Qarpız qabığına yazılar yazmaq- Ali Lidardan seçmələr

0

Ali Lidarı sizə bir sıra romantik türk şairlərdən biri kimi tanış edə bilərəm. Ah Muhsin Ünlünü tanıyanlar artıq bu iki insan arasındakı əlaqəni yazılarından başa düşə biləcək, heç şübhəsiz.

Yaradıcılığına – daha doğrusu, yaradıcılığının məşhurluğuna bir bloq halında başlayan Ali Lidar fəlsəfə müəllimi və həm də yazıçıdır. Aşağıda seçilən yazıları içərisində siz həm nəzm, həm də nəsr əsərləri görə bilərsiniz.

Ətrafına xeyli sayda insan yığa bilməsinin səbəbini yazdıqlarının təbiiliyində, söhbət edirmiş kimi olan üslubunda, çox asanlıqla deyilə bilməyəcək sözlərin rahat yolla ifadə etməsində görürlər.

Bloqundan yığılmış “Təsirsiz parçalar” adı ilə silsilə şəklində paylaşdığı yazıların tərcüməsininə keçək:

316.

Haqlıyam demirəm, amma sən də deyilsən. Bəlkə, ikimiz də səhv edirik. Və bu, ikimizin də haqlı olmağımızdan daha yaxşıdır, çünki haqsızlıq qarşısında haqlı olmaq cin atına mindirər, haqq qarşısında haqsız olmaq isə (ən azından, özümüzü bu qədər itirmədik) durub düşünməyə sövq edər. Dayanaq və düşünək sadəcə. Məncə, ikimiz də səhvik.

283.

– Mənə bu dəli paltarlarını kitablar geyindirdi, usta. Kitabları ciddiyə almaqdan, orda çəkilən əzab-əziyyətləri gerçək zənn etməkdən, kitablardakı qəhrəmanların yaşadıqlarına öz yaşadıqlarım kimi rəftar etməkdən lap dəli oldum!

– Niyə? Çox yalnız idin? Hamı kitab oxuyar, müəyyən qədər təsirində qalar. Sonra kitabı qırağa qoyub idman etməyə gedər, televizoru açar, sevgilisi ilə görüşər… Nə bilim e, ediləsi bir şeylər tapar da. Sən niyə özünü kağız divarlar arasında həbs etdin?

– Mən bir şey etmədim. Yəni bunun üçün xüsusi bir şeylər etməyə çalışmadım. İlk oxuduğum kitabda da belə olmuşdu. Yəni birdən-birə ayıldım ki, beləyəm. Bax, məsələn bu cümlələr belə heç özümün deyil. Çoxunu qəhrəmanı kitab oxumaqdan dəli olan bir romandan götürmüşəm.

– Bəs niyə ağlayırsan?

– Çünki hiss edirəm ki, itmişəm. Perek (Georges Perec)-in bir kitabında itmiş “e” hərfi kimiyəm. Üstəlik bu, özü realdırmı, heç ondan da əmin deyiləm. Həqiqətən, itmişəmmi, yoxsa itmiş bir kitab obrazının ağrısınımı yaşayıram? Heç bunu da bilmirəm…

281.

Nə zaman ümidin azalsa, seç bir ulduz, yuxarı bax,

Bir xətt çək düz şaquli bucaqdan, qəlbim altında olacaq.

Dünən keçdi, bu gün də keçəcək, əsas olan bir gün qovuşmaq

“İmanın ən sevdiyim şərti Mələklərə inanmaq…”

320.

Tozunu çırpmaqdır zamanın –

Xatırlamaq dediyimiz.

Buna görədir ki, xatırlamaq

Həmişə qıcıqlandırar içimizi?

230.

Getdiyim hər yerdən bir az əvvəl çıxmışam kimi

Hara baxsam da, tapa bilmirəm özümü.

Olduğum heç bir yerdə deyiləm kimi gəlir,

Olmadığım hər yerdə də var imişəm kimi…

227.

Divarda divar saatı var, yerdə xalça, masada masa üçün lampa, paltar asqısında paltarlar, kitab rəfində kitablar, külqabında siqaret külləri… Əşyalar belə harada olmalı olduqlarını bilir sanki. Heç birinin başı qarışıq deyil. Bu dəqiqə oturduğum kibrit qutusu qədər otağa baxıram və əslində, harada olmağı olduğunu heç cürə bilməyən tək mənəm kimi gəlir. Anamın qarnından heç çıxmamalı imişəm mən. Doğulduğum gündən gözüm yalnız qaranlıqdadır. Gün işığına dözümüm yoxdur. İnsan səsinə də. Kafka bir kitabında belə bir söz demişdi: “Nə şanslıdır bu karlar, eşidə bilməmək bir əngəli deyil, lütfüdür Tanrının”. Elədir Kafkacan, elədir. Eynilə.

223.

Ah, hər kəsə bir park lazımdır, tək başına ağlamağa

Yandığı yerin uzağında necə də təəccüblüdür canımız.

Təsəlli təşəbbüsləri yerin dibinə batsın

Hər kəs sussun, yaxud içindən mahnı oxusun.

Bir yer var, dözüm sərhədlərinin başına oyun açır,

Bir yer var, sən bilməzsən, o bilməz, mən bilərəm.

Bir ağrı bir can yanğını ruhda ülgüc kəsiyi.

Bir qırmızısından Tuborg, bir qısasından Parlament.

“R” hərfinə belə dözümüm yoxdur, diyirlənsin kəlimələr.

Sıxıldım mən hamınızdan, hamı evinə getsin.

Tusubasa gəlsin yanıma, bir də Obi-Wan Kenobi gəlsin…

221.

İyirmi il əvvəl dünyanı dəyişdirə biləcəyimi zənn edərdim. On il əvvəl dünyanın buna dəymədiyini, ətrafımı və özümü dəyişdirməyin kifayət edəcəyinə inandım. Bir neçə il əvvəl də hədəflərimi lap kiçildib sadəcə özümü dəyişdirə bilmək üçün sərf etməyə başladım bütün enerjimi.

İndi isə corablarımı belə dəyişdirməyə üşənirəm. “Hər şey dəyişər” deyən filosof getsin o yanda oynasın. Nə dünya, nə insanlar, nə hiss edilən ağrılar dəyişir. Sadəcə yuxu görür və oyanacağımız anı ümidsizcə gözləyirik…

Bir pivəxana stulu, ya da onkoloji klinik, ya da rahat ev yatağı, fərq edir? Əslində, o qədər uzaqdır ki, hər kəs hər kəsə, yan-yana olsaq da, toxuna bilmirik bir-birimizə.

Mənbə:

Karpuz Kabuğuna Yazılar Yazmak

Tərcümə və Redaktə:

Pəri Abbaslı

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin