqsızlıq və ədalətsizliklərə qarşı barışmaz ruhu, totalitar təfəkkür və idarəçilik üsuluna qarşı mübarizliyi ilə seçilir. Orueli, bir qayda olaraq, ötən əsr ingilis mədəniyyətinin ən yaxşı tarixçisi  və ən yaxşı esselər müəllifi hesab edirlər. Corc Oruell həyatı ilə əsərləri, düşüncələri ilə əməlləri arasında düz mütənasiblik olan yazıçılardan idi. O, insanların hürr yaşamaq haqqını yalnız kitablarda deyil, gerçək həyatda da müdafiə etmişdi, totalitarizmə qarşı yalnız qələmlə deyil, hətta silahla da mübarizə aparmışdı. Bu məqalədə sizə onun “1984” romanının xülasəsini və içərisindən seçilən aforizmləri təqdim edirik.

“İndi Uinston arxasını teleekrana çevirmişdi. Belə daha təhlükəsiz idi.. Amma adamı bəzən kürəyinin də ələ verdiyini bilirdi. Pəncərəsindən bir kilometrlik məsafədə kirli şəhərin fonunda iş yerinin – Həqiqət Nazirliyinin böyük, ağ binası ucalırdı. “Budur, bura Londondur, Birinci Uçuş Zolağının əsas şəhəri, Okeaniya dövlətinin əhali baxımından üçüncü böyük əyaləti!” – Uinston səbəbini özü də bilmədiyi narazılıq duyğusu ilə bu fikirləri beyindən keçirdi. O, Londonun əvvəlki vəziyyəti ilə bağlı uşaqlıq xatirələrini yada salmağa çalışdı. Görəsən, balkonlarına şalbanlarından dayaq verilmiş, pəncərələrin çoxu kartonla örtülmüş, damlarına dalğavari tənəkə dəmir vurulmuş, uçuq bağça hasarları hər tərəfə uzanmış XIX əsrin zövqsüz binalarının cərgələndiyi küçələr həmişə belə olmuşdu? Həmişəmi bombardmana məruz qalmış yerlərdə əhəng tozu sütun kimi havaya qalxmışdı, daşların altından çıxan çayırlar səkiləri basmışdı, bombaların yerlə yeksan elədiyi tikililərin üzərində toyuq damını xatırladan taxta evlər sıralanmışdı? Amma yadına heç bir şey sala bilmirdi. Uşaqlıq xatirələri ilə daha çox bağlı olan yerlərdə, əksəriyyəti savadsızcasına tərtib edilmiş işıqlı reklam lövhələrindən başqa heç nə qalmamışdı.

Həqiqət Nazirliyi, yenidildə – Həqnaz ətrafdakı tikililərin hamısından heyrətamiz dərəcədə seçilirdi. Ağappaq beton divarları günəş işığında bərq vuran bu ehramşəkilli nəhəng bina pillə-pillə üç yüz metrə qədər yüksəlirdi. Uinston dayandığı yerdən onun fasadına səliqəli hərflərlə yazılmış üç Partiya şüarını oxuya bilirdi:

MÜHARİBƏ – SÜLHDÜR.

AZADLIQ – KÖLƏLİKDİR.

CƏHALƏT – QÜVVƏDİR. 

“Uinston masanın arxasına keçdi,qələmi mürəkkəbə batırıb yazmağa başladı:

“Gələcəyə, yaxud keçmişə – fikrin azad pərvaz etdiyi, insanların bir-birindən seçildiyi, tənha yaşamadığı, həqiqətin həqiqət kimi dərk edildiyi, var olanların heçliyə çevrilmədiyi dövrə -tənhalar, yalqızlar dövründən, Böyük Qardaş və ikifikirlilik epoxasından salamlar!”

Artıq canlı meyidə çevrildiyinin fərqində idi. Ona görə də, məhz indi, fikirlərini ifadə etmək qabiliyyətini yenidən özünə qaytarandan sonra geriyə dönüş üçün heç bir yol qoymayan zəruri addım atdığını düşünürdü. Hər bir hərəkətin nəticəsi həmin hərəkətin özündə təcəssüm olunur. Uinston yazıya davam etdi.

Fikir cinayəti ölümlə nəticələnmir. Fikir cinayətinin özü ÖLÜM deməkdir.

İndi – artıq ölü olduğunu biləndən sonra bacardığı qədər çox yaşamağa çalışmalı idi. Sağ əlinin iki barmağı mürəkkəbə bulaşmışdı. Belə əhəmiyyətsiz detal da adamı güdaza verə bilərdi. Nazirlikdəki yaxşı iybilmə qabiliyyətinə malik təəssübkeşlərdən biri (məsələn, külrəngi saçları olan balacaboy qadın, ya da Ədəbiyyat Departamentindəki çil-çil sifətli qarasaç qız) sənin nahar fasiləsində nə üçün işlədiyini, niyə köhnə vaxtlardakı kimi qələmdən istifadə etdiyini, ən başlıcası isə nə yazdığını fikirləşər, lazımı yerə xəbər çatdıra bilərdi. Uinston hamam otağına keçib dənəvər, qəhvəyi rəngə çalan və adamın dərisini, az qala, qaşov kimi sürtüb təmizləyən sabunla barmaqlarını diqqətlə yudu.

Gündəliyi masanın siyirməsinə qoydu. Gizlətmək fikrinə düşməyin mənası yox idi. Amma istənilən halda tapıb tapıb-tapmadıqlarından xəbər tutmaq istəyirdi. Səhifənin üstünə tük atmaq elə böyük ehtiyatlılıq nümunəsi sayıla bilməzdi. Uinston barmağının ucu ilə güclə gözə görünən ağ rəngli bərkimiş toz dənəciyini götürüb cildin yuxarı küncünə qoydu. Əgər gündəliyə toxunsaydılar, toz dənəciyi yerindən düşəcəkdi.”

“- Prollar insan deyillər, – dedi. -2050-ci ildə, hələ, bəlkə, ondan da əvvəl Köhnədillə bağlı bütün bilgilər yoxa çıxacaq. Keçmiş ədəbiyyatı tam məhv ediləcək. Coser, Şekspir, Milton, Bayron yalnız Yenidil variantında mövcud olacaq. Həm də onların tək dilləri dəyişməyəcək, müəyyən dərəcədə özləri də əslində olduqlarının ziddinə çevriləcəklər. Hətta partiya ədəbiyyatı da dəyişəcək. Hətta şüarlar da dəyişəcək. Əgər “azadlıq” məfhumunun özü ləğv edilcəksə, o zaman “Azadlıq-köləlikdir” şüarına nə lüzum qalacaq? Fikir mühiti tamamilə başqalaşacaq. Bizim indi anladığımız mənada fikir olmayacaq. İnanclı adam fikirləşmir. Onun fikirləşməyə, ümumiyyətlə, ehtiyacı yoxdur. İnanclı olmaq şüursuz olmaq deməkdir.”

“Partiyanın məqsədi yalnız kişi ilə qadın arasında bəzən özlərinin də nəzarətindən çıxan əlaqələrin yaranmasına maneçilik törətmək deyildi. Partiyanın elan olunmayan gizli məqsədi, ümumiyyətlə, cinsi əlaqəni həzzdən məhrum etmək idi. İstər nikahda, istərsə də nikahdankənar münasibətlərdə əsas hədəf, məhəbbət hissi yox, erotik duyğular sayılırdı. Partiya üzvləri arasındakı bütün nikahlara bu məqsədlə yaradılmış xüsusi komissiya tərəfindən icazə verilirdi. Açıq şəkildə etiraf olunmasa da, gələcək ər-arvadın bir-biri üçün fiziki baxımdan cəlbedici göründüklərini hiss edən kimi nikahlarına qadağa qoyurdular. Ailənin yeganə məqbul hədəfi gələcəkdə Partiyaya xidmət etməli olan yeni nəslin dünyaya gətirilməsi idi. Cinsi əlaqə əhəmiyyətsiz və xoşagəlməz müdaxilə kimi dəyərləndirilirdi. Düzdür, bu baradə açıq danışmırdılar, amma lap kiçik yaşlarından uşaqların beyninə hər şeyi məhz belə yeridirdilər. Hətta hər iki cinsdən olan cavanların bakirə həyat tərzini təbliğ edən Gənclərin Antiseks Liqası kimi könüllü təşkilatlar da fəaliyyət göstərirdi. Hamiləlik ictimai məntəqələrdə süni mayalandırma yolu ilə həyata keçirilməli idi. Uinston bu tələbin hələlik tam ciddi xarakter almadığını bilirdi, lakin bütünlüklə partiyanın ideologiyasına uyğun addım sayıldığından xəbərdar idi. Partiya cinsi həvəsi yerli-dibli öldürmək istəyirdi. Mümkün olmadığı təqdirdə isə cinsi əlaqəni yaramaz və çirkin iş kimi qələmə verməyə çalışırdı. Uinston bunun hansı zərurətdən yarandığını anlamırdı, amma təəccüblənməyə də əsas görmürdü. Qadınların tərbiyəsinə gəldikdə isə Partiyanın bu sahədəki uğurları, həqiqətən, böyük idi.”

“Nədən onlar daha böyük istək naminə toplaşıb səslərini belə yüksəltməsinlər? Uinston fikirlərini kağıza köçürtdü:

Onlar şüurlu olmayana qədər üsyan etməyəcəklər. Üsyan etməsələr isə heç vaxt şüurlu olmayacaqlar.

Sözlərinin lap Partiya dərsliklərindən götürülmüş ifadələrə oxşadığını düşündü. Partiya, təbii ki, həmişə prolları əsarət zəncirindən qurtardığını bəyan edirdi. Prollar İnqilaba qədər kapitalistlərin  dəhşətli zülmü altında imişlər. Kapitalistlər onları söyüb-döyür, ac-susuz saxlayır, qadınları daş kömür şaxtalarında işləməyə məcbur edir, uşaqları altı yaşından fabriklərə satırmışlar. Eyni zamanda, ikifikirlilik təlimindən çıxış edən Partiya həm də prolları öz təbiətləri etibarilə aşağı təbəqə sayır, bir neçə prinsipə əsaslanaraq onları heyvan kimi itaətdə saxlamağın zəruriliyini bildirirdi.”

“Partiya səndən gözlərinin və qulaqlarının şahidliyinə inanmamağı tələb edir. Bu, Partiyanın ən son və ən mühüm əmridir. Özünə qarşı necə böyük qüvvənin dayandığını düşünəndə, hər bir partiya ideoloqunun səni inkar etməsi bir yana qalsın, hətta mənasını anlamadığın hiyləgər dəlillərlə necə məğlubiyyətə uğradacağını yada salanda Uinstonun canına qorxu düşdü. Hələlik isə haqlı olan odur. Onlar yalnış yoldadırlar, Uinston Smit haqlıdır. Adi, aydın və həqiqi olan hər şey müdafiə edilməlidir. Adi-həqiqətlər həqiqətdir – bu fikrin üstündə möhkəm dayan! Vahid dünya yerindədir, onun qanunları heç zaman dəyişmir. Daş bərk cisimdir, su mayedir,i stinadgahı olmayan hər şey cazibə nəticəsində Yerin mərkəzinə düşür. Uinston, sanki bütün bunları üzbəüz dayanıb O. Brayenə söylədiyini və mühüm aksiom irəli sürdüyünü göz önünə gətirərək gündəliyinə yekun fikrini yazdı:

Azadlıq iki üstəgəl ikinin dördə bərabər olduğunu demək haqqıdır. Əgər buna imkan yaradılarsa, qalan hər şey öz yerini tapacaq.”

“- Əgər etirafı nəzərdə tutursansa, arxayın ol, hər şeyi etiraf edəcəyik. Orada hamı hər şeyi boynuna alır. Başqa cür mümkün deyil. Onlar işgəncə verirlər.

– Söhbət nəyisə boynuna almaqdan getmir. Etiraf xəyanət deyil. Sənin orda nə deməyinin, nə etməyinin heç bir əhəmiyyəti yoxdur. Mühüm olan hislərdir. Əgər onlar sənə olan sevgimi yox edə bilsələr, bax, əsl xəyanət bu olacaq!

Culiya uzun-uzadı fikrə getdi.

– Onlar bunu edə bilməzlər! – deyə, nəhayət dilləndi. -Bəlkə də, bacarmadıqları yeganə iş budur. Onlar insanı hər şeyi deməyə məcbur edə bilərlər. Lakin səni dediklərinə inandıra bilməzlər.

-Elədir, – deyə Uinston, nədənsə, yarıkönül razılaşdı.

– Düz deyirsən. Onlar insanın daxilinə nüfuz edə bilməzlər. Əgər hiss eləsən ki, heç nəyi qoruya bilməsən də, insan kimi qalmağı bacarırsan, artıq onları məğlubiyyətə uğratmış olursan.

Uinston teleekranın hər şeyi eşidən qulaqları haqqında düşündü.Onlar gecə də, gündüz də səni izləyə bilərlər. Amma başını tamam itirməmisənsə, hələ vəziyyətdən çıxış yolu tapmaq olar. Nə qədər çalışsalar da, onlar heç zaman başqa insanın nə fikirləşdiyinin sirrini aça bilməyəcəklər. Odur ki ələ düşmək hələ hər şeyin itirilməsi deyil. Sevgi Nazirliyinin divarları arasında nə baş verdiyindən heç kəsin xəbəri yoxdur. Amma ehtimal etmək mümkündür: işgəncələr, psixikaya təsir edən dərmanlar, əsəb reaksiyalarını qeydə alan həssas cihazlar, təklik, yuxusuzluq, fasiləsiz istintaqlarla adamı üzüb əldən salmaq… Olmuşları heç cür gizlədə bilməzsən. Onlar istintaq vaxtı faktları kələf kimi çözələyib açırlar, işgəncə metodları ilə sənin öz dilindən çıxarırlar. Lakin məqsəd, sadəcə,sağ qalmaq deyil, insan kimi qalmaqdırsa, sonda bunun nə fərqi var? Onlar sənin hisslərini dəyişə bilməzlər. Əslində, hətta istəsən belə, özün də o hissləri dəyişmək iqtidarında deyilsən. Onlar sənin nə etdiyini, nə dediyini, nə fikirləşdiyini ən xırda məqamlarına qədər aşkara çıxara bilərlər. Lakin hərəkət və istəkləri sənin özünə də sirli, qaranlıq qalan qəlbin qapılarını heç zaman onların üzünə açmayacaq.”

“- Uinston, biz həyatı bütün səviyyələrdə nəzarətdə saxlayırıq. Yəqin, düşünürsünüz ki, insan təbiəti adlanan nə isə sirli bir qüvvə mövcuddur və o, bizim əməllərimizdən hiddətlənərək günün birində üsyan edəcək. Amma insan təbiətini yaradanların özümüz olduğunu unudursunuz. İnsanları istənilən şəklə salmaq mümkündür. Bəlkə, yenə keçmiş xülyanıza qayıtmısınız – proletariatın və kölələrin ayağa qalxıb bizi devirəcəyi fikrinə düşmüsünüz? Bu fikri başınızdan birdəfəlik çıxarın. Proletariat həyət heyvanı kimi gücsüz və itaətkardır. Bəşəriyyət Partiya deməkdir. Qalan heç nəyin önəmi yoxdur.”

Kimisə sevəndə, sadəcə sevirsən və ona verəcəyin heç bir şey olmasa da, yenə də ona sevgini bəxş edirsən.

Son nəticədə iyerarxik cəmiyyət ancaq səfalət və cahillik üzərində qurulur.

Cəmiyyət seçim qarşısındadır: azadlıq yoxsa xoşbəxtlik və böyük əksəriyyət üçün xoşbəxtlik daha üstündür.

O, ilk dəfə dərk etdi ki, əgər sirri saxlamaq istəyirsənsə, onu özündən də gizlətməlisən.

Onlara nifrət edərək ölmək – azadlıq elə bunun özüdür.

Köhnəlmiş istibadların hökmü “Etmə”, totalitarların “Etməlisən” sözləri ilə başlayırdı. Bizim hökmümüz isə “sən varsan” sözləri ilə başlayır.

Ola bilsin ki, tarixi kitablardakı hər bir söz – hətta açıq-aşkar qəbul etdiyin sözlər də xalis uydurmadır.

Gerçək yalnız bir şeydir – ölüm onu gözləməyəndə gəlir.

 

Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin