Dünyada iki insan qalsaydı, nə olardı?

0

“Dünyada qalan son insan”  mövzusu romanlarda tez-tez işlənən məsələlərdən biridir. Bir çoxumuz bu mövzu haqqında bir çox kitablara və ya filmlərə rast gəlmişik. Bəs bu hadisə həqiqətən baş versəydi, nə olardı? İnsan nəslini qorumaq üçün neçə nəfərə ehtiyac var?
İstər başqa bir planetdə koloniya qurmaq planlarını müzakirə edən NASA proqramlarında, istərsə də nəsli tükənməkdə olan canlı növlərinin qorunmasına dair işlərdə bu sayın nə qədər olacağının təyin edilməsi böyük önəm daşıyır.

Deyək ki, 100 il sonrakı zamanda yaşayırsız. Məşhur ingilis fizik Stiven Hokinqin 2014-cü ildə yayımladığı bir teoriyasında ifadə etdiyi kimi robotlar dünyanı ələ keçirir. Sadəcə iki nəfər xilas ola bilir (kişi və qadın).
Bəs bu say insan nəslini davam etdirmək üçün yetərlidirmi?

İnsest əlaqələr
Psixoanalizin banisi, avstriyalı nevroloq Ziqmund Freyd, insestin ümumbəşər tabulardan biri olduğunu düşünürdü. İnsest sadəcə əxlaqi cəhətdən yanlış deyil, eyni zamanda təhlükəlidir.  1933-1970-ci illər arasında Çexoslovakiyada (1992-ci ildə Çexiya və Slovakiya bir-birindən ayrıldı) doğulan uşaqlar üzərində aparılan araşdırmada birinci dərəcəli qohum valideynlərdən doğulan uşaqlarının 40%-də ciddi fəsadləra rast gəlindiyi və bu uşaqların 14%-nin sonradan öldüyü görülmüşdür.
Qohum evliliklərinin niyə bu qədər ciddi fəsadlara gətirib çıxardığını anlamaq üçün genetikaya nəzər salmaq lazımdır. Hər insanda hər genin – biri anadan, biri atadan gələn bir kopyası vardır. Amma hər ikisi eyni olmadığı halda təsiri görünməyən genlər vardır. Bunlar “resessiv” genlər adlanır. İrsi xəstəliklərin çoxuna, tək halda zərərsiz olduqları üçün təkamülün “radarından” yan keçməyi bacaran bu resessiv genlər səbəb olur.  Ortalama hər bir insanın genomunda bu cür təhlükəli bir-iki resessiv mutasiya vardır.
Cütlüklər qohum olduğu təqdirdə bu genlərin ortaya çıxmaq ehtimalı böyüyür. Məsələn, nadir halda rast gəlinən və bütövlükdə rəng korluğu ilə nəticələnən “akromatopsiya” xəstəliyinə nəzər salaq. Hər 33 min Amerikalıdan birində görülən və 1%-nin daşıyıcı olduğu bir xəstəlikdir. Dünyada sağ qalan son iki insanın birində bu xəstəlik varsa, uşaqlarında bir kopyasının olma ehtimalı 1/4-dir.
Amma insestin bir nəsil sonrasında doğulan uşaqda iki kopyanın olması ehtimalı da 1/4-dir.Yəni ilk cütlüyün ilk nəvələrində bu xəstəliyin ortaya çıxma ehtimalı 1/16-dir.

Bir mərcan adası olan Pingelapda yaşayanların başına gələn də bu olmuşdu. Belə ki,18-ci əsrdə baş verən bir tayfundan sonra adada sadəcə 20 nəfər sağ qalmışdı. Bunlardan biri də akromatopsiya daşıyıcısı idi. Gen hovuzu kiçik olduğu üçün hazırda ada sakinlərini 10%-də bu xəstəliyə rast gəlinir.
Böyük bir risk olsa da, bu cür cütlüklər çox sayda uşaq sahibi olsalar, bu uşaqların bir qisminin sağlam olma ehtimalı vardır.

Bəs insest əlaqələr yüz illərlə davam etsə, nə baş verər?


Biz bunu Avropada hakimiyyətdə olmuş bəzi ailələrdə görə bilərik.Məsələn, 200 il boyunca, yəni 9 nəsil strategiya məqsədi ilə  yaxın qohum evlilikləri edən Habsburq ailəsinin İspaniya qolu .
Ailənin ən məşhur “qurbanı” İkinci Çarlz idi. Həm fiziki, həm də zehni cəhətdən əlil olan II Çarlz səkkiz yaşında yeriməyə başlamışdı və sonsuz olduğu üçün nəslin sonu gəlmişdi.
2009-cu ildə İspaniya alimləri tərəfindən aparılan araşdırmada məlum oldu ki, bu ailə  bir-biri ilə o qədər  qarışmışdı ki, oxşar genlər Çarılzda digər insest əlaqələrdən doğulan uşaqlardakından daha çoxdur.
Bir canlı növünün sayı azaldıqda da əksər fərdlər qohum olacağı üçün növ üçün təhlükə yaradır. Nəsli kəsilməkdə olan növlər mühitə nə qədər yaxşı adaptasiya olsalar da, genetik müxtəliflik gələcəkdəki problemlərə qarşı təkamül etmək üçün vacibdir. Əsasən də canlının immun sistemi üçün. Təkamül keçmişimizdə neandertallarla cütləşməyimiz immun sistemimizi gücləndirmiş ola bilər.
Dünyada qalan son iki insan sayəsində insan növü nəsli kəsilməkdən qurtulsa belə, bu bildiyimiz insan növü olmaya bilərdi. İnsanlar uzun zaman izolə olmuş şəkildə qalsalar, genetik müxtəlifliyin az olması səbəbi ilə genetik xəstəliklərin şiddətlənməsi gözlənilən hadisədir. Beləcə insanlar fərqli görünmək və fərqli səslər çıxartmaq bir yana, tamamilə fərqli bir növə də çevrilə bilər.

Bəs neçə nəfər lazımdır?
Bu haqda mübahisələr 1980-ci ilə qədər gedib çıxır. Alimlər yaxın qohum evliliklərinin nəticəsi olan problemlərdən yayınmaq üçün doğum qabiliyyəti olan 50 nəfər, adaptasiya problemini aradan qaldırmaq üçün isə 500 nəfərə ehtiyac olduğunu deyirdilər. Hal-hazırda isə bu rəqəmlər 500 və 5000-ə qaldırılıb.
Anatomik və arxeoloji dəlillər insanın bu günə gəlməsinin problemsiz olmadığını, əcdadlarımızın say baxımından böhran həddə qədər endiyi dövrlərin olduğunu göstərir. İnsan sayının, təxminən, 1 milyon il boyunca  1000 fərdə yaxın olduğu düşünülür. Daha sonra 50-100 min il əvvəl Afrikadakı quraqlıq növ sayına mənfi təsir etmiş və əcdadlarımız köç etməyə başlamışdır. Bu səbəbdən genetik müxtəliflik çox aşağı idi. 2012-ci ildə aparılan araşdırmada 7 milyard insanın genetik müxtəlifliyinin kiçik şimpanze qrupundan çox az olduğu ortaya çıxdı.

Dünyada qalan son iki insan haqqında bəzi alimlər çox ehtimal verməsələr də, bəziləri kiçik bir ehtimalın olduğunu deyirlər.

Bu xəyali qiyamətdən insan növünün özünü bərpa etməsi mümkün ola bilər. Kökləri Avstriyaya gedib çıxan Hutterite adlı etnik və dini qrupda insest əlaqələr sıx olsa da, 20-ci əsrdə Şimali Amerikada sürətlə çoxalmış və hər 17 ildə sayları iki qat artmışdır. Əgər belə çoxalmaq problemsiz baş verə bilsəydi və hər qadın 7 uşaq doğsaydı ,hal-hazırki 7 milyardlıq sayımıza 556 ildə çata bilərdik.

 

 

Mənbə: http://bbc.com

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar