Təkamül mexanizmləri:Təbii Seçmə-1

3
Darvin

Təkamül nəzəriyyəsi, təkamülün bir nəticəsi olaraq növlərin dəyişməsini və yeni növlərin meydana gəlməsini, təkamülə təsir edən faktorları və mexanizmləri ilə açıqlayan nəzəriyyədir və müasir dövrdə onun şübhə altına alınmasının əsas səbəbi dini-siyasi strukturlarla toqquşduğuna görədir. Bu bizə maraqlı deyil. Bizlər sadəcə yaşam tariximizi  izah edə biləcək bu nəzəriyyəni izah etmək niyyətindəyik. Elə bu yazıda bunun üçün yazılıb və bu seriyadan yazılar sistematik şəkildə davam edəcək. İlk öncə ümumilikdə təkamül mexanizmlərinin hansılar olduğunu qeyd edək:

Təkamül mexanizmləri(amilləri)

Təkamül mexanizmləri təkamülün baş verməsinə birbaşa və ya dolayı səbəb olurlar. Bu mexanizmlərə aşağıdakılar aiddir:

  1. Təbii seçmə
  2. Süni seçmə
  3. Cinsi seçmə
  4. Təbiətdə nepotizm(qohum seçmə)
  5. Gen köçü
  6. Genetik seçmə
  7. Mutasiyalar
  8. Xromosomal gen dəyişimi
  9. Plazmidlər
  10. Transpozonlar

(QEYD EDƏK Kİ , BU MEXANİZMLƏRİN HƏR BİRİNƏ AİD İZAHLI YAZILAR YAZILACAQ)

Təbii seçmə

Canlılar bir-birindən müxtəlifdir. Sadə dildə desək , canlılar həm öz valideynlərindən , bacı-qardaşlarından və eyni növə məxsus olan fərdlərdən , həm də başqa növlərdən  fərqlənirlər. Lakin oxşarlıqlar içində fərqliliyi , fərqliliklər arasında isə oxşarlıqları aşkar etməli olan alimlər bu mövzuda da öz gücünü göstərdilər. Təbii ki , bu əsaslı şəkildə Darvindən sonra başladı , ondan öncə Lamark fərqli canlılar arasındakı oxşarlıqları görürdü , amma mexanizmini doğru izah edə bilmirdi . O deyirdi ki , bütün bunlar canlılın daxilindəki inkişaf meyilindən irəli gəlir , yəni təbiətdəki istənilən cütdırnaqlı (dəstə) gövşəyən (yarımdəstə) hündür ağacların yarpaqlarınını yemək istəsəydi,  boyunları zürafə qədər uzun olardı , ya da elə zürafə olardılar.

Darvin isə oxşarlıqlar arasındakı fərqi , yəni valideyn – övlad fərqinin səbəbini açıqlaya bilmədi , çünki Mendel hələ genetika elmini  kəşf etməmişdi. Lakin Darvin fərqliliklər arasındakı oxşarlıqları gördü və növlərin ümumi əcdaddan gəldiyini dedi. Həmçinin bütün bunları təbii  seçmə ilə izah etdi. Zənnimcə , bütün bunları açıqlamadan öncə Darvinin ümumi əcdad fikrinə necə gəldiyinə də toxunmaq lazımdır. Darvin 5 illik Biql gəmisi ilə səyahəti zamanı bir təbiətşünas olaraq canlı qalıqlarını toplayıb müqayisə edirdi. Bunların çoxunu dəniz vasitəsilə əldə etdiyi dəniz onurğasızları kimi səthi dəniz canlıları  ( hətta Biql Gündəliyində (Charles Darwin’s Beagle Diary ,  Cambridge University Press ) ilk qeydi durğun suda yaratdığı plankton koloniyası haqqında idi) və əsasən səyahət etdiyi ərazilərdən ( xüsusilə adalardan) topladığı canlı nümunələri idi. Bu canlı nümunələrindən Qalapaqos adasında topladığı nümunələr ən önəmli rolu  oynayır. Çünki Qalapaqos adaları 18 böyük , 3 kiçik  və bir çox  adacıqdan təşkil olunub*( Pearson, David L., David W. Middleton (1999). The New Key to Ecuador and the Galápagos (3rd ed.). Berkeley: Ulysses Press.) , yəni oxşarlıqlar arasında fərqi öyrənmək üçün çox əlverişlidir. Qalapaqos adasında ən çox rast gəlinən canlılardan biri tısbağalardır. Darvin bu adalardakı tısbağaları tədqiq edərkən bu canlılar arasında çox bəsit fərqləri aşkarladı , bu fərqlər elə idi ki , yerlilərə bu tısbağaları yan-yana qoyub göstərsən , onların hansı adanın heyvanı olduqlarını deyərdilər.

Photographer, David Adam Kess.Chelonoidis nigra (nəhəng Qalapagos tısbağalarından biri)

Darvin bu tısbağalar arasındakı fərqlərin adaların şəraiti ilə bağlı olduğunu gördü. Məsələn , otlarla bol olan böyük adalardakı tısbağalar böyük , ağır və günbəz formalı çanaqlara malik olarkən , daha isti olan kiçik adalarda bu tısbağalar qidanı kaktus kimi bitkilərin yarpaqlarından yeməli olurdular. Buna görə onların yəhərəbənzər çanaqları və digər tısbağalardan çox uzun boyunları var idi .

Yəhərvari arxalı( Lonesome George, the last Pinta Island tortoise (Chelonoidis nigra abingdoni)

Bu tısbağaları Afrikada yaşayan tısbağa növləri ilə müqayisə edən Darvin ciddi fərqlər olduğunu aşkarladı. Darvin fərqləri Lamarkın nəzəriyyəsi ilə etmədi , əsl səbəbi izah edə bildiyi təbii seçmə anlayışını yaratdı.

 

Darvin və bizlər təbii seçmə ilə əslində tanışıq , ancaq Darvindən öncə heç bir alim bunu görə bilməmişdi. Darvin kənd təssərüfatında olan süni seçmə anlayışını təbiətdə gördü. İstənilən əkinçi əkdiyi toxumlardan yetişən məhsullar arasında ən məhsuldar olanını növbəti əkin üçün toxum kimi saxlayır , bu da zamanla növün dəyişiminə səbəb olur(BAX:Süni seçmə). Hər zaman əkinçi özünə yararlı olan toxumları saxlayıb , yararsızları çoxaltmayanda illər sonra əkinçi daha çox məhsul əldə edir , hətta əkinçilərin etdiyi bu seçmə bizim bugünki mətbəximizi(kələm , qarğıdalı və s) yaradan ən önəmli amillərdən biridir. Darvin təbiətin*(daima mövcud olan , insan fəaliyyətindən kənarda özünü daima yeniləyən , canlı və cansız məcmusu) bir əkinçi kimi şüurlu seçim edə bilməyəcəyini , ancaq xüsusi bir seçim etdiyinin fərqinə vardı . Bu seçim Darvinin “növlərin mənşəyi” kitabında “Təbii seçmə və ya ən uyğunların yaşaması” başlığı ilə qarşımıza çıxır. “Ən uyğunların həyatda qalması” o deməkdir ki , yəni Lamark və digər bəzi iddiaçıların dediyi kimi xüsusi olaraq canlının şüurlu şəkildə , istəyərək uyğunlaşması deyə bir şey mövcud deyil. Bütün bunlar əsrlər ərzində ehtimallar daxilində baş verən uyğunlaşmalardır və bunu müşahidə etmək çox da çətin deyil. Təbii seçməni hər kəs öz həyətyanı sahəsində təcrübədən keçirib təsdiqləyə bilər. Buna bənzər təcrübəni aşağıdakı şəkildə göstərmişik , yəni mühitlə eyni rəngə malik olanlar ovçun üçün ov olmur , çünki ovçu fərqinə varmır . Lakin mühitə uyğunlaşmayanları isə ovçu məhv edir. Bu misalda təbii seçməni həyata keçirən bir buqələmundur.

Digərləri mühitlə eyni rəngdə olduğu üçün buqələmun onları yeyə bilmir

Lakin təkamül eyni istiqamətdə getmir . Fərz edək ki , yuxarıdakı yaşıl mühiti qəhvəyi ilə əvəz edək. Nə baş verəcəyi məlumdur. Bu dəfə digər 3 yaşıl fərd ovlanacaq , qəhvəyi olan fərd isə mühitə uyğun olduğu üçün yaşaya biləcək. Yəni təkamül amili olan təbii seçmə eyni istiqamətli , sabit işləmir. O daima yenilənən mühitə  və şəraitə görə təkamülün getməsinə səbəb olur.

Biliklərimizi daha da konkretləşdirmək üçün təbii seçməni 3 yerə bölək:

1.Hərəkətverici seçmə

2.Stabilləşdirici seçmə

3.Dizruptiv(dağıcı) seçmə

4.Neqativ seçmə

 

Təbii seçmənin bu 4 növü haqqında növbəti yazılar:

 

TƏKAMÜL MEXANİZMLƏRİ:TƏBİİ SEÇMƏ – 2

Təkamül mexanizmləri:Təbii seçmə-3

Təkamül mexanizmləri:Təbii seçmə-4

(Müəllif hüquqlarına hörmətlə yanaşın- Ziya Mehdiyev)

Leave a Reply

3 Comments on "Təkamül mexanizmləri:Təbii Seçmə-1"

Notify of
avatar
Sort by:   newest | oldest | most voted
trackback

[…] Təbii seçməyə aid yazdığımız seriyaya qaldığımız yerdən davam edək. […]

trackback

[…] TƏKAMÜL MEXANİZMLƏRİ: TƏBİİ SEÇMƏ-1 […]

trackback

[…] TƏKAMÜL MEXANİZMLƏRİ: TƏBİİ SEÇMƏ-1 […]