Zaman

47
Zaman…
20-ci əsrin əvvəllərinə qədər insanlar mütləq zamana inanırdı.İki hadisə arasındakı zaman  müxtəlif müşahidəçilər tərəfindən  ölçülsə də eyni olmalı idi.Amma işıq sürətinin müşahidəçinin sürətindən asılı olmayaraq eyni olmasının kəşfi,tək bir mütləq zaman olduğu fikrindən uzaqlaşmağa səbəb oldu.Artıq müxtəlif müşahidəçilər zamanı eyni yox,hər biri “özünə aid”zamanı doğru ölçürdü.Zaman artıq mütləq deyildi,şəraitdən asılı olaraq fərqli axa bilirdi.
 
Cazibə qanunu ilə kvant mexanikası birləşdirilməyə çalışılan vaxt,ortaya “virtual zaman”fikri çıxdı.Bu anlayışa görə virtual zamanda irəliyə gedə bilirsinizsə dönüb geriyə də gedə bilərsiniz.Çünki virtual zamanda irəli və geri arasında böyük fərq yoxdur.
Amma “gerçək” zamanımıza baxdıqda irəli və geri arasında çox böyük bir fərqin olduğunu görürük.
 
Niyə keçmişi xatırlayırıq amma gələcəyi yox?
 
 Bəli”gələcəyi xatırlamaq”! Qəribə səslənsə də bu ifadə zərrəciklərin CPT(Charge-zərrəciklərin yükü,paity-spin istiqaməti ,time reversal-zamanın əksinəliyi) simmetriyasına görə məntiqlidir.C simmetriyası maddə və antimaddə zərrəciklərinə təsir edən qanunların,P simmetriyası əks spinli zərrəciklərə təsir edən qanunların eyni olduğunu ifadə edir. T simmetriyasına görə bütün maddə və antimaddə zərrəciklərinin hərəkət istiqamətini  tərsinə çevirdiyimizdə zərrəciklər əvvəlki zamandakı  vəziyyətinə geri qayıtmalı olur.Normal şəraitdə maddənin davranışını idarə edən bütün qanunlar C və P simmetriyalarında dəyişmədən qalır. Yəni antimaddədən əmələ gələn və bizim güzgüdə əksimiz adlandıra biləcəyimiz canlılar üçün həyat tamamilə eyni olacaq.Əslində qanunlar hər üç simmetriyada(yəni CPT)eyni olmalı idi.Amma həyatımızda  zamanın irəli və geri istiqamətləri arasında böyük fərqlər var.Masadan yerə düşüb qırılan stəkanı düşünün.Bunun əksi olan proses yəni,qırılan stəkanın parçalarının birləşib masaya geri qayıtması isə normal həyatımızda mümkün deyil.Səbəbi isə bunun termodinamikanın ikinci qanunu ilə  qadağan olunmasıdır.Bu qanuna görə  sistemdə nizamsızlıq və ya entropiya zaman keçdikcə artır.Başqa sözlə desək məşhur Mörfi qanunu ilə qarşı-qarşıyayıq:İşlər pisə doğru getməyə meyillidir.Masadakı qırılmamış stəkan yüksək nizam ,yerdəki qırılmış stəkan isə yüksək nizamsızlıq halıdır.Keçmişdəki və ya masa üzərindəki stəkandan  gələcəkdəki  və ya yerdəki qırıq stəkana getmək asan olsa da əksi mümkün deyil.
 
Zamana istiqamət verən nədir?
 
Keçmişlə gələcək arasındakı fərq entropiyanın zamana istiqamət verməsi ilə əmələ gəlir.Ən az 3 fərqli zaman oxu vardır.Birincisi termodinamik zaman oxu,hansıki entropiyanın artdığı zaman istiqamətidir.İkincisi psixoloji zaman oxudur ki,bu da zamanın keçdiyini hiss etdiyimiz istiqamətdir.Üçüncüsü isə kosmik oxdur.Bu ox kainatın genişləndiyi istiqamətdədir.Entropiya bu 3 oxa eyni istiqamət verib vahid zaman oxu anlayışını əmələ gətirir.
 
Ortada maraqlı sual yaranır:Niyə psixoloji zaman oxu termodinamik oxla,başqa sözlə desək nizamsızlığın artdığı oxla eyni istiqamətlidir?
 
Çünki psixoloji zaman oxunun formalaşmasında termodinamik ox rol oynayır.Belə ki,beynimizə bir məlumatın həkk olunmasını misal götürək.Milyonlarca  bilgidən birini yaddaşımıza həkk edirik,yəni nizamsızlıqdan nizamlı hala keçirik.Amma bu prosesin gedişində müəyyən qədər kalori enerjini istilik yaymaq və tərləmə yoluyla ətrafa yaydınız və bu entropiyadır.
 
Başqa bir maraqlı sual:Niyə kainatda termodinamik zaman oxu var? və ya  niyə kainatın başlanğıcı nizamlılıq halında olmalıdır? Niyə kainat bütün zamanlarda nizamsızlıq halında olmasın?
Əslində bu versiya da mümkündür. Klassik nisbilik nəzəriyyəsi kainatın necə başladığını təxmin edə bilməyəcəyimizi deyir,çünki bilinən bütün qanunlar Böyük partlayış sinqulyarlığında  çökür.
Amma müşahidələr göstərir ki,getdikcə nizamsızlıq halı artır, bu da güclü termodinamik ox əmələ gətirir və kainatın nizamlılıq halından başladığı fikrini gücləndirir.
 
Bir maraqlı sual daha:Bəs kainat çökməyə başlasa nə baş verər?Termodinamik ox tərsinə çevrilər və nizamsızlıq azalar?Həmin hadisə əsnasında insanlar yerdəki qırıq stəkanın yenidən bütün halda masaya qayıtdığını görəcəklər?
 
Kainat ən az 10 milyard il çökməyəcək,amma nə olacağını tapmağın daha sürətli yollarından biri qara dəliyin içinə tullanmaqdır.
 
Ulduzun çökərək qara dəlik əmələ gətirmə prosesi kainatın çöküşünə bənzəyir.Amma qara dəliyə tullanacaq qədər cəsur astronavt uzanıb spagettiyə çevriləcəyi üçün,həm də qara dəlikdən çıxa bilməyəcəyi üçün  bu məlumatı bizə ötürə bilməyəcək.Amma Penn State Universitetindən Don Page nə olacağı barədə fikir yaratdı.Bəzi alimlər çöküşün  zamanın tərsi olduğunu fikirləşirdilər(qırıq stəkanın masaya qayıtması kimi).Ancaq  D.Page  kainatın çökməsinin və ya büzüşməsinin  genişlənmə prosesinin zamanda tərsi olmasına gərək olmadığı fikrini səsləndirdi.Sonradan Raymond Laflame biraz qarışıq modeldə çöküşün fərqli proses olduğunu tapdı.

 

 
Ümumiləşdirək:Fizika qanunları zamanın iləri və geri istiqaməti arasında fərq qoymur.Amma keçmişi gələcəkdən ayıran 3 ox var:termodinamik,psixoloji,kosmik.Bunlar hamısı eyni istiqamətlidir.Bu oxların əmələ gəlməsinin və eyni istiqamətdə olmasının səbəbi entropiyadır.Psixoloji və termodinamik oxun niyə eyni istiqamətdə olduğunu yuxarda qeyd etdik.Kosmik ox ona görə termodinamik oxla eyni istiqamətdə müşahidə olunur ki,biz genişlənmə dövründə yaşayırıq.Yəni,çöküş zamanı termodinamik ox olmayacağı üçün eyni istiqamət də olmayacaq.
 
 
Vüsal Həsənov
 
 
Mənbə:Zamanın qısa tarixi (S.Hawking)
 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin