Din fəlsəfəsi və onun əsas sualları nədir? Teologiya ilə fərqi varmı?

0

Din fəlsəfəsi nə ilə maraqlanır? Əsas sualları nədir?

Bildiyimiz kimi, fəlsəfə müəyyən mövzular üzərində məntiqi mühakimə yürütməkdir. Din fəlsəfəsi fəlsəfənin varlıq, bilgi, elm, siyasət, hüquq, əxlaq, iqtisadiyyat və.s. kimi qollarından biridir və adından da göründüyü kimi dinin iddialarını, hökmlərini məntiq süzgəcindən keçirməyi hədəfləyir. Daha açıq desək, din fəlsəfəsi dini iddialar üzərində düşünüb, “Tanrı varmı?”, “Tanrının varlığı və ya yoxluğu isbat edilə bilərmi?”, “Ruh, cin, mələk kimi fövqəltəbii varlıqlar varmı?”, “Vəhy varmı? Varsa, dəlili nədir?”, “Dinin hökmləri nə dərəcədə doğru, yararlı və ya zərərlidir?” kimi fəlsəfi suallara cavab verməyə çalışır. Bu yazıda teologiya və din fəlsəfəsi fərqinə, həm də din fəlsəfəsində Tanrının varlığı haqqında, teizm, ateizm, aqnostizm, panteizm, panenteizm, deizm, monoteizm, politeizm kimi anlayışlara qısa, obyektiv və tərəfsiz olaraq göz atacağıq.

İlk öncə, teologiya və din fəlsəfəsi arasındakı fərqlərə nəzər yetirək. Din fəlsəfəsi bütün inanclı və ya inancsız düşüncələrə bərabər gözlə baxır, doqmatik ehkamlardan asılı deyil. Amma hər dinin teologiyası özünə xasdır və aid olduğu dinin ehkamlarına bağlıdır, yəni daha çox aid olduğu dinin ehkamlarını müdafiə edir. Din üzərində düşünən fəlsəfəçinin düşüncələri dinin qatı, dəyişməz, doqmatik və aşılmaz iddiaları, qanunları və ya hökmləri ilə məhdudlaşmır, amma teoloqun fikirləri bunları aşmamaq şərti ilə azaddır, yəni teologiya, din fəlsəfəsinin əksinə, dinin ehkamları ilə məhdudlaşır.

Tanrının varlığı haqqındakı fəlsəfi fikirlərə göz gəzdirək. Tanrının var olduğunu bildirənlər – teizm, deizm, panteizm, panenteizm. Tanrının olmadığını bildirən – ateizm və Tanrının varlığının və yoxluğunun bilinməyəcəyini bildirən, yəni aqnostizm. Teizm yunan sözü olub, “tanrı” anlamına gələn “theos” sözündən törədilmişdir. Teistlər hər hansı tanrının və ya tanrıların var olduğunu və yaratdıqlarına dinlər, peyğəmbərlər yolu ilə müdaxilə etdiyini, hətta tanrının ona edilən duaları eşidib cavab verə biləcəyini iddia edirlər. Qısa sözlə, dinlərə inanan bir insan teist adlandırılır. Dinlər tanrılarının sayına görə monoteistik (təktanrılı), dualistik (ikitanrılı), politeistik (çoxtanrılı) olaraq qruplaşdırıla bilər. Monoteizm sözü yunanca “bir, tək” mənalarını verən “mono” və tanrı mənasını verən “theos” sözlərinin birləşməsindən yaranmışdır. Belə dinlərə Yəhudilik, Xristianlıq, İslam və Bəhailiyi örnək göstərmək olar. Dualistik, yəni ikitanrılı dinlərdə, çox zaman, iki zidd güclər olur. Məsələn, zərdüştlük. Politeizm isə yunancadakı “poleo”, yəni “çox” sözünün “theos” ilə birləşməsindən törədilmişdir. Politeistik dinlərdə birdən çox tanrı olur. Antik yunan inancı və hinduizm bu qəbildəndir. Deizm sözü latıncadakı “deus (tanrı)” sözündən yaradılmışdır. Bu fəlsəfi təlimə görə, hər şeyi yaradan bir tanrı var, amma o yaratdıqlarına müdaxilə etmir. Deizm kainatdakı hadisələrin fizika qanunları çərçivəsində olduğunu iddia edir. Yəni deizm qismən fəaliyyətdə olmuş Tanrı inancına sahibdir. Panteizm və Panenteizm bir-birindən fərqli olsa da, çox zaman, yalnış olaraq, eyni fikir kimi görünür. Panteizm tanrının kainatla eyni bir varlıq olduğunu iddia edən fəlsəfi görüşdür. Panenteizmə görə isə, kainat Tanrının içindədir.

Yəni din fəlsəfəsi, əsasən, tanrı anlayışlarını və dinlərin ehkamlarını, onların bizə təqdim etdiyi etik normaları, insanın həyatındakı rolunu ağlın, məntiqin süzgəcindən keçirən bir növ araşdırma şəklidir.

Yazdı: Sübhan Qulu

Mənbə: “Britannica” ensiklopediyası və Türkiyə orta məktəbləri üçün dərslik vəsaiti.

Redaktə etdi: Fatimə Əliyeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin