Biz necə qorxuruq? Qorxunun fiziologiyası.

0

Təsəvvür edin: Axşamdır və siz evdə təksiniz. Evdə səssizlik hökm sürür. Və qəfildən möhkəm bir səs eşidirsiniz……Qapı çırpılmasının səsi.

Təngənəfəs oldunuz. Ürəyiniz sürətlə döyündü. Əzələləriniz gərginləşdi. Qorxdunuz.

Lakin bir neçə saniyə sonra başa düşürsünüz ki, bu küləyə görə çırpılan qapının səsi idi. Heç kim sizin  evinizə girməyə çalışmırdı.

O bir neçə saniyədə siz elə qorxdunuz ki, təhlükədə olduğunuzu düşündünüz və bədəniniz o təhlükə ilə üzləşmək üçün gərginləşdi.  Amma reallıqda heç bir təhlükə yox idi. Bu reaksiyanın səbəbi nə idi? Ümumiyyətlə qorxu nədir?

Qorxu-bu hissə səbəb olan qıcığın təsiri ilə beyində başlayan zəncirvari reaksiyadır. Bu reaksiyanın son nəticəsi ürəyin yığılmasını sürətləndirən, tənəffüs prosesini intensivləşdirən, əzələləri gərginləşdirən və digər proseslərə səbəb olan kimyəvi maddələrin ifraz olunmasıdır. Son nəticənin ümumiləşmiş adı “döyüş ya qaçış” instinktidir. Qıcıqlar müxtəlif ola bilər: hörümçək, boğaza dirənmiş bıçaq, sizin nitqinizi və ya ifanızı gözləyən auditoriya və yaxud əvvəldə göstərdiyim kimi qapını çırpan külək.  İndi isə beyinə qayıdaq.

Bildiyimiz kimi beyin çox mürəkkəb orqandır. Beynimizdə yerləşən 100 milyarddan çox sinir hüceyrəsinin təşkil etdiyi qarışıq sinir yolları bizim hərəkət, hissiyat və düşüncələrimizə nəzarət edir. Bəzi neyronlar və onların təşkil etdiyi yollar şüurlu fəaliyyətə cavabdeh olsa da, digərləri qeyri-iradi prosesləri idarə edir. Qorxu hissi demək olar ki, tamamilə qeyri-iradidir: biz şüurlu olaraq qorxu hissini yarada bilmirik, hətta bu hiss ərsəyə gələnə qədər nə baş verdiyini də bilmirik.

Beynin bütün hissələri bir-biri ilə əlaqəli işləyir. Buna görə də qorxunun yaranmasında iştirak edən çox zonalar ortaya çıxıb. Lakin
araşdırmalar göstərir ki, müəyyən beyin hissələri bu prosesdə daha önəmli rol oynayırlar. Bunlar aşağıdakılardır:

  1. Talamus – duyğu orqanlardan məlumatı hara göndərməyə qərar verən hissə
  2. Hissi qabıq -hissi məlumatı analiz edən hissə
  3. Hippokampus – şüurlu xatirələri yadda saxlayan və lazım gəldikdə çıxararaq istifadə edən hissə. Hippokampus həmçinin gələn məlumatın hansı vəziyyətə uyğun gəldiyini təyin edən hissədir
  4. Amiqdala (badamabənzər cisim) -emosiyaları deşifrə edən, mümkün təhlükəni qiymətləndirən hissə. Qorxu yaddaşı deposu, yəni qorxduğumuz hər şey haqqında məlumatın saxlandığı hissədir.
  5. Hipothalamus – “döyüş ya qaçış” cavab reaksiyasını aktivləşdirən hissədir.

Əvvəldə də dediyim kimi qorxu hər hansı qıcıqdan başlayır və “döyüş ya qaçış” instinkti ilə sonlanır. Amma başlanğıc və son arasında 2 müxtəlif yol var:

  1. Qısa yol- tez və nizamsızdı
  2. Uzun yol- daha çox zaman tələb edir, lakin hadisələrin daha dolğun analizi ilə nəticələnir.

Fərqli olsalar da, hər 2 yol eyni zamanda baş verir.

Qısa yol.

Qısa yol “zərbə vurub sonra sual vermək” prinsipi ilə işləyir. Tutaq ki, qapı çırpılır .Bu külək ola bilər. Həmçinin bu sizi qarət etmək istəyən oğru da ola bilər. İndi isə suala diqqət edin. Hansı daha təhlükəsizdi? Oğru olduğunu düşündüyünüz təhlükənin külək olması ,yoxsa külək olduğunu düşündüyünüz faktorun oğru olması? Nəticədə qısa yol həmişə ən təhlükəli halları analiz edərək cavab reaksiyası hazırlayır. Prosesə yaxından baxaq:

Qapı çırpılması bir qıcıqdır. Siz səsi eşidən kimi və ya qapının hərəkətini görən kimi beyin məlumatı talamusa göndərir. Bu nöqtədə talamus gələn məlumatın təhlükə olub olmadığını bilmir, amma olacağını ehtimal edərək məlumatı amiqdalaya göndərir. Amiqdala impulsları qəbul edən kimi sizi qorumağa qərar verir: bunun üçün isə hipotalamusa “döyüş ya qaçış”  cavab reaksiyasını aktivləşdirməyi əmr edir. Bu cavab reaksiyası isə gələn qıcıq təhlükə olduğu halda sizin həyatınızı xilas edə bilər.

 Uzun yol.

Daha mürəkkəbdir. Əgər qısa yol sadəcə təhlükəli halı düşünürsə, uzun yol bütün halları düşünür. Bu küləkdir, yoxsa oğru?  Prosess belə baş verir:

Yenə də gözləriniz və qulaqlarınız qapının hərəkətini və səsini hiss edəndə bu məlumatı talamusa göndərirlər. Talamus məlumatı hissi qabığa göndərir. Burada məlumat emal edilir və hissi qabıq təyin edir ki, bu məlumatın ( bu halda qapı çırpılmasının) bir neçə izahı ola bilər (baxdığımız halda külək, oğru və s.). Nəticədə hissi qabıq məlumatı hippokampusa göndərir ki, o , vəziyyəti təyin etsin. Hippokampus isə müəyyən suallarla vəziyyəti təyin etməyə çalışır:“Mən bu qıcığı haradasa görmüşəm? Görmüşəmsə, həmin anda nə anlam verirdi? O halda bu qıcığın nə ilə bağlı olması haqqında mənə məlumat verəcək başqa nə isə baş verirdi?”. Bundan sonra hippokampus yaddaşda saxladığı məlumatların içərisindən qapı çırpılması ilə bağlı ola biləcək birini seçir (məsələn, budaqların pəncərəyə çırpılması və yaxud çöldə əsən küləyin səsi). Seçdiyi məlumata əsasən hippokampus belə bir nəticəyə gəlir ki, qapının çırpılmasının səbəbi küləkdir və təhlükənin olmadığını amiqdalaya göndərir. Amiqdala isə öz növbəsində hipotalamusa  “döyüş ya qaçış” cavab reaksiyasını söndürməyi əmr edir.

Nəticədə hürküdücü qıcıq haqqında olan hissi məlumat (bu halda qapı)hər iki yolu eyni anda gedir. Lakin uzun yol daha çox zaman tələb edir. Bu isə sakitləşmədən əvvəl peyda olan həyəcan və qorxu hissinin səbəbidir.

Fikir verdinizsə, hər iki yol hipotalamusa aparır. Çünki bu hissə sağ qalmaq üçün əsas faktor olan “döyüş ya qaçış” cavab reaksiyasını idarə edir. Bu faktora daha yaxından baxaq.

DÖYÜŞ YA QAÇIŞ

Bu cavab reaksiyasını yaratmaq üçün hipotalamus 2 sistemi aktivləşdirir:

  1. Simpatik sinir sistemi – sinir lifləri vasitəsilə ilə bədənə təsir edir
  2. Adrenokortikal sistem- hormonlarla qan dövranı vasitəsilə bədənə təsir edir

Bu  2 sistemin birləşmiş təsiri haqqında danışdığımız cavab reaksiyasıdır.

Hipotalamus simpatik sistemi aktivləşdirəndə bədənin həssaslığı, aktivliyi, hərəkətlərin sürəti artır. Çünki əgər qapıdakı oğrudursa, siz xilas olmaq üçün çox tez hərəkət etməlisiniz. Simpatik sinir sistemi vəzilərə və saya əzələlərə impuls göndərir və böyrəküstü vəzin beyin qatından adrenalin və noradrenalin hormonlarının qana ifraz olunmasını təmin edir. Bu “stress hormonları” bədəndə ürəyin sürətli döyünməsi və yüksək təzyiq kimi müəyyən dəyişikliklərə səbəb olur.

Eyni zamanda hipotalamus özü kortikoliberin hormonunu hipofizə sintez edərək adrenokortikal sistemi aktivləşdirir . Hipofiz öz növbəsində (əsas endokrin vəzi) adrenokortikotropik hormonu (AKTH) sintez edir. AKTH isə öz növbəsində qan dövranı ilə böyrəküstü vəzin qabıq maddəsinə çatır və burada 30-a yaxın müxtəlif hormonun ifrazını aktivləşdirərək insanı təhlükə ilə üzləşməyə hazırlayır.

Adrenalin, noradrenalin və digər hormonların qəfil axını aşağıdakı dəyişiklikləri yaradır:

  1. Ürəyin yığılmalarının sayı artır
  2. Qan təzyiki yüksəlir
  3. Göz bəbəkləri genişlənərək bacardığı qədər çox işıq keçirməyə çalışır
  4. Dəridəki damarlar əsas əzələ qruplarına qan göndərmək üçün yığılır ( qorxu ilə əlaqələndirilən soyuq hissinin izahı buradadır- dəridə onu isitmək üçün daha az qan qalır)
  5. Qanda şəkərin miqdarı artır
  6. Əzələlər adrenalin və şəkərin təsirindən gərginləşir (bu isə qorxarkən yaranan “qaz dərisi”nin izahıdır-dəridəki tüklərlə əlaqədə olan saya əzələlər gəriləndə tükləri və tük kökünün yerləşdiyi dərini qaldırır)
  7.  Döş qəfəsindəki saya əzələlər  ağciyərlərin daha çox oksigen qəbul etməsi üçün boşalırlar
  8. Təhlükəli anlarda önəmsiz olan sistemlər ( məsələn həzm sistemi) enerji itkisinin qarşısını almaq üçün fəaliyyətlərini dayandırırlar
  9.  Kiçik tapşırıqlara diqqəti toplamaq çətinləşir (çünki beyin əsas təhlükənin haradan gəldiyini düşünür və daha böyük problemlərlə məşğul olur

Sadalanan bütün fizioloji proseslər təhlükəli vəziyyətdə ya qaçaraq, ya da döyüşərək həyatınızı xilas etməyə kömək edir (instinkt məhz buna görə “döyüş ya qaçış” adlanır). Qorxu isə bu instinkti bütün heyvanlarda və həmçinin insanlarda aktivləşdirən faktordur.

Mənbə:

  • Cowley, Geoffrey, et. al. “Our Bodies, Our Fears.” Newsweek International, March 3, 2003 p40.
  • “Fear and the Amygdala.” Society for Neuroscience: Brain
  • Robinson, Victoria. “What gives you goosebumps?” Science World, October 18, 1996 v53 n4 p18(2)
  • http://science.howstuffworks.com/life/inside-the-mind/emotions/fear.htm

 

 

 

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar