Erix Fromm – “Kişi və qadın”(1949)

18

 

Erix Fromm1

“Kişi və qadın” (1949)

Kişi və qadın arasındakı münasibət aydındır ki, yetərincə mürəkkəb bir problemi təmsil edir, əks halda bir çox insanların onun həllində çətinlikləri olmazdı. Buna görə də ilk olaraq istərdim ki, bu münasibətlərə toxunan bəzi sualları verim. Əgər mən öz oxucularımı bu sualların vasitəsilə şəxsən özlərinin düşünmələrinə vadar edə bilsəydim, o zaman onlar ehtimal ki, öz təcrübələrindən irəli gələrək, özlərinin bəzi şəxsi cavablarını tapa bilərdilər.

Vermək istədiyim birinci sual: mövzunun elə adından artıq yanlış nəticə çıxarılmırmı?Yəqin ki, kişi və qadın arasındakı münasibətlərdəki çətinliklərin mahiyyətcə cinsi fərqlərə əsaslandığını ehtimal etmək lazımdır. Lakin bu, belə deyil. Qadın və kişi arasındakı – kişilər və qadınlar arasındakı – münasibət ilk öncə insanlar arasındakı münasibətlərdir. Bir insan varlığı ilə digəri arasındakı münasibətdə nə ki yaxşı şey var, kişi ilə qadın arasındakı münasibətlərdə də yaxşı hesab etmək lazımdır və insanlar arasındakı münasibətlərdə nə ki pis şey var, həmçinin kişi və qadın arasındakı münasibətlərdə pis sayılır.

Kişilər və qadınlar arasındakı münasibətlərdə əsas əksliklər böyük hissəsiylə kişi və qadın xarakter əlamətləri ilə deyil, insanlar arasındakı münasibətlərlə şərtləniblər.

Mən bu problemə bir daha qayıtmaq istərdim, lakin əvvəldə mövzunu tam şəkildə xarakterizə edəcəyəm. Kişilər və qadınlar arasındakı münasibətlərdə söhbət qalib və məğlub qruplar arasındakı münasibətlərdən gedir. Ola bilsin ki, 1949-cu ildə Birləşmiş Ştatlarda bu fikir qeyri-adi və bir az da qəribə gəlirdi, ancaq əgər biz tarixin cinslərin qarşılıqlı münasibətlərinə bugün necə təsir göstərdiyini və onların bir-biriləri barədə nə bildiklərini və bir-biriləri haqqında nə hiss etdiklərini başa düşmək istəyiriksə, o zaman biz kişilər və qadınlar arasındakı münasibətlər tarixinə keçmiş beş minillikdən əvvələ baxmalıyıq. Yalnız o zaman kişilər və qadınlar arasındakı əsas fərqlərin özünə xas xüsusiyyətlərinin nədən ibarət olması, kişilər və qadınlar arasındakı münasibətlərə nəyin xarakterik olması: nəyin insan qarşılıqlı münasibətlərin deyil, “sui generis”2-in problemi olması sualına yanaşa bilərik.

İkinci sualdan başlayaq və kişilər ilə qadınlar arasındakı münasibətlərə “qalib və məğlub qruplar arasındakı münasibətlər” kimi bir ad verək. Mən bayaq da dedim ki, bugün Birləşmiş Ştatlarda bu qəribə səslənir, çünki orada (əsasən də böyük şəhərlərdə) qadınlar özlərini məğlub kimi aparmırlar və özlərini məğlub hiss etmirlər. Bugünkü müasir mədəniyyətdə kimin güclü cins olması sualı ilə bağlı bir çox müzakirələr olub. Lakin mən hətta qadınların Amerikada emansipasiya3 əldə etdiklərini və buna görə də kişilərlə eyni sosial statusa malik olduqlarını desələr belə, heç bir halda hesab etmirəm ki, problem həll edilib. Fikrimcə, kişilər və qadınlar arasındakı münasibətlərdəki minillik mübarizə bizim müasir mədəniyyətimizdə daha kəskin hiss olunur.

Bizlərə deyiləndən fərqli olaraq patrialxal (red. Ataxaqanlıq) cəmiyyət Çində və Hindistanda, Avropada və Amerikada beş-altı minillik ərzində hər iki cinsin birgə yaşayacağı yeganə forma olmayıb və buna dair bir neçə əsaslı sübutlar mövcuddur. Bir çox şey sübut edir ki, hakimiyyətin kişilərə məxsus olduğu patriarxal cəmiyyətlər hər yerdə olmasa da, bir çox yerdə matriarxal (red. Anaxaqanlıq) cəmiyyətlərə yer verirdi. Bu, qadınlar və anaların ailənin, xüsusilə də cəmiyyətin dayağı olması ilə əsaslandırılırdı. Qadın ictimai və ailə həyatında hökmran vəziyyətini tutmuşdu. Hələ bugün də müxtəlif inanclarda onun hökmranlığının izləri görünməkdədir. Qədim təşkilatın izlərini həmçinin bizim hamımıza yaxşı bəlli olan sənəddə – “Əhdi-Ətiqdə” – də tapırlar.

Əgər Adəm və Həvvanın tarixini bəzi obyektivliklə oxumağa çalışsaq, o zaman qeyd edərik ki, məhz Həvvanın günahına görə kişilər qadınlar üzərində hökmran olmalıdırlar və o, bu hömkranlığı cəza kimi qəbul edir. O ancaq Həvvaya qarşı deyil, həmçinin bilavasitə Adəmə də qarşı yönəlib, axı başqaları üzərində hökmranlıq etmək asılılığa düşməkdən elə də asan deyil.

Əgər kişilərin qadınlar üzərində hökmranlığı yeni prinsip kimi elan edilirsə, o zaman ehtimal ki, bir zamanlar bunun yeri yox idi və bizdə həqiqətən bunu təsdiq edən sənədlər var. Əgər biz dünyanın yaradılması ilə bağlı Babil tarixini İncil tarixi ilə müqayisə etsək, o zaman aşkar edəcəyik ki, bu, dövrünə görə İncil tarixini qabaqlayan Babil tarixində baş verən hadisədəki vəziyyət tamamilə başqa cür təqdim edilib. Babil tarixinin mərkəzində biz kişi tanrısını tapa bilmirik, lakin Tiamat – qadın ilahəsi – ilə qarşılaşırıq. Onun oğulları ona qarşı çıxmağa çalışırlar və nəhayət ona qalib gəlirlər, nəticədə ulu Babil kişi tanrısı Marduk başda olmaqla kişi tanrılarının hökmranlığını qururlar.

Marduk öz qüdrətini sınaqlarda sübut etməlidir, qadın ilahəsinə qalib gələ biləcəyini göstərməlidir. O göstərməlidir ki, öz sözünün gücünə qadının geyimini məhv və bərpa edə bilər. Ehtimal ki, bu sınaq bizə haradasa ağılsız gələcək, ancaq o mahiyyəti ifadə edir. Matriarxal cəmiyyətdə qadının üstünlüyü bircə şeydə aydın şəkildə ifadə edilirdi: onlar kişilərin bacarmadığını- dünyaya uşaq gətirməyi bacarırdılar. Kişilərin qadınları taxtdan devirmək cəhdlərinin iddiası əşyaları qadınların etdikləri kimi təbii üsulla deyil, söz və ruh vasitəsilə yaratmaq və məhv etmək ilə əlaqədardır.

Dünyanın yaranması barədə İncil əfsanəsi Babil tarixinin bitdiyi yerdə başlayır. Tanrı patriarxal mədəniyyətinin matriarxal üzərində inandırıcı üstünlüyünü vurğulamaqdan ötrü dünyanı sözünün vasitəsilə yaradır və İncil tarixi bizə kişinin qadından deyil, Həvvanın kişinin qabırğasından yarandığını xəbər verir.

Patriarxal mədəniyyət – elə bir mədəniyyətdir ki, kişilər ən güclü cins olmaqdan ötrü qəti şəkildə qadınlar üzərində hökmran olmalıdırlar – bu bütün dünyada saxlanılıb. Həqiqətən də, bugün yalnız kiçik ibtidai xalqlarda qədim matriarxal formanın inandırıcı qalıqlarına rast gəlirik. Yalnız bu yaxın zamanlarda kişilərin qadınlar üzərindəki hökmranlığı zəifləməyə başlayıb.

Patriarxal cəmiyyətdə hökmran qrup tərəfindən daimi inkişaf etdirilən bütün səciyyəvi ideoloji stereotiplər və mövhumatlar mövcuddur, misal üçün: “qadınlar hislərin hökmranlığı altındadırlar və onlar şöhrətpərəstdirlər; onlar uşaq kimidirlər, yaxşı təşkilatçı ola bilmirlər; kişilər qədər güclü deyillər, amma cazibədardırlar”.

Ancaq yenə də patriarxal cəmiyyətdə qadınların mahiyyəti barədə inkişaf etmiş stereotiplər tamamilə aydın şəkildə həqiqətə ziddirlər. Sözün düzü, qadınların kişilərlə müqayisədə daha şöhrətpərəst olmaları ideyası haradan qaynaqlanır? Hesab edirəm ki, diqqətlə baxan hər kəs kişilər haqqında ilkin olaraq onların şöhrətpərəst olduqlarını deyəcək. Çətin ki, elə bir sahə adı demək olsun ki, orada onlar şöhrətpərəstliyə can atmasınlar.

Qadınlar kişilərə baxanda daha az şöhrətpərəstdirlər. Əlbəttə, bəzən həqiqi şöhrətpərəstliyi gözə çapdırmaq üçün üzə çıxartmalıdırlar, çünki onlar (zəif cins adlandırılanlar) kişilərin rəğbətini qazanmalıdırlar və qazanırlar da. Qadınların kişilərdən daha çox şöhrətpərəst olmaları əfsanəsi obyektiv şəkildə gözdən keçirildikdə öz gücünü itirir.

Başqa bir mövhumata müraciət edək. Guya ki, kişilər qadınlardan daha sərt olmalıdırlar. Hər bir tibb bacısı təsdiq edər ki, qadınlardan daha çox kişilərin peyvənd zamanı və ya qan götürdükdə ürəkləri gedir; kişilər özlərini balaca uşaqlar kimi apardıqları və analarının ətəklərinin arxasında gizlənməyə hazır olduqları halda, qadınlar güclü ağrıya daha yaxşı dözürlər. Lakin kişilər əsrlər boyu və ya hətta minillərlə onların daha güclü və dözümlü bir cins olmaları fikrini yaymağı bacarıblar. (Redaktə qeydi: Qadınlar kişilərdən fərqli olaraq menstruasiya keçirdiklərindən kişilərə nisbətən qan itirməyə daha davamlıdırlar.)

Bunda təəccüblənəsi heç nə yoxdur. Bu, hökmranlıq etmək hüququnu sübuta yetirməli olan insanlar qrupu üçün səciyyəvi sayılan ideologiyalardan biridir. Əgər bu qrup çoxluğu deyil, sadəcə bəşəriyyətin yarısını təşkil edirsə və minillər ərzində daima iddia edirsə ki, digər yarısı üzərində hökmranlıq etmək hüququna malikdir, o zaman özünü və başqalarını bu hüquqa malik olmasını inandıracaq ideologiyanı yaratmağa ehtiyacı var.

XVIII-XIX əsrlərdə kişilərin və qadınların bərabər hüquqluluq problemi həqiqətən aktual oldu. Bu dövrdə kifayət qədər maraqlı bir fenomen öz inkişafını tapdı: qadınların kişilər ilə bərabər hüquqa malik olmalarını iddia edənlər bununla belə iddia edirdilər ki, cinslər arasında psixoloji fərqlər yoxdur. Fransızlar bunu bu cür formalaşdırdılar: ruhlar cinssizdirlər, beləliklə də psixoloji fərqlər də mövcud deyil. Qadınların siyasi və ictimai bərabər hüquqluğuna qarşı çıxan qismi tez-tez tənqidi və ağıllı şəkildə vurğulayırdılar ki, qadınlar və kişilər psixoloji aspektdə necə də fərqlənirlər. Əlbəttə, onlar yenə də nəticə çıxarırdılar ki, bu psixoloji fərqlərin əsasında qadınlar kişilərlə bir səviyyədə ictimai və siyasi həyatda iştirak etməsələr daha çox öz nəsiblərinə uyğun ola bilərlər.

Əksinə, bugün ümumiyyətlə bütün insanların, o cümlədən hər iki cinsin bərabər hüquqluğu tərəfində çıxış edən əksər feminizm, tərəqqi, liberalizm və digər qrup tərəfdarlarının ideologiyalarında fərqlərin olmadığı və ya onların əhəmiyyətsiz olduqları fikrinə rast gəlirik. Onlar deyirlər ki, əgər nə vaxtsa hansısa fərqlər olubsa da, onlar mədəniyyətdə və tərbiyədə müncər (red.nəticələnmək) olurlar, ancaq iki cins arasında əhəmiyyətli dərəcədə ətraf mühit faktorlarının və ya tərbiyə faktorlarının təsirinin nəticəsi olmayan psixi fərq yoxdur.

Kişilər və qadınların bərabər hüquqluluq tərəfdarlarının bu cür məşhur nöqteyi-nəzəri bir çox münasibətlərdə zəifdir. Birincisi, o əsaslandırır ki, müxtəlif xalqlar arasında psixoloji fərqlərin olmadığını dedikdə, “irq” sözünü səsləndirən hər kəs, nəsə pis bir şey səsləndirmiş olur. Ola bilsin ki, “irq” sözü bir termin kimi elmi anlayış qismində uğurlu seçilməyib, lakin müxtəlif xalqların nümayəndələri arasında fərq həm fizioloji cəhətdən, həm də temperament cəhətdən mövcuddur.

İkincisi, mən nə üçün bu arqumentasiyanı qəbul edilməz hesab edirəm – o yalnış prinsiplər yaradır. O bərabərlik iddia edən ideyaya tabedir, bərbərlik eynilik deməkdir. Həqiqətdə isə təklif edilən bərabərlik və bərabər hüquqluluq tələbi mahiyyətcə ziddir: bütün fərqlərə baxmayaraq, heç bir insan digər insanı öz məqsədlərinə çatmaqdan ötrü istifadə etməməlidir, çünki hər bir insan varlığı özməqsəddir. Bu isə o deməkdir ki, hər bir insan öz nəslinin və xalqının nümayəndəsi kimi öz fərdiyyətinin inkişafı üçün azadlığa malik olmalıdır. Bərabər hüquqluluq fərqliliklərin inkarını deyil, onların daha da tam şəkildə həyata keçməsi üçün imkan tələb edir.

Əgər biz bərabərlik adı altında insanlar arasındakı fərqlərin olmamasını başa düşürüksə, mədəniyyətimizin yoxsullaşmasına gətirib çıxaran fikirlərə, yəni fərdin “avtomatlaşdırılmasına”,  insan varlığının ən dəyərli tərkib hissəsi, hər bir insanın xüsusiyyətlərinin çiçəklənməsi və inkişafı olan onun fərdiliyinin itirilməsinə səbəb oluruq.

Burada xüsusiyyətlər haqqında danışdıqda, istərdim ki, bu sözün necə də qəribə bir tarixi olduğunu xatırladım. Bugün biz kiminsə haqqında, onun “xüsusi” biri olduğunu deyiriksə, o zaman biz heç bir xeyir güdmürük. Ancaq kiminsə haqqında onun nəsə “xüsusi” biri olmasını dedikdə isə, bu ən böyük kompliment sayılmalıdır. Çünki bu sözün altında anlamaq lazımdır ki, o “təslim olmayıb”, insan varlığının ən dəyərli hissəsi olan fərdiliyini qoruyub saxlayıb, o günəşin altında olan hər kəsdən fərqlənən təkrarolunmaz şəxsiyyətdir.

Bərabərliyin eyniləşdirmə ilə oxşar olması haqqında yanlış fikir bizim mədəniyyətimizdə səciyyəvi halın – cinslər arasında fərqliliyin azalması, silinməsi  səbəblərindən biridir. Qadınlar özlərini kişi kimi, kişilərsə uyğun olaraq, özlərini qadın kimi aparmağa çalışırlar və qadınlılıq ilə kişilik arasında, kişi ilə qadın arasındakı fərqlər tədricən itir.

Güman edirəm ki, yuxarıda qeyd olunan problemin yeganə həllini cinslər arasındakı müəyyən fərqlərin funskiyalarını anlamaqda axtarmaq lazımdır. Elektrik şəbəkəsinin müsbət və mənfi qütblərinin demək olmaz ki, qütblərdən biri digərindən daha dəyərlidir. Üstəlik də onlar arasındakı gərginlik demək olar ki, onların fərqi nəticəsində yaranır və bu fərq məhsuldar dinamikanın əsasını təşkil edir.

Eyni mənada hər iki cins və onların simvolizə etdikləri – dünyada, Kainatda və bizim hər birimizdə kişi və qadın prinsipləri – bu ziddiyyətə uyğun gələn məhsuldar dinamikanı, istehsal qüvvəsini yaratmaqdan ötrü öz əksliklərini qoruyub saxlamalı olan iki qütbdürlər.

İndi mən ikinci mühakiməyə baxacağam: kişilər və qadınlar arasında münasibət heç zaman müəyyən cəmiyyətdəki insanlar arasındakı münasibətdən daha yaxşı olmayacaq və həmçinin ən pis tərəfə də dəyişməyəcək. Bizim şəxslərarası münasibətimiz kişilər və qadınlar arasındakı münasibətlərə bu əsərdə “marketinq oriyentasiya” adlandırdığım vasitəsilə təsir edir. Əslində biz hamımız dəhşətli dərəcədə tənhayıq, lakin ilk baxışda ünsiyyətcil görünürük və bir çox insanlarla əlaqə yaradırıq.

Orta statistik(red. sıravi) insan bugün dəhşətli dərəcədə tənhadır və özünü tənha hiss edir. O, özünü əmtəə kimi təklif edir və elə hiss edir ki, onun dəyəri özünü sata bilmək bacarığından və digər insanlar tərəfindən təsdiq edilmədən asılıdır. O hiss edir ki, onun qiyməti onun şəxsiyyətinin nə daxili və ya istehlak dəyəri ilə, nə də ki, onun sevmək gücü və bacarığı ilə və nə də ki, insani keyfiyyətləri ilə müəyyən olunmur. O, bu keyfiyyətləri necə sata və ya onların sayəsində necə uğur əldə biləcəyi ilə və digər insanların nüfuzunu qazanacağı ilə müəyyən olunur. Bu, mənim “marketinq oriyentasiya” adı altında nəzərdə tutduğum şeydir.

Bundan irəli gələrək, bugün yetərincə asan şəkildə əksər insanların özlərinə olan hörməti sarsıtmaq olar. Onların özqiymətləndirmə hissi: “Bu – mənəm, mən sevə, düşünə və hiss edə bilərəm” inancından irəli gələrək yoxdur. Bundan başqa, onlar digər insanlar tərəfindən qəbul olunublarsa, əgər özlərini sata bilirlərsə, əgər başqaları: “Sən – möhtəşəm kişisən” və ya “Sən – möhtəşəm qadınsan” deyirlərsə, o zaman özlərini daha əmin hiss edirlər.

Digərlərinin fikrindən asılı olan şəxsi əhəmiyyət kəsb etmə hissi bu fikrin dəyişilmə qorxusu ilə əlaqədardır. Hər gün yeni sınaqlar gətirir və daim özünü və başqalarını inandırmalıdır ki, sən qaydasındasan,formadasan.

Belə bir vəziyyət təsəvvür edək. İnsan əvəzinə, misal üçün, piştaxtada satış üçün dayanan qadın çantası götürək. Gün ərzində böyük miqdarda satılan çantalardan biri, axşam özü ilə fəxr edə bilər, eyni zamanda artıq elə də dəbdə olmayan və ya bir az baha olan və ya başqa bir səbəbə görə yaxşı satılmayan digər çantalardan biri özünü dilxor hiss edəcək. Çantalardan biri “Mən – üstünəm” deyə biləcək, o birisi isə özünə “Mən heç nəyə yaramıram (mən – heç nəyəm)” deyəcək, lakin “üstün” çanta o birisindən nə qəşəng, nə rahat, nə də ki, yaxşı keyfiyyətdə olmalı deyil. Satılmayan çanta, güman ki, hiss edəcək ki, alıcıların xoşuna gəlmir. Misalda görünür ki, çantanın dəyəri onun uğurundan, yəni, neçə nəfər alıcının hər hansısa bir səbəbə görə başqa çantaya deyil, ona ona üstünlük verməsindən asılıdır.

İndi isə insanlarla olan misala müraciət edək. Deməli, bizdən heç kim xüsusi biri ola bilməz və bizim hər birimiz şəxsiyyət kimi ən son tələblərə uyğunlaşmaqdan ötrü hər zaman daxili dəyişikliyə hazır olmalıdır. Buna görə də valideynlər özlərini övladları ilə müqayisə etdikdə, adətən utanırlar. Çünki uşaqlar “daxildə” nə olduğunu daha yaxşı bilirlər. Ancaq yenə də valideynlər hər zaman öyrənməyə hazırdırlar. Onlar uşaqlar kimi işçi qüvvəsi bazarında ən son “qiymət təyin edilmələrini” izləyirlər. Ən yeni “qiymət təyin edilmələrini” onlar filmlərdən, spirtli içki və dəbli geyimlərin reklamlarından, “çox vacib şəxslərin” nə geyindikləri və nə haqqında danışdıqları barədə xəbərlərdən öyrənirlər… Bu “marketinq orientasiya” əks cinslərin – kişi və qadınların – arasındakı münasibətlərə nə cür təsir göstərə bilər? Hesab edirəm ki, “sevgi” anlayışı arxasında gizlənən çox böyük bir hissə –  uğur və qəbul edilmə dalınca qaçmaqdır. İnsana nəinki gündə 4 saat, üstəlik 8, 10, və 12 saat ona “Sən sadəcə möhtəşəmsən, sən – qaydasındasan, sən bunu necə lazımdırsa, elə edirsən” deyən başqa birisi lazımdır. Bu nöqteyi-nəzərlərdən biridir. Digər bir nöqteyi-nəzərin ardınca gedərək, özünün şəxsi əhəmiyyətini etibarlı partnyor seçməklə sübut etmək olar. Supermodelə aşiq olma haqqına və vəzifəsinə malik olmaqdan ötrü özün supermodel olmalısan. Bu fikri daha asan formada ifadə etmək olar. 18 yaşlı bir oğlana onun həyatının mənasının nə olduğunu soruşduqda belə cavab verib: “Yüksək sinifdən qızlarım olsun deyə, sahib olduğum maşından daha yaxşısını almaq, “Fordumu” “Byüikə” dəyişmək istəyirəm”. Bu oğlan ən azı səmimi idi. O bizim mədəniyyətimizdə partnyor seçməyin müəyyənliyini məqbul formada olsa da, ifadə edib.

Marketinq orientasiyanın cinslər arasındakı münasibətə təsir edən başqa bir tərəfi də var. Burada hər şey müəyyən obrazlara uyğun gəlir və biz ən sonuncu dəbi səylə izləməyə və uyğun şəkildə hərəkət etməyə çalışırıq. Bu səbəbdən müxtəlif vəziyyətlərdə özümüzə seçdiyimiz rollar (əsasən də, bizim cinslərdən birinin nümayəndəsinin rolu qismində)  dəqiq şəkildə müəyyən olunub, lakin bu, davranış nümunələri bir-birinə oxşamır və heç də həmişə bir-birinə uyğun gəlmirlər. Adətən onlar bir-birilərilə ziddiyyət təşkil edirlər. Kişi işdə, işgüzar mühitdə aqressiv olmalıdır, evdə isə – məlahətli. O, öz peşəsi ilə yaşamalıdır, lakin axşam, evə gələndə, yorğun olmamalıdır. Müştərilərlə münasibətdə və rəqabətdə nəzakətsiz, lakin həyat yoldaşı və uşaqları ilə münasibətdə tamamilə səmimi olmalıdır. O, hər kəs tərəfindən sevilməlidir və əlbəttə ki, özünün böyük hissəsini ailəsinə həsr etməlidir.

Müasir kişi yuxarıda sadalanan bütün davranış nümunələrinə uyğun gəlməyə çalışır və yalnız onları tam da ciddi qəbul etməməsi faktı onu dəlilikdən xilas edir. Bu, qadınlara da aiddir. Onlar da kişilərdə olduğu kimi bir-birilə çətin qarşılaşdırılan müəyyən rol nümunələrinə uyğun olmalıdırlar.

Əlbəttə ki, bütün zamanlarda və hər bir mədəniyyətdə ideal barədə, kişi və qadının necə olması barədə müəyyən təsəvvür mövcud idi, qədim vaxtlarda da bu təsəvvürlər stabillik ilə seçilmirdilər. Lakin o mədəniyyətdəki bir çox şey bizim sonuncu dəbə uyğun olmağımızdan asılıdır, özümüzü bizdən tələb oldunduğu kimi apardığımız üçün bizim kişi və qadın rollarımız ilə bağlı əsl keyfiyyətlər arxa fona keçərək, üstü açılmamış qalırlar.

Kişi və qadın arasındakı münasibət az səciyyəvidir. Əgər kişi və qadın marketinq orientasiyasından və qabaqcadan müəyyən olunmuş rol nümunələrindən irəli gələrək partnyor seçirlərsə, o zaman qaçılmazdır ki, onlar bir-birilərinə daha tez darıxdırıcı gələcəklər. Fikrimcə, “darıxmaq” sözünə lazımınca diqqət yetirmirlər. Biz insanın qarşılaşdığı müxtəlif şeylər haqqında danışırıq, lakin ən dəhşətlisi barədə, özünlə tək qaldıqda və ondan da betər, elə eyni insanların arasında olmaqla darıxmağa başladığı barədə nadir hallarda danışırıq.

Bir çoxları bu darıxmanın qarşısını almağın yalnız iki yolunu görürlər. Bəziləri mədəniyyətimizin təqdim etdiyi bir çox imkanlardan birini istifadə edərək, ondan qaçırlar. Onlar əyləncə gecəsinə gedir, yeni tanışlıqlar qurur, içki içirlər, qumar oynayır, radio dinləyirlər və beləcə günbəgün özlərini aldadırlar. Digərləri isə (bu, qismən onların hansı ictimai sinfə aid olmalarından asılı olur) özlərinə onunla təsəlli verirlər ki, öz partnyorlarını dəyişən kimi hər şey dəyişəcək. Onlar elə düşünürlər ki, nigahları düzgün partnyor seçmədikləri üçün alınmayıb və hesab edirlər ki, partnyoru dəyişməklə darıxmağın öhdəsindən gələ biləcəklər.

Onlar görmürlər ki, ən vacib sual bu cür səslənmir: “Məni sevirlərmi?”, “Məni qəbul edirlərmi?”, “Müdafiə olunmuşammı?”, “Mənə valeh olurlarmı?”,- sualının verdiyi mənanı verir, vacib sualın mahiyyəti isə budur: “Mən ümumiyyətlə sevə bilirəmmi?”.

Əslində, sevmək asan deyil. Bəzən aşiq olmaq və sevilmək çox asan alınır, ta ki digər insan, elə sən özün də özündən bezənə kimi. Ancaq sevmək və belə desək, sevgidə “qalmaq” (olmaq) olduqca çətindir, baxmayaraq ki, bu bizdən heç bir fövqəltəbiilik tələb etmir, həqiqətdə isə ən vacib bəşəri keyfiyyət sayılır.

Əgər özünlə təklikdə qalmaq mümkün deyilsə, əgər digərlərinə və özünə qarşı heç bir maraq yoxdursa, o zaman partnyor da, həyat da müəyyən müddətdən sonra darıxdırıcı olacaq. Həmçinin bir yanlış nəticəni xatırlatmaq istəyərdim. Cinslər arasındakı münasibətlərdə seksuallığın əsas problem olması kimi yanlış fikri nəzərdə tuturam. 30 il bundan qabaq biz hamımız və ya daha dəqiq desək, əksəriyyətimiz seksual emansipasiya ilə çox fəxr edirdik. Elə görünürdü ki, keçmişin zəncirləri qırılıb və bundan sonra seksual münasibətlərdə yeni dövr başlayır. Ancaq nəticələr heç də əksəriyyətinin gözlədiyi kimi möhtəşəm deyildi, çünki hər parıldayan şey qızıl deyil. Çoxlu sayda qeyri-seksual mənşəli seksual meyillik (Begehren) dəlilləri yarandı.

Şöhrətpərəstlik – seksual meyilliliyi ən güclü oyadanlardan biridir, bəlkə də, digərləri ilə müqayisədə ən güclüsüdür, ancaq tənhalıq və mövcud münasibətlərə etiraz da həmçinin seksual impuls ola bilər. Seksual macəralar üçün enerji və qüvvə ilə dolu olduğunu, qadının seksual cazibədarlığının isə onu sövq etdiyini zənn edən kişi əslində öz şöhrətpərəstliyinin hökmranlığı altında olur. O, digər kişilər üzərindəki üstünlüyünü sübut etmək istəyir.

Partnyorlar arasındakı adi insan münasibətlərindən yaxşı ola biləcək hər hansısa bir xüsusi seksual münasibətlər mövcud deyil. Seksual münasibətlər adətən insanların bir-birinə yaxınlaşmağının ən qısa yoludur, lakin o yetərincə aldadıcıdır. Əlbəttə, seksuallıq – insan qarşılıqlı münasibətlərinin vacib tərəfidir, ancaq müasir mədəniyyətdə ona o qədər müxtəlif funksiyalar aid edirlər ki, qorxuram, bizə haqqında bu qədər danışılan seksual azadlıq kimi görünən hər şey nəticədə seksuallığa yaxın belə durmur. Ümumiyyətlə, kişi ilə qadın arasındakı fərqin mahiyyətinin nədə olduğunu bilirikmi? İndiyə kimi dediklərimin hamısı mənfi çalara malik idi. Kişi və qadın arasındakı fərqlərin dəqiq şəkildə müəyyənləşməsini gözləyən ola bilsin ki, məyus oldu, ancaq onun özünün bu şeylər haqqında təsəvvürü olduğunu düşünmürəm. Yuxarıda deyilənlərdən yalnız bir şey aydındır: “Biz sadəcə olaraq bu şeylər haqqında nə isə bilə bilmərik. Əgər hər iki cins bir-biriləri ilə minillər ərzində mübarizə aparıblarsa, əgər onlarda bir-birilərinə qarşı bu cür mübarizəyə xas olan mövhumat yaranıbsa, o zaman bugün biz həqiqi fərqin nədə olduğunu necə müəyyən edə bilərik?”

O zaman ki, fərqlər haqqında düşünməyəcəyik, ənənəvi basmaqəlibləri unudacağıq, yalnız onda hər bir partnyorun özünüməqsəd olduğu bərabərlik hissini inkişaf etdirə biləcəyik. Yalnız o zaman kişi və qadın arasındakı fərqlər haqqında nə isə öyrənə biləcəyik. Xüsusi olaraq, mədəniyyətimizdə nəzərə almalı olduğumuz kişi və qadın arasındakı münasibətlərdə müəyyən əhəmiyyət kəsb edən bir fərqi vurğulamaq istərdim. Fikrimcə, qadınlar kişilərə nisbətən daha çox zərif olmağa qadirdilər.

“Zəriflik” anlayışı çoxmənalıdır. Bu, həm sevgi, həm hörmət, həm də anlayışdır. Zəriflik seksuallıqdan, aclıqdan və susuzluqdan fərqlənən bir şeydir. Psixologiya nöqteyi-nəzərdən seksuallıq, aclıq və susuzluq kimi hisslər özünüidarə dinamikası ilə xarakterizə olunur; onların intensivliyi istəklərin təmin edilməsinin kulminasiya nöqtəsinə çatana kimi artır və bundan sonra bir müddətliyə itir.

Zəriflik isə digər bir istək və meyil növünə aiddir. Zəriflik özü-özülüyündə mövcud deyil, onun məqsədi, həmçinin kulminasiya nöqtəsi və ani sonluğu da yoxdur. O özünün təmin edilməsini hərəkətin özündə tapır, xoşbəxtlikdə sevgi dolu, nəvazişkar və zərif olmaq, digər insanı ciddi qəbul etmək, ona hörmət etmək və onu xoşbəxt etmək.

Fikrimcə, cəmiyyətimizdə az zəriflik(red. biz buna nəciblik də deyə bilərik) qalıb. Bu sözü dilə gətirəndə, özündə yalnız sevgi haqqında filmləri təsəvvür edirsən. Bütün ehtiraslı öpüşlər senzura tərəfindən kəsilib, ancaq yenə də tamaşaçı bunun nə qədər möhtəşəm olduğunu hiss etməlidir. Filmlərdə yanlış ehtiras göstərilib. Əksəriyyət üçün o yetərincə inandırıcı gəlmir, lakin bir çoxları bu “minimal” sevgini də öyrənirlər.

Bəs filmdə partnyorlar və ya valideynlər ilə övladlar, ümumiyyətlə insanlar arasında həqiqi zərifliyi tez-tezmi görmək olar? Olduqca nadir hallarda.

Bizim zəriflik göstərməyə bacarığımızın olmadığını iddia etmək fikrim yoxdur. Sadəcə demək istəyirəm ki, mədəniyyətimiz bizi zərif olmaq cəsarətindən məhrum edir. Bu, onunla əlaqədardır ki, cəmiyyətimiz vahid orientasiyaya malikdir. Hər şeyin öz məqsədi var, hər şey müəyyən bir şeyə doğru istiqamətlənib, daim nəyəsə can atmaq lazımdır.

Biz vaxt qazanmağa çalışırıq, sonra isə bilmirik, onunla nə edək və onu “öldürürük”. İlk impulsumuz həmişə nəyəsə nail olmaqdır. Çətin ki, bizdə nəyəsə nail olmaq məqsədi olmadan həyat prosesinin özünün dərk edilməsi hissi qalıb, yalnız yaşamaq, yemək, içmək, yatmaq, düşünmək, nə isə hiss etmək və görmək. Əgər həyatda məqsəd yoxdursa, biz narahatıq:” o zaman bunların hamısı nəyə lazımdır?” Zərifliyin də həmçinin məqsədi yoxdur. Onun seksuallıq halında olduğu kimi gərginliyinin boşalması və ya ani olaraq kimisə təmin etmək kimi fizioloji quruluşu yoxdur. Onun digər insana qarşı isti, zərif qayğı və sevinc hissindən sevinməkdən başqa bir məqsədi yoxdur.

Buna görə də zəriflikdən qorxuruq. İnsanlar, bu, əsasən də kişilərə aiddir, tez-tez zəriflik göstərməli olduqda özlərini narahat hiss edirlər. Bundan başqa, məhz cinslər arasındakı fərqi inkar etmək cəhdi kişiləri və qadınları imkan daxilində bərabər göstərməyə mane olur, qadınlara, təbii olaraq onlara məxsus olan və sırf olaraq, qadın keyfiyyəti sayılan özlərinin zərifliklərini göstərməyə mane olur.

Və burada mən yenidən bayaq yuxarıda qeyd olunan cinslər arasındakı mübarizənin hələ bitmədiyi fikrinə yenidən qayıdıram. Amerikada qadınlar artıq bütün sahələrdə bərabər hüquqluluq əldə ediblər. Lakin bu bərabər hüquqluluq hələ absolyut(red. mütləq) deyil, ancaq əvvələ baxanda o daha təsirlidir. Bundan başqa, qadınlar hələ də bu nailiyyəti müdafiə etməlidirlər. Onlar ciddi-cəhdlə çalışırlar sübut etsinlər ki, kişilərlə ona görə bərabər hüquqludurlar ki, onlardan az fərqlənirlər, buna görə də kişilər öz zərifliklərinin impulslarını boğurlar. Nəticədə kişilərdə zəriflik çatmır və onlarda onun qarşılığında heysiyyəti təsdiq emtək üçün daim heyranlıq obyekti olmaq kimi dayanıqlı istək yaranır. Beləliklə, onlar daim asılılıq və qorxu halında olurlar. Qadınlar öz tərəflərindən məyusdurlar, çünki onlara ayrılan rolu tam şəkildə yerinə yetirə bilmirlər.

Axırda kişi ilə qadın arasındakı fərqə bir daha diqqət yetirməliyəm və vurğulamalıyam ki, kim ki, kişi və qadın arasındakı fərqi anlamaq istəyir, səciyyəvi kişi və ya səciyyəvi qadın olması barədə düşünməməli və fikirləşməməlidir, daha çox özünə dəyərli bir həyat yaşamağa icazə verməlidir. Yalnız o kəs ki, özünü “Rolumu düzgünmü oynayıram və uğura nail olmuşammı?” sualı ilə işgəncə etmir – məhz o ayrıca götürülmüş hər bir insana qoyulmuş cinslər arasındakı fərqin dərin səmərəliyini dərk edə bilir.

Mənbə:

Erich Fromm – “Man – Woman (1949)

Эрих Фромм – “Мужчина и женщина” (1998)

Tərcümə: Yusubov Nicat

Redaktə və əlavələr: Ziya Mehdiyev

Qeydlər:

  1. Erix Fromm (alm. Erich Seligmann Fromm, 23 mart 1900-cü il, Frankfurt-Mayn – 18 mart 1980-ci il, Lokarno) alman-amerikan psixoloq, psixoanalitik, filosof, Frankfurt məktəbənin nümayəndəsi, neofreydizmin və neomarksizmin banilərindən biridir. O, marksist metodologiyasından istifadə edərək, insan psixikasını önə çəkərək, “humanist psixoanalizi” metodologiyasını işləyib hazırlayıb. Bu metodologiyanın predmeti insan ilə təbiət və cəmiyyət arasındakı qarşılıqlı münasibəti harmonizasiya etməkdir. Erix Frommun “Sağlam cəmiyyət” (“The Sane Society”, 1955), “Sevmək incəsənəti” (“The Art of Loving”, 1956), “Marksın insan konsepsiyası” (“Marx’s Concept of Man”, 1961) və s. kimi məşhur əsərləri var.
  2. Sui generis – mənası: (lat. sui generis – özünəməxsus, xüsusi)
  3. Emansipasiya mənası: (lat. emancipatio – hər hansı bir asılılıqdan azad olmaq)

Əlavə oxu:.

Erix Fromm: Freyd və Yunqda psixoanaliz və din

Erix Fromm – Kredo

 

 

 

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin