İnsanlıq tarixinin ən qədim dəlili

0

40 il əvvəl Efiopiyada üzə çıxarılan insan fosilləri(insan qalıqları) üzərində aparılan yeni tədqiqatlar onların 195 min illik olduğunu göstərdi. Beləliklə, müasir insanın meydana gəldiyi 200 min il geriyə gedən ən qədim sübut tapılmış oldu.Araşdırmanı həyata keçirən Stoni Bruk Universitetinin mütəxəssisi dr. Con Fleql 2005-ci il fevralın 17-də elan etdi ki, genetik analizlər, fosillərin 40 il öncə müəyyənləşdirilən ilk təyinatından daha qədimə aparır. Dünyanın ən qədim fosilləri 1967-ci ildə Efiopiyanın cənub-qərbində, Omo çayının hövzəsində tapılmışdı.

 

Yeni texnikaya görə 195 min illikdir

Üzə çıxarıldıqları bölgənin adına uyğun olaraq Omo adlandırılan fosillərdən Omo 1 kəllə qutusu və skelet hissələrindən ibarət ikən, Omo 2 skeletsizdir və bütöv kəllə qutusundan ibarətdir. Hər iki qalığın da Homo Sapiens olduğu və 135 min il yaşı olduğu düşünülür. O vaxtkı yaş dəyərləndirməsi skeletlərin yanında tapılan stridyalardakı (molyusk) radioaktiv uran atomlarına əsasən aparılmışdı. Lakin, qalıqları müasir üsullarla yenidən tədqiq edən mütəxəssislər bu qalıqların əslində 195 min illik olduğu qərarına gəldi.

 

Skeletin yaşı qayadan hesablanıb

Yeni nəticə isə müasir texnikanın bəhrəsidir. Elm adamları skeletlərin ətrafındakı vulkanik tufların tərkibindəki kristalları incələdi. Kristallardakı radioaktiv kalium atomlarının çürüməsi hesablanıb. Bu hesaba görə, skeletlərin basdırılmasından sonra da qayalıqlar vulkanik dəyişikliklərə məruz qalmışdır. Qayada meydana gələn dəyişikliklər sonradan fosillərin üstünü örtmüşdür. Məntiqi olaraq, fosillərin üstündəki qatların yaşı skeletdən az, skeletin altındakılar isə skeletdən çox çıxdı. Aparılan hesablama skeletin sahibi olan homo sapiensin 196 min il əvvəl öldüyünü göstərir. Bitərəf elm adamları da inkişaf etdirilən texnikanın doğru analizlərini vurğulayarkən mövqeləri qalıqların da dünyanın ən qədim fosili olduğu nöqtəsində birləşir.

 

Müasir insanın şəfəqi

Omo tapıntılarının son araşdırmaları elmdəki mövcud tapıntılarla birlikdə insanın təkamül müddətinin başladığı ehtimal edilən 200 min il əvvələ qədər gedib çıxır. İnsanın 200 min il əvvəl Şərqi Afrikada, indiki Tanzaniya ətrafında meydana çıxdığı ehtimal edilir. Bundan əvvəlki ən qədim insan qalıqları yenə də Efiopianın Afar bölgəsində əldə olunan 160 min illik skeletlərdir.

 

Mədəniyyətin üzə çıxması 150 min il çəkdi

Skeletlərin yaşı və təkamül müddəti baxımından elm adamları müasir insanın “müasir” xüsusiyyətlərinin formalaşmasının 200 min il çəkdiyini və hətta bu müddətin davam etdiyini qeyd edirlər. Lakin, sözügedən qalıqların mədəni mənada “müasir” insan olduğunu demək çətindir. İnsanın “müasir” kimi səciyyələndirilməsi üçün bir sıra mədəni özəllikləri inkişaf etdirmiş olması lazımdır. Bunlara balıq tutmaq, musiqi bacarığı, alət düzəldə bilmək və istifadə etmək, kütlə halında yaşamaq və s. aid edilə bilər.

İnsanın müasir xüsusiyyətlərini təxminin 50 min il əvvəl formalaşdırdığını düşünsək, Efiopiya qalıqları müasir insanın fiziki formalaşmasının ilk mərhələsinə işarə edir. Mədəni özəlliklərin inkişafı isə 150 min il çəkdi.

 

 

Mənbə: Nature

 

Tərcümə etdi: Sara Sadıqova

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin