Cəfər Cabbarlı – “Sevil”

0
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Cəfər Cabbarlının “Sevil” pyesininin mətnini sizlərə təqdim edirik.

 


SevİL

4 pərdəli pyes

İŞTİRAK EDƏNLƏR:

S e v i l
B a l a ş
G ü l ü ş
A t a k i ş i
B a b a k i ş i
M ə m m ə d ə l i b ə y
Ə b d ü l ə l i b ə y
D i l b ə r
T a f t a
G ü n d ü z

BİRİNCİ PƏRDƏ

Balaşın  evi. Köhnə qayda ilə döşənmiş bir ev. Sevil tək oturub oxuyur.

S e v i l.
Ey bivəfa yar səni,
Necə salım yada mən?
Çərxi fələk qoymadı,
Kam alım dünyada mən.
Aman, ay aman, zalım yar! (2)
Sənə nə olub, zalım yar?
Qadan, balan alım yar.
Sən ki, belə deyildin,
Səni bir öyrədən var.
Aman, ay aman, zalım yar! (2)

G ü l ü ş (əlində lampa gəlir). Sevil, nə üçün belə solğunsan, yoxsa bir
yerin ağrıyır?
S e v i l. Yox. Gülüşcan, heç bir yerim ağrımır.
G ü l ü ş. Necə yox, gözlərin qıpqırmızı qızarmışdır, yenə də ağlayırsan?
S e v i l. Ürəyim sıxılır. Gülüşcan. Balaş bu gün də bu vaxtacan gəlib
çıxmamışdır.
G ü l ü ş. Sən də öz qaydası ilə dünəndən bəri ac oturub, onun yolunu
gözləyirsən.
S e v i l. Nə edim, Gülüş, zəhrimara qalsın o çörək ki, biz yeyirik. Yazıq
Balaş gecə-gündüz ac-susuz işləyir. Bir saat evdə çörək yeməyə əli çatmır.
Budur, yenə də iki gündür evə gəlməmişdir.
G ü l ü ş. Nə olsun?
S e v i l. Nə olacaq, əvvəllər yoxsul idik, gündüzləri çalış-vuruş, əlimizə
düşən bir parça çörəyi axşam şad ürəklə yeyib, dinc yaşayırdıq.
İndi Allah bizim üçün bir parça ruzu yetirmişdir, amma bir-birimizin
üzünü də doyunca görə bilmirik: o, ac işləyir, mənim də boğazımdan çörək
getmir.
G ü l ü ş. Ax, Sevil, sən yazıq adamsan. Axı sən nədən bilirsən ki,
doğrudan da Balaş gecə-gündüz işləyir, özü də ac-susuz qalır?
S e v i l. Necə bilmirəm?
G ü l ü ş. Sən ki, onun yanında deyilsən.
S e v i l. Özü deyir də… İşləmirsə, bəs hara gedir? Evə gələn kimi
alayarımçılıq bir stəkan çay içər-içməz tez durub işə gedir. Allah kəssin
belə işi ki, nə gündüz vaxtı var, nə gecə… Hə… daş düşsün qızın olan
gününə. Bu rus, erməni qızları yenə yaxşıdırlar. İvanın arvadı özündən çox
məvacib alır. Biz hələ oturmuşuq, gözümüzü dikmişik kişinin əlinə: ağa
gətirsin navala, xanım doldursun çuvala. Allahın altında əlimdən bir iş gələ
idi, gör necə Balaşa kömək edərdim.
G ü l ü ş. Yazıq Sevil! Sən nə qədər yazıqsan, sən bilsəydin dünyada
nələr olur… (Kitabı açıb kağızı görür) Bu kağız kimindir?
S e v i l. O, Balaşın kitablarının arasında idi, bu gün yerə düşmüşdü.
G ü l ü ş. Yenə də ondan?
S e v i l. Kimdən, Gülüş? (Gülüş kağızı əzir) Gülüş, yavaş, əzdin ki,
içində amma yaxşı bir arvad şəkli vardır. Başında belə bir daraq, yaxasında
belə bir gül, bir aç bax.

G ü l ü ş. Sevil, sən nə qədər yazıqsan! Sənin başında qorxunc bir oyun
oynayır, sən isə günlərcə ac oturub, Balaşın yolunu gözləyirsən.
S e v i l. Nə edim, Gülüşcan, o işləyir, ac qalır, mənim də boğazımdan çörək
getmir.
G ü l ü ş. Sən bu arvadı tanıyırsanmı?
S e v i l. Haradan? Hələ şəklini görmüşəm. Odur, bir şəkil də Balaş gətirib
divara vurubdur, deyir bir yerdə işləyirik. Dedim gedək biz də bir yerdə şəklimizi
çəkdirək, divara vuraq, razı olmadı. Görəsən, Gülüşcan, mənim də şəklim çıxar?
Ay Allah, bir şəklim olsun görüm necə çıxıram.
G ü l ü ş. Gedək, Sevil! Mən sənin şəklini çəkdirim.
S e v i l. Yox, a qız, heç Balaş razı olar? Ondan soruşmamış hara gedə bilərəm.
Kaş, Gülüş, mən də sənin kimi olaydım, oxuyardım, Balaşa kömək edərdim.
G ü l ü ş. Sən yazıqsan, Sevil, yazıq!
S e v i l. Gülüşcan, nə üçün axır vaxtlar sən tez-tez mənə yazıq deyirsən?
G ü l ü ş. Ax, Sevil, sən doğrudan da yazıqsan, hər şeyə Balaşın yoxsulluq gözü
ilə baxırsan, sənə bütün dünya da onun səadəti üçün gərəkdir, özün üçün heç bir
şey istəmirsən.
S e v i l. Əlbəttə, Allah onun kölgəsini mənim başımdan əskik eləməsin.
G ü l ü ş. Onun kölgəsi bu qara çadradır, o sənin başında durduqca, sən yazıq
olacaqsan.
S e v i l. Bəs nə edim?
G ü l ü ş. Çıxart, cır tulla!
S e v i l. Bəs Balaş nə deyər? Heç razı olarmı? O heç sənin də başıaçıq
gəzməyinə razı deyil.
G ü l ü ş. Mən ki, gəzirəm.
S e v i l. Daha sən dəliliyinə salmısan, çarəsizlikdən söz deyə bilmir, özü də,
səni özünə bacı hesab etmir və həmişə deyir ki, Gülüş dəlidir, danışığını bilmir;
amma mən onun arvadıyam, sözündən çıxa bilmərəm; ər ki var, Allahın kölgəsidir.
G ü l ü ş. Boş sözdür, nə Allah var, nə də kölgəsi.
S e v i l. Əstəğfürullah!.. Əstəğfürullah!.. Gülüşcan, sən allah, elə sözlər
danışma.
G ü l ü ş. Sən yazıqsan, Sevil! Sən adamlara o qədər inanmışsanki, sənin
gözlərini qara pərdə örtmüşdür; mən o pərdəni yırtmaq istəyirəm. Ancaq onun dalınca elə bir dəhşət durmuşdur ki, sənin o dəhşətə dayana biləcəyinə inanmıram.

S e v i l. Necə, necə? Təşti-tabağı sındıracaqsan?
G ü l ü ş. Təşt-tabaq nədir?
S e v i l. Bilmirəm, sən deyirsən ki, pərdə-mərdəni yırtacağam, təşti-
tabağı sındıracağam. Gülüş, sən allah, bir məni yaxşı-yaxşı başa sal görüm,
nə edirsən?
G ü l ü ş. Ah, Sevil, bu saat dünyanın çarxı köhnə oxundan çıxmış.
Bütün həyat bir zəlzələ keçirməkdədir.
S e v i l. Nə olub, zəlzələ olacaq dedin? (Gülüş gülür). Sən allah,
Gülüşcan, gülmə. Bir yaxşı-yaxşı məni başa sal görüm, pərdə-mərdəni
niyə yırtacaqsan?
G ü l ü ş. Ay Sevil, artıq oyun sona varmaqdadır, çox çəkməz ki, sən
özün görərsən.
A t a k i ş i (qucağında uşaq içəridən çıxır).
Ay sənə qurban inəklər,
Bu balam haçan iməklər.
Ay sənə qurban ilanlar,
Bu balam haçan dil anlar.
G ü l ü ş. Ay ata, bunları haradan öyrənmişsən?
A t a k i ş i. Hey… Qızım, bunları bir zaman sənin anan oxuyardı.
S e v i l. Nə yaxşı da yadında qalmışdır, ay əmi!
A t a k i ş i. Çox bilirdim, ancaq hamısı yadımdan çıxıb.
Dağda darılar,
Sünbülü sarılar.
Köhnə qarılar
Bu balama qurban.
İlxıda atlar,
Çöldə göy otlar,
Ərsiz arvadlar
Bu balama qurban.
G ü l ü ş. Bu yaxşı, nə üçün bəs arvadlar, özü də təkcə ərsizlər, kişilər yox?

S e v i l. Çünki kişi evin sütunudur. Arvad nədir, oturub saman çuvalı kimi evin
bir küncündə, nə ölüyə hay verir, nə diriyə pay. Ancaq, əmi uşaq üçün belə şeylər
oxuyanda, Balaşın xoşuna gəlmir. Deyir ki, adam yanında oxuma, deyərlər kətti-
küttü havasıdır, vayuşkadır, nədir, ondan oxuyun, deyir.
A t a k i ş i. Hə, kətti-küttü havası olanda nə olar? Vayuşka nədir? Onun,
deyəsən, çox oxumaqdan huşu bulaşıbdır.
S e v i l. Hey yalvardım, öyrətsin, vaxtı olmadı.
G ü l ü ş. Olmaz, istəməyə vaxt tapar, öyrətməyə yox.
A t a k i ş i. Yaxşı, acığı gəlir, daha oxumaram. Axşam oldu, bu uşağı tut, mən
gedim bir vedrə su gətirim.
S e v i l. Yox əmi! Sənin əlin şikəstdir, mən adam tapıb gətirdərəm.
A t a k i ş i. Yox, babam, su gətirmək nədir? İşsiz darıxıram. Mən ömrümdə bir
gün də olsun işsiz qalmamışam. Indi nə edim, zalım oğlunun maşını əlimi şikəst
elədi, atdı məni evin küncünə, yoxsa məni evdə tapmaq olardı?!
S e v i l. İndi, Allaha şükür, nə olmuşdur ki?
A t a k i ş i. Bilirsən, qızım, dünyanın işi belədir: adam evə qazanc
gətirməyəndə, qədir-qiyməti olmur; ana da çox qazanan oğlu çox sevər. Mən belə
deyildim. Yeniyetmə igid idik, sənin atan Babakişi ilə; yaxşı adamdır; haçandır o
məlunu görməmişəm.
S e v i l. Mən də altı ildir görməmişəm.
A t a k i ş i. Babakişi onda lap sıpa kimi idi. Hə, onunla meşəyə oduna
gedərdik. Bu sağ əlimi görürsənmi, hansı ağaca atsaydım, bu yoğunluğunda ağacı
kökündən qoparıb, böyrü üstə yıxardım. O vaxtlar dəyənək iş görərdi, çomağıma
dağ dayanmazdı. Bir yol ditdili Həsənin gündəyməzindən bir ağac zolladım ki, iki
ay sümüklərinə yağlıxəmir saldılar. Ey… qızım, indi zalım oğlunun maşını yıxdı
mənim evimi; oğul möhtacı olub qaldım. Hər çörək yeyəndə elə bil ki, zəhrimar
yeyirəm.
S e v i l. Sən allah bəsdir, ay əmi, ürəyim birtəhər oldu. Balaş bu sözləri eşitsə,
qiyamət qoparar. Adam öz oğlundan kömək görməsə, onda oğul nəyə gərəkdir?
A t a k i ş i. Doğrudur, qızım, yaxşı-yaman, yenə də oğuldur. Ancaq bilirsən nə
var? Mən uşaqlıqdan harın yaşamışam, mən Allahıma bəndəlik eləməmişəm,
dağlarda, düzlərdə, yamaclarda atımın indi də izi qalır. Bircə mənim bu əlim tuta
idi. İndi, qızım, mənim təsəllim bir vedrə su, bir qucaq odundur, onu da mənim
əlimdən almayın.

S e v i l. Sən Allah, bu da sözdür, bu yazıq Balaş gecə-gündüz çalışır, kimin üçün qazanır?

G ü l ü ş. Ata! Sənin sözün doğrudur. Sənin bu qırıq əlin indiki həyatın
girdablarından balıq tutmaz. Bu geyim ilə ölümdən başqa heç bir şeyə yaramazsan.
S e v i l. Necə, ölümdən?
G ü l ü ş. Bəli, ölümdən. Ancaq sən gənc və sağlamsan. Balaş səni anlamır; o
səni həyatdan gizlədir, uydurur, o səni öz istədiyi kimi yağışdan çıxarıb yağmura
salacaqdır. Ancaq, qorxma, ata, sən mən deyəni et, mən səni yaşadaram.
A t a k i ş i. Odur ki, qızım, mən də Allahdan ölüm istəyirəm; kim nə deyir
desin, arvad mərhəmətinə güvənməkdənsə ölüm yaxşıdır.
G ü l ü ş. Yox, ata, mən sənə mərhəmət etməyəcəyəm. Mən səni doktora
aparacaq, sağaldacaq, işə salacağam; mən sənə qarşı amansız olacağam: yayın isti
günlərində dil-dodaq yanırkən, mən sənə su daşıtdıracağam; qışın soyuq
gecələrində şaxtadan iliklər donurkən, mən sənə odun daşıtdıracağam, ocaq
qalatdıracağam, səninlə bir yerdə qızınacağam. Sənin geniş qəlbinə mərhəmət
nankorluqdur.
S e v i l. Bircə, ay əmi, sən onun sözlərinə qulaq asma; indi, Allaha şükür, nə
var, evimiz-eşiyimiz, pulumuz, dolanacağımız; bir dur, ay əmi, vedrələri boşaldım.
G ü l ü ş. Ata! Mən səni dəmir yolunda maşınçılıq kurslarına yazdıracağam,
gedərsənmi?
A t a k i ş i. Yox, yox! Maşına yoxam, qızım, şeytan işidir, qorxuram.
G ü l ü ş. Yox, ata, əsr maşın əsridir, ondan qaçmaq olmaz. Bir gün mədəniyyət
zəlzələsi bu evi, bu taxçaları, bu boğçaları uçuracaqdır, sən çılpaq çölə düşəcək,
dəhşətli maşınlar içində qalacaqsan; unutma ki… maşın “metralyoz”1
kimi bir
şeydir, ardında olsan – qulundur, qabağında olsan – ölümündür. Hələlik sağ olun!
(Getmək istəyir).
S e v i l. Dayan, dayan! Sən deyirsən ki, zəlzələ olacaq, özün də bu taxçaları-
boğçaları uçuracaqsan. Ay qız, bir məni başa sal görüm, zəlzələ nə vaxt olacaq?
G ü l ü ş. Hər halda, Sevil, sənin üçün tez-tez olacaq.
S e v i l. Sən bir tez qayıt, məni başa sal, yoxsa bağrım çatlar, ay qız. Srağagün
Balaş deyirdi ki, bu gün qonağım olacaq, bəlkə gəldi çıxdı, təkəm, tez qayıt ha…

G ü l ü ş. Yaxşı, yaxşı (Gedir).
A t a k i ş i. Yaxşı, qızım, di gəl vedrələri ver, mən də gedim. Gedir. Səs gəlir.
S e v i l. Ay kimdir? (Qapıya gedir). İçəri gəl, ay ata, altı ildir səni
görməmişəm, səndən nə əcəb?
B a b a k i ş i gəlir.
B a b a k i ş i. Bu il, qızım, türkün sözü, nəmişlik olmadı, havalar türkün sözü,
quru keçdi, mən də borca düşmüşəm. Bir az kömür gətirdim ki, satım, o da türkün
sözü, pula getmədi, gəldim, bəlkə, türkün sözü, şəhərdə bir iş tapım, bir təhər ilə
dolanaq, Allah kərimdir.
S e v i l. Çox da yaxşı oldu gəldin; mən hələ Atakişi əmiyə kömək etmək üçün
bir adam tutacaqdım.
B a b a k i ş i. Yox, qızım, türkün sözü, mən burada qalsam, sənin də günün
qara olar.
S e v i l. Yox, ata, indi, Allaha şükür, işimiz çox yaxşıdır. Doğrudur, altı ildən
bəri çox korluq çəkirdik, amma yaxınlarda ki, padşahı yıxmadılar, onda Balaş o
böyüklərdən oldu, sonra lap böyük oldu, indi lap böyük olmuşdur. Tağıyevin bacısı
oğlu onu qonaq çağırır. Silisçinin dilmancı ona salam verir, köhnə pristavın
qohumu onun üçün ayağa durur. Belə qiyamətdir! Sən demə bütün işlərimizi
korlayan bu yerə batmış köhnə padşah imiş.
B a b a k i ş i. Demək, türkün sözü, o, böyüklərdən olubdur?
S e v i l. Hə… Lap böyüklərdən; o ki, köhnə padşahın xəzinəsi yox idi, paya-
payda hamısı ona çatıbdır.
B a b a k i ş i. Yəni, türkün sözü, lap özünə?
S e v i l. Həri, lap özünə; adamlara borc verir, sonra yığır. O gün qapının
deşiyindən baxdım, bir xozeyin gəldi, qarnı lap böyük, özü də lap kök, qızıl saat
qolunda, barmağında qızıl üzük, Balaşa deyirdi: Mən ölüm, gəlsənə bu işi
düzəldəsən! Balaş da kağızına qol çəkdi, baş vura-vura getdi (Şkafdan pulları
çıxarır, göstərir). Bax, görürsən, bu pulların hamısı bizimdir. Bu da çoxlu-çoxlu
puldur, hələ, deyir, o padşahın yerində olan nədir? Lap ondan olacağam.
B a b a k i ş i. İstəməz, qoy hələ pulları, türkün sözü, bərk tutsun.
S e v i l. Pullar bizimdir; yox, sən qorxma, işimiz Allaha şükür çox yaxşıdır,
mən hələ onsuz da bir adam tutacaqdım.

B a b a k i ş i. Allaha şükür olsun, qızım, deməli, sən məni sevindirdin, türkün
sözü.
S e v i l. Çörəyimizi o-bu yeyir; yox, daha səni buradan buraxmaram.
B a b a k i ş i. Yaxşı, qızım, qoy sən deyən olsun, onda mən daha, türkün sözü,
oturmayım, mənə bir parça çörək ver, gedim görüm kəndə gedən varsa, türkün
sözü, bu çuvalları göndərim.
S e v i l. Otur, çörək ye, sonra gedərsən.
B a b a k i ş i. Yox, yox, hələ, türkün sözü, yeyə-yeyə gedərəm.
S e v i l. Çox yaxşı, ala, get, ancaq tez qayıt, mən də sən gəlincə xörək
hazırlaram.

Gedir. S e v i l də uşağı götürüb o biri otağa keçir və oxuyur.

S e v i l.
Sənə nə olub, zalım yar?
Qadan-balan alım yar.
Sən ki, belə deyildin,
Səni bir öyrədən var.
Aman, ay aman, zalım yar…
B a l a ş (gəlir). Sevil, ay qız, Sevil!
S e v i l (gəlir). Balaş, sənsən, bəs haçan keçdin ki, mən səni görmədim?
Boynum sınsın, hələ səhərdən gözüm pəncərədədir ki, birdən keçərsən, görmərəm.
Tez ol, soyun, acından öldün, dünəndən yəqin ki, bir şey yeməmişsən, tez ol
görüm, çıxar bunu.
B a l a ş. Bircə dayan, dəymə, soyunmağa vaxtım yoxdur; sənə demişdim
qonağım gələcək.
S e v i l. Sən bircə otur, bir az çörək ye, acından ürəyin getdi. Mən də acam, bir
yerdə yeyərik. Qonaq da gəlsə, hər şey hazırdır: ətdir aldırmışam, hər şey evdə, nə
deyərsən elərəm.
B a l a ş. Odur də, deyirəm mənim həyatım zəhərlidir. Deyirlər belə. Dilimdə
söz tapşırmışam, gecə yarıdan keçmişdir, indi deyir nə desən elərəm.
S e v i l. Axı bilmirdim ki, yəqin qonaq gələcək.
B a l a ş. Yaxşı, yaxşı, bəsdir… Səndən ki, adam olmayacaqdır. Daha kimi
gözləyirsən, tez ol da, tez evi yığışdır, ocağı qala! Heç bilmirəm şeyləri kim
daşısın, qonaqların yanında kim otursun?

S e v i l. Mən bacarmaram? Balaş! Təzə örpəyim vardır, istəyirsən örtüm,
xörəyi mən verim.
B a l a ş. Bircə, yox, sən ortadan qapını bağla, heç bir tərəfdə görünmə; kişi
üçün də bu dal otaqda yer sal, tez yatsın, çul-çuxası ilə həyətə-zada çıxar, biabır
olarıq.
S e v i l. Yaxşı, onda özün oturarsan qonaqların yanında.
B a l a ş. Olmaz da, olmaz; yenə təkcə kişilər gəlsə idi, dərd yarı idi, arvad
olacaqdır, gərəkməz ki, bizim evdən bir arvad olsun, stolu döşəsin?
S e v i l. Balaş, bu şəkildəki arvad da gələcək?
B a l a ş. Əsli hələ o gələcəkdir; gələndə nə olar ki?
S e v i l. Heç bir şey, soruşuram da. O da kişilər ilə bir yerdə oturacaq?
B a l a ş. Kişilər ilə bir yerdə oturmayıb daha gəlib səninlə bir yerdə düşbərə
bükməyəcək ki?
S e v i l. Balaş! Nə üçün sən məni həmişə adam arasına qoymursan, özünlə bir
yerə aparmırsan? Mən başqa arvadlardan, hələ bu şəkildəki arvaddan çirkinəmmi?
B a l a ş. A qız, daha mənə “vəzzariyyat” oxuma, mən indi böyük cəmiyyət
adamıyam, doktorlar, ədiblər, filosoflar ilə oturub-dururam.
S e v i l. Balaş! Yenə pristavın qohumu sənin üçün ayağa durur?
B a l a ş. Axı bu paltar ilə, bu başmaq, corab ilə səni hara çıxara bilərəm?
S e v i l. Nə üçün? Sən də mənim üçün yaxşı paltar al…
B a l a ş. Axı, sən özün adam arasına çıxarılmalı deyilsən; sən Allahın boş bir
yerişini yeriyə bilmirsən; danışanda dilin dolaşır; bir süfrə düzəltməyi bilmirsən;
danışanda dilin dolaşır; bir süfrə düzəltməyi bilmirsən; Allahın bir portağalını soya
bilmirsən; bu sayaqla mən səni hara çıxara bilərəm ki, dəvə zərgər dükanına düşən
kimi, qab-qacağı qırasan?
S e v i l. Süfrə döşəmək, portağal soymaq bir şey deyil ki; mən saatda yüz
adamın xörəyini bişirərəm, süfrəsini döşəyərəm, hələ qovun-qarpızını da soyaram.
B a l a ş. Ah, mən səni qiyamətə kimi başa sala bilməyəcəyəm. Doğrudur, sən
bizim arvadlar üçün, kətti-küttülər üçün bacarırsan,ancaq, o cəmiyyətdə ki, indi
mən dolaşıram, orada sən yaramazsan; orada bir portağal soymağın min cür şəkli
vardır; bir dəsmalı min cür bükürlər; axı bu hal ilə mən səni ortaya çıxara bilmərəm; mən də utanıram, deyərlər
bu ayını meşədən kim ürküdüb çıxarmışdır? Hələ öz atamı, bu çuxa ilə hara çıxara
bilərəm? Deməzlər ki, özünə bax, atasına bax?
S e v i l. Balaş, on üç yaşında mən bu evə gəlmişəm, altı ilə yarıac, yarıtox quru
çörək ilə keçirmişik: bir gün, bir düyün görməmişəm; indi Allah bizim üzümüzə
baxıb bir parça çörək yetirmişdir; amma indi də sən məni bir yerə çıxarmırsan.
Hərgah sən məni özünlə aparsan, adam arasına çıxarmış olsan, bir yol bilmərəm,
iki yol bilmərəm, sonra mən də başqalarına baxıb öyrənərəm. O biriləri, hələ bu
şəkildəki arvad, bildiklərini anasının qarnından gətirməmişlər ki!
B a l a ş. O arvad oxumuşdur, özü də böyük, zəngin bir ailədəndir, keçmişdə
atası qubernator olmuşdur; yerin altını da bilir, üstünü də. Parisdə manikürçülük
kursunu bitirmişdir. Ruscanı rusdan, fransızcanı fransızdan yaxşı danışır, fəlsəfəni
beş barmağı kimi bilir. Sən nə bilirsən, heç bilirsən ki, fəlsəfə nədir?
S e v i l. Fəlsəfət… Fəlsəfət…
B a l a ş. Sən hələ heç adını da düz deyə bilmirsən.
S e v i l. Nə üçün bilmirəm? Səflət bükməkdirsə, İvanın arvadından
öyrənmişəm, lap altı barmağım kimi bilirəm.
B a l a ş. Heyhat, bu zəhərli həyat içində yaşamaq, bu cəhalət bucağında can
çürütmək – bir cəhənnəm əzabıdır, cəhənnəm!
S e v i l. Dayan, dayan, bəlkə sən hələ yer-yemiş üçün səbət toxumağı deyirsən.
B a l a ş. Yox, şit fətir bişirməyi deyirəm!
S e v i l. Balaş! Sən mənə de görüm fəlsəfət deyirsən, şalpit deyirsən?
Yeməlidir, içməlidir, geyməlidir, bir yol görüm fəlsəfəti necə eləyirlər, sonra o
arvaddan yaxşı bacarmasam, əllərimi kəsərəm.
B a l a ş. Nə isə, keçmiş ola, daha mənim üçün hüquq məcəlləsini açma. Sənə
deyirəm o biri evdə otur, ortadan qapını bağla, bu yana çıxma, vəssalam, qurtardı
getdi.
S e v i l. Yaxşı, Balaş, deyirsən çıxmaram (Ağlayır).
B a l a ş. Di indi də yasxana açma! Stəkanımız varmı?
S e v i l. Stəkanımıza nə gəlib, əlli adama çatar.
B a l a ş. Onlardan yox, xırda araq stəkanı.
S e v i l. Araq da içəcəklər?
B a l a ş. Yox, daha gəlib sizin üçün bikəyallah namazı qılmayacaqlar ki!

S e v i l. Balaş! O arvad da araq içir? Qapı döyülür.
B a l a ş. Gəldilər, tez, tez, sən o biri evə keç, ortadan qapını bağla, bu yanlara
çıxma!
S e v i l. Yaxşı, Balaş, deyirsən mən onların gözlərinə görünmərəm, birdən
arvad özu o biri evə keçdi…
B a l a ş. Keçməz, keçməz. Kişinin yerini sal, həyətə-zada çıxmasın. Birdən
Gülüş gəlsə, məbada bu evə keçsin ha, yoxsa, o dəlidir, birdən bu evə keçib bir söz
deyər, mənim üçün ölümdən bədtərdir. Eşitdinmi?
S e v i l. Balaş, vallah, mən Gülüşə bir söz deyə bilmərəm. Qorxuram. Onsuz
da bayaq deyirdi ki, təşti-tabağı sındıracağam.
B a l a ş. Necə yəni, təşti-tabağı sındıracağam?
S e v i l. Mən nə bilim, deyirdi ki, bütün pərdə-mərdəni yırtacağam; özü də,
deyir zəlzələ olacaq, ev də uçulacaq.
B a l a ş. Necə yəni, pərdə-mərdəni yırtacağam?
S e v i l. Mən nə bilim, özü deyirdi.
B a l a ş. Yaxşı, yaxşı, sən keç, mən özüm gəlib deyərəm. Qırılmışın hərəsi bir
cür dəlidir; bilmirəm Allah məni haçan bu dəlixanadan qurtaracaqdır.
Balaşı çağırırlar.
B a l a ş. Gəldim, gəldim.
A t a k i ş i (o biri otaqdan çıxır). Ay gədə, qapını döyən, kimsən hey…
S e v i l. Ay əmi, ay əmi, getmə, bəri gəl, bu biri evə keçmə, tez, tez, Balaşın
qonağı var, dedi, həyətə-zada çıxmasın.
A t a k i ş i. Həyətə-zada çıxmasın? Hansı evə keçim!
S e v i l. Bu evə, bu evə, tez bu evə keç!
A t a k i ş i. Yaxşı, deyirsən, keçim də.

Sevil ilə Atakişi gedir. Balaş qonaqlarla gəlir.

B a l a ş. Buyurun, buyurun, rica edirəm, xoş gəlibsiniz! Edilya, gəlişinizdən nə
qədər məmnun olduğumu bilsəydiniz, məsud olardım.
D i l b ə r. Ancaq mən bir az da heyrət edirəm, evinizdə adam qarşılayacaq
başqa bir kimsə yoxdurmu?
B a l a ş. Doğrusu, Edilya, sizin qulluğunuzda bulunmaq şərəfini bir kimsə ilə
bölüşdürmək istəməzdim.

D i l b ə r. O öz yerində; ancaq onsuz da sizi hər gün evimizdə görürəm; siz
gəlişimin səbəbini çox gözəl bilirsiniz; mən bütün ailənizi görmək istəyirəm.
B a l a ş. Dilbər!
D i l b ə r. Həm də bu, tərbiyəli bir külfətdə qonağa qarşı ən azı, bir
hörmətsizlikdir.
B a l a ş. Mən layiq bilmədim ki…
D i l b ə r. Sizin arvadınızda araya çıxacaq bir ləyaqət yoxsa, deyirlər bacınız
vardır. Dayım da demişdir gələcəyəm. Hər halda atanız buraya gəlməlidir, yoxsa,
bu nədir?
B a l a ş. Edilya! Mənim bacım bir cürdür, atam da ki, belə…
D i l b ə r. Mən qəti deyirəm, yoxsa bu saat geyinib gedəcəyəm. Olmaz ki,
dayım gəlsin, atanı burada görməsin. Eviniz çox gözəldir, ancaq fu… Kak
bezvkusno ubrano! Po moyemu, bu stolu buraya, bu şeyləri də buraya yığsaydınız,
daha gözəl olardı. Deyilmi, Əbdüləli bəy?
Ə b d ü l ə l i b ə y. Doğrudur, elədir ki var, mən də onu düşünürdüm.
M ə m m ə d ə l i. Nədir? O nədir?
Ə b d ü l ə l i b ə y. Elə mühüm bir hadisə yoxdur, biz ancaq orasını fərz edirik
ki, piyano, qarderob kimi alat və əsbabi-qərbiyyə ilə taxça və kasa kimi alati-
şərqiyyə bir-birinə taraz gəlmir, ərz olsun, üslubu xələldar edir.
M ə m m ə d ə l i. Kim deyir onu?
Ə b d ü l ə l i b ə y. Dilbər xanım buyurdular, biz də onu düşünürdük.
M ə m m ə d ə l i. Heç yox, biz elə düşünmürdük. Beləcə çox gözəldir, belə də
lazımdır. Bu üslubsuzluq özü də bir üslubdur.
Ə b d ü l ə l i b ə y. O da doğrudur, indicə mən də onu düşünürdüm…
D i l b ə r. Siz ki, bəhsə başladınız, iş bitdi.
M ə m m ə d ə l i. Yaxşı, mən sizə sübut edə bilərəm.
D i l b ə r. İstəməz, istəməz, bu o qədər də mühüm məsələ deyildir, deyişməsinə
dəyməz.
Ə b d ü l ə l i b ə y. Doğrudur, elədir ki var, elə mən də bu saat onu
düşünürdüm.
M ə m m ə d ə l i. Doğru deyil, bu əsas bir məsələdir. Bu bizim gələcək mədəni
gedişimizin ən canlı, döyüşkən bir məsələsidir. Bununla biz, Şərqin Avropa
mədəniyyətinə qarşı münasibətini aydınlaşdırmalıyıq.

Ə b d ü l ə l i b ə y. O da doğrudur, mən də bu saat onu düşünürdüm. Xaricilər
də hələ mədəniyyəti bizdən əxz eləmişlər. Biz islam mədəniyyətini işlətməmişik.
Ərz olsun, pas atıb qalmışdır. Biz onu yaxşılaşdırmalıyıq. Mən demirəm,
xaricilərdən mədəniyyət almayaq. Nə eybi var: namazdır, bu vaxta qədər yerdə
qılırdıq, indi stol üstə qılarıq, bu vaxtadək xalçanı yerə salırdıq, indi divara vurarıq.
M ə m m ə d ə l i. Heç yox: bu vaxtadək arağı gizlin içirdik, indi aşkar içirik, bu
vaxta qədər rumka ilə içirdik, indi kasa ilə içirik.
B a l a ş. Müsaidəniz ilə bir neçə kəlmə mən də ərz edim.
D i l b ə r. Burada deyişməkdən isə, o biri otaqları gəzib baxsaq, yaxşı
olmazdımı?
Ə b d ü l ə l i b ə y. Doğrudur, mən də onu düşünürdüm.
B a l a ş. Rica edirəm, buyurun!
M ə m m ə d ə l i. Heç doğru deyil.
Ə b d ü l ə l i b ə y. Nə doğru deyil?
M ə m m ə d ə l i. Hə… Bilmirəm, sən nəyi deyirdin?
Ə b d ü l ə l i b ə y. Mən heç nəyi.
M ə m m ə d ə l i. Mən də heç nəyi.
Ə b d ü l ə l i b ə y. Edilya! Dayınızın kağızını unutmayın ha…
D i l b ə r. Aha, yaxşı yadıma düşdü. Balaş, bir az toxtayın (Axtarır). Nə oldu, o
kağız nə oldu? Alın, buna qol çəkin.
B a l a ş. Dilbər! Mən bu işlə tanışam, bu çoxdankı bir işdir, on iki min
manatlıq bir məsələdir.
D i l b ə r. Qol çək.
B a l a ş. Edilya!..
D i l b ə r. Bu işə mənim dayım da qarışıbdır, ponimayeş?
B a l a ş. Edilya!..
D i l b ə r. Nu, dovolno! Mən söz vermişəm, bitdi, getdi. Gərək düzəlsin,
vəssalam.
B a l a ş. Yaxşı, Edilya, mən sizin sözünüzdən çıxa bilmərəm, qol çəkirəm;
ancaq bu iş ortalığa çıxsa, oğurluq kimi bir şeydir.
D i l b ə r. Niçeqo podobnoqo; özləri min iş görürlər, karvanı malı ilə yeyirlər,
sarvanı şalı ilə. Çəkdiniz? Di yaxşı, indi gəl!
B a l a ş. Ancaq, Edilya! Doğrusu, mən layiq bilməzdim ki, belə bir məclisə,
mən rica edirəm mümkün isə…
D i l b ə r. Yenə külfətinizimi deyirsən?
B a l a ş. Əvət, çünki heç yeri deyildi, çünki xəstədir, bir də…

D i l b ə r. Qoy bacın gəlsin, arvadın istəməz; amma atan mütləq gəlməlidir;
olmaz ki, dayım gəlsin, onu görməsin.
B a l a ş. Dilbər!..
D i l b ə r. Mənim sözüm dəyişməzdir. İstəyirsiniz, etməyə də bilərsiniz, ancaq
mən burada dayanmaram və bir də səninlə görüşmərik (Keçir o biri otağa).
B a l a ş. Sevil!.. Sevil!..
S e v i l. Nə istəyirsən, Balaş?
B a l a ş. Kişi haraya getdi?
S e v i l. Yerini salmışam, çoxdan yatıbdır, vallah. Heç həyətəzada
çıxmamışdır.
B a l a ş. Heç bilmirəm nə edim! Qonaqlar da onu görmək istəyirlər, mən də
qalmışam belə.
S e v i l. Bilmirəm, özün bil, deyirsən gedim çağırım.
B a l a ş. Vallah, heç özüm də bilmirəm nə edim. Di yaxşı, çağır
görək nə olar.

S e v i l gedir, A t a k i ş i n i çağırır.

B a l a ş. İndi nə edim, qonaqlar da səni görmək istəyir, özüm də qalmışam
belə.
A t a k i ş i. Görsünlər də.
B a l a ş. Axı belə olmaz, bu paltarda yaramaz, gərək belə olsun ki, bir az abırlı
olsun.
A t a k i ş i. İndi olanı budur də, özün bir bax gör.
B a l a ş. Sən bir dayan, bir baxım görüm bəlkə nimdaş bir şey tapa bildim.

Balaş gedir. Bu aralıq Dilbər o biri otaqdan, Sevil isə o biri otaqdan çıxıb üz-üzə gəlir və qışqıraraq qayıdırlar.

D i l b ə r. Balaş, bəs nə oldu?
S e v i l. Ay əmi, bəs nə oldu?
B a l a ş (əlində paltar qayıdır). Hə, bircə o çuxanı çıxar.
A t a k i ş i. Nə edirsən, Balaş?
B a l a ş. Sən bircə bu çul-çuxanı çıxar.
A t a k i ş i. Balaş, oğlum, sən olasan öz Allahın, qoy mən gedim, bir yana
çəkilim, öz dərdimi çəkim, mən iş adamıyam, onlar mənim əynimdə davam etməz.
B a l a ş. A kişi, bu bir şey deyildir, bir saatlıq gey, sonra yenə də çıxar; axı bu
paltarlar ilə adam arasına çıxmaq olmaz.

A t a k i ş i. Oğlum, başına dolanım, onda məni öldür, bir söz demərəm, bu ki
ölü paltarıdır, kişi dünən ölüb, meyiti heç soyumamışdır.
B a l a ş. İndi mən yazıq başıma nə kül töküm! Öz ailəmdə belə kimsə məni
anlamır, kimsə mənim mövqeyimi belə düşünmür. Siz məni bu evdə adam
bilirsinizsə, necə mən deyirəm, elə də olmalıdır.
A t a k i ş i. Yaxşı, oğlum, acıqlanma, necə deyirsən, hələ edim də.
B a l a ş. Acıqlanmıram, ancaq yaxşı deyil, tez bu çuxanı çıxar.
A t a k i ş i. Bu mənim əynimə gəlməz.
B a l a ş. Bir saatlıq eybi yoxdur, sonra çıxar, tulla. Dayan, hə, belə… Özün də
yaxşı-yaxşı nəzakətli, danışanda bir az incə-incə, zərif danışarsan. Əfəndilər,
gəlişinizdən pək məmnunum, deyərsən, hə… Məmnunəm yox, osmanlı sayağı –
axırda num. Məsələn, aparmaram yox, aparmarım. Burasını özüm də yaxşı
bilmirəm ki, “marım” deyirlər, ya “mazım”. Məsələn, aparardıq yox, aparıyordız.
Zəhrimar nə çox dızıldadı. Nə isə, yaxşısı budur ki, sən dinməz-söyləməz otur, heç
ağzını açıb danışma. Deyərəm laldır.
A t a k i ş i. Laldır?
B a l a ş. Hə… hə… Laldır, o yaxşıdır.
D i l b ə r (səsi gəlir). Balaş, nə oldu?
B a l a ş. Gəldim; sən dur, bu saat gəlirəm (Sevil gəlir, Atakişini bu paltarda
görüb qışqırır, qayıdır). Yavaş, yavaş, niyə bağırırsan?
S e v i l. Ölü gəlib, ölü..  

P ə r d ə

  İKİNCİ PƏRDƏ

 Yenə də həmin ev.

B a l a ş. Edilya! Bağışlayın, mən sizi bu qədər tək buraxdım.
D i l b ə r. Bizim gələcək həyatımız bu gecədən asılıdır. Balaş, gərək bunların
yanında öz məhəbbət və iltifatınızı mənə göstərəsiniz.
B a l a ş (Dilbərin əllərini tutur). Mən sizin ayaqlarınızdayam. Mən heç bir vaxt
sənin əmrindən çıxmamışam və çıxmayacağıma and içirəm.
D i l b ə r. Atanız buraya gələcəkdir?
B a l a ş. Əmr etsəniz, bütün ailəmiz o gözəl əllərinizdən öpər. Ancaq, Dilbər,
mənim atam laldır, onun buraya gəlməsi…

D i l b ə r. Tem i luçşe, liş bı gözə görünsün.
Ə b d ü l ə l i b ə y. Doğrudur, hələ mən də onu düşünürdüm.
M ə m m ə d ə l i. Heç doğru deyil, nə doğrudur? Mən nə desəm, sən hələ
deyəcəksən doğrudur?
B a l a ş. Əfəndilər! Arkadaşlar! Kim nə istəyirsə, buyursun, mən də çalanlara
deyim, başlasınlar.
D i l b ə r. Oturun. Bu gecə əylənmək, bütün dünyanı əyləndirmək istəyirəm
(Pudra çıxarır). Qospoda! Tovarişi! Üzünüzü o yana çevirin, bir… iki… üç…
(Məmmədəliyə). Sən hara baxırsan?
M ə m m ə d ə l i. Hara lazımdır, oraya, daha mən də onlar tərəfə baxa
bilmərəm ki.
D i l b ə r. Çevirin üzünüzü.
Ə b d ü l ə l i b ə y. Doğrudur, palaza bürün, el ilə sürün.
M ə m m ə d ə l i. Heç yox, mən el ilə kəfənə bürünərəm, palaza yox.
D i l b ə r. Balaş, siz dönə bilərsiniz, biz sizin atanızı gözləyirik.
B a l a ş. Bu saat gələcəkdir. Siz oturun, atam da bu saat gələr (Orta qapını
açaraq). Atacan, buyurun, qonaqlar sizi gözləyir… Bu saat (Keçir o biri otağa).
D i l b ə r. Bu saat sizdən ayrılıb bu otağa getdim, bir də gördüm lap otağın
içində kakoy-to çoban dayanmışdır, həm də çılpaq, ponimayete?
M ə m m ə d ə l i Yəqin, Balaşın qohumlarındandır.
Ə b d ü l ə l i b ə y. Doğrudur, mən də hələ onu düşünürdüm.
D i l b ə r. Yox, canım, sizə çoban deyirəm, xalis çoban.
Ə b d ü l ə l i b ə y. Doğrudur, elədir ki, var.
M ə m m ə d ə l i. Çox güman ki, o heç gəlməsin.
D i l b ə r. Mənim əmrimə qarşı durulmaz, mən əmr etdim, gələcəkdir.

B a l a ş  A t a k i ş i ilə gəlir.
Bu aralıq G ü l ü ş də o biri qapıdan içəri girib, atasına təəccüblə baxır.

G ü l ü ş. Ata! Ata! Səni belə gülünc hala kim saldı? Sənə nə olmuşdur?
A t a k i ş i. Qızım, mən heç bilmirəm başıma nə gətirirlər.
D i l b ə r. Nə olmuşdur?
G ü l ü ş. Yaxşı, ata, dodaqlarını büzmə, mənim anam da belə idi: göz yaşları
ovcunda idi, hay demədən ağlardı (Dilbərə). Xanım, bağışlayın, mən sizi
görmədim, görüşümüzdən çox sevinirəm. Ata, papağınızı çıxarın, əziz qonaqların yanında papaq ilə oturmaq nəzakətsizlikdir; onsuz da
bu papaq başınızda dayanmayacaqdır; sənə yaxşı papaq lazımdır, bax, bundan
(Başındakı furajkanı göstərir). Özünü də mıxlamaq lazımdır.
A t a k i ş i. Necə, mıxlamaq?
G ü l ü ş. Mıxlamaq, bəli, mıxlamaq, yoxsa dayanmaz. Ancaq bunu yox, bu çox
köhnədir, həm də yaramazdır. Sən qorxma, həyat özü mıxlayacaqdır, sən özün
bilməyəcəksən. Hələlik çıxar.
B a l a ş. Gülüş!
G ü l ü ş. Balaş! Siz durun, mən onu qonaqlar ilə tanış edim. Ata! Qonaqlar ilə
tanış olun! (Balaşı göstərir). Bunu ki, tanıyırsınız. Öz oğlunuzdur, özü də yaxşı
boyaqçıdır. Ancaq bir az rəngi üzdən çəkir, bilmir ki, astarsız boyaq tutmaz
(Dilbəri göstərir). Bu, cəmiyyətimizin ziyalı qadınlarından biridir. Parisdə
manikürlük kursunu bitirmişdir, burada maldarlıq ilə məşğul olmaq istəyir. Adı
Dilbərdir, incə düşmək üçün Edilya deyirlər. Xanım, siz ki, yüksək cəmiyyətin
qaydalarını bilirsiniz, atama elə əl verin ki, öpə bilsin (Atasına). Dul qadınlara əl
verəndə, öpərlər… Öp…
A t a k i ş i. Necə, öpüm?
G ü l ü ş. Öp… öp… deyirəm sənə, qorxma, öp… Yox, yox, üzündən yox,
əlindən, yoxsa Balaş acıqlanar (Əbdüləlini göstərir). Bu əfəndinin də qabaq qızıl
satan dükanı var idi, sonra dəllallıq edirdi, indi də qəzet çıxarmaq istəyir; adına özü
olanda – Əbdüləli bəy, olmayanda – Əbdülbəli bəy deyirlər. Tanış olun… Kişiləri
öpmək olmaz.
Ə b d ü l ə l i b ə y. Doğrudur, mən də hələ onu düşünürdüm. İnşallah, yövmi
bir cəridə nəşrinə iqdam edəcəyəm.
G ü l ü ş. Yox, yox, onun üzündən öpmə (Məmmədəlini göstərir). Bu isə
qəzetçi şair olub, şairlikdən filosof, sonra da nə olacaq, bilmirəm. Özü də, orijinal
görünmək üçün, nə desələr, zidd gedir. Adını deməyə özüm də qorxuram, birdən
boynuna düşsə, öz adını da danar. Əsl adı Məmmədəlidir.
M ə m m ə d ə l i. Heç yox, ad məşrut bir şeydir, sözləşəndə Məmmədəli
əvəzinə Tabaq bəy də deyilə bilər, ona görə də əsl ad təbiri doğru deyildir.
G ü l ü ş. Çox gözəl, Tabaq bəy olsun. İndi, ata, siz oturun, mən qonaqlar ilə
məşğul olum. Mən bu gün parlaq imtahan vermişəm, özüm də sportdan gəlirəm, çox sevincəm, bu gün sizə özüm qulluq edəcəyəm. Bu
saat (Keçir otağa).
D i l b ə r. Balaş! Siz parlaq sportdan sonra bacınıza bir qədər brom, ya valerian
versəniz, yaxşı olmazmı?
B a l a ş. Edilya! Yalvarıram, məni bağışla. O heç bir zaman danışdığını bilmir.
D i l b ə r. Evinizdə bizim əlaqəmizi bilirlərmi?
B a l a ş. And içirəm, heç kəs.
D i l b ə r. Bəs siz deyirsiniz ki, atanız laldır?
B a l a ş. Ayda, ildə ağzından bir kəlmə çıxır.
D i l b ə r. Aha, deyirəm axı!
G ü l ü ş qab-qaşıq gətirir.
B a l a ş. Gülüş!
G ü l ü ş. Balaş! Yoldan keç, əl-ayağa dolaşma, qabları dağıtmışdın ki. Evimizi
bəyəndinizmi? Yəqin ki, bir qədər üslubsuz görürsünüz.
Ə b d ü l ə l i b ə y. Doğrudur, Dilbər xanım da onu deyirdi, biz də hələ onu
düşünürdük.
D i l b ə r. Mən heç bir şey demirdim.
M ə m m ə d ə l i. Biz də heç bir şey düşünmürdük.
G ü l ü ş. Ev cansız bir şeydir, onu mən bir saatda istədiyim kimi döşəyə
bilərəm; onu hər kəs öz səliqəsi ilə döşəyə bilər; bu gün belə döşənmişdir, sabah
Edilya xanım gələrsə, başqa bir cür səliqəyə salar, bir özgəsi başqa bir səliqəyə
salar; mənə qalırsa, lap evi dibindən söküb yerə qoymaq və təzədən tikmək
lazımdır; burada adamlar başlıgözlü adamları öz səliqələrilə döşəyirlər, daha evə
nə söz!
Ə b d ü l ə l i b ə y. Doğrudur, mən də hələ onu düşünürdüm.
D i l b ə r. Gülüşcan, diliniz çox iti deyilmi?
G ü l ü ş. Bağışlayın, təzəcə itilətdirmişəm, çarxdan indi gəlmişdir.
D i l b ə r. Deyirəm axı… Ancaq gözləyin, daşa toxundurmayasınız.
G ü l ü ş. Qorxusu yoxdur… Sınamışam, daşdan keçir; ancaq bircə dana gönünə
işləmir, hey sancıram, batmır ki, batmır; ancaq mən ondan da qorxmuram, yəni
mən heç kökündən qorxaq deyiləm. Deyirlər ki, həyat qoçaqlarındır! Buyurun,
hələlik başlayın! Balaş! Siz Edilyanı unutmayın, bunlar ilə mən başararam.
B a l a ş. Mən… Mən Edilyanı? İnsan nəfəs almağı unudarmı?
D i l b ə r. Hanı mənim stəkanım? Mən bu gün qəsdən içəcəyəm. Balaş məni
tək buraxmaz, deyilmi?

G ü l ü ş. Heç şübhəsiz, Balaş adamları tək buraxmağa alışmamışdır.
D i l b ə r. Sizi isə, Gülüş, indi mən çox gözəl anlayıram. Mən də qorxaq
deyiləm, yaman da döyüşgənəm: kəlləm bərk, buynuzlarım itidir; ancaq sizə,
Gülüş, çox tezdir. Gülüşsüz qalmaq da yaxşı deyildir, söz isə ən son gülənindir.
G ü l ü ş. Sağlığınıza içirəm, Edilya xanım. Mən indilik Gülüşəm, böyüyəndə
isə qəhqəhə olacağam. Sağlıq olsun! (İçir).
Ə b d ü l ə l i b ə y. Doğrudur, mən də onu düşünürdüm. Sağ olun Edilya
xanım!
B a l a ş. Müsaidənizlə mən bir neçə kəlmə ərz edəcəyəm. Artıq bu həqiqətdir
ki, qadın məclis yaraşığıdır, qadınsız cəmiyyət çürük bir ağac kimidir. Doğrudur,
çadranın özündə də bir gözəllik vardır, baxiyorsun, uzaqdan gecə qara bir ipəyə
bürünmüş bir qadın kölgəsi bir xəyal kimi uçuyor, bəşərin məchul varlığı kimi
bilinməz nerədən gəliyor,nerəyə gediyor. Ancaq burası var ki, başqa millətlər
teatrlara, müsamirələrə gedəndə, öz arvadları ilə gedirlər, bizlər isə gedib tək
qalırıq və darıxırıq. Halbuki qadın gözəl bir kukla kimi öz ərini əyləndirməli, onun
dərdlərini dağıtmalıdır. Çadrasız gəzmək o demək deyil ki, arvad kimin ilə istəsə,
gəzə bilər. Əlbəttə, əri nə desə, onu edəcəkdir. Ona görə də, içəlim belə azad
qadınlardan olan Edilyanın sağlığına!
G ü l ü ş. Ura… Çalğıçılar!
Ə b d ü l ə l i b ə y. Doğrudur, hələ mən də onu düşünürdüm.
M ə m m ə d ə l i. Mənə elə gəlir ki, siz də qadın azadlığını astar tərəfdən
bəxiyələyirsiniz.
G ü l ü ş. Bir də, əfəndilər, cəmiyyət qadınsız çürüdüyü kimi, qadın da
cəmiyyətsiz çürüyür; ancaq nədənsə qardaşımın öz arvadı burada yoxdur?
B a l a ş. Gülüş!
G ü l ü ş. Ehtimal ki, Edilya xanım, siz Balaşın arvadı olduğunu bilməmiş
deyilsiniz. Güman ki, onun da bura gəlməsi heç yaman olmaz və buna etiraz edən
yoxdur.
B a l a ş. Əfəndilər, mən rica edərdim…
G ü l ü ş. Bu saat mən onu çağıraram.
M ə m m ə d ə l i. Etiraz edən bir nəfər var.
G ü l ü ş. Kimdir?
M ə m m ə d ə l i. Mən.

G ü l ü ş. Siz nə sayaq deyirsiniz?
M ə m m ə d ə l i. Mən deyirəm gəlməsə, xahiş edək gəlsin.
B a l a ş (Gülüşü kənara çəkərək). Gülüş, dilini kəs! Mən sənin dilini burub,
boynuvun sapından çıxararam.
G ü l ü ş. Gücsüz bir qadını dustaqda saxlayıb, qapıları onun üzünə qapamaq,
onun günüsünü evə gətirib, ona güldürmək, mənim atama yaramaz ölü paltarı
geyindirib heyvan kimi ağzını qapamaq və dilini bağlamaq, sərsəm bir meymun
kimi, cansız bir marionetka kimi barmaq ucunda oynatmaq! Yox, artıq mən sənin
üçün dəli Gülüş deyiləm, mən indi bayquş qəhqəhəsiyəm ki, bütün həyat uzunu
sənin qulaqlarında partlayacağam (Gedir).
Ə b d ü l ə l i b ə y. Ağalar, mən də bir neçə kəlmə ərz etmək istəyirəm. O ki
qaldı mədəniyyət, biz, əlbəttə, mədəniyyətdən qaça bilmərik. Xaricilər də elmi
bizdən əxz etmişlər. Qadın da oxusun. Çarşab ki, onun başını əlindən almır. Quran
oxusun: Quranda yerin altı da yazılıb, üstü də. Biz əgər Quranda yazılanlara
düzgün əməl etsək, bir zaman islam ordusu Əndəlisə getdiyi kimi, bütün əcnəbilərə
qalib gələr. O ki qaldı qadına, daşyonan deyil ki, dağa getsin, bağban deyil ki, bağa
getsin, ona görə içək, ərz olsun…
M ə m m ə d ə l i. Hə… de Allahın sağlığına.
Ə b d ü l ə l i b ə y. O ki qaldı qadına, evdə otururdu, indi həyətə də çıxsın;
ancaq arvad lap göz qabağında olsa, öz bəkarətini itirər. Onun əsl gözəlliyi
örtüsündədir; yoxsa arvad kişiyə qarışsa, ya arvadlar kişiləşər, yaxud kişilər
arvadlaşar. Doğru deyilmi?
M ə m m ə d ə l i. Heç doğru deyil, heç bir şey doğru deyildir. Deyirlər gün var,
doğru deyildir. Deyirlər ay var, doğru deyildir. İslamın iki şeyi var: bir namazı, bir
də canamazı. Deyirlər Avropanın mədəniyyəti var, doğru deyildir. Avropanın iki şeyi vardır: bir topu, bir də pulu. Hamısı işlək maldır, sağmal qoyundur. Sən də
malsan, mən də malam, o da maldır. Sən də qoyunsan, mən də, o da. Biz də
qoyunuq, siz də qoyunsunuz, onlar da qoyundurlar. Ancaq mən deyirəm ki,
dünyada mədəniyyət adına bircə şey vardır: “araq”, budur mədəniyyət! Başın
ağrıyır – araq iç, gözün ağrıyır – araq iç. Avropalılar rumka ilə içirlər, biz şərqlilər
kasa ilə içək. Yerdə qalan heç bir şey doğru deyil. Dünyada heç bir şey yoxdur:
mən də yoxam, sən də yoxsan, o da yoxdur. Heç bir şey yoxdur; ancaq bir araq
vardır. Sağ olun!

Musiqi.

G ü l ü ş (Sevili gətirir). Budur, Balaşın xanımı, heç bir rejissor əli
görməmişdir.
B a l a ş. Gülüş!
G ü l ü ş. Keç yoldan, Balaş, əl-ayağa dolaşma! Bu çadranı da al, at o çaxçaya,
çaxçanı da biryolluq qapa. Gəl, Sevil, gəl. Cəmiyyət adamın başını hərləndirir.
Qorxma, ayaqlarını yerə bərk bas, tanış ol. Bu, Edilya xanımdır. Öpüşün. Böyük
cəmiyyətlərdə qonaqlarla öpüşərlər. Elə! Bu da Əbdüləli bəydir. Yavaş, onu öpmə,
arvadı dalaşar. Ancaq dul kişilərlə öpüşmək olar, o da gizlində. Bu da öz
dediyindən, ya Tabaq bəydir, ya Çanaq bəydir, kim nə deyirsə-desin, onun üçün
fərqi yoxdur.
M ə m m ə d ə l i. Heç yox, doğru deyil, mənim adım Kasa bəydir.
G ü l ü ş. Çox gözəl. Bir sözlə, Qab-qacaq bəy. Bu da mənim atamdır,
əynindəki isə ölü paltarıdır; qorxmayasan, ancaq bir saatlıqdır.
B a l a ş. Gülüş!
G ü l ü ş. Indi gəl yanımda otur.
D i l b ə r. Ancaq Sevilin stəkanı boşdur.
G ü l ü ş. Sevil onsuz da sərxoşdur.
M ə m m ə d ə l i. Kasa ver, kasa!
D i l b ə r. Şah və mat, Gülüşcan, Sevilin stəkanı boşdur.
B a l a ş. Yox, yox, o içə bilməz.
S e v i l. Axı mən heç içməmişəm.
G ü l ü ş. Sən dayan, mən sənin çocuğunu da gətirim.
A t a k i ş i. Ay qız, Sevil, o stəkandakı nədir?
S e v i l. Vallah, əmi, heç mən özüm də bilmirəm.
M ə m m ə d ə l i. Araqdır, araq. Başın ağrıdı – araq iç, gözün ağrıdı – araq iç,
özü də kasa ilə; kasa lazımdır, kasa…
Ə b d ü l ə l i b ə y. Doğrudur, hələ mən də onu düşünürdüm.
Dilbər o biri otaqdan qucağında uşaq olaraq çıxan Gülüşü qarşılayır.
G ü l ü ş. Sizə istimi oldu, xanım? Yaxşı sərin suyumuz var, özü də Həştərxan
buzundan.
D i l b ə r. Gülüş, sancmağı burax. Söylə, məndən nə istəyirsən.
G ü l ü ş. Bu çocuğa mərhəmət!
D i l b ə r. Mən səni anlamıram.
G ü l ü ş. Bu məktub kimdəndir?
D i l b ə r. Mən onu sevirəm.

G ü l ü ş. Siz onun mövqeyini sevirsiniz.
D i l b ə r. Orasını mən bilirəm. Siz bilirsiniz ki, həyat döyüşdür.
G ü l ü ş. Görürsünüz ki, rəqibiniz nə qədər gücsüzdür.
D i l b ə r. O mənim təqsirim və sizin borcunuz deyil.
G ü l ü ş. Sizin təqsiriniz deyildir, ancaq mənim borcumdur. Onu yüksəltmək,
ayaq üstə qaldırmaq və sizin ilə çarpışa biləcək bir hala vardırmaq mənim
borcumdur.
D i l b ə r. Siz onu bacarmazsınız, siz hələ çocuqsunuz.
G ü l ü ş. Orasını gələcək göstərər.
B a l a ş (onlara yanaşır). Zənn edirsəm, sözünüz çox xüsusidir.
G ü l ü ş. Biz bitirdik.
D i l b ə r. Balaş! Mən belə düşünmürdüm.
B a l a ş. Yalvarıram, Edilya, məni bağışlayın!
D i l b ə r. Sən bu gün mənim dediklərimi etməsən, bizimki həmişəlik bitmiş
olur.
B a l a ş. Edilya, yalnız əmr edin, bütün həyatım sizindir.
D i l b ə r (qonaqlara). Siz, əfəndilər, deyəsən, bu gün danışıqdan oruc
tutmuşsunuz.
Ə b d ü l ə l i b ə y. Doğrudur, biz də hələ onu düşünürdük.
M ə m m ə d ə l i. Heç yox, biz onu düşünmürdük. Mən iftarımı kasa ilə
açmışam, özüm də firqəmiz üçün iqtisadi proqram düzəldirəm.
G ü l ü ş. Hansıdır o firqəniz?
M ə m m ə d ə l i. Intizariyyuni-Mehdiyyun firqəsi.
A t a k i ş i. Yaxşı, görəsən Mehdi sahibəzzaman bu tezliklə gələcək?
M ə m m ə d ə l i. Heç yox, mən özüm onun yanına gedib, o dünyada
görüşəcəyəm.
D i l b ə r. İçəlim!
G ü l ü ş. Mən də hazıram.
D i l b ə r. Sevilin stəkanı boşdur, ata da içmir.
A t a k i ş i. Necə, mən də araq içim?
G ü l ü ş. Sevilin stəkanı doludur.
S e v i l. Axı mən heç içməmişəm?
B a l a ş. Edilya, siz onu adam yerinə qoymayın, o bacarmaz.
G ü l ü ş. O, çox şeyi çoxlarından yaxşı bacarır.
M ə m m ə d ə l i. Kasa lazımdır, kasa!
G ü l ü ş. Ura… Çalğıçılar!

D i l b ə r. Vals!
B a b a k i ş i gəlir.
B a l a ş. Hələ bu kimdir?
B a b a k i ş i. Mənəm də, Balaş, hə… hə, türkün sözü, bir az kömür gətirmişəm.
S e v i l. Ata!
A t a k i ş i. Babakişi, sənsən? Adə, vay sənə nə deyim, sən hara, bura hara? A
kişi, xoş gördük! Dayan bir səni qucaqlayım! A kişi, haçandır yoxsan!
D i l b ə r. Bu nədir?
B a l a ş. Bu gün dünyanın yolçuları və dilənçiləri mənim başıma yığılacaqdır.
B a b a k i ş i. Gədə, Atakişi! Türkün sözü, bu nə sir-sifətdir, haçandan belə,
türkün sözü, əfəndi olubsan? He… he… he… əkdiyim noxud, biçdiyim noxud,
bazara girib, ləbləbi olub? Türkün sözü, bu paltarla dalına yükləyəsən səkkiz
putluq kisəni, nə cırhacırnan cırıldarsan!
B a l a ş. Nağıl açma, kişi, çıx o biri evə!
B a b a k i ş i. Necə?
A t a k i ş i. Oğlum!
B a l a ş. Uzun danışmaq istəməz, çıx!
A t a k i ş i. Dayan dəymə! Nankor övlad! Mən boğazımdan çörəyi kəsib sənin
boğazına dürtmüşəm, səni oxutdurmuşam; mənim qapım saldat üzünə də açıq
olmuşdur, indi sən mənim qonağımı evdən qovursan? Daha bəsdir! (Paltarını
çıxarıb atır). Al… al… al… al… istəmirəm, verin mənim kürk-çuxamı!
G ü l ü ş. Ha… ha… ha… Al! (Paltarları ocağa atır). Bu sənin kürkün, bu da
çuxan… Bu da bu, bu da bu, getdi. Həyat yolu uçurum üstündə çəkilmiş dar bir
körpüdən keçir. Geriyə yol yoxdur, qayıtmaq olmaz, yol ancaq irəliyədir!
A t a k i ş i. Gülüş, qışın bu soyuğunda, çılpaq…
G ü l ü ş. Çılpaq, bəli, çılpaq. Sən indi həyata qarşı çılpaqsan. Yazı yatdın, qış
çatdı. Səni o soyundurmamışdır, səni həyat soyundurmuşdur, o özü də
geyindirəcəkdir. Ancaq bu ölü paltarı sənə yaraşmır. Sənə yaxşı bir paltar lazımdır.

A t a k i ş i. Nankor övlad, nankor övlad!
Babakişi ilə bərabər çıxır.
B a l a ş. Bu gün bütün dünya mənə qarşı ayaqlanmışdır.
G ü l ü ş. Ha… ha… ha… Dedim ki, dərindən mıxlamaq lazımdır, mıxlamaq!
(Gedir).
M ə m m ə d ə l i. Deyirlər gün var – doğru deyil, ay var – doğru deyil; deyirlər
dünya var – doğru deyil, vəssalam.
Ə b d ü l ə l i b ə y. Adə, bəs nə var?
M ə m m ə d ə l i. Heç nə, heç nə!
Gedirlər.
D i l b ə r. Mən gedirəm.
B a l a ş. Dilbər, məni bağışla. Sən görürsən ki, mən bir cəhənnəm əzabı
içindəyəm, öz ailəmizdə məni anlayan yoxdur.
D i l b ə r. Görürəm, Balaş, sənin lal atan mükəmməl orator imiş!
B a l a ş. Dilbər.
D i l b ə r. Balaş, son sözümdür: bu evdə səndən və məndən başqa kimsə
olmamalıdır!
B a l a ş. Dilbər, qoy Sevil bir çuval kimi bir küncdə otursun, qalsın. O,
qiyamətədək səsini çıxarda bilməz, mən isə daima səninlə olaram.
D i l b ə r. Olmaz. Mən qəti deyirəm: istəməzsən, həmişəlik ayrılarıq, istəyirsən
bu əlim, bu dodaqlarım; intixab et!
B a l a ş. Mən hər əmrinizə hazıram… (Öpür).
S e v i l (əlində su stəkanı içəri girir). Balaş…
B a l a ş. Səni kim çağırdı, buraya gəldin?
S e v i l. Vallah, Balaş, mən buraya gəlmirdim, məni Gülüş göndərdi ki, su
istəyirsiniz.
G ü l ü ş (gəlir). Onu mən göndərdim. Bu evdə yaşayanlar bir-birinə
yabançıdır, bu çaxçalar, bu ləmələr, bunlar, bu ər-arvad – hamısı bir-birinə
yabançıdırlar. Budur, zavallı, sənə dediyim zəlzələ. Dedim ki, gec-tez bu ev
dağılacaqdır, qoy biryolluq bitsin.
D i l b ə r. Çto ona, s uma soşla çto li?
G ü l ü ş. Xanım, siz deyəsən, valsın gerisini oynamaq istəyirsiniz. Bu saat.
Çalğıçılar, vals! (Sevilə) Zavallı, donub qalma, gəl, həyat döyüşdür, qoç döyüşünə
qoç dayanar, gəl!
S e v i l. Burax, başım hərlənir!

G ü l ü ş. Hərlən. Həyatın acı oyunlarında başın hərlənirkən, kimsə sənin üçün
valsı saxlamaz. Sən, ayaq üstə dura bilmək üçün çox yıxılacaqsan.
S e v i l. Burax, dayana bilmirəm.
G ü l ü ş. Mən səni həyatın baş gicəldən oyunlarına atıram: dayana bilməzsənsə
– yıxıl, yaşamaq istəyirsənsə – qalx, yoxsa tapdanacaqsan.
Sevil Dilbərlə Balaşın ayağı altına yıxılır.
D i l b ə r. Ha… ha… ha… Gülüş, axır ki, tək qaldın!
G ü l ü ş (Sevilin uşağını qucağına alıb oynayır). Mən tək deyiləm, həm də söz
son gülənindir.

P ə r d ə

ÜÇÜNCÜ PƏRDƏ

D i l b ə r i n otağı. B a l a ş ı n evində Avropa səliqəsilə bəzənmiş bir otaq.

B a l a ş.

Bülbül güldən ayrı düşər, nitqi lal olur.
Cəh-cəh vurar o vəslinə bais məlal olur.
Əl dəymə, bağban, gülə, qaldırma naləsin.
Nazikdi bərgü şaxəsi, tez payimal olur…
Vermərəm könlümü bir dilbərə bundan sonra,
Olmaram mail o siminbərə bundan sonra.
Aldı imanımı əldən, məni bidin elədi,
Baxmaram bir də mən ol kafərə bundan sonra.
Ay qız, Tafta, Tafta!
T a f t a. Nə deyirsən, ağa!
B a l a ş. Gündüz haradadır?
T a f t a. O biri otaqdadır.
B a l a ş. Gətir onu bura.
T a f t a. Yox, ağa, Dilbər xanım buyurmuşdur ki, Gündüzü onun otağına
gətirməyim, acıqlanar.
B a l a ş. Necə acıqlanar?

T a f t a. Bilmirəm, hələ-belə, acıqlanar.
B a l a ş. Indi özü haradadır?
T a f t a. Kim bilir, səhərdən axşamacan, axşamdan səhərəcən gedir, gəlir,
ağzını dirəyir divara, bir düdkeşi də alır əlinə mırtamırt, vurtavurt. Səhər bilmirəm
ki, kim ilə danışırdı, dedi polutmaxtra gedəcəyəm.
B a l a ş. Bəs, bayaq harada idi?
T a f t a. Kim bilir, bayaqdan dırnaqlarını tutdurmağa getmişdi. Can kimi
qayçımız var, meşəyə sal, odun qır. Bir saat evdə otursun, yoxdur. Səhərdən
axşamacan bir arvad suvaqlayır-malalayır, suvaqlayırmalalayır.
B a l a ş. Bu gün mən beş yol evə zəng çalmışam.
T a f t a. Tatar qızı getdi, dedi ona, işi var idi, gəlmədi.
B a l a ş. Bəs, o şeytan qızı deyirdi ki, evdə yoxdur.
T a f t a. Özü dedi, yazıq tatar qızında təqsir yoxdur. Özü dedi: get, de evdə heç
kəs yoxdur.
B a l a ş. Elə niyə?
T a f t a. Mən nə bilim, bir kişi ilə oturmuşdu, kartdır, qumardır, nədir, ondan
oynayırdı. Mən dolçanı gətirirdim, səsi gəlirdi ki, getsəm, kağızlarıma baxarsan.
B a l a ş. Bəs sənə haçan dedi Gündüzü bu evə gətirmə?
T a f t a. Gələr kartı-martı qarışdırar; yəni axtarsan, o tatar qızından başqa heç
birimizi bu evə qoymur.
B a l a ş. Yaxşı, yaxşı, sən get Gündüzü buraya gətir (Tafta gedir).
Vermərəm könlümü bir dilbərə bundan sonra,
Olmaram mail o siminbərə bundan sonra.
Aldı imanımı əldən, məni bidin elədi,
Baxmaram bir də mən ol kafərə bundan sonra.
Gəl, gəl, yanıma, Gündüz, harada idin?
T a f t a. Deyinən, o biri otaqda.
B a l a ş. Gündüz, sənin anan haradadır? Tafta, sən bilmirsən Sevil haradadır?
T a f t a. İndi bilmirəm, ağa. Harada olacaq, Allah kafər balasını onun gününə
salmasın. Qabaqlar gördüm, göz gərək ruzigarına ağlasın.
B a l a ş. Haçan gördün?

T a f t a. Neçə ay olar. Burdan gedəndən sonra Hacı Səmədgildə qulluqçuluq
edirdi. Sonra Gülüş ona dərs deyirdi. Gör necə həyalı arvaddır ki, qabaqlar özüm
gördüm, Gülüş ona dil çıxartdı ki, daha bu çadranı at, bəsdir, hələ yox dedi ki, yox.
Bu yaxın vaxtlar məni küçədə gördü, əllərini boynuma saldı, üzümdən öpdü, necə
yalvarırdı; sən allah, uşağıma yaxşı bax. Sonra səni soruşdu, gözlərindən yaş
damcıdamcı tökülürdü.
B a l a ş. Yazıq, indi kim bilir, nə haldadır?
T a f t a. Bir haldadır ki, Allah göstərməsin, elə bil taxta üstündən qaçmışdır.
Gözləri çuxura düşmüşdür. Baxışları adama yapışır. O al yanaqlar necə olub,
sapsarı.
B a l a ş. Yaxşı, Tafta, al bu uşağı apar. Get xalanın yanına. Gedib bir Gülüşü
buraya çağırarsan.
T a f t a. Gəlmir, deyir: mənim sizin evinizdə işim yoxdur. Sevil gedəndən bəri
ayağını bu evə basmayıb. O da başıaçıq, baldırı açıq yığıb 24 uşağı, cərgə ilə
düzüb, təlim verir. Uşaq bağçası olub. Bu uşaqlar necə oxuyur, necə atdanır, gəl
görəsən! Gündüzü də istəyəndə, mən aparmadım.
B a l a ş. Yaxşı, Tafta, mən bir az yatıram. Dilbər gələndə mənə deyərsən
(Gedirlər).

Dilbər, Əbdüləlibəy və Məmmədəli gəlirlər.

D i l b ə r. Ay yoruldum, ayaq üstə dura bilmirəm.
Ə b d ü l ə l i b ə y. Doğrudur, hələ mən də onu düşünürdüm, Amma da piyada
gəlmişik ha!
M ə m m ə d ə l i. Heç yox, görən də desin ki, nə qədər piyada gəlmişik, aşağı
tindən yuxarı tinə vur-tut beş addım, bir çərək.
D i l b ə r. Mən həmişə oradan evə fayton ilə gəlirdim. Ancaq bu gün yox idi.
Əvvəlləri Balaş bankda olanda, bankın faytonu səhərdən axşamacan məni
gəzdirirdi, indi bankdan çıxmışdır, daha hələ-belə faytonlarda gəzirəm. Odur ki,
piyada bir addım belə gedə bilmirəm.
Ə b d ü l ə l i b ə y. Doğrudur, bu qədər incə ayaqlar piyada gedə bilməz. Qadın
vücudu zərif yaranmışdır, odur ki, qədimlərdə qadınlar kəcavə ilə gəzirdilər.
Qadınınkı odur ki, hara getsə, tez dəyib qayıtsın, yoxsa, piyada gəzmək qadınlara
yaramaz…
M ə m m ə d ə l i. Heç yox. Küçədə bir arvad gördüm, bir uşağı çarşab ilə
dalına sarımış, birini də qucağına almış, başında bir taya paltar, həsir, dənizdə
yumuşdu, gətirirdi bu soyuqda, özü də ayaqyalın.

D i l b ə r. No, eto prosto ne çelovek!
M ə m m ə d ə l i. Heç yox. Xalis çelovek, s serdsem i duşoy – yupyumru üzü,
qapqara qaşları, xırdaca burnu, nazikcə dodaqları.
D i l b ə r. Bəsdir siz allah. Sizin üçün paltar yuyan arvadla qubernator
arvadında heç bir fərq yoxdur.
Ə b d ü l ə l i b ə y. Doğrudur, hələ mən də bu saat onu düşünürdüm.
M ə m m ə d ə l i. Nə, nə düşünürdün? De də!
Ə b d ü l ə l i b ə y. Mən, ərz olsun, onu deyəcəkdim ki, “Hər cayi süxən, hər
nüktə məqami darəd”, yəni “hər şeyin öz qiyməti var, hər yerin öz adamı!”.
Paltaryuyan arvad, işçi arvad bir başqa. Dilbər xanım bir başqa. Bir gün, ərz olsun,
Şah Abbas cənnət məkan bir meşənin qırağından keçəndə görür ki, bir kəndli
arvadı köçdən düşdü, doğdu, uşağı bələdi, aldı qucağına.
M ə m m ə d ə l i. Bilirsən, Əbdüləli bəy, nə var, mən dünəndən bir az bayat
kefliyəm, sən bir saxla, mən bu qonşudakı aptekə gedim, beş-altı kasa vurum,
başımı düzəldim, sonra, sən burda, mən burda, səhərdən axşamacan de Şah
Abbasdan, görək işi hara çıxacaq.
D i l b ə r. Yaxşı, bəsdir, sən allah, siz prosto inad edirsiniz.
M ə m m ə d ə l i. Yaxşı, gedək görək başımıza nə gəlir: ya mən Şah Abbasın
atasını yandıracağam, ya da Şah Abbas mənim atamı (Gedir).
Ə b d ü l ə l i b ə y. Yaxşı, bu Balaşı neyçin bankdan çıxartdılar?
D i l b ə r. Bilmirəm. Mən onun işinə qarışmıram. Nə işimə? Heç bilmək də
istəmirəm. Dayımın bir kağızı var idi, verdim qol çəkdi. Siz ki, bilirsiniz. Deyir
guya onun üstündə. Nə məsələ isə çıxmışdır, o gün deyirdi, mən heç qulaq da
asmadım.
Ə b d ü l ə l i b ə y. O gün Əli bəy də deyirdi ki, ərz olsun, sizə bir işi
düşmüşdür.
D i l b ə r. Bilirəm, mənə dedi. Işi Balaşlıq deyil, ancaq mən söz vermişəm işini
düzəldəcəyəm. Qoy hələ bir-iki dənə yaxşı tanış tapım, o qədər iş düzəldərəm ki!
Ə b d ü l ə l i b ə y. Əlbəttə, sahib mənsəbdən adamın, ərz olsun, tanışı olması
hər zaman lazımdır.
D i l b ə r. Alik isə mənim çox xoşuma gəlir: tərbiyəli və zərifdir. Dünən gecə
sizdən ayrılandan sonra, onunla bir yerdə gəldik. Nə qədər dadlı, gözəl dili vardır!
Deyir: Dilbər mən sizə pərəstiş edirəm. Siz mənim olsaydınız, gecə-gündüz sizi atıb-tutar, bir kukla kimi oynadardım. Mənə deyir: mən Rafael olsaydım, Madonna əvəzinə sizin gözlərinizi çəkərdim. Gözlərimi bərk xoşlayır. Üzünə ki, baxıram, dildodağı dolaşır, yalvarır ki, baxma. Mənə deyir: saçlarınız boynuma dolaşarsa, min il yerimdən tərpənmərəm.

Ə b d ü l ə l i b ə y. Doğrudur, qadın saçı zəncirdən möhkəmdir.
D i l b ə r. Bu gün parikmaxer də mənə deyir ki, xanım, bu vaxta qədər bu cür
yumşaq saç görməmişəm, darağa ipək kimi gəlir. Gözlərinizi yumun, corablarımı
dəyişirəm, baxmayın ha!
Ə b d ü l ə l i b ə y. Ərz olsun, baxanda qiyamət olmaz ki. O gözəl qədəmlərə
baxmaq, böyük səadətdir. Siz məni o səadəti-əzimədən məhrum edirsiniz.
D i l b ə r. Yaxşı, açın gözlərinizi, doğrusunu deyin, baxmadınız ki?
Ə b d ü l ə l i b ə y. Siz, ərz olsun, deyəndən sonra mən gözlərimi necə aça
bilərəm.
D i l b ə r. Sizdə cəsarət və həssaslıq yoxsa, öz bəxtinizdən küsün. Mən ki, sizin
gözlərinizi əlimlə tutmamışdım. Halbuki Alik olsaydı, o belə səadətə göz
yummazdı. Qadınlar, hər şeydən artıq, gözəlliklərinə göz yumanları sevməzlər.
Ə b d ü l ə l i b ə y. Doğrudur, mən də hələ onu düşünürdüm. Bir də desəniz,
gözlərimi yummayacağam, huşuyar olmaq lazımdır.
D i l b ə r. Necə yummayacağam? Siz özünüz xalqı müsəlmanlığa çağırırsınız,
bəs şəriətdə özgə arvadlara baxmaq olarmı?
Ə b d ü l ə l i b ə y. Doğrudur, şəriət ancaq avam adamlar üçündür. qara camaat
üçündür, anlamaz və qanmazlar üçündür, zövq əhlinə, ariflərə nə şəriət! Bir də,
Dilbər xanım, sənə, mənə nə şəriət!
D i l b ə r. Nu, nu, yaxşı dizinizi qoyun, nə qədər dilbilməzsiniz. Bax, belə,
çəkmələrimi düymələyəcəyəm, anladınızmı?
Ə b d ü l ə l i b ə y. Ərz olsun, belə buyurdunuz, anladım, ancaq, ərz olsun,
daha gözlərimi yummayacağam (Dilbərin çəkməsini düymələyir). Rəbbəna atina
fiddünya həsənə və fil-axirəti-həsənə, vəqina əzabənnar, birəhmətikə ya
ərhəmərrahimin (Oxuya-oxuya Dilbərin ayağını qucaqlayır. Dilbər çığırır).
B a l a ş (gəlir). Müsaidənizlə…
D i l b ə r. Hələ bu nədir? Bax, bunu mən heç sevmirəm. Min yol demişəm:
qapını döymək lazımdır.
B a l a ş. Bağışlayın, Edilya, mənim yadımdan çıxdı.

D i l b ə r. Bəlkə, biri otaqda soyuncaqdır.
B a l a ş. Necə, soyuncaqdır? Mən eşitdim ki, buradan kişi səsi gəlir, ona görə
də bildim ki, soyuncaq olmazsınız.
D i l b ə r. Doğru demişlər: qozbeli qəbir də düzəldə bilməz. Nə haqq ilə sən
qapı dalında durub, bizim sözlərimizə qulaq asırdın?
B a l a ş. Necə yəni qulaq asırdım? Mən heç qulaq asmırdım, sözlər özü mənim
qulaqlarıma gəlirdi.
D i l b ə r. Nəhayət, bu tərbiyəsizlikdir. Tərbiyə görmüş mədəni bir cəmiyyətdə
buna dayanmaq olmaz.
B a l a ş. Lənət sənə, kor şeytan! Işə düşmədik! Dilbər, and içirəm ki, mən
qulaq asmırdım. Kişi səsi eşitdim, bildim ki, soyunmuş ola bilməzsiniz.
D i l b ə r. Nədən bildiniz? Mən bəlkə də soyunmuş olaydım?
B a l a ş. Onda elə bilin: mən də özgə kişilərdən biri.
D i l b ə r. Balaş, rica edirəm, sözlərinizə diqqət edin. Yüksək cəmiyyətdə belə
rəftar barbarlıqdır. Özgə, özgə, belə sözlər demək tərbiyəsizlikdir.
Ə b d ü l ə l i b ə y. Doğrudur, hələ mən də bu saat onu düşünürdüm.
D i l b ə r. Mən belə barbarlığa dözmərəm.
B a l a ş. Allahü əkbər! Dilbər, mən onu demədim, mən sözgəlişi deyirəm.
Ə b d ü l ə l i b ə y. Balaş, sizin təməssükün vaxtı dünən qurtarmışdır. Çünki
mən zəmanət vermişəm.
D i l b ə r. Elə sözlər sizin kömürçülər arasında deyilə bilər, yüksək bir
cəmiyyətdə yox.
B a l a ş. Axı, Dilbər, Allahü əkbər, mən, mən onu demirdim. Deyirsən, gedim
üzr istəyim. Əfəndim, üzr istəyirəm və mənim arvadımı əyləndirdiyiniz üçün
təşəkkür edirəm.
D i l b ə r. Arvadım, arvadım! Sən bir qədər incə sözlər öyrənsəydin, heç zərər
görməzdin.
B a l a ş. Dilbər, axı sən məni şaşırırsan. Yaxşı, qadın olsun, xanım olsun. Lənət
kor şeytana, işə düşmədik! Mən neçə dəfə Əli bəyi görmüşəm ki, qapını döyməmiş
sizin yanınıza girmişdir. Halbuki siz deyirsiniz ki: o tərbiyəlidir, nəzakətlidir.
D i l b ə r. Ona mən özüm müsaidə etmişəm.
B a l a ş. Necə mən özüm müsaidə etmişəm? Doğrusu, Dilbər, mən anlaya
bilmirəm. Bizlərdə belə şey yoxdur. Bu olsa, sənin dediyin cəmiyyətin işi ola bilər. Özgəsi qapını döyməmiş içəri girərmiş, amma mən, sizin
öz əriniz…
D i l b ə r. Yenə də özgəsi? Balaş, məni əsəbiləşdirirsiniz. Gedin, öz otağınıza,
sinirlərim bir az dincəlsin, sonra gələrsiniz.
B a l a ş. Yaxşı, Dilbər, mən gedirəm, ancaq sizə söz deyəcəyəm.
D i l b ə r. Sonra, sonra. Belə sinirli bir halda sənin ilə danışa bilmərəm.
B a l a ş. Çünki bu gecə səhərə kimi işləyəcəyəm. Deyirəm, birdən
bu kağızları qurtara bilmərəm, sabah yəqin lazımdır.
D i l b ə r. Daha ona mən nə edə bilərəm?
B a l a ş. Dedim, bəlkə, iki saat sən də mənə kömək etdin.
D i l b ə r. Hələ o qalmışdı! Yox, yox, pojaluysta, mən bacara bilmərəm. Hələ o
qalmışdı!
B a l a ş. Yaxşı, yaxşı, sinirlənməyin, mən gedirəm (Gedir).
D i l b ə r. Getdi? O qədər kobuddur ki, qiyamətə kimi əl çəkməyəcəkdir.
Onunla adam arasına çıxmağa utanıram. Gördüyünüz kömürçülər arasında nə
tərbiyə ala bilər?
Ə b d ü l ə l i b ə y. Doğrudur, mən də onu düşünürdüm. Yüz olsa, gəda
gədadır, bəy bəydir, rəiyyət də rəiyyətdir. Insanın nəzakəti əsilzatında olmalıdır.
D i l b ə r. Ayda iki cüt çəkmə, iki dəst paltar alanda, yainki, gündüz 3-4 manat
faytona verəndə, özünü itirir. Elə bil mən də onun üçün çit-alaca geyəcəkdim;
çünki özü bu şeyləri görməmişdir.
Ə b d ü l ə l i b ə y. Doğrudur, mən də hələ bu saat onu düşünürdüm. Xalqın
təməssükü qalıb, əgər sizin xatiriniz olmasa idi.
D i l b ə r. Yaxşı, Əbdüləli bəy, deməli, biz gedək sizə, o da oraya gələcəkdir!
Ə b d ü l ə l i b ə y. Doğrudur, hələ mən də onu düşünürdüm.
D i l b ə r. Gəlin! Aha, vinovat, Alikin kağızı qaldı. O qədər məni sinirləndirir
ki, az qalmışdı yadımdan çıxsın. Balaş, Balaş!
B a l a ş. Nə var, Dilbər?
D i l b ə r. Balaş, mən istəyirəm ki, sən məni sabah öz naziriniz ilə tanış edəsən.
Ponimayeş, birinin bir kağızı var, istəyirəm ona düzəltdirəm.
B a l a ş. Necə yəni? Xalq öz işində, gücündə, gedim tutum ki, gəl mənim
arvadım ilə tanış ol?
D i l b ə r. Niyə, sən onunla tanış deyilsən?
B a l a ş. Tanışam, ancaq qulluqda. Aparıram kağızlara qol çəkir, çıxıram,
vəssalam.

D i l b ə r. Yaxşı, al, onda özün bunu düzəlt. Qatışdır hələ verəcəyin kağızlara.
Axır ki, özün bil də…
B a l a ş. Dilbər, sən bilirsən ki, o biri kağız üçün iş hələ də məhkəmədədir.
Kim bilir ki, nə olacaq. Indi də bunun məsuliyyəti!
D i l b ə r. Yenə də məsuliyyət, yenə köhnə nəğmələr. Düzəlt! Sağ ol! Deməli,
biz getdik teatra. Əbdüləli bəy, gəlin!

Gedirlər.

B a l a ş. Tafta, Tafta, ay qız, Tafta! Sən bir də get Gülüşü çağır. Deyinən vacib
işim vardır.
T a f t a. Sən deyəndən sonra mən yenə qaça-qaça getdim dedim, gəlmək
istəmir.
B a l a ş. Onda gedək evlərini mənə göstər. Mən özüm onun yanına gedəcəyəm.
T a f t a. Evləri bu küçənin o biri başındadır.

Gülüş gəlir.

G ü l ü ş. Siz məni çağırmışdınızmı?
B a l a ş. Gülüşcan, bacıcan, bir ildir səni görməmişəm. Nə üçün məndən uzaq
gəzirsən?
G ü l ü ş. Çünki, Balaş, biz artıq yabançılarıq.
B a l a ş. Gülüşcan, mən böyük ağırlıq içindəyəm. Hər günüm bir cəhənnəm
əzabıdır. Mən sənə şikayət etmək istəyirəm.
G ü l ü ş. Balaş! Mən bura gələrkən qapınızın yaxınlığında bir qadın yıxılmışdı.
Kişilər başına toplaşmışdı. Get, onu içəri gətir. Tafta, sən də get. Deyəsən,
bayılmışdır, ya da bəlkə ölmüşdür?
B a l a ş. Bu saat, Gülüş (Gedir gətirir). Sağdır, sağdır, ürəyi döyünür, ancaq
bayılmışdır.
G ü l ü ş. Kimdir?
B a l a ş. Bilmirəm, bir qadındır. Lampanı yaxına gətirir. Odur, odur!
G ü l ü ş. Kimdir?
B a l a ş. Odur, Sevildir, Sevil. Altı illik yoxsul həyatımın əmək yoldaşı.
G ü l ü ş. Sevil, Sevil. Odur. Bir az su verin! Yastıq verin!
B a l a ş. Dayan, budur! Yazıq nə hala düşmüş, necə də saralmış, solmuş! O
yazıq ömründə bir gün görməmiş.
G ü l ü ş. Çəkil! O zamanlar ki, sən yoxsul idin, hətta dilənçi kimi idin, o yazıq
günlərlə ac qalır, öz payını gizlədir və sənə yedirirdi. Balaş qoy doysun, deyirdi. Sevil, Sevil, qorxma, qalx. Yavaş, yavaş! Bu yana çəkilin! O bu evdə zəncirli bir it kimi çırpınır, çalışırdı, lakin heyhat kimin üçün, nə üçün?

B a l a ş. Gülüş! Sənə bir söz demək istəyirəm, ancaq qorxuram, çünki sən çox
mərhəmətsizsən. O yazıq belə bir halda, bu qapılarda…
G ü l ü ş. Sevil, qalx, qalx!
S e v i l. Nə var, nə üçün mənim başıma toplaşmışsınız? Mən haradayam?
Balaş, sənsən? Gülüşcan, sənsən? Məni bura kim gətirdi?
G ü l ü ş. Sevil, bəsdir, ağlama!
S e v i l. Mən buraya gəlmək istəmirdim, mənə acıqlanmayın!
G ü l ü ş. Sənə kimsə acıqlanmaz, Sevil!
S e v i l. Mən elə bildim ki, mənə acıqlanacaqsınız. Mən buraya gəlib sənin
evində, sənin dincliyini pozmaq istəməzdim. Qulluq etdiyim yerdə şirni
paylayırdılar: mənə bir az alma, şirni pay vermişlər. Mən uzaqda gəzirdim, oğlumu
gözləyirdim ki, bəlkə bayıra çıxar. Dayandım, axır yoruldum, oturdum. Sonra
bilmirəm nə oldu. Budur, ancaq mən oğlum üçün gəlmişəm. Mənə acıqlanmayın.
B a l a ş. Sevil, sən heç qorxma. Mən çalışaram bəlkə, səni bu evdə bir yerə
düzəltdik.
G ü n d ü z gəlir.
S e v i l. Oğlum, oğlum!

Gündüzü qucaqlayır və çarşabının ətəyindəki almaları ona verir. Dilbər gəlir.

D i l b ə r. Eto çto yeşyo! Bu nədir, nə olmuşdur! Bu arvad kimdir, bunu buraya
kim gətirdi?
S e v i l. Mən, mən gedirəm, indicə gedirəm. Mən oğlumu görmək istəyirdim,
indicə gedirəm.
D i l b ə r. Balaş! Mən səndən soruşuram: bunu mənim yataq otağıma kim
gətirdi? Şəhərdə “zaraza” azmış, bir də…
B a l a ş. Dilbər, o öz oğlunu görməyə gəlmişdir. Yazıq bayırda donub
qalmışdı.
D i l b ə r. Sən… sən… ağlayırsan? Yaman olmaz, hər yoldan ötəni mənim yataq
otağıma soxmaq!
B a l a ş. Edilya… O başqa evdə qulluqçuluq edir. Öz oğlunu görməyə
gəlmişdir. Yazıqdır, gör necə baxır. Mən deyirəm, mümkün isə, sən razı olsan, bizə
onsuz da bir qulluqçu lazımdır.

D i l b ə r. Seyças je ubrat, seyças, mən sənə deyirəm. Balaş, mən sənin iki
gözünü bir deşikdən çıxardaram. Məni oynatmaq düşündüyünüz qədər asan deyil.
S e v i l. Xanım! Onda bir təqsir yoxdur, ona acıqlanmayın. Mən özüm
gəlmişəm, bağışlayın. Mən indicə gedirəm, ancaq başım gicəlir, ona görə bir az…
D i l b ə r. Balaş! Eşidirsən, səndən soruşuram: bunu bura kim gətirdi?
B a l a ş. Gülüş gətirdi.
D i l b ə r. Gülüş öz evində ağalıq edə bilər.
S e v i l. Yaxşı, xanım, acıqlanmayın, mən özüm gedirəm.
D i l b ə r. Balaş, sən sərxoşsan? Mən sənə deyirəm: bu saat qolundan tut,
bayıra at!
B a l a ş. Dilbər, onsuz da gedir.
D i l b ə r. Sənə deyirəm qolundan tut, bayıra at! Çünki mən belə istəyirəm.
B a l a ş. Sevil!
D i l b ə r. Balaş, eşidirsənmi? Mən sənə deyirəm: bu saat qolundan tut, at
bayıra!
B a l a ş. Sevil, sən… get…
G ü l ü ş. Balaş!
S e v i l. Burax! Mən sənin dincliyini, xoş gününü pozmamaq üçün onsuz da
gedəcəyəm. Məni bağışla! Gülüş, bu neçə vaxtda sən nə qədər dedin, mən şübhə
edirdim. Bu gün səndən gizlin bu küçəyə gəlmişdim. Ancaq yazıq mən, bütün
ömrümdə onu bütün dağlar qədər enməz bilirdim. Buradan gedəndən sonra mən
daima sənin mənəvi hökmranlığın altında, hər bir hərəkəti sənin xoşuna, acığına
gələcəyi ilə ölçürdüm, ruhum daima bu evdə səninlə yaşayırdı. Ancaq heyhat,
keçmiş ola!
B a l a ş. Sevil!
S e v i l. Artıq uzaq! Mən bu gün buraya, uzaqdan da olsa, uşağımı görmək
üçün gəldim.
D i l b ə r. Çocuğunuzu apara bilərsiniz. Mən dayəliyə alışmamışam.
G ü l ü ş. Onu mən aparacağam!
S e v i l. Mən indi heç bir şey istəmirəm. Mən gedirəm, bir gün yenə
qayıdaram, onda danışarıq.
D i l b ə r. Siz dəlimi olmuşsunuz?
S e v i l. Mən əvvəldən dəli idim. Bir il bundan əvvəl Gülüş mənim çadramı
açıb, məni ortalığa çıxartdı, qoç döyüşünə qoç dayanar dedi. Mən onda anlamadım. Ondan sonra mənə çox dedi, mən yenə də anlamadım. Yazıq, yeddiillik ömrümü onun heçliyinə qapanaraq, bu qara dustaq içində
sürünmüşəm. Artıq, al! (Çarşabı atır). Daha bu mənə gərək deyil, sənə gərəkdir,
mən isə gedirəm.
G ü l ü ş. Elə, elə, Sevil, qoç döyüşünə qoç dayanar.
B a l a ş. Sevil, dayan, getmə, hara gedirsən?
S e v i l. Eşidirsənmi? Gülüş deyir: qoç döyüşünə qoç dayanar. Kəlləmi
bərkitməyə gedirəm.
B a l a ş. Sevil, getmə! Sən bu halda hara gedə bilərsən?
S e v i l. Haramı? Fahişəliyə gedəcəyəm. Mən hər gün ürəyimi satacaq,
beynimə yedirəcəyəm. Sağlıq olsun!

P ə r d ə

DÖRDÜNCÜ PƏRDƏ

G ü l ü ş ü n otağı. Şüşəbənd bir evin həyətində bir hovuz.
G ü n d ü z həyətdə oynayır.

G ü l ü ş (gəlir). Nə edirsən, Gündüz?
G ü n d ü z. Bax, bibi, biz dünən məktəbdə uşaqlar ilə dünya səyahətinə
çıxmışdıq. Hər bir hədəfimiz bir dilək adası idi. Bax, Avropanın sahilinə kimi
gəlmişəm. Indi əsil hədəfə qısa bir yol axtarıram.
G ü l ü ş. Dünən getdiyiniz yollar yaramazmı, Gündüz?
G ü n d ü z. O yollar, yox! Ancaq mən tapmasam, sən mənə göstərməlisən,
yoxsa mən geridə qalaram.
G ü l ü ş. Yox, gülüm, mən bildiyim yollar köhnədir, onları özgələri də bilə
bilər. Sən, geridə qalmamaq üçün çalış, yeni bir yol tap.
G ü n d ü z. Gecə səhərə kimi düşünəcəyəm, nə olursa-olsun, yeni bir yol
tapacağam.
G ü l ü ş. Düşün, Gündüz, artıq düşünmək və yeni yollar tapmaq sənin
borcundur.
G ü n d ü z. O nə kitabdır, bibican? Yəqin, içində yaxşı-yaxşı şəkillər vardır.
G ü l ü ş. Bu, yeni çıxmış bir kitabdır.
G ü n d ü z. Üstündə yazılan nədir? Sevil… Sevil… Dayan, dayan, bibican, sən
deyirdin mənim anamın adı Sevildir.

G ü l ü ş. Sevildir, gülüm.
G ü n d ü z. Deməli, bu kitabı o düzəldibdir. Bircə dayan, adını yaxşı-yaxşı
oxuyum (Oxuyur). “Azərbaycan qadınlığının azadlıq yolu”. Bu kitabı mənim
anammı düzəltmişdir?
G ü l ü ş. Bilmirəm, gülüm, Moskvaya gedəni ondan kağız almamışam.
G ü n d ü z. Bibican! Bəs sən demişdin ki, on yaşım olanda məni anamın
yanına aparacaqsan?
G ü l ü ş. Demişdim.
G ü n d ü z. Bəs deyirsən bu gün mənim on yaşım tamamdır. Qonaqlıq da
mənim yaşıma görə deyilmi?
G ü l ü ş. Elədir, gülüm. Ananı görmək istəyirsənmi, Gündüz?
G ü n d ü z. Çox istəyirəm, bibican. Anam gözəldirmi?
G ü l ü ş. Çox gözəldir, gülüm.
G ü n d ü z. Bəs, bu gecə bura gəlməyəcəkmi?
G ü l ü ş. Kim bilir, gülüm.
G ü n d ü z. Bibican, sən həmişə məni aldadırsan, gah deyirsən anan bilmirəm
haradadır, indi də deyirsən Moskvadadır. Mən Moskvanın yolunu çox gözəl
bilirəm. Ox, bibican, bircə anamı görsəm!..
G ü l ü ş. Nə edərsən, Gündüz?
G ü n d ü z. Boynuna sarılacağam, üzündən, gözündən, dodaqlarından
öpəcəyəm, bax, belə! (Gülüşün boynuna sarılır).
G ü l ü ş. Yaxşı, gülüm, sən şeylərini yığışdır, mən görüm qonaqlar necə oldu?
(Gedir).
Ə b d ü l ə l i b ə y (Məmmədəli ilə gəlir). Bəlkə bu Sevil, hələ o Sevildir?
M ə m m ə d ə l i. Heç yox. Sənə deyirəm, Sevil fransız sözüdür. Türklərdə belə
ad yoxdur.
Ə b d ü l ə l i b ə y. O da doğrudur, ancaq kitabın üzərində yazılıb, “Azərbaycan
qadınlığının azadlıq yolu”. Fransıza nə düşmüşdür ki, Azərbaycan qadınının
gününə yansın.
M ə m m ə d ə l i. Heç yox. Fransızlar Quranı tərcümə etmişlər, türklər
haqqında, türklərin özlərindən çox yazmışlar.
Ə b d ü l ə l i b ə y. Ola bilər, ancaq yenə də bir Gülüş xanımdan soruşaq.

G ü l ü ş gəlir.

M ə m m ə d ə l i. Gün aydın, Gülüş xanım!
G ü l ü ş. Gün aydın, köhnə dostlar! Buyurun, siz hələ də sağsınızmı?
M ə m m ə d ə l i. Heç yox. Mən bu gecəlik Əbdüləli bəyi anatomiçeskiy
pakoydan prokata götürmüşəm.
Ə b d ü l ə l i b ə y. Gülüş xanım, biz eşitdik ki, bu gün uşağınızın onilliyidir,
ona görə də sizi təbrik etməyə gəldik. Bu kiçik hədiyyəni qəbul etmənizi rica ediriz
(Verir).
G ü n d ü z. Bibi, o nədir, lap gəmiyə oxşayır.
G ü l ü ş. Yox, bu qədim şeydir, gülüm.
G ü n d ü z. Sən onu ver, bibican, suya salım, görüm yeriyirmi?
G ü l ü ş. Gülüm, qızıl sudan ağır olduğu üçün su üstündə durmaz.
Ə b d ü l ə l i b ə y. Elədir, elədir, bala, gedər suyun təkinə.
M ə m m ə d ə l i. Heç yox. Su buraxmasa, dayanar.
G ü n d ü z. Baxım, bəlkə yeridi. Aha, batdı, batdı, yaramadı, yaramadı, batdı.
G ü l ü ş. Yaxşı, gülüm, şeylərini apar bir yerə yığ; gör yoldaşların
bağçaya gəlmişlərimi? Siz də buyurun, bağçada qonaqlarımız vardır.
Ə b d ü l ə l i b ə y. Gülüş xanım, qabaqca sizdən bir şey soruşmaq istəyirik,
bəlkə orada danışmaq olmadı. Qəzetlər bir aydan bəridir ki, bir kitab haqqında
yazırlar, kitabın adı nə oldu…
M ə m m ə d ə l i. “Azərbaycan qadınlığının azadlıq yolu”.
Ə b d ü l ə l i b ə y. Hə, budur, bu Sevil kimdir? Kitabı yaxşıdır, ancaq bir şey
anlamaq olmur.
G ü l ü ş. Ola bilər. Kitabda dərin bir analiz və bir çox da fəlsəfi fikirlər vardır
ki, oxucu birdən-birə qavraya bilməz.
M ə m m ə d ə l i. Heç yox. Bir türk qadını qiyamətə kimi, belə bir kitab yaza
bilməz. O ya fransızdır, ya da, hər halda fransızdır.
Ə b d ü l ə l i b ə y. Doğrudur, mən də hələ onu düşünürdüm ki, türk arvadında
belə baş, belə qabiliyyət ola bilməz. Ancaq, Gülüş xanım, sizin yadınızdadırmı 7–8
il bundan qabaq Mirzə Balaşın bir zövcəsi var idi, o nə oldu?
G ü l ü ş. Mən ona bir neçə vaxt dərs verdim, sonra işçi fakültəsinə girdi, sonra
son illərdə Maarif Komissarlığından stipendiya alaraq, Moskvada darülfünunda
oxuyurdu.
Ə b d ü l ə l i b ə y. Gördünüzmü, gərək ki, onun da adı Sevil idi.

B a l a ş və D i l b ə r gəlirlər.

M ə m m ə d ə l i. Heç yox. Göydə də oxusa, bu yerə çata bilməz.
D i l b ə r. Bonjur mademuazel, privet i pozdravleniye sizə və vospitannikinizə.
Bəs özü haradadır?
G ü l ü ş. Indicə gələr. Bağçadadır, yoldaşları gəlmişlər, indi gələr. Gündüz,
Gündüz, gəl, atan gəlmişdir.
G ü n d ü z. Kim? Atam, anam da gəldimi?
G ü l ü ş. Yox, ancaq atan gəlmişdir, görüşmək istəmirsən!
B a l a ş. Gündüz!
D i l b ə r. Mən elə körpəcikdən, belə gözəl bir çocuq çıxacağını heç
düşünməzdim. Məni tanımırsanmı, Gündüz? Səni bir il saxlamışam.
G ü n d ü z. Mən sizi heç tanımıram.
B a l a ş. Gündüz, oğlum, gəl yanıma!
G ü l ü ş. Xoş gəlibsiniz!
D i l b ə r. Bu çiçəkləri alın, al, bu çiçəklər sənin üçündür.
G ü n d ü z. Bibican, belə solğun nə üçün?
G ü l ü ş. Gündüz, adam hər bildiyini danışmaz. Çiçəklər yaxşıdır, ancaq
çoxdan dərildiyindən bir qədər solmuşdur.
B a l a ş. Təzə çiçək heç yerdə yoxdur.
Ə b d ü l ə l i b ə y. Hə… Biz də tapa bilmədik.
M ə m m ə d ə l i. Heç yox. O yanlarda var, ancaq uzaqdır, getmək olmadı.
D i l b ə r. Allah bu bolşeviklərin bəlasını versin, bizdə nə qoydular. Maşınımızı
almasaydılar, yerdən çıxardardıq.
G ü n d ü z. Onda bunları aparıb, suya salacağam, bəlkə açıldı.
G ü l ü ş. Yaxşı, gülüm, istəyirsən apar. Siz də buyurun bağçaya!
Ə b d ü l ə l i b ə y. Bağışlayın, Gülüş xanım, sözümüz yarımçıq qaldı. Biz o
kitab məsələsini danışırdıq.
D i l b ə r. Siz yenə o kitabdanmı bəhs edirsiniz?
M ə m m ə d ə l i. Yox, biz o kitab yazanı bilmək istəyirik.
Ə b d ü l ə l i b ə y. Yoxsa, bəlkə, həmin biz tanış olduğumuz Sevil yazmışdır.
D i l b ə r. O ki, araya çıxanda əli-ayağı, dili-dodağı titrəyirdi və mənim ilə
öpüşdükdən sonra, Gülüş olmasa idi, gərək ki, Məmmədəlini öpəcəkdi.
M ə m m ə d ə l i. Məni yox, Əbdüləli bəyi öpmək istəyirdi.
D i l b ə r. Və bir ildən sonra gərək ki, Əbdüləli bəy gördü, üstübaşı cırım-
cındır, mənim ayaqlarıma qapanmışdı.

Ə b d ü l ə l i b ə y. Doğrudur, hələ mən də bu saat onu düşünürdüm.
D i l b ə r. Siz deyirsiniz o Sevil, o baş-göz ilə belə bir kitab yazdı? Gülüş,
yadınızda varmı, siz olmasaydınız, Məmmədəlini öpəcəkdi.
M ə m m ə d ə l i. Məni yox, canım, Əbdüləli bəyi. Yazar, yazmaz, ay yazdı
ha!..
G ü l ü ş. Mənə qalırsa, Əbdüləli bəyi öpmək belə böyük bir iş deyildir, onu
bəziləri bilərək, bəziləri də bilməyərək, bəziləri açıqda, bəziləri də gizlində öpə
bilərlər və çox güman ki, Əbdüləli bəy bundan darılmaz. Artıq o Sevil olub-
olmadığını bilmirəm.
D i l b ə r. Hər halda dünən ayaq altında sürünən miskin bir arvad, belə bir kitab
yaza bilməz.
G ü l ü ş. Kim bilir. Deyirlər Hindistanda böyük fillər vardır ki, illər uzunu
gücsüz insanları boyunlarında daşıyır və onların bizlərinə dözürlər. Bir gün isə
incəlmiş gönlərinə biz çox dərindən sancıldıqda, xortumlarını uzadıb
boyunlarındakı adamın boynundan yapışır, ayaqları altına salıb, köksünə çıxırlar.
Deyirlər ki, su meymunun boğazına çıxanda, öz balasını tapdayıb başına çıxır. Kim bilir?
Ə b d ü l ə l i b ə y. Doğrudur, hələ mən də bu saat onu düşünürdüm.
M ə m m ə d ə l i. Heç yox, ola bilməz.
D i l b ə r. Nəhayət, deyirlər ki, o kitab bizim üçün yaramaz. Əldüləli bəy deyir
ki, o kitab qadınlarımızı əxlaqsızlığa alışdıra bilər.
M ə m m ə d ə l i. Kitab burada vardır.
D i l b ə r. Görən nə yazır?
M ə m m ə d ə l i (oxuyur). “Azərbaycan qadınlarının və bütün qadınların ən
böyük düşmənlərindən biri də namus keşikçisi olmalarıdır. Kişi istədiyini və bir
neçəsini birdən əldə edə bilər. qadın isə ikincisinə göz ucuyla belə baxa bilməz.
Bu, kişi üçün bir nadinclik, qadın üçün isə bir namussuzluq sayıla bilər. Halbuki
hər ikisinin təşəbbüsünü doğuran eyni fizioloji hadisədir”.
D i l b ə r. Bu, əxlaqsızlıq deyilmi?
M ə m m ə d ə l i (oxumaqda davam edir).“Qadının qəti azadlığı üçün, yalnız
çadrasını açması bəs deyildir. Halbuki Avropa qadınları çadrasız ikən, azad
deyildirlər. Qadına, ən başlıca, iqtisadi azadlıq lazımdır”.
D i l b ə r. Bu, əxlaqsızlıq deyilmi?
M ə m m ə d ə l i. Bu, heç yox!

G ü l ü ş. Bəlkə də… Ancaq əxlaq da elastiki bir şeydir. Bunu hər kəs öz arşını
ilə ölçə bilər. Nəhayət, sözdə bir, işdə başqa adamlar da az deyil. Düşündüklərini
açıq yazanlarda, heç olmasa, bir səmimiyyət vardır ki, o da, məncə, dəyərsiz
deyildir.
Ə b d ü l ə l i b ə y. Əlbəttə, bizi Şura hökumətimizin proqramında gərək bütün
əvamünnas oxusun.
G ü n d ü z. Çiçəklər yaramadı, bibi, su dəyən kimi yarpaqları bürüşdü, töküldü,
ancaq kötükləri qaldı. Gör bir nə oldu?
G ü l ü ş. Vaxtı keçmiş çiçəklər belə olur, gülüm. Apar qoy bir yana. Siz də
buyurun içəri, orası daha yaxşıdır.

İçəridə musiqi çalınır. Balaşdan başqa hamı gedir.

B a l a ş.
Nə bu gün bağda bir gül, nə meyim var mənim,
Seyri-gülzardə bihüdə nəyim var mənim.
Sizi tanrı, yetirin piri-xərabatə məni
Ki, bu gün saqi əlindən gileyim var mənim.
Can sənin, cisim sənin, əmr sənin, fel sənin,
Bilmirəm bu aralıqda nəyim var mənim.
G ü l ü ş (gəlir). Balaş, nə üçün içəri girmirsən?
B a l a ş. Gülüş, Gülüş, ver mənim ailəmi! Sən mənim həyatımı pozdun. Bu gün
mənim çocuğum məni tanımır. Ver mənim çocuğumu, ver mənim atamı! Göstər
mənə, Sevil haradadır?
G ü l ü ş. Eləmi? Ha… ha… ha… Onları burax. Balaş, bu, həyatın amansız
qanunudur. Bu gün dünəni bəyənmir, sabah bu günü bəyənmir. Gəl, baharın gözəl
günəşli bir günü yarpaqlar öpüşür, çiçəklər oynaşır, hər bir şey, bütün aləm çalıb
oxuyur, eşidirsənmi?

M u s i q i 

Mən bir güldüm, açılmadan budağımdan dərdilər,
Yaşıl ikən yarpaqlarım əldən-ələ verdilər.
Çox çəkmədən yazıq soldum, torpaqlara sərdilər,
Ağla, bülbül, yazıq bülbül, sənə xəzan yaraşır,
Ağla, könlüm, yazıq könlüm, sənə hicran yaraşır.

B a l a ş. Eşidirsənmi, Gülüş, nə oxuyurlar? Mən indi oraya nə üçün
gedim, orada mənim kimim vardır? Ah, Gülüş, sən məni məhv etdin.
G ü l ü ş. Mən… Mən?

Ba l a ş. Sən… Sən! Buludlar üzləşirkən, sən onları çaxnaşdırdın. Göylərin qüvvələrini bir ildırım kimi başımda partlatdın. Mənim atamı qışın soyuq gecələrində çılpaq, sən bayıra atdın. Sən mənim ailəmi dağıtdın. Gülüş, bacıcan, məhv oluram. Söylə, Allah eşqinə, atam haradadır? Söylə, Sevil haradadır? O zavallılar indi haradadır? Sağdırlarmı? Ah… Müqəssir mən özüməm, bacıcan, mənə rəhmin gəlsin… Söylə, onlar sağdırlarmı?

G ü l ü ş. Mən heç bir şey bilmirəm, Balaş, sən pişik kimi qorxaqsan.
B a l a ş. İndi mən nə etməliyəm, Gülüş? Sən söylə!
G ü l ü ş. İçəri gəl, Balaş, çocuq olma. Nə edəcəksən, həyat özü göstərər, gəl.

Oxumaq səsi gəlir.

Ey bivəfa yar səni
Necə salım yada mən?
Çərxi-fələk qoymadı
Kam alım dunyada mən.
Aman, ay aman, zalım yar…
B a l a ş. Burax, Gülüş, gəlmərəm. Orada artıq mənim işim yoxdur. Burax, mən
gedirəm.
G ü l ü ş. Çocuq olma, Balaş! Hara getmək istəyirsən?
B a l a ş. Mən gedib bir tərəfdə oturmaq, düşünmək, ağlamaq, ağlamaq
istəyirəm.
G ü l ü ş (gülür). Ha… ha… ha… Ağlamaq istəyirsən? Ha… ha…ha… Get, get,
düşün, ağla yorulanda yenə gələrsən.
B a l a ş. Mənə gülürsən, Gülüş. Mən gülüncəm. Gül, ancaq mən ağlamaq,
ağlamaq istəyirəm, ağlayacağam… Ağlayacağam (Çıxır).
G ü n d ü z. Bibican, bayıra bir qız gəlmiş, deyəsən səni istəyir.
S e v i l gəlir.
G ü l ü ş. Kimi istəyirsiniz?
S e v i l. Ha… ha… ha… Gülüşcan! Gülüş!
G ü l ü ş. Sevil!.. Sən harada idin? Necə də gözəlləşmişsən! Sevil, harada idin?
S e v i l. Heç sorma, Gülüş! Moskvadan gəlirəm. Mən yeri, göyü, bütün
dünyanı dolaşmışam, sonra anladaram, mən qatardan indicə düşmüşəm. Bu gün nə cür olursa-olsun buraya çatmağa can atırdım, gecikərəm deyə qatardan düşüb, qaçıb gəlmək istəyirdim. Bu gün mənim oğlumun onilliyidir, deyilmi, Gülüş? Oğlum sağdırmı? Söylə, sağdırmı?
G ü n d ü z. Bibican, bəlkə bu qız mənim anamdır?
G ü l ü ş. Budur, Gündüz, bu sənin anandır!

Qucaqlaşırlar.

G ü n d ü z. Ana! Sən məni qoyub hara getmişdin?
S e v i l. Mən getmişdim, oğlum, həyatın amansız dalğaları məni yelkənsiz bir
gəmi kimi alıb aparmışdı. Dayan, mən sənin üçün yaxşı bir şey gətirmişəm
(Aeroplanı çıxarıb verir).
G ü n d ü z. Bu nədir, anacan?
S e v i l. Bunun, bax, burasını burub buraxırlar, uçur.
G ü n d ü z. Necə uçur?
S e v i l. Uçur… Uçur, bax belə.
G ü n d ü z. Bax, bu yaxşı şeydir, bu yaxşıdır.
G ü l ü ş. Sevil, içəridə qonaqlar vardır.
S e v i l. Kimdir?
G ü l ü ş. Gənclər. Bir zaman gördüyün adamlar da vardır. Görsən, hamısını
tanıyarsan.
S e v i l. Artıq fərq etməz, kim olur-olsun. İndi mən dünyanın istisoyuğuna
alışmışam. Bu gün mənim üçün bayramdır. Mən çalmaq, oynamaq, əylənmək
istəyirəm. Hələ bir dur, görüm kimlərdir (Baxır). Aha, hamısını tanıyıram. Gün
aydın, köhnə dostlar! Gün aydın, köhnə dostlar! Gün aydın!
G ü n d ü z. Hara, ana, mən səni qoymaram.
S e v i l. Getmirəm, oğlum, getmirəm, paltarımı dəyişəcəyəm
(Keçir o biri otağa).
Ə b d ü l ə l i b ə y (qonaq otağından çıxır). O qız kimdir? Gözümə tanış
görünürdü.
B a b a k i ş i (bayırdan). Keç yoldan, mən çox yaxşı tanıyıram.
G ü l ü ş. Kimdir?
B a b a k i ş i. Yoldan keç deyirəm, türkün sözü, vuraram dişlərin tökülər.
G ü l ü ş. Bunlar kimdir? Kimi istəyirsiniz?
A t a k i ş i. Gülüş, qızım! Mənəm də, tanımırsan? Bu da Babakişidir.

Qucaqlaşırlar.

M ə m m ə d ə l i (çıxır). Deyirlər gün çıxır – doğru deyil; deyirlər gün batır –
doğru deyil; deyirlər dünya var – doğru deyil; heç bir şey doğru deyil.
D i l b ə r (çıxır). Bunlar kimdir?
G ü l ü ş. Yaxşı, ata, bu nə işdir, bu nə görünüşdür, siz harada idiniz?
A t a k i ş i. Mən, qızım, gəmidə işləyirəm.
B a b a k i ş i. Deməli, Atakişi qazançıdır, mən də, türkün sözü, ocaqçı.
M ə m m ə d ə l i. Siz hara, gəmi hara, bu paltar hara?
A t a k i ş i. Məsələ çox uzundur. Bu, iş paltarıdır, yaxşı paltarımız da vardır.
B a b a k i ş i. Biz o gecə bayıra çıxdıq. Gecə qaranlıq və şaxta idi…
A t a k i ş i. Mən çılpaq idim…
G ü l ü ş. Bilirəm.
A t a k i ş i. Qaranlıqdan yol görünmürdü. Bütün gecəni birnəfəsə getdik.
B a b a k i ş i. Türkün sözü, kəndə getmək istəyirdik. Yol çalaçuxur idi.
A t a k i ş i. Bir yerdə xirtdəyədək tıxandıq murdova.
B a b a k i ş i. Zığ çataldan yuxarı, soyuq, şaxta…
A t a k i ş i. Qarın da ac, tanrı, gəl borcunu apar…
B a b a k i ş i. Elə burada idik ki, gördük, türkün sözü, qabaqdan bir dəstə çıxdı.
Dan yeri qızarırdı…
A t a k i ş i. Adamın ucu-bucağı yox idi, izdiham sel kimi axırdı. Mən birini
yanladım ki, hara? Fabrikə, dedi, çörək və yaşamaq dalınca…
B a b a k i ş i. Bizə də türkün sözü, hələ bu lazımdı…
A t a k i ş i. Ac qarın qılınca gələr, qoşulduq…
B a b a k i ş i. Türkün sözü, o qoşulmaqla qoşulduq…
A t a k i ş i. O fabrikdən bu fabrikə…
B a b a k i ş i. O zavoddan bu zavoda…
A t a k i ş i. O gəmidən bu gəmiyə, habelə. Indi mən qazançıyam…
B a b a k i ş i. Türkün sözü, mən də ocaqçı.
G ü l ü ş. Bəs əlin necədir?
A t a k i ş i. Sağaltdılar… Gəmi həkimi baxdı.
B a b a k i ş i. Türkün sözü, girəc qoydular, sarıdılar, bax belə.
A t a k i ş i. Sağaldı.

Sevil və Gündüz gəlir.

G ü l ü ş. Gündüz, dayan, Sevil qonaqlar ilə görüşsün.
S e v i l. Ata! (Babakişilə qucaqlaşır).
B a b a k i ş i. Qızım, bu nədir, dənizdə mayak kimi parlayırsan.
A t a k i ş i. Mayak deyil, dan ulduzudur.
S e v i l. Atakişi əmi, sənsən? (Atakişilə də qucaqlaşır).
D i l b ə r. Hələ bir bu çatmırdı.
G ü l ü ş. Gözlə, Sevil, bu dəfə də Əbdüləli bəyi öpməyəsən.
S e v i l. Öpmək… Hə… Yadımdadır… Ha… ha… Artıq mənim üçün qorxma,
Gülüş, indi ustalaşmışam: indi mən arvadlar ilə açıqda, kişilər ilə isə gizlində
öpüşürəm.
D i l b ə r. Vot kak!
Ə b d ü l ə l i b ə y. Xoş gördük. Sevil xanım!
S e v i l. Gün aydın, dostlar!
B a l a ş (gəlir). Qaytar, qaytar mənim ailəmi. Məhv oluram. Bu çiçəklərin
öpüşməsi, bu ulduzların gülüşməsi, bu baharın ilıq nəfəsi, bütün bu qovuşan,
oynayan təbiət məni boğur, məhv oluram. Gülüş, ver mənim ailəmi!
G ü l ü ş. Balaş, yorulmadınmı?
D i l b ə r. Bu nə oyundur?
B a l a ş (Sevili görür). Sevil, Sevil!
S e v i l. Balaş! Özünüzü itirməyin! Gülüş, mənim üçün bayramdır, mən bu gün
çalmaq, oxumaq, oynamaq, əylənmək istəyirəm. Çalğı varmı?
G ü l ü ş. Var, Sevil, var! Gəlin bağçaya!
D i l b ə r. Yaxşı demişlər, qozbeli qəbir düzəldər.

Hamı gedir. Sevil getmək istərkən Balaş onu saxlayır.

B a l a ş. Sevil, getmə, bir az dayan!
S e v i l. Nə istəyirsiniz?
B a l a ş. İki söz!
S e v i l. Söyləyin!
B a l a ş. Yadındadırmı, bir zaman məni sevdiyini, mənsiz yaşaya
bilməyəcəyini söyləyirdin?
S e v i l. Yadımdadır. Mən ki, sözümdən qaçmadım.
B a l a ş. Indi mənə qarşı bu soyuqluq nədir?
S e v i l. Lakin, siz qaçdınız.
B a l a ş. Mən müqəssirəm, Sevil.
S e v i l. Olsun!

B a l a ş. Sevil, məni bağışla.
S e v i l. Bağışlayıram!
B a l a ş. Sən məni öldürürsən, Sevil. Mənə rəhmin gəlsin, mən səndən belə
cavab gözləmirdim.
S e v i l. Məndən nə istəyirsən?
B a l a ş. Təqsirimə qarşı töhmət, təhqir. Bu mənim üçün bir toxtaqlıq olar.
S e v i l. Mən sizi müqəssir bilmirəm. Deyirlər ki, həyat mübarizədir. Mən
mübarizəyə hazır deyildim, qoç döyüşünə qoç dayanarmış. Mən basıldım,
səhnədən çıxdım. Həyatın istəyinə qarşı ancaq dahilər çıxa bilər. Sən ki, onsuz da,
qısa ömrünü mənim üçün çürütməzdin. Beşgünlük həyat, sədəqə veriləcək qədər
ucuz bir şey deyildir. Sən elə də istədin, elə də etdin, elə də olmalı idi və olmalıdır.
B a l a ş. Yox, Sevil, yox. Mən elə istəmirdim. Mən səni sevirdim, fəqət, həyat,
həyat məni şaşırdı. Mühit bir məngənə kimi mənim varlığımı sıxırdı, ayağımı
istədiyim yana atmaq istərkən, görmədiyim qara bir qüvvə ayağımdan tutub, onun-
bunun bəyənəcəyi tərəfə atırdı. Mən də istər-istəməz gedirdim. Mən gücsüz qadını
təkbaşına həyatın dəhşətləri içinə atdım.
S e v i l. Mən tək deyildim, mənim yoldaşlarım çox idi.
B a l a ş. Sevil, inan ki, bütün bu ayrılıq illərində, mən hər gün sənin taleyini
düşünürdüm.
S e v i l. Eləmi? İnanmıram…
B a l a ş. O gücsüz halında sən nə edə bilərdin?
S e v i l. Ehtiyac həyatın müəllimidir. Mən tez öyrəşdim. Mən gündüzlər ac-
acına oxuyur, gecələr isə sahilə çıxırdım. Göz altına aldığım bir kişinin yanından
keçir, çiyninə toxunur, sonra da qarşı-qarşıya gəlib, sağ gözümü yavaşcadan
qırpırdım: bax, belə… O görürdü…
B a l a ş. Dəhşət… Dəhşət!
S e v i l. Mən hər gecə bir parça çörək üçün, bir doyumluq çörək üçün öz
könlümü satır, istəyimi, öz mənliyimi qurban verirdim. O kişi mənim ardımca
düşürdü…
B a l a ş. Dəhşət… Bəsdir!
S e v i l. Qaranlıq bir küçədə biz qiymətləşirdik…
B a l a ş. Bəsdir! Bəsdir, Sevil, bəsdir daha, daha danışma!
G ü l ü ş (otaqdan çıxıb, bir qədər onların söhbətinə qulaq asdıqdan sonra).
Sevil, sən neçin özünə böhtan deyirsən?
S e v i l. Sən, Gülüş, qatışma.

G ü l ü ş. Onsuz da səhərdən o mənim baş-beynimi aparırdı.
S e v i l. Dur, mən bu saat onun baş-beynini elə aparım ki, özü də afərin desin.
(Balaşa) Hə, acıyırsanmı?

Gülüş keçir içəri.

B a l a ş. And iç, Sevil! Söylə ki, bunlar hamısı yalandır. Sən belə namussuzluq
etməmişsən. Söylə ki, bunların heç biri olmamışdır. Söylə ki, hamısı yalandır.
S e v i l. Lakin, bunların hamısı doğrudursa?
B a l a ş. Axı, Sevil, bu əxlaqsızlıqdır, namussuzluqdur. Yox, ola bilməz.
Yalvarıram, Sevil, söylə ki, bunların hamısı yalandır. Sən əvvəlki kimi əxlaqlı və
namuslusan…
S e v i l. Namus! Ha… ha… Nədir namus?.. Yalnız qadınların daşıyacağı bir
yükdür. Sən hər gün bir dəqiqəlik zövqün üçün tuş gəldiyin hər bir qadına göz
basırkən, kimsə sənə namussuz demirdi. Lakin biz, biz bir lampalıq neft, bir
parçacıq çörək, bir doyumluq quru çörək üçün birinə yanaşdıqda, bütün bayquşlar
səs-səsə verib, dörd bir yandan: “fahişə, fahişə”, – deyə ulaşırlar. Halbuki sən
mənim gözümün qabağında bir qadının belindən qucmuşdun, mən də əlimdə su,
qarşında durub titrəyirdim, sən göz belə qırpmırdın. Bilmək istəyirdim ki, sənin
adın nə olur? Ad birdir. O zaman mənim nə düşünməyə beynim, nə də deməyə
dilim yox idi. Indi isə üzünə deyirəm: fahişə!
B a l a ş. Sevil! Sən indi nə etmək istəyirsən?
S e v i l. Mən öz işimə gedəcəyəm.
B a l a ş. Sən yenə də hər gecə sahiləmi çıxacaqsan?
S e v i l. Orasını mən özüm bilərəm.
B a l a ş. Yox, Sevil, mən artıq səni tək buraxmaram.
S e v i l. Heyhat!.. Keçmiş ola!
B a l a ş. Sevil… Mən sənsiz yaşaya bilmərəm, mən səni sevirəm.
S e v i l. Eləmi? Ha… Ona görə ki, indi mənim çəkmələrim lak, tumanım qısa
və dabanlarım dikdir?
B a l a ş. Yox, Sevil, yox, inan ki, o gözlər, o baxışlar daima məni təqib edir.
M ə m m ə d ə l i. Hamısı yalandır: məhəbbət də yalandır, sevgi də
yalandır. Əxlaq da boş şeydir. Namus təbiətin çirkinliyindədir. Məqsəd,
türkün sözü, işlək mal törətməkdir.

İçəridən Gülüşün oxumaq səsi gəlir.

Gəlmə, gəlmə, get a gülüm,
Keçdi gün, dolandı hava.
Mən sənin kimi bivəfa
Yarı neylərəm, a gülüm.

B a l a ş. Sevil!
S e v i l. Eşidirsinizmi, deyəsən, Gülüş oxuyur.

Oxumaq səsi gəlir.

Mən dilərkən eşqə dəva,
Sən sürürdün onda səfa.
Mən sənin kimi bivəfa
Yarı neylərəm, a gülüm.

B a l a ş. Sevil, diz üstə çöküb bir çocuq kimi yalvarıram: məni öldür,
rədd etmə! Mən səni bir çocuq kimi oxşar, bir kukla kimi atıbtutaram.
Sevil, yalvarıram sənə, mənə rəhmin gəlsin, mən sənsiz yaşaya bilmərəm.
S e v i l. Mən sənə doğrudan da acıyıram. Qalx, Balaş! Mən elə bilirdim
ki, sən bu illər içində dəyişmişsən, yazıq ki, sən əvvəlki kimi ayaqlara
qapanacaq bir meşşan, özgəsindən səadət sədəqəsi istəyən bir dilənçisən.
Mən isə artıq əvvəlki Sevil deyiləm. Mən atılıb tutulacaq bir kukla deyiləm.
Mən indi boynumu kişilərin qolları arasına, bu mərhəmət boyunduruğuna,
bu dəmir obruçlara, bu çəlik məngənələrinə keçirə bilmərəm. Indi mən
həyata qarşı aciz deyiləm. İndi məndə qoç döyüşünə qarşı aslan pəncəsi
vardır.
D i l b ə r (içəri girir). Balaş, bu nədir, nə edirsən? Gülüş, siz
görürsünüzmü? Bu nədir, sən nə edirsən?
G ü l ü ş. Kim bilir, bəlkə əriniz yeni bir vals düzəltmişdir.
D i l b ə r. Eşidirsənmi, Balaş! Bu nədir? Bu tərbiyəsizlikdir. Yüksək
cəmiyyətlərdə bu, nəzakətsizlikdir, əxlaqsızlıqdır.
Ə b d ü l ə l i b ə y. Doğrudur, hələ mən də onu düşünürdüm.
B a l a ş. Tərbiyə, nəzakət, əxlaq – hamısı şablondur. İstəmirəm, apar.
Mən onu istəyirəm, mən onu sevirəm.
D i l b ə r. Gülüş, buna siz nə deyirsiniz? Bunun başına havamı gəldi, bu
rəzalət deyilmi?
G ü l ü ş. Mən bilmirəm, Edilya. Siz deyirdiniz ki, həyat mübarizədir,
qoç döyüşünə qoç dayanar.

S e v i l. Ha… ha. Yox, Gülüşcan, qoç döyüşünə qoç dayanmaz, qoç
döyüşünə aslan pəncəsi dayanar. Vals! Çalğıçılar, vals, mən oynamaq
istəyirəm.
G ü l ü ş. Edilya, sizdəmi vals oynayacaqsınız?
D i l b ə r. Yox, mənim başım hərlənir, verin, mənim papağımı, mən
gedirəm.
S e v i l. Mənim isə artıq başım hərlənmir. Mən həyata sərxoş
girib, ayıq çıxmışam. Vals!
M ə m m ə d ə l i. Nə ay var, nə gün, nə dünya var, nə axirət, heç nə
yoxdur.
B a b a k i ş i. Adə, Atakişi, türkün sözü, gəmidə oynadığımız
oyundandır ha!..
A t a k i ş i. Di onda, başla, Babakişi.
B a b a k i ş i. Dayan bir, türkün sözü, çəkmələrimin bağını sarıyım.
G ü l ü ş (Dilbərə). Xanım, siz deyəsən, tək qaldınız?
D i l b ə r. Mənim burada işim yoxdur, mən gedirəm.
G ü n d ü z. Tapdım, tapdım, tapdım!
G ü l ü ş. Nəyi tapdın, gülüm!
G ü n d ü z. Mən sabah dunya səyahətində də yol başına bütün
çocuqlardan tez çatacağam. Mən daha gəmilə getməyəcəyəm, bununla
gedəcəyəm, bununla!
G ü l ü ş. Sonra?
G ü n d ü z. Sonra.
G ü l ü ş. Hansı yol ilə qayıdacaqsan?
G ü n d ü z. Qayıtmağı mən heç düşünməmişəm.
S e v i l. Yox, balam, sən qayıtmayacaqsan.
G ü n d ü z. Mən qayıtmayacağam, mən daima irəliyə doğru gedəcəyəm
– Marsa, Yupiterə, sonsuz fəzalara doğru gedəcəyəm.
S e v i l. Gəl, oğlum, gəl!
B a l a ş. Sevil, sən hara gedirsən?
S e v i l. Sosializmə, fabrikə! Mən oradan gəlmişəm, oraya da gedirəm.
Qadınların azadlıq yolu ancaq oradadır!

P ə r d ə

 

Mənbə:  Cəfər Cabbarlı. Əsərləri. Dörd cilddə. III cild. Bakı, “Şərq-Qərb”, 2005.

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin