Qadınlar Freydə psixoanalizi necə kəşf etdirdi?

2

Günümüzdə psixoloji araşdırmaların vacib bir bölməsinin Freydin kəşfləri ilə formalaşdığını deyə bilərik. Freyd psixoanaliz nəzəriyyəsini və psixoanaliz müalicəsini xəstələrindən yola çıxaraq əldə etdiyi kəşflərlə yaratmış olsa da, psixoanalizin kəşfinin Freydin öz-özünə analiz müddətindən də bəsləndiyi psixoanaliz tarixçiləri tərəfindən tez-tez təkrarlanır. Bu kəşf böyük ölçüdə Freydin öz uşaqlığını xatırlamasına və onun üzərində yenidən düşünüb anlam verməsinə dayanır. Örnək olaraq: “Yuxu Yozmalarında” (1900) Freyd tez-tez iş yoldaşları ilə hesablaşmalarını, dövrün Vyanasının akademik çevrələrinin psixoanalizə qarşı düşməncə baxışı qarşısında içinə düşdüyü yalnızlığı, cinsi həyatın və məhrəmiyyətin sosial sahədə qarşılaşmasıyla ortaya çıxan fərdin sıxıntılarını, yəni nevrozlu insanı başa salır. Bu nevrozlu insan, eyni zamanda Freydin özüdür və onsuzda Freyd də bu kitabı atasının ölümü ilə yaşadığı yasın bir məhsulu olaraq tanıdır.
Freyd xəstələrini dinlədikcə öz uşaqlığını xatırlayır. Xəstələri, ümumi olaraq, ətrafı ilə uyğunlaşma məcburiyyəti yaşayan və baş qaldıran zəkalı şəxslərdəm və XIX əsrin Vyanasının dar mədəni sahəsində arzularını və qayğılarını ancaq histeriya tutmaları ilə ifadə edə bilən mədəni qadınlardan ibarət idi. Onların şəxsi tarixi Freydi, böyük ehtimal, sadəcə elmi olaraq deyil, fərdi olaraq da maraqlandırdığı üçün, öz-özünü analiz etməyə başlayır. Yuxularını qeyd edir, konnotasiyalar edir və kəşflərini yaxın dostu Fliess ilə paylaşır. Yazışmalardan böyük ölçüdə bəslənən bu münasibətdə Freyd yazını, demək olar ki, terapatik məqsəd ilə istifadə edir. Kəşfləri, əvvəla, şüur xaricinin varlığı və psixi xəstəliklərin təməlində yatan azyaşlılıq mərhələsinin cinsi məsələləri və uşaqlığının (uşağın bu cinsi vəziyyətlə bir şey edə bilməmə vəziyyətindən qaynaqlanan) çarəsizliyi üzərinə idi.
Qadın xəstələrinin Freydə söylədikləri isə bu çarəsizliyin histeriya nevrozuyla ifadələnmiş forması idi. Freyd bu şəxsi tarixlərə qarşı laqeyd qalmadığı kimi elmi cəhdi ontolojik bir əsərə çevirdi.
Hər nə qədər Freydin öz-özünə tətbiq etdiyi analizin psixoanalizin kəşfində önəmli bir yer tutduğu göz önündə tutulsa da, daha sonrakı sətirlərdə də ifadə edəcəyim kimi “feminal özxüsusiyyətin” də bu kəşfin təməlində olduğu önə sürülə bilər.
Qadınların Freydə psixoanalizi kəşf etdirdikləri iddiası olduqca iddialı gələ bilər, amma psixoanalizin qurucu mətnlərində, psixoanalizin kəşfi əsnasında atılan addımlarda, qadınların Freydin qarşısına bir sahə açdığını görərik. Bu sahəni qadınlar “xayalları ilə” doldurdular və Freydə iç dünyalarının qapılarını comərd şəkildə açdılar.
“Qadınlar Freydə psixoanalizi necə kəşf etdirdilər” sualına keçmədən əvvəl, psixoanalizdən əvvəlki tarixə bir nəzər salaq və katartik metodun istifadə edildiyi dövrə baxaq. Bir hipnoz sonrası metod olan katartik metod, ruhi xəstələrin travmatik həyatlarının katarsis yolu ilə boşaldılması qaydasına əsaslanırdı. Xəstə hipnoz ilə ya da kloral iynələriylə dərin yuxuya verilir və narahatçılığının göstəricilərinin ilk ortaya çıxtığı zamanı xatırlamağa və o anı yenidən yaşamağa yönləndirilirdi. Bu metodun ilk ustalarından, Vyanalı həkim Josef Breuer (1842-1925) xəstələrinin xatırladıqca sağalmaq yolunda irəlilədiyini görəndə bu metodu, xüsusən histeriklərin müalicəsində işlətməyə başlayır. Amma Breuerə danışmaq və xatırlamanın sağlamlaşdırıcı təsiri olduğunu ona kəşf etdirən, əfsanəvi məhşur xəstəsi  Anna O-dur.  Gənc qadın depressiya keçirməkdə və eyni zamanda, müxtəlif üzvləri fərqli zamanlarda iflicə uğramaqdadır. Bəzən eşitmə və görmə duyğularını və danışıq fəaliyyətini də itirən Anna O qorxu dolu halusinasiyalara da sahibdir. Breuer onu nizamlı şəkildə evində ziyarət edərək, bol-bol danışdıraraq və travmatik anı yeniden yaşadaraq sağaltmağı bacarır.
1880-1882 illəri arasında müalicə alan gənc qız edilən müalicəni “danışma müalicəsi” (talking cure) adlandırır və görülən işi də “baca təmizliyi”nə (chimney sweeping) bənzedir. Anna O-nun müalicəyə bərk-bərk sarılması, Breuerdən başqa heç bir həkimi qəbul etməməsi, danışmağa istəkli olması və mədəni səviyyəsinin yüksək olması müalicənin uğurlu keçməsindəki faktorlar olaraq görülür.
Anna O hadisəsi Freyd ve Breuerin “Histeriya Üzərində Çalışmalar” (1895) adlı ortaq əsərlərinin ilk hadisəsi olub katartik metodun doğuşunu müjdələyir. Əsər beş qadın xəstənin müalicəsindən ibarətdir və elmi dəyərinin yanında, hadisələrin anlatımının canlılığı və sosiomədəni vəziyyətin arxa plandakı varlığı ilə tarixi bir roman səciyyəsinə sahibdir.
Əsərin sırf təmiz qadın xəstələrdən təşkil olunması, eyni zamanda mənalıdır. Histeriyanın qadın xəstəliyi olmadığını bilirik, hətta o dövrdə belə Freydin kişi histeriyasından söz açdığını bilirik. O zaman qadınların psixoanalizin doğuşuna imza atmış bir əsərin içində təəccüblü bir şəkildə görünmələri necə izah edilə bilər? Dövrün, yəni 19-cu əsrin sonu Vyanasının qadınları sıxışdırdığı dar mədəni sahənin histeriyanı inkişaf etdirmək üçün əlverişli bir zəmin yaratdığını iləri sürmək, görəsən, yetərlidir?
Bu suala cavab olaraq “qadına xas” bir xüsusiyyəti, “xəyallarını söyləyərək özünü ifadə etməyi” məsləhət görürəm. Freydi cəzbedən bu xüsusiyyətin öz uşaqlıq xəyallarının kəşfindəki rolu böyükdür. Qadınlar Freyd ilə sevə-sevə söhbət etdilər. Qadınların bu xasiyyətlərinin psixoanalizin kəşfindəki önəmi danılmazdır.
Anna O hər seansda Breuerə bir hekayədən söz açdı. Bu hekayələrin ortaq teması bir xəstənin baş ucunda gözləyən kiçik bir qızın narahatlığı idi. Breuer bu hekayə anlatımlarına Anna O-nun “şəxsi teatrı”ı adını verir. Təbii ki, bu şəxsi teatrın təməlində gənc qızın gecələr atasını xəstə yatağında oyanıq qalıb gözləyərkən yaşadığı narahatlıq və qorxular vardır.
“Histeriya Üzərində Çalışmalar”ın bir digər məhşur hadisəsi Lusi R-nin müalicəsi də xəyalları anlatmaq üzərində qurulmuşdur. Bu hadisə ilə Freyd daha sonra “xarici şüur” olaraq qavramlaşdıracağı “ruhi (psixi) gerçəklik” faktını daha yaxından tədqiq edir. Bu mənada Lusi R hadisəsinə yaxından baxmamızda fayda var. Lusi Qlasqoulu ingilis bir dayədir və Vyanalı varlı və dul iş adamının malikanəsində işləməkdədir. Bir cür Ceyn Eyre kimidir Lusi. Amma Ceyn Eyre nə qədər mətanətli, əzimli və səbrli olsa da, Lusi o dərəcə depresif və bitkindir. Eyni zamanda Lusinin qəribə bir şikayəti də vardır: Daima bir yanğın qoxusu hiss edir. Freyd Lusiyə bu qoxunun nəyi xatırlatdığını soruşur və qarşılığında uzun bir hekayə dinləyir. Gənc qadın evdə uşaqlarla maraqlandığı bir anda poçtalyon anasından bir məktub gətirmişdir. Uşaqlar sürətli davranıb Lusinin əlindən məktubu alır və gizlədirlər. Lusinin doğum günüdür və uşaqlar Lucinin Qlasqoudakı xəstə anasının yanına geri dönməsini istəməməkdədirlər. Bu məktubu axtarma, uşaqları qovalamaca əsnasında Lusi sobada bişirdiyi yeməyin yandığının fərqinə varır. Bu yanıq qoxusu o gündən bəri onu buraxmır. Həmin bu qoxu bir mənada, o evdə yaşadığı sevgi və istiqanlılığın ifadəsidir. Daha sonra Lusi evdəki xidmətçilər ilə olan ixtilafını danışarkən bir başqa xatirəni dilə gətirir. Evə bir gün ailə dostu yaşlı bir bəy gəlmişdir. Uşaqları çox sevən bu bəy axşam evi tərk edərkən uşaqları ağzından öpür. Uşaqların atası yaşlı adamı şiddətlə azarlıyır. Daha sonra ata xidmətçilərə və bütün baxıcılara uşaqların bu şəkildə öpülməməsini şərt qoyur və onlara sərt şəkildə xəbərdarlıq edir. Lusi bu sahnədən çox təsirləndiyini söyləyir. Mövzu uşaqların dul atasına gəlir. Lusi atanın bu sərt tutumuna qarşılıq olaraq Qlasqouya geri qayıtma imkanından söhbət açılanda onunla çox dostcanlı və səmimi bir şəkildə danışdığını, bundan sonra getməməsini istədiyini söylədiyini sözlərinə əlavə edir. Hətta bu söhbətdən sonra evdəki xidmətçilər Lusiyə qarşı davranışlarını dəyişdirir, ona daha yaxın davranırlar və Lusi geri dönməkdən imtina edir. Bu arada gənc qadın Freydə ağasının vəfat etmiş həyat yoldaşına xəstə yatağında verdiyi sözü də deyər: “Uşaqlar onun əmin əllərinə təslim edilmişdir”.
Freyd Lusinin duyğularını, ağasına aşiq olma olaraq şərh edir və bu sevginin imkansızlığının onu xəstə etdiyini iləri sürür. Lusi bunu qəbul edir. “O zaman bunu mənə niyə söyləmədiniz?”- deyə soruşur Freyd. “Bilmirdim daha doğrusu bilmək istəmirdim, bu düşüncəni zehnimdən qovmaq istəyirdim”-cavabını alır.
Müalicənin 9-cu həftəsində Lusi seansına gəlir və tamamilə dəyişmiş kimi. Freyd birdən yanılmış olduğunu, Lusinin eşqinin qarşılıq gördüyünü düşünür (mətnin özünəməxsus yanı mütləq doğrularla dolu məlumatlardan çox araşdırmacının qət etdiyi konkret yolu göstərməsi və o yolu onunla birlikdə qət etməyimizdir). Lusi belə deyir: “Fövqəladə bir şey olmadı. Amma məni tanımırsınız, məni hər zaman xəstə və depressiv gördünüz, amma mənim təbiətim fərqlidir: Sevincli və həyat doluyam. Dünən oyananda artıq depressiv deyildim və o gündən bəri özümü yaxşı hiss edirəm”. Freyd Lusiyə evdəki işi ilə bağlı layihələrini soruşur. Lusi ona vəziyyətin dəyişməyəcəyini, amma bu vəziyyətin artıq onu bədbəxt etmədiyini söyləyir. Freyd təəccüblü bir şəkildə ona ağasını hələ də sevib-sevmədiyini soruşur. Ve Lusi baxın nə deyir: “Bəli, onu sevirəm, amma bu bir şeyi dəyişdirməz. Nəhayət içimdə, istədiyimi düşünə bilir və hiss edə bilirəm.”
Lusinin cavabı sadəcə gerçəyi qəbul etməsi, yəni şüurunda sevgisinin mümkünsüz olduğunu tanıması faktını daşımaz. İnqilab yaradan, Freydin beynini qarışdıran məsələ Lusinin düşüncələrini və duyğularını “sərbəst şəkildə düşünə bilməsinin bərabərində gətirdiyi sağalmadır. Lusi düşüncələrinin sırf özünə aid olduğunu, nəhayət kəşf etmiş kimidir. Bu kəşf onu bir şəkildə “cəmiyyət zehniyyəti”ndən xilas edir. Cəmiyyət bir yana, mənim düşüncələrim bir yana deməkdədir Lusi. Davranışlarım və düşüncələrim bir-birindən fərqli şeylərdir, düşündüyüm zaman bir hərəkət edirəm, istədiyimi düşünə bilirəm.
“Lusi bu fərqi görə biləcək qədər zəkalı idi, bəs niyə görmədi?”- deyə bilərsiniz. Nevrozlar belədir cəmiyyətin təhəkkümünə açıq olub, uşaq məntiqi ilə yaranır. Bir başqa sözlə, nevrozlu insan uşaqlıq illərinin etikası ilə düşünür. Məsələn, anasının xoş görmədiyi bir hərəkət uşaq tərəfindən də birbaşa məhkum edilir. Ya da uşaq anasının onun düşüncələrini oxuduğunu düşünür. Lusi bu uşaqcasına məntiq içində öz psixi həqiqəti ilə (işverənə aşiq olmaq), sosial qısıtlamaları (malikanə sahibi bir işverənlə, onun evində çalışan bir dayə ilə birlikde ola bilməz) bir-birinə qarışdırdığından özünü narahat edən şeyi tapa bilmir və buna görə də o narahat edən şeyə qarşı mübarizə apara bilmir, müdafiəni inkişaf etdirə bilmirdi.
Freyd Lusi R hadisəsi ilə psixi həqiqət deyilən həqiqətə bir addım daha yaxınlaşır və xarici gerçəkliyin qəbul edilib-edilməməsi ikinci plana düşür.
Əsərin üçüncü qadın müraciəti olan Emmi Von N-ə keçək. Almaniya aristokratiyasına mənsub bu əsalətli qadın 1 May 1899 tarixində Vyanaya, Breuere müalicə olmağa gəlir, amma Breuer onu Freydə yollayır. İlk görüşdə Freyd xəstəni bir divana uzanmış halda görür və ona suallar verməyə, alnına masaj etməyə başlayır və suallarında təkid edir. Nəhayət Emmi qeyzlə deyir: “Mənə daima sual vermək əvəzinə sizə deyəcəklərimi dinləyin!”. Xəstənin müstəqil və güclü xarakterindən Freyd təsirlənir və onu hər gün, bəzən gündə iki dəfə ziyarət edərək ondan “dinləmə sənəti”ni öyrənir.
Bir addım daha iləri gedib Freydin Cacilie adlı xəstəsinə baxaq. Cacilie psixoanaliz tarixçiləri tərəfindən Freydin “primadonna”sı olaraq dəyərləndirilir; Breuerin Anna O-su nəyi təmsil edirsə, Cacilie də Freyd üçün elə biridir. Cacilienin əlamətləri Anna O-nunkilərə çox bənzəyir. O da qismən ifliclərə məruz qalıb, letarjik dövrlər keçirməkdədir. Cacilienin histeriya krizlərinin keçmişdəki kimi hadisələrlə bağlantısı qurulur. Ən önəmlisi, Cacilienin üz iflicinin mənası ortaya çıxır. Cacilie həyat yoldaşı ilə bir münaqişəsini dilə gətirəndə əlini üzünə aparır və “Bu mənim üçün bir şillə kimi idi” deyir hayqıraraq. Freyd mətndə bir düşüncənin yerinə fiziki bir ifadənin olduğu, düşüncənin həyəcan yükünün simvolizə etməyi dəyişdirdiyi barədə söz açır. Bir başqa ifadə ilə desək, Cacilie sözlərə qarşı məsafə ala bilməz, onları simvolizə etməkdə əziyyət çəkir, sözlər ona şillə kimi dəymişdir. Freyd bu xəstəsi ilə daha passiv, daha az yönləndirici olması gərəkdiyini anlayır, çünki ortaya çıxan şeylər tamamilə təsadüfən və sərbəstcə söhbət edərkən ortaya çıxmışdı. Buna görə xəstənin xatirələrini yönləndirmək, təməldə olan şeyi əldən qaçırmağa səbəb ola bilər. Freyd yavaş-yavaş, “günün teması”nın seçilməsini xəstələrə buraxır. 1892-nin sonunda Freyd hipnoz metodunu tamamilə tərk edir. Hələ “sərbəst andırma qaydaları” açıq bir şəkildə yerləşməmişdir, amma Freyd hipnoz ilə deyil, xəstələrinin rasional yığımı ilə iş görür və əlaməti gizləndiyi yerdən gün işığına çıxarmağı hədəfləyir.
Histeriya Üzerində Çalışmaların bir digər hadisəsi Elizabet Von R-dir. O 24 yaşında yerimə çətinliyi çəkən, əzələ ağrıları yaşayan bir gənc qızdır. Elizabetə əlamətlərinin qeyri-müəyyən xüsusiyyətindən ötrü histeriya dioqnozu qoyulur. Qarşılaştığım ən çətin vəziyyətlərdən biri olduğunu deyir Freyd Elizabet üçün və xəstəsinin əlamətlərinin qaynağından xəbərdar olduğunu düşünür, bir başqa sözlə desək, xəstənin gizlətdiyi bir sirr vardır. Freydin bunu düşünməsinin səbəbi xəstənin digər histeriklər kimi əlamətlərinin tarixi ilə bağlı tutarsız bilgilər verməməsidir. Burada bir mötərizə açaraq, Freydin orqanik bir xəstəliyin histerik bir konversiyadan ayırmaq yollarından birinin xəstənin xəstəlik hekayəsinə qarşı aldığı tutum olduğunu söyləyək. Xəstə hekayəsini hər dəfə yeni detallarla bəzəyirsə və duyğu yüklü detallara çox sıx başvurursa, bu Freyd üçün bir histeriya olur. Elizabet Freyd üçün qarışıq bir vəziyyət kimi dururdu. Xəstənin bir sirr gizlətdiyi düşüncəsi və tərs təbiəti (mətndə atasının qızını “ədəbsiz və asi” adlandırdığını deyir) Freydin sərbəst anlayış metoduna yönləndirir. Gənc qız hipnoza necə olsa qarşı çıxacaqdır, eyni zamanda bu dəfə Freydin axtardığı xəstəliyin qaynağından çox bu hekayəni anlatmağa olan “müqavimət”dir. Daha sonra, sərbəst andırma olan müqavimətin araşdırılması ilə, xəstənin basdırılmış erotik arzularının çevrənin əxlaqi dəyərləri ilə necə zidd olduğunu və bu ziddiyyəti şüurdan uzaq tutma cəhdi konversiyaya səbəb olduğunu görür. Necə olur bu? Freyd seanslardan birində yenə xəstəsinin alnına əlini bastıraraq ağlına gələnləri söyləməsini istəyir. Elizabet “Heç bir şey yoxdur” deyir. Amma bütün üz ifadəsi, gözlərini qırpması, “Ağlımdan keçən heç bir şey yoxdur” demə şəkli bir şeylərin olduğuna işarət etməkdədir. Freyd psixi bir müddətin mövzu bəhsi olduğunu, amma xəstəsinin düşüncələrini qovduğunu düşünür və təkid etməyə qərar verir. Üçüncü dəfədən sonra Elizabet “Ağlıma bir şey gəldi, amma onu aradan qaldıra biləcəyimi düşündüm” deyir. “Niyə söyləmədiniz?” deyə soruşur Freyd. “Bizim axtardığımız şeyin o olmadığını düşündüm” deyir Elisabeth, “amma üçüncü dəfə soruşduğunuzda yenə o düşüncə geri gəldi” deyə davam edir. Freyd bu düşüncənin erotik kökünü kəşf edir və o söz bir sıra yenisini  bərabərində gətirir. Gənc qızın qaynına olan erotik bağlılığı, ölən bacısına qarşı günahkarlıq duyğuları, xəstə atasına baxarkən yaşadığı xəstə baxıcısı ilə bağlı tərəddüdlü duyğuları ortaya tökülür.

Freyd Elizabetin vəziyyətində psixoanaliz dövrünü başladır. Xəstə artıq bir divanda uzanacaq və ağlından keçənləri sərbəstcə söyləməyə dəvət ediləcəkdir. Bu, eyni zamanda xatırlamağa, bağlantı qurmağa, xatırlamalar üzərində düşünməyə və nəhayət xəstənin öz düşüncələri, öz psixi fəaliyyəti üzərində düşünməsinə dəvət etməkdir. Susduğu anda niyə susduğu, nəyə müqavimət göstərdiyi, nədən qorxduğu araşdırılacaq, bütün ruhi həyatı diqqətə alınacaqdır.
Culia Kristevanın sözü ilə “fallik sistemə qarşı əcnəbiləşmədirmi kitabdakı qadınları bu dərəcə xəyal aləminə sürükləyən?” Necə olsa qurulmuş şəraitin qanun qoruyucuları kişilərdir deyən bu qadınlar bu dünyaya uzaqdan, hüzünlə və təəccübləmi baxırlar? Qadınların bu “əcnəbilikləri”və fəaliyyətlərinin qısıtlılığı səbəbindən xəyal quraraq, hekayə danışaraq, bədənləri ilə də olsa bol-bol danışıb anladaraq “özlərinə aid bir otaq”, kimsələrin nüfuz edə bilməyəcəyi bir sahə yaratdıqları söylənə bilərmi?
Bu suallara veriləcək cavablar müxtəlifdir və bizi dəyişik sahələrə yönləndirir. Amma mövzumuza dönəcək olsaq, Freydi öz uşaqlığna aparan bu qadınların yaşadıqları ziddiyətləri dilə gətirərək, səhnələyərək və hekayələşdirərək Freydin avtoanalizini (öztəhlilinin) qıcıqlandırdığı, Freydi öz üzerində düşünməyə sövq etdikləri və ruhi həyat üzərində təməl kəşflərini etməsindəki hərəkətverici gücü təmin etdikləri iləri sürülə bilər. Freyd Lusinin vəziyyətində Lüsinin bildiyi bir şeyi necə bilməzdən gəldiyini bir qeyddə öz şəxsi təcrübələri ilə qarşılaşdıraraq açıqlayır: “Subyektin bildiyi halda bilmədiyi bu qəribə vəziyyəti daha yaxşı göstərən başqa bir vəziyyətlə heç rastlaşmadım. Bu vəziyyətin anlaşılan olması üçün insanın özünü bu vəziyyətdə tutması lazımdır. Bu cür qəribə bir xatirəyə sahib olduğum ağlıma gəldi. Özümdə olub bitəni xatırlamağa çalışdığım zaman çox cılız bir şey qazandım. Gözlədiyim şeyin tamamilə ziddi bir şeylə qarşılaştım. Olan şey yalnızca gözləntimə heç uymayan bir şeyi görməyim idi. Bu qavrayış məni bir-neçə qaralamalardan imtina etməyimə səbəb olsada, əksinə bu heç də belə olmamışdı. Bu cür qavrayışın psixi olaraq işlənməsindən məsul olan ziddiyyətin və diksindirici hissin detallarını anlamadığımı heyrət içində gördüm. Analar üçün qızları, ərlər üçün həyat yoldaşları, müdirlər üçün seçilən köməkçiləri mövzu olduqda qapıldıqları korluğa mən də qapıldım.”

Yazar: Bella Habip
Kaynak: bellahabip

* Tarix və Toplum, Mart 2002, Sayı: 219.

1. Bu yazışmalar psixoanalizin doğuşunu işarətləmək üçün bunun altında ya­yımlanmışlardır: Sigmund Freud, La Naissance de la Psychanalyse, Lettres a Wilhelm Fliess, notes et plans, 1895, Paris, P.U.F, 1956.
2. S. Freud, J. Breuer, Histeri Üzerine Çalışmalar, çev. Dr. Emre Kapkın, Payel Yayın­ları, 2001.
3. Bella Habip, “Psixoanalizin Gizli Valideynləri”: Joseph Breuer”, Dəftər, 2001 Yaz, s.185
4. Psixoanaliz müalicəsinin təməl qaydası olan “serbest konnotasiya”,yəni “ağla nə gəlirsə sərbəst söyləmək” qaydasına əsaslanır.
5. Julia Kristeva, Sens et Non sens de la Revolte, De Vetrangete du phallus ou le féminin entre illusion et desillusion, 24.01.1995, Paris, Fayard,1996
6. Etudes…. s. 91

Qeyd: Yazı Libidodergisi.com-un bu (http://www.libidodergisi.com/kadinlar-freuda-psikanalizi-nasil-kesfettirdiler/ ) yazısının tərcüməsidir.

Tərcümə etdi: Sübhan Qulu

Redaktə etdi: Lalə Yusifova

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin