Ispan şair və dramaturq Federiko Qarsiya Lorka

89

Ispan şair və dramaturq Federiko Qarsiya Lorka ( Federico García Lorca)  5 iyun 1898-ci ildə Qranadada yerləşən Fuente Vaqueros şəhərində anadan olmuşdur. Kənd həyatı və ailə mühitinin rəngliliyi Lorkanın gələcəkdəki sənət həyatına təsir etmişdir. Viktor Hüqo (Victor Hugo) heyranı bir baba, şeir kitabı dərc edilmiş əmi, bandurria (ispan çalğı aləti) çalaraq jaberalar (Əndəlüsdə üç-səkkiz saatlıq məşhur ispan mahnısı) oxumaqla məşhurlaşan o biri əmisi, nasaz bir uşaqlıq keçirdiyi üçün üstünə titrəyən ailənin qadınları (anası, nənəsi, bibiləri və dayələri) Lorkanin xəyal dünyasını xalq mahnıları və nağılları ilə zənginləşdirmişlər.

1904

Lorka Qrananadakı gənclik illərində ,adətən, utancaq və içinə qapanıq idi. Eyni zamanda, hüquq və ədəbiyyat oxuduğu Qranada universitetindən bir qrup dostuyla təşkil etdiyi və los putrefactos ( iylənmiş) adlandıracağı cəmiyyətin içərisindən çox çıxmazdı. Cəmiyyətin üzvləri xarici təəssüratlar əldə etmək üçün Əndəlüs gəzintisinə çıxan, Uells (H.G. Wells), Redyard Kiplinq (Rudyard Kipling), Artur Rubinşteyn (Arthur Rubinstein) kimi məşhur sənətkarların da iştirak etdiyi Avropalı turistlərin rəhbərliyi öhdələrinə götürürlər.

Sosialist filosof Fernando de los Rios ( Fernando de los Ríos) Lorkanın ailəsini yola gətirərək 1919-cu ildə onu Madriddə tələbə yataqxanasına yerləşdirir. Bu Lorkanın həyatında dönüş nöqtəsi olur. Həmin dövrdə o Quillermo de Torre (Guillermo de Torre), Xose Moreno Villa (José Moreno Villa), Rafael Alberti (Rafael Alberti), Pedro Salinas (Pedro Salinas), Luis Bunyuel (Luis Bunuel Portoles), Salvador Dali (Salvador Dali), Gerardo Dieqo (Gerardo Diego),  Xuan Ramon ( Juan Romon Jimenez) kimi müxtəlif sənət sahələrində məşhurlaşmış şəxslərlə əlaqə qurmuşdur.

Lorka anası, atası,bacısı və qardaşı ilə

1912

Federik Qarsiya Lorka şairdən öncə bir musiqiçidir. Gənc ikən ispan folkloru və xalq musiqisi ilə yaxından maraqlanmışdır. Şair olmağa qərar vermədən əvvəl özünü musiqiçi olaraq qələmə verən Lorkanın musiqiylə olan əlaqəsi onun sonrakı teatr əsərlərində şeirlə birgə musiqiyə də dramatik ünsür kimi yer verməsində özünü göstərir. 19 yaşında dərs aldığı musiqi müəllimi ölməsəydi və ya ailəsi onun arzusunu həyata keçirərək musiqi təhsili alması üçün Parisə yollasaydı, bəlkə də, Lorkanı şairdən çox bir musiqiçi kimi tanıyacaqdıq.
1918-ci ildə nəşr edilən ilk kitabı “Təəssürat və peyzajlar”( Impresiones y paisajes) həmin dövrün məşhur mövzularından olan təbiətin və insan ruhunun təmizliyi haqqındadır. Hər zaman yaxşı müşahidə etdiyi təbiət və təbiət ünsürləri, demək olar ki, hər şeirində bir işarə kimi qarşımıza çıxır.

Olmayana can
Nə buğa bilir səni, nə əncir ağacı,
Nə atlar, nə də evindəki qarışqalar.
Nə uşaq bilir səni, nə günorta,
Çünki ölüsən sən əbədiyyən.

Nə sıra dağlar bilir səni,
Nə içində çürüdüyün qara atlas.

Bilmir səni səssiz xatirələrin,
Çünki ölüsən sən əbədiyyən

Sədəf incidən vıyıltıyla gələcək payız
Dumanlı tənəklər, toplanmış təpələrlə
Amma heç kim baxmayacaq gözlərinə,
Çünki ölüsən sən əbədiyyən

Salvardor Dali, Xose Moreno Villa, Luis Bunyuel, Qarsiya Lorka, Xose Antonio

1926

1921-ci ildə dərc olunan 1918-1919-cu illər ərzində yazdığı şeirlərdən ibarət “Şeirlər Kitabı”(Libro de poemas Book of Poem) üçün demişdir: “Gənclik atəşi, ağrı və ölçülməz duyğularla dolu kitabda yeniyetməlik və gənclik  çağlarımın həqiqi görüntüsünü təqdim edirəm. Bu səliqəsiz səhifələr könlümün və ruhumun səmimi əksləridir, ətrafda baxışlarıma yeni-yeni doğan coşqun həyatın verdiyi detallarla boyalıdırlar”.

Gecə nəğməsi
Elə qorxuram ki,
Quru yarpaqlardan
və şehlə örtülmüş
ovalardan.
Yatmaq üzrəyəm
Oyatmazsan məni
Donmuş qəlbimi buraxaram yanında.

Nədir o əks-səda verən
uzaqda?
Eşq! Pəncərə şüşələrindəki külək odur,
mənim sevgilim!

Axşam
Yağışlı və solğun boz rəngli axşam
Yeriyir hər şey.
Qurumuş ağaclar,
Kimsəsiz otağım.

Açılmamış kitab,
Köhnə şəkillər.

Bir hüzn sızır əşyalardan
və ruhumdan.
Bəlkə yox təbiətin mənə göstərəcəyi
billur köksü

Budur, ürəyimin əti ağrıyır
və ruhumun əti.
Mən danışanda sözlərim havada qalır
Suda göbələk kimi.

Gözlərin üçündür
çəkdiyim ağrı.
Keçmişin ağrısı
və gələcəyin.

Yağışlı və solğun boz rəngli axşam
Yeriyir hər şey.

1928

1929-cu ildə nəşr olunan və ona şöhrət qazandıran Qaraçı Romanslarındakı (Primer romancero gitano) ultraism (ifratçılıq) Daliylə qurduğu, içində ehtiraslı və platonik sevginin də olduğu dostluğu ərzində tanış olduğu sürrealizmlə əvəzlənmişdir. Sürrealizm Lorkanın sevimli mövzularından biri ehtirasın basdırılması və onun ölümlə nəticələnməsi mövzusunu metoforik və simvolik dillə ələ alınmasına zəmin hazırlamışdır. Lorka kitabı haqqında demişdir: “Romanlarda müxtəlif qəhrəmanlar var kimi görünsə də, realda bir dənədir: Qranada. Qaraçı adını daşısa da, kitab bütünlükdə Əndəlüsün şeiridir. Qaraçı dedim, çünki qaraçı vətənimin ən müstəsna, ən dərin və aristokratik elementidir”.

Lunatik Romans

Yaşıl, necə istəyirəm səni
Yaşıl külək, yaşıl budaqlar
Çıxdı yuxarı iki yoldaş
Möhkəm əsən külək buraxırdı ağızda
Səfradan, nanədən, reyhandan
Qəribə bir dad.
Dostum, de hardadır o?
Hardadır amansız qız?
Nə qədər gözlədi səni
De! Nə qədər gözləsin səni
sakit ifadə, qara saçlar
bu yaşıl balkonda!

Salvador Dali və Lorka

Salvador Dali ilə 1923-cü ildə tanış olmuşdur. Lorka ilə Dalinin münasibəti qısa olsa da, görüşmədikləri illərdə uzun-uzun məktublaşmış, bir-birlərinə rəsm və şeir yollamışlar. Qarşılıqlı məktublar həmişə “Mənim dəyərli xəzinəm, əzizim, ən dəyərli varlığım” ilə başlayırdı. Incəsənət ekspertləri Dalinin “Bal qandan şirindir” (Honey is sweeter than blood) daxil olmaqla 12 əsərində Lorka portretləri olduğunu düşünürlər. Lorka da “Salvador Daliyə qəzəl” (Oda a Salvador Dalí) və “Kiçik Vyana valsı”nı (Pequeno Vals Vienes) Salvador Daliyə həsr etmişdir.

Nyu York

1929

Lorka Qaraçı Romansları şeirlərinin ilk hissəsinin nəşr olunduğu və beynəlxalq səviyyədə məşhurlaşdığı 1929-1930-cu illər arasında Amerikaya gedir. Bəziləri bunun səbəbini şairin qazandığı fövqəladə şöhrət üstünə daha yaxşı bir şey yaratmayacağından duyduğu qorxuda, bəziləri onunla dostluğuna son verərək Parisə köçən Dalinin yaratdığı depressiyaya bağlı olaraq uzaqlaşmaq istəməsində görür, kimiləri isə şairin yeni mövzular tapmaq və təsəvvürünü yeniləmək üçün səyahətə çıxdığını düşünürlər.
Daha sonra Kolumbiya universitetinə daxil olur, lakin heç cür ingilis dilini öyrənə bilmir. Universiteti bir kənara qoyub şəhərin muzeylərini və teatrlarını gəzməyə üstünlük verir. Immiqrant məhəllələrini, xüsusilə Harlemi gəzir, caz musiqisinə aşiq olur. Zəncilər, işçilər, işsizlər, tələbələr, çirkli küçələr, insan yığınları, cinayət, zorakılıq və vəhşət… Bütün bu gördükləri Lorkaya dərindən təsir edir. Dayanmadan şeirlər yazır, eyni zamanda, homoseksual hüquqlarını müdafiə edən şair Uolt Uitmen (Walt Whitman) ilə tanış olur, onun tərziylə bütün Nyu York dünyasını təsvir edən şeirlər yazır. Ölümündən sonra 1940-cı ildə nəşr olunan “Şair Nyu Yorkda” (Poet in New York) kitabındakı şeirlərdə mexanikləşdirilmiş cəmiyyətdə həyatın içərisində ölümü görməyin dəhşətini ürpərdici təsvirlərlə oxucuya çatdırır.

Manyuel Font (Manuel Font), J.V.Foix (J. V. Foix), Sebastia Qaş (Sebastià Gasch), Luís Montanya (Lluís Montanyà), Josef Karbonell (Jiosep Carbonell), Federiko Qarsiya Lorka, Salvador Dali, M.A.Kassanies ( M.A.Cassanyes).

                                                            1927

Lorka  “Kəpənəyin cadusu” (El maleficio de la mariposa) adlı ilk pyesini 1919-cu ildə yazmışdır. Pyes bir il sonra səhnəyə qoyulsa da, marağı cəlb etmir. 1925-ci ildə yazdığı “Mariana Pineda” Qranada coğrafiyasına aid olan tarixi hekayədir. Azadlıq uğrunda mübarizə aparan inqilabçı sevgilisi üçün bayraq sancanda tutulan və edam edilən qadının hekayəsidir. Mariana Pineda pyesi 1927- ci ildə səhnəyə qoyuldu. Salvador Dali dekarosiyasını öhdəsinə götürür, Ispaniyanın məşhur aktrisalarından Marqarita Jirqunun (Margarita Xirgu) aktrisalığı ilə səhnələnir və böyük uğur əldə edir.

 Mariana Pineda, 1927-ci il

                   Federiko Qarsiya Lorka, Salvador Dali, Marqarita Jirqu, Culia Paşeko (Julia                         Pacheco) və dostları

Cümhuriyyətin elan olunmasından dərhal öncə ölkəsinə geri qayıdır. Bu yeni mühit azadlıq atmosferi və imkanları ilə Lorka üçün ideal idi. Qısa vaxtda Cümhuriyyətin və hökumətin tərəfdarları arasında yerini alır və bədii mövqeyini heç olmadığı qədər siyasiləşdirir. 1931-ci ildə Ispaniyada Cümhuriyyət ediləndə Təhsil Nazirliyi Lorkanı 1932-ci ildə təsis edilən  səyahətçi teatr kampaniyası “La Barraka”ya (La Barraca) müdir təyin edir. “La Barraka” hökuməttən pul yardımı alan, tələbələr tərəfindən qurulmuş cəmiyyət idi. Beləliklə, Lorkanı böyük dramaturq kimi bugünə gətirən hadisələr başlayır. Cəmiyyət kənd əhalisinə “qızıl əsr oyunlarını” oynayır. Bu saf tamaşaçıların həvəsi Lorkanın məhəbbət və şərəf mövzularına geri qayıtmasına səbəb olur.

“La Barraka” teatr qrupu və Lorka

Poetik teatrın ən vacib təmsilçilərindən Lorka 1932-ci ildə bu gün teatr sənətində klassik halına gələn və bir qəzet xəbərindən götürdüyü qadın üçləməsinin birincisi “Qanlı toy” (isp. Bodas de Sangre) pyesini yazmışdır. Pyesdə gəlin evlənəcəyi gün sevdiyi adamla qaçır və ailələr arasındakı qan davası yenidən qığılcımlanır. Axırda isə 2 oğlan bir-birini öldürür. Lorka pyesdə məhəbbət və adət-ənənələr arasında qalan bir qadının tragediyasından bəhs edərkən, əslində Ispaniyanın taleyindən də bəhs edir.

1932

1934-cü ildə üçləmənin ikinci kitabı Yermanı (Yerma) yazmışdır. Yerma ərinin ona verə bilmədiyi uşaqlar üçün yanıb tutuşan, lakin qeyri-qanuni yollardan döl almayacaq qədər ənənələrinə bağlı bir qadındır. Bu pyesdə də əxlaq normaları, adət-ənənə və istəkləri arasında qalan qadının tragediyasından bəhs edilir.
Lorka 1936-cı ildə üçləmənin sonuncusu “Bernarda Albanın evi” (La casa de Bernarda Alba) pyesini tamamlayır. Pyesdə zalım anaları tərəfindən zorla yas evində tutulan, kin və şəhvət duyğuları ilə yanıb tutuşan 4 bacının hekayəsindən bəhs edilir. Lorkanın obrazları təbiət qanunları ilə cəmiyyət normaları arasında qalmışdır və istəklərini reallaşdırmaq istədikdə ciddi qanunlarla qarşılaşırlar.
“Çünki, başdan ayağa səfalət və haqsızlıqlarla dolu bir dünyada hər səhər oyanar-oyanmaz ediləcək ilk iş qışqırmaqdır.

Etiraz edirəm!

Etiraz edirəm!

Etiraz edirəm!

Marqarita Xirqu və Lorka

1932

Teatrda da Lorka qarşımıza çıxır. Şeir onun teatrında canlanmışdır. 1934-cü ildə dərc edilən bir məqaləsində Lorka teatrın kitab səhifələrindən çıxaraq insan cildinə girən bir şeir olduğunu yazmışdır. Lorkanın teatr əsərlərində şeirində olduğu kimi hadisələr Əndəlüsdə keçir, ənənələr ön plandadır. Beləliklə, hadisələr xalqdan, yaşanmış hadisələrdən götürülmüşdür. Lorka teatrının ən vacib cəhətlərindən biri olduqca real olmasıdır.

1936-cı il 16-17 iyul gecəsindən bir gün əvvəl Madriddə olan siyasi gərginliklərdən narahat olan Lorka dostlarının tövsiyəsi ilə uşaqlığının keçdiyi Qranadaya getmək üçün yola çıxır. Bu yol, eyni zamanda, onun şeirlərində və pyeslərində tez-tez adını çəkdiyi ölüm yoludur.

Xatirə

Mən öləndə

məni gitaramla torpağa basdırın.

Mən öləndə basdırın məni

portağal ağacları və nanələr arasına.

Mən öləndə, istəyirsiz məni flügerə basdırın

Mən öləndə!

Lorka 1936-ci il 19 Avqust tarixində general Frankoya bağlı rəhbərlik tərəfindən məhkəməyə çıxarılmadan güllələnəndə hələ 38 yaşı var idi. Necə öldürüldüyü barədə düzgün məlumat fransız dostu Marsel Oklerin (Marcelle Auclair) vasitəsilə ölümündən 29 il sonra polis mərkəzindən əldə edilən sənəd ilə ortaya çıxmışdır. Sənəddə şairin etiraf etdikdən sonra güllələnməyə aparıldığı qeyd olunur. Polis tərəfindən Lorkanın evində aparılan iki axtarışdan sonra bildirilib ki, Lorka polislərin onu aparmasından qorxduğu üçün dostlarının evində qalıb və orada həbs edilib. Sənədə əsasən şairin dostları Lorka tutularkən hərbi komandirə mane olmağa çalışsalar da xeyri olmamışdır. Dövrün generalı Franko Lorkanın qiyamçılar ilə ölkəni qarışdırarakən müharibənin təbii nəticəsi olaraq öldüyünü deməsinə baxmayaraq Lorkanın etiraf etdikdən sonra güllələndiyi, Fuente Grande bölgəsinə yaxın bir yerə maşınla götürüldüyü və bir daxmanın içinə basdırıldığı qeyd olunur.
Lorkanın basdırıldığı yeri tapmaq üçün dəfələrlə orada qazıntı aparılmışdır. Basdırıldığı düşünülən məzar ilk dəfə 2009-cu ildə qazılmış, lakin sümüklərə rast gəlinməmişdir. Sənəddə, eyni zamanda, Lorkanın sosialist və Elhambra lojasına mənsub mason olmaqla ittiham edildiyi, homoseksuallıqla günahlandırıldığı qeyd edilmişdir.

Salamat qalın!
Ölsəm açıq qoyun balkonu.
Uşaq portağal yesə,
Balkonumdan görərəm onu.
Əkinçi taxıl biçsə,
Bakonumdan eşidərəm onu.
Ölsəm, açıq qoyun balkonu.

Mənbə: https://leonarddurso.com/2015/02/07/memento-by-federico-garcia-lorca/

https://www.poets.org/poetsorg/poem/romance-sonambulo

https://www.britannica.com/biography/Federico-Garcia-Lorca#ref710831

http://www.leblebitozu.com/ispanyol-ozan-federico-garcia-lorcanin-hayati-ve-eserleri/

Redaktə etdi: Lalə Yusifova

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin