Sovet kinematoqrafiyası: Andrey Tarkovski dönəmi

0

“Dünya mükəmməl olmadığı üçün incəsənət vardır.”

1960-dan sonrakı rus kinematoqrafiyasında gördüyü işlərlə dönəmə adını verə biləcək tək bir insan var idi: Andrey Tarkovski.

Andrey Tarkovski (1932-1986)

Şübhəsiz ki, Tarkovskini (rus. Андрей Арсеньевич Тарковский) anlamaq dolğun bir intellektual təcrübə və mədəni cəhdlər tələb edir. İncəsənətə verdiyi dəyər, istifadə etdiyi bədii dil və ən diqqət çəkən özəlliyi olan güclü əxlaqi ciddiyyət anlayışı onun adının kino tarixinə qızıl hərflərlə yazılmasına səbəb olmuşdur. Dönəmin önəmli şairlərindən olan Arseni Tarkovskinin oğlu olması ədəbiyyat və incəsənətə olan baxışına təsir etdi və bu təsir sonrakı yaşlarında adını məşhur edəcəyi rejissorluq sənəti ilə zirvəyə çatmasında önəmli bir rola sahib olacaqdır. Məktəb illəri uğursuzluqla keçdi. Məktəbdən məzun olduqdan sonra Moskvada ərəb dilini öyrəndi. Zaman keçdikcə mədənçilik mühəndisliyi sahəsinə keçid etdi və bu müddət ərzində musiqi təhsili də aldı. Ailəsinin qazandırdığı və marağının olduğu incəsənətə musiqi ilə giriş etmiş, ancaq daha sonra bu qərarından da imtina edərək Film Məktəbində oxumağa qərar verdi. VGIK Film Məktəbinə (Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti) daxil olması ilə həyatı formalaşmağa başladı və bir filmində “Bəşəriyyət! Sənə güvənirəm!” – deyərək beynimizdə yer tutan sovet rejissoru Mixail Rommun (rus. Михаи́л Ильи́ч Ромм) tələbəsi oldu.

Mixail Rommdan film çəkməklə bağlı bir çox şey öyrənən Tarkovski 1956-cı ildə Ernest Heminqueyin hekayəsi əsasında “The Killers” adlı ilk qısa filmini çəkir. Daha sonrakı zamanda öz xatirələrini ssenariləşdirməyə çalışdığı “Concentrate” layihəsinə ağırlıq verdi. Mixail Romm qədər Qriqori Çuxray (rus. Григорий Наумович Чухрай) da Tarkovskinin sevdiyi kino müəllimlərindən biri idi. Hətta bir zaman Çuxray Tarkovskiyə öz filmində rejissor asistentliyi təklif etmiş, amma Tarkovski öz layihələri üzərində işləməsi gərəkdiyi düşüncəsi ilə müəlliminin təklifini rədd etmişdir. Bu hadisə də Çuxrayın Tarkovskiyə kino barəsində necə güvəndiyinin sübutudur.

Tarkovski məktəbdən dostluq etdiyi Andrey Konçalovski (rus. Андре́й Серге́евич Михалко́в-Кончало́вский) ilə “Antarktida – uzaq diyar” adlı bir ssenari yazmış, lakin ssenarini heç kimə sata bilməmişlər.

Dünya kinematoqrafiyasında və şeir qoxan hər möhtəşəm filmdə adına tez-tez rast gələcəyimiz Andrey Tarkovski ilk film mükafatını 1961-də “The Streamroller and The Violin” filmi ilə alır – New York Student Film Festival. Bu film Andrey Tarkovskinin məzuniyyət filmidir.

İlk mükafatın üzərindən hələ 1 il keçmişdi ki, 1962-ci ildə ilk uzun metrajlı filmi “İvanın uşaqlığı”nı (rus. “Иваново детство”) çəkdi. İlk uzun metrajlı filmi ilə Venesiya Film Festivalında “Qızıl Aslan” mükafatını qazandı. Bəllidir ki, beynəlxalq mükafatlara doya bilməyən Tarkovski kino dünyasının ən prestijli festivallarından olan Kann kinoestivalından ayrı-ayrı dönəmlərdə tam 9 mükafat qazanmışdır. “Andrey Rublev” (1966), “Solaris” (1972), Stalker” (1979), “Offret” (1986) kimi bənzərsiz filmlərdə Tarkovski imzası vardır.

Əslində, Tarkovskinin bütün filmləri tək-tək təhlil edilməlidir. Yalnız bu şəkildə onu anlamaq mümkün olacaqdır. Bəlkə daha sonrakı zamanlarda…

Tarkovski üçün obraz həqiqət demək idi və sənət-insan münasibətinin vizuallığı da ancaq belə açıqlana bilərdi. İnsanın ruhi bir varlıq olduğunu ifadə etdiyi filmlərində zəngin xəyal gücündən istifadə edərək izləyicini özünə heyran buraxdı. Yazının əvvəlində də qeyd etdiyimiz kimi, Tarkovskini anlamaq üçün dolğun bir intellektual təcrübə və mədəni cəhdlər gərəklidir. İnsan münasibətləri, cinsəllik, psixologiya və sosiologiyanın insan üzərindəki təsirləri xaricində mənəvi bir hadisəni hər dəfə uğurla çatdırması, insanın ruhi bir varlıq olduğunu xatırladaraq əldə etdiyi görüntülərlə zamanı yavaşladan, bəlkə də, belə desək, zamana meydan oxuyan bir rejissor idi Tarkovski. Öz mənəvi dünyası ilə ruhunun uyğunsuzluğunu ətraf mühit faktorlarından almışdır ki, bununla da, ideala necə böyük bir istəklə can atdığını anlaya bilərik. İncəsənətin dinlə əlaqəsini, heç bitməyəcək olan ağrıların və ehtirasların mənəvi cəhətdən izahını müdafiə etmişdir. Rejissor Andrey Tarkovskiyə görə, incəsənət sonsuzluğu hiss etdirən bir təcrübədir. Tarkovskini sovet və dünya kinosundan ayıran xüsusiyyəti isə kino çəkərkən izləyicisini hər hansı bir ideologiyaya, siyasi bir düşüncəyə bağlı qalmadan, birbaşa ölümə hazırlamasıdır.

Andrey Rublev (1966) filmindən bir kadr

“İncəsənət ilahi bir vasitədir.”  Andrey Tarkovski

Onun bu düşüncəsi SSRİ-də narahatlığa yol açır. Çünki marksist düşüncəyə zidd olur və materializmi mənimsəmir. Bu səbəbdən, rejissorun “Güzgü” (rus. Зеркало) filmi ölkəsində qadağan olunur.

Tarix 29 dekabr 1986-cı ili göstərən zaman Parisdə ağciyər xərçəngi səbəbi ilə vəfat edən Andrey Tarkovski 1990-cı ildə, yəni ölümündən 4 il sonra filmlərinə qadağa qoyan ölkəsi tərəfindən SSRİ-nin ən böyük mükafatlarından biri olan Lenin mükafatına incəsənətə verdiyi töhfələr, insani dəyərlərə verdiyi önəm və yenilikçi düşüncə tərzi səbəbi ilə layiq görülür.

Bu mükafatlandırma mərasimindən 1 il sonra 25 dekabr 1991-ci ildə II Dünya müharibəsində Hitlerin böyük qorxusu olan, elm-kosmosla bağlı işləri ilə dünyanın favoriti halına gələn, incəsənəti və kinematoqrafiyanı ənənəvi qəliblərdən çıxarıb, izləyici duyğusunun önəmini vurğulayan SSRİ dağılır.

Məşhur rejissor İnqmar Berqmanın (ing. Ingmar Bergmann) bu sözü Tarkovskinin kino sahəsində necə önəmli bir rejissor olduğunu, həmçinin filmlərinin bir çox filmə ilham qaynağı olduğunu sübut edir:

“Həyatın bir inikasdan və röyadan ibarət olduğunu təsvir edərək yeni bir dil icad edən Andrey Tarkovski mənim üçün böyük bir rejissordur.”

 

Mənbə:

https://www.wannart.com/sovyet-sinemasi-iii-andrei-tarkovsky-donemi/ 

Redaktə etdi: Fatimə Əliyeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin