Erich Fromm – Məhəbbət Nədir? (Sevmək Sənəti)

3

Həqiqətənmi məhəbbət bir sənətdir?

Əgər elədirsə, onda bu iş əmək və bilik tələb edir. Yoxsa bu, yaşanması taleyə bağlanan xoş bir duyğu, və ya bəxtiniz gətirərsə, düşdüyünüz nəşəli vəziyyətdir? Bu gün böyük əksəriyyətin ikinci fərziyyəni qəbul etməsinə baxmayaraq biz bu kitabda birinci fərziyyəyə ·əsaslanırıq. Bu, həmin insanla– rm məhəbbətə qeyri–ciddi yanaşmasından irəli gəlmir. Əksinə, onlar məhəbbətin həsrətini çəkir, xoşbəxt və bədbəxt məhəbbət haqqında saysız-hesabsız filmlərə baxır, yüz– lərlə bayağı məhəbbət mahnıları dinləyir, lakin çətin ki, onlardan hansı birisə məhəbbət sahəsində həm də nəyisə öyrənməyin vacib olduğunu bilir. Bu təsisin əsasını adətən onu dəstəkləyən bir və ya bir neçə mənfi rəy təşkil edir. Əksəriyyət üçün məhəbbət problemi özünün sevməsi, yəni sevə bilmək qabiliyyəti deyil, özünü sevdirə bilmək problemidir. Beləliklə, qarşılarında duran məsələ sevilmələri üçün nə etməli olduqlarıdır. Bu məqsədə doğru onlar bir–birindən fərqli şəkildə irəliləyirlər. Xüsusilə kişilərə xas olan bir yol həyatda nəyəsə müvəffəq olmaq, sosial vəziyyətin yol verdiyi qədər hakimiyyət və sərvət əldə etməkdən ibarətdir. Qadınların üstünlük verdiyi ikinci yol isə cəlbedici olmağa, özünə qulluq etməyə, gözəl, zövqlü geyinməyə və s. çalışmaqdır. Cəlbedici görünməyin başqa üsulları da var ki, onlardan həm kişilər, həm də qadınlar faydalanır: özündə yaxşı əxlaq tərbiyə etmək, maraqlı həmsöhbət olmaq, qayğıkeş, sadə və ədəbli olmağı öyrənmək. Özünü sevməyə məcbur etməyin bir çox üsulları da məhz uğur əldə etmək, dost və nüfuz qazanmaqda istifadə olunan üsullardır. Həqiqətdə isə mədəniyyətə məxsus insanların çoxu ətrafdakılarda özünə qarşı məhəbbət yaratmaq qabiliyyəti deyəndə, bir növ məlahət və cazibə qarışığını nəzərdə tuturlar. (sex appeal).

Məhəbbətə münasibətdə ikinci yanlışlıq odur ki, bir çoxları məhəbbətdə öyrənməli bir şey yoxdur, deyə düşünürlər. Bu ehtimal ondan ibarətdir ki, məhəbbət problemi sevmək qabiliyyətinin deyil, müəyyən obyektin problemidir. Cəmiyyətdə formalaşmış düşüncə ondan ibarətdir ki, sevmək asandır, sevgiyə və ya sevilməyə layiq olan bir obyekt tapmaq isə çox çətindir. Bu düşüncənin kökləri müasir cəmiyyətin inkişaf mərhələsinə gedib çıxır. XX yüzillikdə “sevgi obyekti”nə münasibətin sərt dəyişməsi bu işdə önəmli rol oynadı. İngiltərə kraliçası Viktoriyanın hakimiyyətdə olduğu dövrdə, bir çox ənənələrə sadiq qalan başqa mədəniyyətlərdə də olduğu kimi, məhəbbət mütləq nikaha gətirib çıxara biləcək bilavasitə şəxsi təəssürat olmamışdır. Əksinə, nikahlar müqavilə ilə ya hansısa möhtərəm ailələrin vasitəçiliyi və ya nikah dəllalı vasitəsilə, ya da vasitəçisiz bağlanırdı. Belə nikahlar təbiətcə sosial olan şəxsi düşüncələrə əsaslanırdı. Məhəbbətə gəlincə isə, onun əvvəl–axır yaranacağı və nikah bağlanandan sonra daha da güclənəcəyi fikri mövcud idi. Lakin qərb dünyasında son bir neçə nəslin həyatında romantik məhəbbət konsepsiyası, demək olar ki, qəti surətdə qələbə çalmışdır. Amerika Birləşmiş Ştatlarında nikahın müqavilə kimi təmsil olunmasının hələ də qorunub–saxlanmasına baxmayaraq, eyni zamanda, bir çox insanlar romantik məhəbbət və sonu nikahla nəticələnməli olan xüsusi bir duyğu axtarışındadır. Çox güman ki, məhəbbətdə sərbəstlik konsepsiyası sayəsində, funksiyanın əleyhinə olaraq, obyektin mahiyyəti yüksəlmişdir.

Müasir mədəniyyətin başqa bir xarakterik xüsusiyyəti də bu faktorla sıx əlaqəlidir. Bizim mədəniyyətimiz bütünlüklə nailolma hərisliyinə və qarşılıqlı mənfəət mübadiləsi ideyasına əsaslanır. Müasir insan üçün xoşbəxtlik mağaza vitrinlərini həyəcanla seyr etmək və maddi şəraitin imkan verdiyi hər şeyi almaqdan ibarətdir: nağd və ya kredit yolu ilə. O (kişi və yaxud qadın) insanlara da eyni gözlə baxır. Kişi üçün cazibəli bir xanım və yaxud qadın üçün cəlbedici bir kişi onların əldə etmək istədiyi bir varlıqdır. “Cəlbedicilik” adətən şəxsiyyət bazarlarında tələbatı böyük olan xoş keyfiyyətlərin nəfıs toplumu deməkdir. İnsanın həm cismani, həm də mənəvi baxımdan cəlbedici olması dəbin tələbatlarından asılıdır. 20–ci illərdə canıbərk və həssas, siqaret çəkən və spirtli içkilərə meyilli olan qızlar cəlbedici sayılırdı. İndi isə sadə və qənaətcil xanımlar dəbdədir. XIX əsrin sonu -bizim əsrin əvvəllərində kişilər sözünün üstündə duran və ləyaqətli olmalı idilər, indi isə özləri barədə “cəlbedicilik” rəyini formalaşdırmaqdan ötəri onlardan ünsiyyətcil və dözümlü olmaları tələb olunur. Vurğunluq adətən insan əmtəəsinə münasibətdə bizim gücümüzə görə olan və özümüzü dəyişə biləcək bir mənaya malikdir. Mən müqavilə bağlamağa can atıram: obyekt özünün ictimai dəyəri nöqteyi nəzərindən münasib olmalı, eyni zamanda, mənim aşkar və gizli heysiyyətlərimi və imkanlarımı nəzərə almalıdır. Beləliklə, bir–birinə aşiqlik o zaman baş verir ki, hər iki tərəf, özünün şəxsi mübadilə dəyərini nəzərə almaqla, şəxsiyyət bazarında olan ən yaxşı obyekti tapır. Çox zaman, əsl alış-verişdə də olduğu kimi, bu sazişdə sonradan meydana çıxa biləcək gizli imkanlar və xüsusiyyətlər böyük rol oynayır. Söhbət maddi müvəffəqiyyətin əsas rol oynadığı bazar münasibətlərinə yönəldilmiş mədəniyyətdən gedirsə, sevgi münasibətlərinin də mal və işçi qüvvə bazarında hakim olduğu həmin mübadilə sxemi üzrə qurulmasına təəccüb etməyə bir səbəb qalmır.”Sevgidə öyrənməli bir şey yoxdur” kimi rəyin formalaşmasına gətirib çıxaran üçüncü bir yanlışlıq isə “vurulma” sözü ilə ifadə olunan və daim davam edən “sevmək” vəziyyətinin qısamüddətli “başlanğıc” həyəcanının dolaşığa düşməsidir. Əvvəllər eynilə hamı kimi bir–birinə tamamilə yad olan iki insan qəflətən aralarındakı maneəni aradan qaldırırsa və bir–birinə yaxın olub vəhdət yaradırsa, məhz bu birləşmə məqamı insan həyatındakı ən həyəcanlı, ən sevindirici duyğulardan biri sayılır. Bu, əvvəllər qaradinməz, özünə qapanmış, tənha və məhəbbət görməyən insanlar üçün xüsusilə gözəl və təəccüblüdür. Bu qəfil yaxınlıq möcüzəsi, cinsi meyl və cismani yaxınlıqdan irəli gəlirsə, daha da asanlaşır. Lakin belə bir məhəbbət mahiyyətcə heç də möhkəm və davamlı olmur. İki insanın getdikcə bir–birini daha yaxşı tanıması ilə onların yaxınlığı möcüzə olmaqdan çıxır və nəticədə müxtəlif fıkir toqquşmaları, məyusluqlar və darıxdırıcılıq ilkin sevincdən və coşqunluqdan qalan hər şeyi məhv etmək iqtidarında olur. Lakin ilk vaxtlarda bu insanlar baş verən dəyişikliklərin heç də fərqinə varmırlar: əslində onlar səhvən düşüncəsiz ehtiras qüvvəsini öz sevgilərinin gücünün sübutu kimi qəbul edirlər. Halbuki bu, sadəcə, onların əvvəllər nə qədər tənha olduqlarının təsdiq edir.

“Sevməkdən asan bir şey yoxdur” düşüncəsi dağıdıcı həqiqət olduğuna baxmayaraq, daha geniş yayılmış məhəbbət konsepsiyasını ifadə edir. Çətin ki, ağuşuna gözqamaşdırıcı ümidlərlə atılan, lakin bütün bunlara baxmayaraq, uçuruma yuvarlanması qaçılmaz olan hansısa başqa bir fəaliyyət növü tapılar. Söhbət hansısa başqa bir fəalliyyət növündən getsəydi, insanlar, nəyin bahasına olursa– olsun, uğursuzluqlarının səbəbini araşdırmağa, onlardan qurtulmağa can atardı və yaxud sadəcə bu işdən əl çəkərdilər. Məhəbbət məsələsində, dediyimiz son variant mümkün olmadığı üçün, burada yalnız bir münasib çıxış yolu qalır – onun səbəblərini araşdırmaq və məhəbbətin mənasının tədqiqatına başlamaq. Bu istiqamətdə atılmalı olan ilk addım, eynilə həyata aid edildiyi kimi, məhəbbətin də bir sənət olduğunu dərk etməkdir; sevməyi öyrənmək istəyiriksə, onda istənilən başqa bir sənətə, məsələn; musiqiyə, rəssamlığa, dülgərliyə, təbabətə və s. yiyələnməyə can atdığımız qədər, bu işə də eyni canfəşanlıqla yanaşmalıyıq·

 

Sənətə yiyələnmə zamanı hansı mərhələlərdən keçmək gərəkdir?

Sənətə yiyələnmə prosesini iki hissəyə ayırmaq olar: nəzəriyyənin dərk olunması və onun təcrübə yolu ilə möhkəmləndirilməsi. Əgər mən həkimlik sənətinə yiyələnmək arzusundayamsa, onda ilk növbədə insan bədənini və müxtəlif xəstəlikləri yaxşıca öyrənməliyəm. Bu nəzəri bilikləri aldıqdan sonra belə, mənim özümü hələ tibb aləminin səriştəli bilicisi hesab etməyə ixtiyarım yoxdur, Mən yalnız davamlı və əsaslı təcrübə aldıqdan sonra, yalnız nəzəri biliklərimlə təcrübi bacarıqlarımın vəhdət təşkil edəcəyi bir məqamda bu sənətə yiyələnmiş hesab olunaram. İstənilən sənətin həqiqi mahiyyətinin dərk olunması da məhz bu vəhdətdən ibarətdir. Lakin nəzəriyyə və təcrübənin öyrənilməsindən əlavə, burada üçüncü amil də vardır: sənətə yiyələnmə prosesi son dərəcə müstəsna əhəmiyyət daşımalıdır; bu sənətdən önəmli həyatda başqa bir şey olmamalıdır. Bütün bu təlimatlar eynilə musiqiyə, təbabətə, dülgərlik sənətinə və məhəbbətə də aiddir. Bəlkə də, məhz bu amillər bizim mədəni mühitə aid olan insanların, açıq–aşkar uğursuzluqlara uğradıqları halda, bu sənəti nəyə görə dərindən dərk etmək istəmədiyinin cavabıdır. Məhəbbəti nə qədər dərindən və cani–qəlbdən arzulasaq da, ondan başqa az qala hər şeyi: müvəffəqiyyət, nüfuz, pul, hakimiyyət və s. bu kimi işləri ön plana çəkib, demək olar ki, bütün enerjimizi bu məqsədlərə çatmağa sərf edirik və nəticədə məhəbbət sənətinə yiyələnmək kimi zəruri bir işə nə zamanımız qalır, nə ehtiyacımız. Axı bu necə ola bilər ki, pul və nüfuz gətirən şeyləri dərk olunmaya layiq görürük, amma özünün müasir mənada faydasız olduğunu, sırf qəlbə səmərə gətirdiyi zənn edilən məhəbbəti isə sadəcə bir təmtəraq və ya özümüzə rəva bilmədiyimiz israfçılıq hesab edirik?! Buna baxmayaraq, vəziyyət belədir və gələcəkdə yuxarıda qeyd etdiklərimi əsas götürərək, əvvəlcə kitabın çox hissəsmı tutacaq məhəbbət nəzəriyyəsinə, sonra isə qısa şəkildə məhəbbət təcrübəsinə də toxunacağıq. Ona görə qısa şəkildə deyirəm ki, hamıya da bəlli olduğu kimi, istənilən təcrübə haqda çox az şey demək mümkündür.

Erich Fromm – Sevmək Sənəti

Tərcümə: Məmmədova Ruhiyyə

Redaktə etdi: Ziya Mehdiyev

3 ŞƏRH

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin