Erix Fromm – “Qırmızı Papaq” (1955)

5

Erix Fromm1

Qırmızı Papaq” (1955)2

“Qırmızı Papaq”   nağılının timsalında Freydin baxışlarını izah etmək və eyni anda dünyanın yaranması haqqındakı əfsanədə və Edip barədəki trilogiyada meydana çıxan kişi və qadın  münaqişəsinin başlanğıcı mövzusunun müxtəlifliyini izləmək olar. Bu da hekayə:

“Biri var idi, biri yox idi. Balaca bir qızcığaz var idi.  Bu qız o qədər sevimli idi ki, ondan hamının xoşu gələrdi, lakin hamıdan çox onu nənəsi sevərdi və dünyada elə bir şey yox idi ki, o öz nəvəsi üçün qıymasın. Bir gün o, nəvəsinə qırmızı məxmər papaq hədiyyə edir, papaq qıza elə yaraşırdı ki, onu heç vaxt çıxartmırdı və beləcə onu Qırmızı Papaq adlandırırlar.

Bir gün anası ona deyir: “Budur, Qırmızı Papaq, bir dilim piroq və bir şüşə çaxır; bunu götür və nənənə apar, o xəstə və zəifdir, yesin və sağalsın. Səhər sərin olanda yola çıx, yol ilə sakit və ehtiyatlı get, heç yerə dönmə, yoxsa yıxılarsan və şüşəni sındırarsan və nənənə heç nə çatmaz. Nənənin yanına çatanda “Sabahın xeyir” deməyi unutma və salamlaşmayana kimi, hər küncə boylanma”. Qırmızı Papaq anasına and içdi ki, özünü ehtiyatlı aparacaq.

Nənə meşədə – kənddən yarım mil uzaqlıqda yaşayırdı və Qırmızı Papaq elə meşəyə girən kimi canavarla qarşılaşır. Qırmızı Papaq onun yaxşı birisi olmadığını bilmirdi və qətiyyən qorxmadı.

– Salam, Qırmızı Papaq – o dedi.

– Salam, canavar.

– Sən səhər tezdən hara belə gedirsən?

– Nənəmgilə.

– Bəs sənin önlüyündə nə var?

– Piroq və çaxır; dünən anam piroq bişirdi ki, qoy yazıq xəstə nənəm nəsə dadlı bir şey yesin və özünü yaxşı hiss eləsin.

– Bəs sənin nənən harada yaşayır?

– Buradan tam dörddə bir mil uzaqlıqda – meşədə; onun evi üç böyük palıd ağacının altındadır, aşağısı birbaşa fındıqlıqdır. Sən yəqin bu yeri tanıyırsan – Qırmızı Papaq cavab verdi.

Canavar düşündü: “Necə də zərif cavan varlıqdır! Necə də ləzzətli tikədir – güman ki, o, qarıdan daha dadlıdır. Xəlvəti hər ikisini tutmaq lazımdır”. O, Qırmızı Papaq ilə yeridi, sonra isə dedi:

– Qırmızı Papaq, bax, gör burada necə də gözəl çiçəklər var – niyə ətrafına baxmırsan? Quşlar isə necə də həzin oxuyurlar, yoxsa, onu da eşitmirsən? Elə təmkinlə yeriyirsən, sanki məktəbə gedirsən, ətrafda, meşədə isə elə gözəlliklər var ki!

Qırmızı Papaq başını qaldırdı, ağacların arasından gah orada, gah burada günəş şüalarının oynaşdığını, ətrafda isə qəşəng çiçəklərin açdığını gördü və fikirləşdi: “Görəsən nənəmə bir dəstə çiçək aparsam, necə olar, yəqin ki, sevinər? Hələ tezdir, nənəmin yanına getməyi çatdıraram”. Və çiçək yığmaq üçün cığırdan meşəyə doğru döndü. Çiçəyi dərəndə, ona elə gəldi ki, qabaqda daha yaxşıları var və onların arxasınca qaçdı; beləliklə o, meşənin daha  dərinliklərinə daxil olurdu. Canavar isə bu vaxt  ərzində cəld nənənin evinə doğru qaçdı və qapını döydü.

– Kimdir?

– Aç, bu mənəm, Qırmızı Papaq – canavar cavab verdi – mən sənə piroq və çaxır gətirmişəm.

– İpi dart – nənə dedi – mən tamam gücdən düşmüşəm, ayağa qalxa bilmirəm.

Canavar ipi dartdı, qapı açıldı; o heç bir söz demədən yatağa tərəf qaçdı və qarını uddu. Sonra onun paltarını və baş örtüyünü geyindi, yatağa uzandı və pərdəni çəkdi.

Qırmızı Papaq meşə boyunca qaçıb, çiçək yığırdı. Bir qucaq çiçək yığdıqdan sonra, nənəsini xatırladı və onun yanna getdi.

O təəccübləndi ki, qapı açıqdır, içəri girəndə isə, özünü nəsə birtəhər hiss elədi və fikirləşdi: “Bu nədir belə? Özümü bu gün necə də naqolay hiss edirəm. Axı nənəmgildə mənim həmişə xoşuma gəlirdi”. O ucadan dedi: “Sabahın xeyir!”, lakin heç kim cavab vermədi; o zaman yatağa doğru yaxınlaşdı və pərdələri çəkdi. Yataqda nənə uzanmışdı, baş örtüyü gözlərinin önünə çəkilmişdi və o çox qəribə görünürdü.

– Nənəcan – Qırmızı Papaq dedi – sənin niyə belə böyük qulaqların var?

– Bu, səni daha yaxşı eşidim deyədir, əzizim – cavab verildi.

– Nənəcan, bəs sənin niyə böyük gözlərin var?

– Bu, səni daha yaxşı görüm deyədir, əzizim.

– Bəs, nənəcan, sənin niyə belə böyük əllərin var?

– Bu, səni daha sıx qucaqlayım deyədir.

– Oy, nənəcan dişlərin necə də böyükdür.

– Bu isə səni daha yaxşı yeyim deyədir!

Və bu sözlərlə canavar yataqdan atıldı və Qırmızı Papağı uddu. Yeyib doyandan sonra canavar yenidən yatağa uzandı, yuxuya getdi və ucadan xoruldadı. Bu vaxtı evin yaxınlığından ovçu keçirdi və fikirləşdi: “Nənə necə də xoruldayır! Gedib ona kömək lazım olub-olmadığına baxmaq lazımdır”. O, otağa daxil oldu və yatağa yaxınlaşaraq, orada canavarı gördü.  “Deməli burdasan, ay səni mürtəd! – o dedi – çoxdandır sənin ovuna çıxmışam”. O, canavara atəş açmaq istədi, ancaq düşündü ki, canavar yəqin ki, nənəni udub və güman ki, onu hələ xilas etmək olar. O atəş açmadı, əvəzində qayçını götürdü və qərara gəldi ki, canavarın qarnını kəssin.  Çərtik açanda Qırmızı Papaq gördü; qarnının ardını kəsdikdə, oradan qız atıldı və qışqırdı: “Ah, mən necə də qorxdum! Canavarın qarnı necə də qaranlıqdır”. Sonra qarı zorla nəfəs alaraq, ancaq yenə də sağ qalaraq çıxdı. Qırmızı Papaq cəld böyük daşlar yığdı və ovçu ilə birlikdə onları canavarın qarnına yığdı. Canavar oyananda qaçmaq istədi, ancaq daşlar o qədər ağır idilər ki, o anındaca bihuş halda yerə yıxıldı.

Hər üçü sevindi. Ovçu canavarın dərisini soydu və evə apardı; nənə Qırmızı Papağın gətirdiyi piroqdan yedi, çaxırdan içdi və özünə gəldi, Qırmızı Papaq isə fikirləşdi: “Ömrümdə bir daha heç vaxt soruşmadan meşəyə gedən yoldan dönməyəcəyəm”.

Bu hekayədəki əksər simvolları anlamaq asandır. “Qırmızı məxmər papaq”mensturasiyanın simvoludur. Hekayədə macəraları haqqında danışılan balaca qız yetkin qadına çevrilib və cinsi münasibətlər problemi ilə qarşılaşıb.

Aydındır ki, “meşəyə gedən cığırdan heç yerə dönmə, yoxsa yıxılarsan və şüşəni sındırarsan” xəbərdarlığı – bu, cinsi əlaqəyə girməyin və bakirəliyi itirməyin təhlükəli olması barədə xəbərdarlıqdır. Qızcığazı görən kimi canavarın seksual iştahası oyanır və ona “ətrafa baxmağı” və quşların necə də həzin oxuduqlarına qulaq asmağı təklif edərək, tovlamağa çalışır. Qırmızı Papaq “gözlərini qaldırır” və canavara qulaq asaraq, “meşəyə daha da dərinə” daxil olur. Bununla birgə o öz əməlinə hər hansısa bir səciyyəvi rasional izah axtarmaq cəhdini edir: özünü heç bir pis əməl görmədiyinə inandırmaqdan ötrü, o nənəsinə çiçəkləri apardığı təqdirdə onun sevinəcəyi barədə mühakimə edir.

Lakin birbaşa ləyaqət yolundan döndüyü üçün sərt şəkildə cəzalandırılıb. Nənənin libasını geyinən canavar günahsız Qırmızı Papağı udur. Yeyib doyduqda yatır.

Bu ana qədər hekayədə elə göründüyü kimi, bircə sadə əxlaq var: cinsi münasibətlərə daxil olmaq təhlükəlidir. Ancaq əslində hər şey daha da qəlizdir. Burada kişinin rolu nədir və cinsi münasibətlər necə təqdim edilib? Kişi rəhmsiz və qəddar bir heyvan timsalında çıxış edir, cinsi akt isə kişinin qadını yediyi hannibalizm aktı kimi təsvir olunur. Kişilərdən xoşları gələn və onlarla cinsi münasibətlərə daxil olarkən həzz alan qadınlar bu cür təsəvvür ilə razı deyillər. O kişilərə və cinsi münasibətlərə qarşı dərin ədavəti əks etdirir. Kişilərə qarşı nifrət və mənfi fikir xüsusilə hekayənin sonunda aydın şəkildə duyulur. Burada, Babil əfsanəsində olduğu kimi xatırlamaq lazımdır ki, qadının üstünlüyü onun uşaq dünyaya gətirmək bacarığının olmasındadır.  Canavar gülməli görünsün deyə nə edilib? Onun, qarnında canlı varlıqlar olan hamilə qadın rolunun oynamağa cəhd etməsi göstərilib. Qırmızı Papaq canavarın qarnını daşlarla doldurur – sonsuzluq simvoludur – və canavar məğlubiyyətə düçar olur: ölür. Qədim qanuna əsasən, onun əməllərinin intiqamı onun günahına uyğun olaraq cəzalandırılır: o sonsuzluğu simvolizə edən daşlardan ölür və bununla da onun hamilə qadın roluna iddiası rişxənd edilir. Baş qəhrəmanları – üç nəsil qadınlar olan (sondakı ovçu – real mahiyyəti olmayan şərti ata obrazıdır) bu hekayədə, kişi və qadın arasındakı münaqişədən danışılır; bu, kişilərə nifrət edən qadınların qalibiyyət əhvalatıdır, o əhvalat ki, qadınların qalibiyyəti ilə bitir. Bu, birbaşa kişinin mübarizədən qalib çıxdığı Edip əfsanəsinin əksidir.

Mənbə:

Erich Fromm – “Little-Red-Cap” (1955)

Эрих Фромм – “Красная Шапочка” (2009)

Tərcümə: Yusubov Nicat 

Redaktə:  Şəfiqə Babayeva

Qeydlər:

  1. Erix Fromm (alm. Erich Seligmann Fromm, 23 mart 1900-cü il, Frankfurt-Mayn – 18 mart 1980-ci il, Lokarno) alman-amerikan psixoloq, psixoanalitik, filosof, Frankfurt məktəbənin nümayəndəsi, neofreydizmin və neomarksizmin banilərindən biridir. O, marksist metodologiyasından istifadə edərək, insan psixikasını önə çəkərək, “humanist psixoanalizi” metodologiyasını işləyib hazırlayıb. Bu metodologiyanın predmeti insan ilə təbiət və cəmiyyət arasındakı qarşılıqlı münasibəti harmonizasiya etməkdir. Erix Frommun “Sağlam cəmiyyət” (“The Sane Society”, 1955), “Sevmək incəsənəti” (“The Art of Loving”, 1956), “Marksın insan konsepsiyası” (“Marx’s Concept of Man”, 1961) və s. kimi məşhur əsərləri var.
  2. Məqalə Erix Frommun “The Forgotten Language: An Introduction to the Understanding of Dreams, Fairy Tales and Myths. (1955)” kitabından götürülmüşdür.

 

Əlavə oxu:

Erix Fromm: Freyd və Yunqda psixoanaliz və din

Erix Fromm – Kredo

Erix Fromm – “Kişi və qadın” (1949)

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin