Fəlsəfə tarixində elm (riyaziyyat, fizika-kimya və astronomiya)

0

Riyaziyyat. Əqli inkişafın Pifaqordan Platona kimi dövrünün araşdırılmasının nəticəsində biz görürük ki, fəlsəfə üçün riyazi təfəkkür tərzi nə qədər də vacibdir. Platon ideyaları və onların mövcudluğu barədə düşüncələr əsaslandırılmış bir şəkildə əsas riyazi problemlər üzərində düşüncələr kimi nəzərdən keçirilə bilər. Onların müzakirəsini bu yunan filosofları başlamışdı, bu müzakirələr Orta əsrlərdə universaliyalar barədə mübahisədə davam etmişdi və bizim zəmanədə də bitib tükənmir.Obyektiv biliyin nə olması, ümumi əhəmiyyətə malik olan nəticənin nə olması, sübutun nə olması barədə düşüncələr əsas riyazi problemlərlə bilavasitə əlaqəlidir.

Pifaqor kimi yunan riyaziyyatçıları mülahizələrin sübutu anlayışını işləyib hazırlamaqla, hər şeydən öncə riyaziyyatın prosedur və operasion tərəflərini inkişaf etdirmişlər. Yəni, riyazi sübut – aşkar aksiomlardan məntiqi olaraq ümumi əhəmiyyətə malik olan həqiqi nəticələrin alınmasından ibarətdir. Biz o sistemi aksiomatik-deduktiv sistem adlandırırıq ki, o, aksiomlardan, nəticə çıxarma qaydalarından və onların köməyi ilə alınmış mülahizələrdən (teorem) ibarətdir.

B.e.ə. təxminən 300-cü illərdə İsgəndəriyyədə yaşamış Evklid bu nəzəri əsasa istinad edərək riyaziyyata dair dərslik yazmışdı, bu dərslik də öz əhəmiyyətini bizim günlərə qədər saxlamışdır. Bu dərslikdən Nyuton özünün fizikasında istifadə etmişdir, burada şərh olunan təfəkkür tərzini isə Dekart və digər filosoflar qədim təfəkkürün istənilən şəklinin idealı olaraq şərh etmişlər.

Fizika və kimya. Yuxarıda göstərilmişdir ki, ilk naturfilosofların inkişaf etdirdikləri anlayışlar atomların mexanistik nəzəriyyəsinə gətirib çıxartmışdır (Demokrit, Epikür). Bundan sonra bu nəzəriyyə Renessans dövründə eksperimental və riyaziyyatdan istifadə edən təbii elmlərin təşəkkülünə güclü təsir göstərmişdir.

Amma atomistik nəzəriyyə antik dövrdə adamların əksəriyyətinə həddindən artıq spekulyativ  görünürdü. O, hər şeydən öncə, şeylər barədə bəhs edirdi ki, onları biz hissi olaraq qavraya bilmirik. Elə buna görə də, o, öz yerini məhz Aristotelin təbiət anlamına verdi, Aristotelin təbiət anlamının gücü isə onun təsviri imkanlarında (hisslərlə qavranılan təbiətin təsvirində) və həmçinin, növlərin və ətraf mühitin qarşılıqlı təsirinin ekoloji (təkamülçü olmasa da) baxışında idi.

Qədim yunanlar bütövlükdə müasir empirik elmin formalaşması üçün həlledici olan bir çox anlayışların əsasını qoydular. İndi, retrospektiv nöqteyi-nəzərdən yanaşıldıqda, demək olardı ki, onlarda hər şeydən öncə eksperimental metod çatışmazlığı vardı. Amma bu, bütövlükdə düzgün deyildir. Məsələn, Arximed (Archimedes, 287-212 b.e.ə.) elmi eksperimentlər aparmışdır, o, hidrostatikanın əsas qanununu kəşf etməsi ilə məşhurdur. Bu qanunun müasir formulirovkasına görə, mayeyə batırılmış hər bir cisim sıxışdırılıb çıxarılmış mayenin çəkisinə bərabər qüvvə ilə yuxarı itələnir. Arximed həm də texniki ixtiraçıdır, özünəməxsus mühəndisdir. Köləliyə əsaslanan və fiziki əməyə rəğbətsiz münasibəti ilə seçilən antik dünyada intellektual və praktik fəaliyyət arasında belə bir sıx əlaqə kifayət qədər qeyri-adi idi.

Arximed həmçinin görkəmli riyaziyyatçı idi. Mümkündür ki, riyaziyyatda hətta fizikadan daha böyük nəticələrə nail olmuşdur. O, əsərlərində iqtibas etdiyi Evkliddən heç də kiçik riyaziyyatçı deyildi (Tarix xəbər verir ki, b.e.ə. 212-ci ildə Sirakuzanı tutduqları zaman, Arximed onun tərəfindən qabın üzərində cızılmış həndəsi fiqurlarla bağlı dərin düşüncələrə dalmışdı. O, legionerlərə qəzəb içərisində demişdi: “Mənim fiqurlarıma toxunmayın!”. Cavabında isə onlar onu öldürmüşdülər).

Astronomiya. Astronomiya yunan naturfəlsəfəsi ilə eyni zamanda inkişaf etmişdir. Belə ki, Fales Günəşin tutulmasını qabaqcadan söyləmiş, Pifaqor göy cisimlərinin harmoniyasına xüsusi diqqət yetirmişdir. Aristotel dünyanın yaxşı düşünülmüş mənzərəsini yaratmışdır, bu mənzərə özünün xüsusi qanunları ilə göy sferalarını əhatə edirdi. “Səmavi olan” ”yerdə olandan” yuxarıda təsəvvür olunurdu, özü də yalnız məkan baxımından yox, həm də keyfiyyət baxımından.

Dünyanın bu mənzərəsində müşahdələr və spekulyasiya bir-birinə çuğlaşmışdı. Lakin astronomiya həm öz oriyentirlərini ulduzlara və planetlərə görə müəyyənləşdirən dəniz səyyahlarının praktik fəaliyyəti üçün, həm xronoloqlar və təqvim qurucuları üçün və həm də ulduzlardan gələcəyi görməkdən ötrü istifadə edənlər üçün mühüm idi.

Aristotelin torpaq, ulduzlar və planetlər haqqında təsəvvürlərinə əsaslanaraq İsgəndəriyyəli Ptolomey bir çox astronomik məlumatları sistemləşdirmiş və tamamlamışdır. O, dünyanın geosentrik sistemini inkişaf etdirmişdir. Yeri mərkəzdə yerləşdirən, səmavi olan və yerdə olanla arasında keyfiyyət fərqini vurğulayan bu kainat modeli orta əsrlərin sonuna qədər, Kopernikə və Keplerə qədər hökmran olmuşdur.

Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, “müasir” dünyanın heliosentrik sistemi də həmçinin antik dövrdə irəli sürülmüşdür. B.e.ə. təxminən 27-ci ildə yaşamış Aristarx (Aristarchus), güman etmişdir ki, Yer Günəşin ətrafında dövr edən bir kürədir. Lakin bu model də Demokritin atomlar haqda təliminin düçar olduğu taleyə düçar qalmışdır. O, irəli sürüldüyü zaman spekulyativ idi və üstəlik, ulduzların və planetlərin bilavasitə qavrayışına zidd görünürdü. Biz onları öz ətrafımızda hərəkət edən kimi görürük, özümüzü isə hərkətsiz torpaqda sükunət vəziyyətində qavrayırıq.

Heliosentrik modelin qəbul edilməməsi üçün həmçinin nəzəri səbəblər də var idi. O zaman aparıcı mövqe tutan aristotelizm öyrədirdi ki, Yerin hərəkət etdiyini hesab etmək mənasızdır, belə ki, istənilən təbii hərəkət yerə münasibətdədir. Buna görə də, Kopernikin əsərlərinin çap olunmasından və onların dərk olunmasında sonra dünyanın geosentrik sistemi ilə yanaşı aristotelizm də şübhə altına alındı.

Son nəticədə orta əsr xristian teoloqları da polemikaya qoşuldular, belə ki, geosentrik sistem Bibliyanın təsəvvürlərinə də uyğun gəlir. Renessans dövründə astronomiya ətrafında polemika xüsusən kəskin oldu, ona görə ki, o, ənənəvi dini əqidələrə toxunurdu.


Mənbə: Qunnar Skirbekk və Nils Gilye – Fəlsəfə tarixi

 

Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin