Sosiologiyanın qurucusu Ogüst Kont (Auguste Comte)

0

Tək bir şəxs heç bir zaman bütün araşdırma sahəsini formalaşdıra bilməz. Erkən sosioloji düşüncəyə bir çox insanın töhfəsi olmuşdur. Ancaq 1840-cı illərdə “sosiologiya” terminini icad edən Ogüst Konta (Auguste Comte) (1798-1857) adətən xüsusi önəm verilir. Kont əvvəlcə bu yeni sahəni izah etmək üçün “ictimai fizika” terminini istifadə etmişdir. O dövrdəki intellektual rəqiblərindən bəziləri də bu termini yazılarında istifadə edirdilər. Kont öz yanaşmasını digərlərinkindən ayırmaq üçün “sosiologiya” sözünü ortaya çıxarmışdır.

Kontun düşüncələri öz dövrünün təlatümlü hadisələrini əks etdirmişdir. Kont fiziki dünyanın qanunlarını kəşf edən təbiət elmləri kimi eynilə cəmiyyət həyatının “qanunları”nı aşkara çıxaran bir elm sahəsi yaratmaq istəmişdir. Hər elm sahəsinin öz mövzusu olduğunu qəbul etsə də, Kont oxşar məntiqin və elmi metodun bütün sahələrə tətbiq edilə biləcəyini düşünmüşdür. İnsan cəmiyyətlərini idarə edən qanunların tapılması gələcəyimizi dəyişdirməyə və bütün insanlığın rifahına yardımçı ola biləcəkdir. Kont sosiologiyanın eynən astronomların, fiziklərin və kimyaçıların istifadə etdiyi dəqiq metodları istifadə edən bir “pozitiv elm” vəziyyətinə gətirmək istəmişdir. Pozitivizm elmin birbaşa təcrübə yolu ilə bilinən və yalnız müşahidə edilə bilən elementləri araşdırması gərəkdiyini söyləyən bir təlimdir. Sosiologiyada pozitivist bir yanaşma müşahidələr, müqayisələr və təcrübələrdən yararlanaraq cəmiyyət haqqında bilik ortaya çıxarmağı hədəfləyir.

Kont dünyanı anlamaq cəhdlərinin 3 mərhələdən keçdiyini irəli sürmüşdür: teoloji, metafizik və pozitiv mərhələ. Teoloji mərhələdə düşüncə dini düşüncə və insanların Tanrının iradəsinin bir təzahürü olduğu inancı altındaydı. Metafizik mərhələdə cəmiyyət fövqəl-təbii deyil, təbii görünməyə başlamışdı. Kopernik, Qaliley və Nyuton tərəfindən açılan biliklərin müşayiəti ilə pozitiv mərhələ cəmiyyəti tədqiq etmək üçün elmi metodların tətbiqini təşviq etdi. Kont sosiologiyanı ən gec inkişaf edəcək, lakin ən vacib və ən mürəkkəb elm sahəsi olaraq görürdü.

Karyerasının ikinci yarısında Kont içində yaşadığı cəmiyyətin vəziyyəti barədə güclü bir fərqindəlik sahibi idi və sənayeləşmənin yaratdığı bərabərsizliklərdən və bu bərabərsizliklərin ictimai harmoniyaya qarşı yaratdığı təhdidlərdən qayğılanırdı. Onun fikrincə uzun vədəli həll bərabərsizliyin yeni qəliblərinin varlığına qarşı cəmiyyəti qorumaq üçün yeni bir “insanlıq dini” vasitəsiylə etik bir uzlaşmanın yaradılması idi. Kontun baxışı heç bir zaman gerçəkləşməmiş olsa da, onun bir ictimai elm formalaşmasına töhfəsi bir akademik fənn olaraq sosiologiyanın daha sonralar profesionallaşması üçün mühüm idi.

Tərcümə: Cavid Məmmədov

mənbə: Anthony Giddens & Philip W. Sutton — Sociology 7th edition (2013)

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin