Sərhəddə Şəxsiyyət Pozuqluğu – “Borderline”

0

Sərhəddə şəxsiyyət pozuqluğu (“Borderline Personality Disorder”), əsasən, həm pozuqluğa sahib olanlar, həm də ətraflarındakı insanlar üçün sarsıdıcı bir zehni sağlamlıq problemidir. Borderline şəxsiyyət pozuqluğu, öncəliklə, emosional nizamsızlıqla izah olunur. Şəxs qara və ya ağ düşünür. Arada başqa hər hansı bir variantın ola biləcəyini düşünə bilmir, rədd edir və fırtınalı münasibətlər yaşayır. Eyni zamanda, bu durum ruh halında yaranan davamlı qeyri-sabitlik, şəxslərarası münasibətlər, mənlik obrazı, kimlik, davranış və fərdin mənlik duyğusunda yaranmış pozulma ilə izah olunur.
Borderline şəxsiyyət pozuqluğu diaqnozu qoyulan insanlar həm daxilində, həm də xaricində bir xaos dünyasında yaşayırlar.
Duyğularını düzəltməkdə çətinlik çəkirlər və çox zaman ani dəyişikliklər yaşayırlar. Öz görüntülərini qınayırlar və təməldə dəyərsiz, pis və zərər görmüş kimi hiss edirlər. Bu insanlar sevgi dolu bir münasibət arzulayırlar, adətən, qəzəbli halda düşünmədən hərəkət etmək, fırtınalı ehtiras və tez-tez rast gəlinən ruh halı dəyişkənlikləri onları başqa istiqamətə yönləndirir. Onların məruz qaldığı problem iş, ev və sosial mühitlərdə və münasibətlərdə də daxil olmaqla, yaşamın psixo-sosial yönlərinin bir çoxu və ya tamamı üzərində geniş mənada mənfi təsir yaradır. Hətta, bu pozuqluğa sahib olanlar davranışları və ruh hallarına görə cəmiyyət tərəfindən qəbul edilməyə bilirlər.

Borderline şəxsiyyət pozuqluğu olan insanlar daimi və sabit olmayan münasibətlərə və son dərəcə reaksiyalı, yoğun ruh halına sahib olmaqla yanaşı, adətən, düşünmədən hərəkət edirlər. Bu pozuqluğa sahib olan insanlar arasında intihar halları çox olmasına baxmayaraq, hədəf intihar deyildir.

Diaqnozu

Zehni pozuqluqların diaqnozu üçün araşdırma aparan klinika həkimləri tez-tez istifadə etdikləri Amerikan Psixiatriya Birliyi Bələdçisi Zehni Pozuqluqlarn Diaqnozu Və Statistik Əl Kitabı vəziyyəti belə açıqlayır: Sərhəddə şəxsiyyət pozuqluğu erkən yetkinlik dövründə başlayan və çeşidli kontekstlərdə olan şəxslərarası münasibətlərin, özfərqindəliyin və təsirlərin, həm də aydın şəkildə hiss olunan düşünmədən edilmiş davranışların qeyri-stabil modelidir.

İşarə və simptomlar

Depressiya ya da Bipolyar pozuqluğu olan bir xəstə tipik olaraq həftələrlə eyni ruh halını davam etdirdiyi halda, sərhəddə şəxsiyyət pozuqluğu olan bir şəxsdə isə yalnızca bir neçə dəqiqə, 1 saat ya da ən çoxu bir gün çəkən yoğun bir depressiya, qayğı və ya qəzəb görülə bilir. Bunlar özünə zərər vermə cəhdləri, hissi aqressiya və dərmanların pis niyyətlə istifadəsi ya da alkoqol asılılığı ilə bağlı ola bilir.

Bu hal bilik sahəsində çətinliklər və mənlik duyğusu, uzun müddətli hədəflər, karyera planları, işlər, cinsi kimlik, cinsi orientasiya, dostluqlar və dəyərlərdə tez-tez dəyişikliklərə səbəb ola bilər. Bəzən bu pozuqluğu olan insanlar özlərini daxilən pis ya da dəyərsiz görürlər. İnsafsızca yanlış anlaşılmış, kiçildilmiş, məhrum kimi və kim olduqları ilə bağlı çox az fikirləri olduğunu hiss edirlər. Borderline şəxsiyyət pozuqluğu olanlar daha çox özlərini təcrid olunmuş və sosial dəstəkdən məhrum hiss etdikdə bu cür kəskin əlamətlər göstərirlər və yalnız qalmamaq üçün çılğınca cəhdlər göstərirlər. Bu insanlar qarışıq, sabit olmayan sosial münasibət tərzinə sahibdir. Ailələrinə, dostlarına və sevdiklərinə qarşı yoğun, amma fırtınalı bağlılıqlar yaradarkən, bu ideallaşdırma dəyərin düşməsinə səbəb ola bilər (böyük bir sevgi yoğun qəzəb və sevməməyə keçə bilər). Bu səbəbdən, hər hansı birinə qarşı ani güvən və bağlılıq yaradıb, ancaq digərlərinin daha az görə biləcəyi bir ayrılma və ya konflikt səbəbindən bağlılıq və güvən duyğularını itirərək geri çəkilər və ya qəzəblənə bilərlər.

Borderline şəxsiyyət pozuqluğu olan insanlar dərin bir tərk edilmə qorxusu ilə yaşayır. Bu durum yoldaşlarından başqa, ailə üzvləri, sağlamlıq mütəxəssisləri və dostları ilə olan münasibətlərində də ortaya çıxa bilir. Sosial olaraq qəbul edilmək üçün yarış halında olurlar, rədd edilməkdən qorxurlar və səmimi bir münasibət içində belə tez-tez özlərini tək hiss edirlər. Bu səbəblə, romantik bir münasibətin normal problemlərini idarə etmək onlar üçün daha çətindir. Düşünmədən hərəkət etmək, özünü zəiflədən davranış, yalnız qalmaq qorxusu ilə yüksələn qayğını aradan qaldırmaq üçün bir cəhd edə bilərlər. İntihar cəhdləri ya da özünə zərər vermək, adətən, tərk edilmə, xəyal qırıqlığı kimi hisslərlə birlikdə inkişaf edən qəzəblə bağlı olur.
Emosional nizamlama və bəzi sosial sərhədlərin qorunması ilə bağlı çətinliklərin bir nəticəsi olaraq Borderline şəxsiyyət pozuqluğu olan insanlar bəzən qarışıqlı heyranlığın gerçək olmayacaq qədər yüksək səviyyələri ilə yaranan, başqaları ilə sürətli və görünüşdə dərin əlaqələr qura bilərlər. Başqaları tərəfindən əzilə ya da istifadə oluna bilərlər. Bu cür münasibətlərin təbiətində olan dəyişkənlik və Borderline şəxsiyyət pozuqluğu olan şəxs üçün həll olunmamış məsələlər səbəbiylə (xüsusilə, güvən və özünə hörmət məsələlərində), istənilən hörmətsizliyə qarşı sərt reaksiya verməyə və hədsiz dərəcədə mülayim baxış bucaqlarını tərsinə çevirməyə meyillidirlər. Bu, başqaları tərəfindən gözlənilməz bir düşmənlik və ya xəyanət kimi qəbul edilə bilər və bu vəziyyət Borderline problemi olan şəxs üçün baş qarışdırıcı və ağrılı olur.

Bu insanlar hədsiz dərəcədə pul xərcləmə, qumar, çox yemək və təhlükəli seks kimi düşünmədən edilmiş davranışlara meyilli olurlar. Borderline şəxsiyyət pozuqluğu, xüsusilə, Bipolyar pozuqluğu, depressiya, anksiyete pozuqluqları (tez-tez, hədsiz dərəcədə və vəziyyətə uyğun olmayan bir narahatlıq halı), maddə istifadəsi və digər şəxsiyyət pozuqluqları kimi başqa zehni problemlərlə birlikdə görülür. Bu pozuqluğu izləyən depressiya, şəxsin ciddi acı çəkməsinə və intihar cəhdlərinə yol aça bilər.

Səbəbləri və təsirləri

Şəxsiyyət pozuqluqları, çox güman ki, həm ətraf mühit, həm də bioloji faktorlarla bağlıdır. Araşdırmaçılar, ümumi olaraq, Borderline şəxsiyyət pozuqluğunun fərdi genetik uyğunluq, çevrə ilə bağlı stress, uşaqlıq dövründə yaşanan laqeyd münasibət və ya istismar və yeniyetməlik ya da yetkinlikdəki püxtələşmə dövrü hadisələrinin bir nəticəsi olduğunu düşünürlər.

Şizofreniya və ya Bipolyar pozuqluğu (manik (görünüşdə pozulmuş həyacanı və enerjini göstərir) depressiv xəstəlik) daha az görüldüyü halda, ABŞ əhalisinin 2%-də və hətta, bəzi təxminlərə görə, 10-14% nisbətində Borderline şəxsiyyət pozuqluğu yayılıb. Borderline şəxsiyyət pozuqluğu diaqnozunda qadınlar, kişilərdən 3 dəfə çoxdur. Borderline pozuqluğunun qadınlarda artmasının səbəbi genetik və ya hormonal təsirlərlə bağlı ola bilər, ancaq uşaqlıq dönəmində yaşanmış insest (yaxın qohumlar arasında cinsi əlaqə) təcrübələrlə də bağlı ola bilər. İnsestin kişilərdən daha çox qadınların həyatında baş verdiyi düşünülür və bu nisbətin bütün qadınların 1/4-i qədər yüksək bir həddə çatdığı təxmin edilir. Bu uzunsürən və vaxtaşırı davam edən zərər və bəzən, mərhəmətsizləşmə daha sonra münasibətlərin pozulmasına və kişilərə qarşı güvənsizlik duyğusuna, seksin ilk planda yer almasına, cinsi azğınlığa və cinsi asılılığa, dərin depressiyaya və ciddi şəkildə ziyan görmüş mənlik şüuruna gətirib çıxarır.
Bir çox araşdırma uşaqlıqda yaşanan istismar və Borderline pozuqluğunun inkişafı arasında güclü bir əlaqə olduğunu göstərmişdir. Borderline şəxsiyyət pozuqluğu olan bir çox insan uşaqkən cinsi istismara uğramaq, laqeydlik və ayrılıq hekayələri olduğunu bildiriblər. Valideynlərin (həm atanın, həm ananın) uşaqlarından emosional olaraq uzaq olduqları və uşaqlarına qarşı dəyişkən davranışlar göstərdikləri bildirilib. Buna əlavə olaraq, daha öncə bir qadın dayədən gördüyü laqeydliyi bildirən və kişi dayə tərəfindən istismar edilən Borderline pozuqluğunu olan qadınların dayə olmayan biri tərəfindən (yəni, valideyndən başqa) cinsi istismara məruz qalma riski daha yüksəkdir.

Mütəxəssislər, eyni zamanda, sərhəddə şəxsiyyət pozuqluğu olan insanların narahatlıqlarının və ya ruh hallarını nizama salmaq barədə çətinliklərinin irsi ola biləcəyini irəli sürmüşlər. İtkilərə qarşı daha müdafiəsiz və ya stressə qarşı daha həssas ola bilirlər. Əkizlər və ailələr üzərində aparılan bəzi çalışmalar da şəxsiyyət pozuqluqlarının irsi olduğunu iddia edir.
Bəzi araşdırmalar duyğu nizamlanması, düşünmədən hərəkət etmə və aqressiya ilə beynin müəyyən hissələrindəki dəyişiklikləri göstərir. Əlavə olaraq, serotonin kimi ruh halının nizamlanmasına yardım edən bəzi kimyəvi maddələr (beyin üçün) düzgün işləməyə bilər.

Müalicəsi

Şəxsiyyət pozuqluqlarının psixoloji müalicəsi ilə bağlı ənənəvi şübhələr olsa da, Borderline şəxsiyyət pozuqluğu üçün bəzi spesifik psixoterapiya növü son illərdə inkişaf etdirilmişdir və psixoterapiya sərhəddə şəxsiyyət pozuqluğunun müalicəsində açar vəzifəsi yerinə yetirir. Psixoterapiya fərdi və ya qrup halında ola bilər, sessiyalar bir neçə ay çəkə bilər ya da xüsusilə, şəxsiyyət pozuqluqları üçün bir neçə il də çəkə bilir. Müalicədə bənzərsiz çətinliklər yarana bilər. Borderline şəxsiyyət pozuqluğu tərk edilmə qorxusu və qorxunun ifadəsi ilə bağlıdır və xəstə terapevtin ona rədd cavabı vermə ehtimalından əvvəl, özü terapevtdən imtina edə bilər. Münasibətlərində həssaslıq və coşğunluq göstərənlər eyni şeyi psixiatrına qarşı da edə bilərlər. Bu pozuqluqda yaşanan problemlər şəxsin başqaları ilə münasibət qurmaq və əngəllərin öhdəsindən gəlmək vərdişləri ilə bağlıdır. Bu insanlar terapevti ideallaşdırmağa və ya asanlıqla əsəbləşib, silib atmağa meyillidirlər. Xəyal qırıqlığı reaksiyaları ağır olur. Bu səbəblə, bir zehni sağlamlıq mütəxəssisi ilə sağlam əlaqə qurması çətin ola bilər. Bu pozuqluq təsirli ola bilmək üçün müxtəlif texnikalardan istifadə edən terapevtlər üçün test xarakterlidir.

İdraki Davranış Terapiyası zehni pozuqluqlar üçün ən çox istifadə olunan və müəyyən olunmuş psixoloji müalicə üsuludur. Ancaq qismən terapevtik bir münasibət yaratmaqda və müalicə uyğunluğunu təkmilləşdirməkdə yaranan çətinliklər səbəbilə, Borderline şəxsiyyət pozuqluğunda daha az uğurlu olduqları görülmüşdür. Son 15 ildə Dialektik davranış olaraq adlandırılan yeni bir psixo-sosial müalicə Borderline şəxsiyyət pozuqluğunu müalicə etmək üçün xüsusi olaraq inkişaf etdirilmişdir və bu texnika müalicə işlərində ümidverici nəticələr göstərmişdi. Dialektik Davranış Terapiyası idraki-davranışçı terapiya texnikalarından törəmişdir, lakin terapevt və xəstə arasındakı, rasionallıq və emosionallıq arasındakı, qəbul etmə və dəyişdirmə arasındakı (o cümlədən, dialektik) dəyişimi və görüşməni vurğulayır. Müalicə hədəfləri arasında “özünə zərər vermə”nin öncəlikli olduğu mövzusunda bir nəticəyə gəlinmişdir.

Qeyd: Borderline şəxsiyyət pozuqluğunu daha yaxşı anlamaq üçün Ceyms Menqoldun (James Mangold) “Girl, interrupted” filmini izləyə bilərsiniz.

Müəllif qeydi: Bu məqalə həkimlərin tibbi məsləhətlərini əvəzləmək üçün yazılmamışdır. Belə bir sağlamlıq probleminiz olduğu təqdirdə həkimə müraciət etməyiniz məsləhət görülür.

Mənbə:

Borderline (Sınırda) Kişilik Bozukluğu

Redaktə etdi: Fatimə Əliyeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin