Ailə və Eqoizm. (Ailədaxili problemlər)

92


Ailə toplum dəyərləri içində öz yerini tutmuş xırda bir kütlədir. Bu kütlə “ailə bağlar”ı adı verilən qanun ilə idarə olunur. Ən yuxarı vəzifədə Ata, ondan bir pillə aşağıda Ana, ən sonda isə övladdır. Bəzən, Ata və Ana ikisi də kommunal hüquqa sahib olurlar, ancaq övlad yenə də ən aşağı fərddir ailədə. Ailə qavramı əsrlərdir insanları xırda kütlələr şəklində bir yerdə saxlayan bir məhfumdur. Əsrlər keçdikcə artıq bu dövlət tərəfindən təsdiqlənərək qanuniləşdirildi və insanların bir yerdə yaşaması kağız parçası tərəfindən də tanındı. Bəs əsas məsələ nədir burda? “Ailə bağları” ailədə nə dərəcədə roy oynayır? Daha da dərinə enərək məsələni daha da açıqlığa qovuşduraq. 
Ümumi toplumda belə fərdin mənfəəti göz önünə alınmır və orda sistem önəmlidir, şəxslər yox. Ailə də xırda bir toplumdur. Daha dəqiq, kütlədir. Burada kimin maraqları daha vacibdir? Yenə də ümumi sistemin. Ata qazanandır, ana qazanılanı sistemləşdirib bütün ailənin keçimini təmin edən şəxsdir, övlad isə bu sistemdən ehtiyacı qədər öz payını alan bir fərddir. Ata-övlad, ana-övlad, ata-ana arasındaki bağlar heç zaman eyni ola bilməz. Bu hisslər insandan insana dəyişir. Indi isə ailənin əsas davamçısı olan və gələcəkdə ailənin ümumi soyadını yaşadacaq fərdi – Övladı göz önünə alaraq ümumi ailə sisteminə göz gəzdirək. 
Hər bir Ata və Ana öz övladının sağlam, dürüst, ağıllı, güclü və sairə ən yaxşı xüsusiyyətlərdə olmasını istəyir. Buna görə də, övladlarını ən yaxşı şəkildə böyütməyə çalışırlar. Övladın korluq çəkməməsi üçün hətta əyri işlərə də əl atan ata və analar da var. Övlad bütün bunları görür, hiss edir, ən əsası dərk edir və ailəsinə layiq övlad olmaq üçün çalışır. Çalışır, çalışır və yenə də çalışır. Bəzi övladlar ailələrinə layiq övlad olurlar, bəzilərində isə işlər düz getmir. Amma nəticə fərqli olsa da , ortaq bir şey var ki, övladın istəkləri göz ardı edildi. Övlad, sadəcə, çalışdı. Ata və ana üçün. Daha açıq şəkildə buna nəzər salaq. Universitetə imtahan verdi. Tibb və ya Hüquq fakultəsi üçün. Niyə? Bəlkə, övlad gözəl rəssam ola bilərdi, bəlkə də musiqiçi və sairə. Amma başqa fakultəyə imtahan verdi. Keçdi və ya keçmədi artıq əhəmiyyət daşımır. Əhəmiyyətli məsələ odur ki, artıq övlad “Öz”ündən uzaqlaşdı. “Mən oğlumu həkim görmək istəyirəm”, “Mən qızımı Hüquqşünas görmək istəyirəm” tipli şüarları çox görmüşük. Bəs Övladınız nə istəyir? Bu sualı, bu şüarı neçə nəfərimiz eşidib?! Fikir verin cümlə başlanğıclarına: Mən İstəyirəm, Mən İstəyirəm… Mən… Tamamilə eqoist məqsəd deyil mi bu? Amma ailə “bunu Övladın xeyri üçün edirik” deyəcək. Nədir o xeyir? Özündən uzaq düşməsi mi? Mən olaraq yox, “Onlar istəyir” deyə böyümək xeyrinədir övladın? Bu övladın gələcək həyatına sadəcə qırmızı nidalardır. Ailədə ata və ya ananın dediklərindən kənara çıxan övlad “nankor” sayılır. Öz istəklərinin dalınca qaçan övlad “naxələf” sayılır. Ancaq qəlibə uyğun hərəkət edəndə “Övlad “ oluruq. 
Övladdan ona xidmət, sədaqət və hörmət etməsini gözləyən ailə övladın istəklərini nəzərə almadan ona yaşam cızır. Bu isə övladın “Mən” kimi formalaşan şəxsiyyətinə böyük zərər vurur. Övlad ata və ananın dediklərini nəzərə almadan, özü-özlüyündə eqoist olarsa bəs nələr baş verər? Ailə üçün heç də xoş olmayan hadisələr – Nankor övlad, naxələf övlad, ata-ana qədri bilməyən övlad və sairə. Damğa yeyən övlad olaraq yaddaşlara yazılacaq. Ancaq övlad sadəcə öz istəklərinin arxasına düşüb, özünə xidmət etmək istəmişdi.  Ona görə də ailə ilə övlad arasında həmişə gərginlik yaşanacaq. Söhbət burada düşünən, özünü dərk edən övladdan gedir. Yoxsa, ailəsinin cızdığı yaşama uyan nə qədər ovlad var…
Ailə düşüncələrə birinci zənciri vurar. Buna baş qaldırdıqda sənə düz yolu göstərməyə çalışarlar. Gördülər düzəlmirsən, qorxu ilə hücuma keçərlər. Bu da nəticə verməsə, artıq övlada son nöqtəni qoyaraq əllərini üzərlər. Övlad bunlara tab gətirərsə özünə çatar, yoxsa yarıda qırılıb qalacaq və yenə də ailə sisteminin parçası olacaq. Ailə, sadəcə, mənfəət üçün yox, özlərini rahat etmək üçün də övlada yük yükləyirlər. Adını da belə qoyurlar: Məsuliyyət. Daha sonra bu çevrilir olur “valideyn borcu”! Bir ömür ödəyə bilməyəcəyin, heç vaxt altından çıxa bilməyəcəyin bir borc. Necə də Eqoist davranışdır. Amma bu eqoizm saf deyil. Içindən sadəcə mənfəət iyi gəlir. Övlad isə bu borc ilə çırpınb durur. Ödəmək üçün dəridən qabıqdan çıxır. Amma bu yolda da tükənib gedir. Mənsə deyirəm: Bütün borclardan uzaq olmaq üçün ailəyə vaxtında qarşı çıxaraq özümüzü tanımalıyıq. Mən ailəmi ailəm olduğu üçün, bu dünyaya yaradıcı həzzin ortaya qoyduğu sonsuz mülkiyyət kimi gətirdikləri üçün sevirəm. Və onlara arxa-dayaq çıxa bilərəm. Amma mən onlara “borc”lu deyiləm. Ailə mənə baxmalı idi və baxdı da. Bu onların borcudur. Mənə “Mən” olaraq baxmaq. Məni onlar var ediblər. Ona görə də, dərində onlar bizə borcludurlar, biz onlara yox. Amma bu eqoizm qarşılıqlı olsa, daha da gözəl hal alar. 
Maks Ştirner – Damarında eqoist qanı axan hamı ailəyə qarşı çıxmalıdır – deyərkən tam olaraq bunu nəzərdə tutmuşdur. Yəni, “Mən” olaraq səni nə məhdudlaşdırırsa, ona qarşı çıxmağı bacarmaq lazımdır. Əgər ailən səni məhdudlaşdırırsa, ona da qarşı çıxmağa məcbursan.
Ailə bütün planları cızarkən övladdan icazə almayıb, sadəcə özlərini düşünərək – eqoist mənfəətləri üçün planlar qurublar. Övlad da bu mənfəətin ən üst hissəsidir ki, ailə üçün vacibdir. Övlad baş qaldırsa, hər şey pozula bilər. Ona görə də, Övlad olaraq hər birimiz düşüncəmizə hörmət edən, özümüz olarkən bizə arxa dayaq çıxan ailə sisteminə biz də dayaq duraraq bu eqoizmi daha da yüksəyə daşıya bilərik. Əksinə, bizə qarşı çıxan, düşüncələrimizi önəmsəməyən, özümüz olarkən bizi tərk edən eqoist ailəyə qarşı bizlər də öz Saf Eqoizmimizi ortaya qoymalı və sonacan bu yolda mübarizə aparmalıyıq. Eqoist olmamaq üçün səbəb yoxdur. Elə birinci səbəb özümüzük. Özümüzü hiss edərək bu hissə mane olanları dəf etməliyik. Bu ailə olsa belə! 
Ola bilər, bəzi ailələr övladın nə istədiyini soruşub ona uygun övlada yön veriblər. Belə ailələr nə qədər çox olsa, o qədər yaxşıdır. Amma indiki yarış əsrində övladın istəklərini nəzərə almayan ailələr daha çox üstünlük təşkil edir. Ona görə də, sizə özünüz olmaqda, özünüz istədiyiniz yaşamı yaşamaqda kim əngəl olsa, onlara qarşı çıxın. Bu sizin Eqoist Haqqınızdır!
 Şamilov

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin