Stiven Vaynberqin yekun nəzəriyyəsi haqqında arzuları və Stiven Houkinqin vahid nəzəriyyə yaratmaq üçün iki məsələsi

58

Qədim yunanlar dünyanın başlanğıcının nəinki qeyri-məlum olduğuna inanırdı, həm də hesab edirdilər ki, o dərk oluna bilər. Həmin vaxtlardan və xüsusilə, sonuncu yüzilliklərdə bizim bütün biliklərimizi qane edən, bütün suallarımızı cavablandıra bilən mütləq formullara Başlanğıc (yekun) nəzəriyyələri açmaq üçün həddindən çox addımlar atılıb. Görünür, həqiqəti dərk etmək üçün atılmış bu addımlar özünü doğruldacaq. Nobel mükafatı laureatı Stiven Vaynberq (Steven Weinberg) “Yekun nəzəriyyə haqqında arzular” kitabında yazır: Biz nəyi nəzərdə tutub deyirik ki, bir elmi prinsip o birini “izah edir”? Biz haradan bilirik ki, bütün bu izahların ümumi başlanğıc nöqtəsi var? Bu nöqtəni biz nə vaxtsa açacağıqmı? Biz buna nə qədər yaxınıq? Yekun nəzəriyyə nəyə oxşayacaq? Fizikanın hansı bölmələri yaşayacaq və qalacaq? Bu nəzəriyyə həyatın və düşüncənin fenomenləri haqqında nə deyir? Və nəhayət, biz yekun nəzəriyyəni açarkən elmlə və insan əqli ilə nələr baş verəcəkdir?.. Ola bilsin ki, YKS-də edilən eksperimentlər (hələ 1982-ci ildə fiziklər Yüksəkkeçirici Superkollayder (YKS) ağılagəlməyən ölçülərə və qiymətə malik elmi qurğunun tikintisini planlaşdırmışdılar. Ə.B.) elə bir vacib yeni məlumat versin ki, plank enerjisinə malik hissəciklər arasında gedən proseslərə fikir vermədən nəzəriyyəçilər yekun nəzəriyyəni hazırlayıb qurtarsınlar. Ola bilsin ki, yekun nəzəriyyəyə biz belə bir namizədi Strun nəzəriyyəsinin arasında axtarmalı olduq. Yekun nəzəriyyə bizim vaxtımızda yaransa idi necə də qəribə olardı! Yekun nəzəriyyənin yaranması insanların intellektual inkişafı tarixində müasir elmin yarandığı XVII əsrdən sonra ən böyük sıçrayış olardı. Biz necə təsəvvür yarada bilərik ki, bu nəyə oxşaya bilər?

Vaynberq qeyd edir ki, bu məsələləri eksperimental yolla öyrənmək üçün lazım olan plank enerjisi bu YKS enerjisindən yüz trilyon dəfə çoxdur. Gözlənilir ki, təbiət qüvvələri məhz bu enerjidə (plank enerjisi nəzərdə tutulur) birləşəcəklər. Digər tərəfdən, müasir Strun nəzəriyyəsinə görə, lazım olan enerji təqribən elə bu qədər olmalıdır. Təəssüflər olsun ki, bu qədər enerjini almaq hələlik mümkün deyil. Əgər biz bu gün insanların əlində olan bütün iqtisadi imkanları bu məsələnin həllinə yönəltsək, yenə də təsəvvür etmək mümkün deyil ki, belə bir maşını necə qurmaq və hissəcikləri bu enerjiyə qədər sürətləndirmək mümkün olsun.

Stiven Vaynberq “Böyük birləşmə”yə daha yaxın oldu. 1967-ci ildə S.Vaynberq, A.Salam və Ş.Qleşou göstərdilər ki, elektromaqnit və zəif qarşılıqlı təsirləri elektrozəif nəzəriyyə çərçivəsində necə birləşdirmək olar. Bu nəzəriyyənin əsasında iki qarşılıqlı əlaqənin daşıyıcıları olan iki ağır hissəciyin W- və Z- bozonlarının olduğu qabaqcadan söylənildi.

Mülahizələr Vaynberqin sözləri ilə davam edir: “Yekun qanunlar bizim həyatımızda, dövrümüzdə açılacaq ya yox, çox əladır ki, biz yenidən və bir daha təbiəti
imtahan edirik, niyə hər şey olduğu kimi belə qurulmuşdur”. Stiven Houkinq (Steven Hawkings) özünün “Zamanın qısa tarixi” kitabında yazır: “Elmin son nəticəsi elə bir yekun nəzəriyyə yaratmaqdır ki, o kainatın təsvirini verə bilsin. Bunu həll etmək istəyərkən alimlərin çoxu onu iki yerə bölürlər. Birinci hissə kainatın zamanca dəyişməsini öyrənmədə bizə imkan verir. (Biləndə ki, hansısa bir vaxtda kainat necə olub, bu qanunların köməkliyi ilə deyə biləcəyik ki, daha sonra nələr baş verəcəkdir). İkinci hissə – kainatın başlanğıc vəziyyətini təyin edir.”

Əgər biz bu məsələləri həll edə bilsək və kainatın başlanğıc anının (Houkinqə görə, ikinci məsələ) qanunlarını (tənliklərini, formullarını), sonra isə kainatın inkişafının təkamül qanunlarını (Houkinqə görə, birinci məsələ) yarada bilsək, onda özümüzü xoşbəxt insanlardan saya bilərik.

Mənbə:

Ədalət Bəşirbəyli
KAİNATIN BİOQRAFİYASI Bakı – 2013

Redaktə etdi: Fatimə Əliyeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin