Kinonu ədəbiyyat və teatrla eyni bir sənət mövqeyinə yüksəldən rejissor – İnqmar Berqman

0

“Hər duyğu, hər hərəkət, hər fiziki narahatlıq, istifadə etdiyim hər kəlmə üçün bir yığın səbəbim var. İnsan anlayışla başını əyir. Belə olmalı idi. Amma yenə də bu həyat uçurumunda uzun-uzadı düşünürəm. Bu uçurum bir reallıqdır, həm də sonsuzdur… İnsan bu daşlı dərədə ya da suyun üzündə özünü heç öldürə bilmir. Ana, sənə səslənirəm, həmişəki kimi. Qızdırmam olduğu gecələr, məktəbdən qayıdanda gecələr arxamca qaçan bir ruhla xəstəxananın həyətində qaçdığım zaman, Farerdəki o yağışlı gündə səndən yapışmaq üçün əlimi uzatdığım zaman… Bilmirəm! Heç nə bilmirəm! Bu başımıza gələn nədir? Bunun öhdəsindən gələ bilməyəcəyik. Yanaqlarım yanır və kiminsə fəryad etdiyini, uladığını eşidirəm. Deyəsən, mən özüm fəryad edirəm.” İnqmar Berqman 

İnqmar Berqman (Ingmar Bergman) 14 iyul 1918-ci ildə İsveçdə anadan olmuşdur. Protestant bir keşişin oğlu idi. Qarşısında inanc, məhdudiyyətlər və dəmir kimi iradə var idi. Doğulduğu andan etibarən onu həyatı sorğulamağa şövq edən biri ilə tanış oldu, yəni atası ilə. Uşaqlığında tez-tez nənəsinin yanına qaçardı. Onun yanında hüzur tapdığını vurğulayırdı.
Berqmanın həyatı çətinliklər və dolaşıqlıqlar içərisində keçdi. Berqman 16 yaşında tələbə kimi Almaniyaya gedir və “Hitler tərəfdarı” olaraq geri qayıdır. Həbs düşərgələrinin bütün qalıqlarını görəndə vəziyyəti əvvəlcə qəbul edə bilmir.
1937-ci Stokholm universitetinin tarix və ədəbiyyat fakültəsinə daxil olur. Bu dövrdə, xüsusilə teatr qrupları ilə münasibətdə olan Berqman teatr rejissorluğu ilə maraqlanmağa başlayır.
1976-cı ildə sahibi olduğu “Personafilm”in vergidən yayınması ilə günahlandırılaraq həbs edilən Berqman ağır depressiya keçirir. Karolinska xəstəxanasının psixiatriya bölməsində bir müddət yatır. Berqmanın bu həyati təcrübələri kinolarında izlərini daşıyır. Bu təcrübələr bəzən bir mövzu olaraq kinonu yaradır, bəzən də qəhrəmanların xarakteristik xüsusiyyətləri kimi özünü büruzə verir.

Eyni zamanda, Berqmanın çoxlu evlilikləri oldu. Çox sevdi. Həyatında həmişə qadınlardan yana oldu. Onları kino həyatının da qəhrəmanları halına gətirdi. Çəkdiyi filmlərin ümumi məğzinə baxanda həyatının onda buraxdığını izləyərdi. Ümumi mənada real və sosial problemlərdən uzaq, daha çox melanxolik və içə qapanıq filmlər çəkməklə tənqid edilsə də, rejissor adını kino dünyasına yazdırmağı bacarmışdır. Kinolarında özünü və problemlərini elə dərin əks etdirmişdi ki, tamaşaçılarının qəlbini fəth etməyi bacarmışdır. 2005-ci ildə “Time” jurnalı tərəfindən dünyanın yaşayan ən böyük rejissoru kimi qiymətləndirilmişdir.

“Kinonu ədəbiyyat və teatrla eyni bir sənət mövqeyinə yüksəldən rejissor…” – “Time” jurnalı

Berqman daima həyata eşqlə baxdı. Həyatı, xarakterizə etdiyimiz duyğuları öz pərdəsində elə yalın şəkildə ifadə etdi ki, çox vaxt izləyəndə ifadə tərzindən narahat olduq. Əsərlərində içimizdə böyütdüyümüz pıçıltıları qışqıraraq əks etdirdi. Filmlərində məsumiyyəti qadınlarla ifadə etməyə üstünlük verdi. Onları bir atın üzərində kilsəyə ən gözəl geyimləri ilə göndərdi. Xəstə bir qadının gözündən sevgini, hüzuru və ölümü ifadə etdi. Dekorasiyası qırmızı və ağ olan bir ev şəraitində… “Həyatın rəngləri varsa, – deyirdi rejissor, – duyğunun da rəngləri olmalıdır”. Tanrını sorğuladığı əsərlərində, əslində, sorğuladığı Yaradan yox, insanların ona yüklədiyi və yüklərindən yola çıxaraq yayındıqları çıxmaz küçələr idi. Onun sorğuladığı şey insanın inanc sistemiylə gəzdiyi yollarda öz maraqlarını əsas götürmələri idi.
Berqmanın üstündən keçməməli olduğumuz bir şəxsiyyəti daha var idi. O da teatr tərəfi. Rejissor aktyorlarından istədiyi mükəmməlliyi teatr səhnələrindəki tozdan tutmuşdu. Kinoda olduğu kimi teatrda da əvvəlcə uğursuzluğa uğramışdır. Lakin nəticə günün sonunda tamaşaçıdan aldığı möhtəşəm alqışlardır.
Berqman kinolarını dövrlərə ayırmaq mümkündür.

I dövr deyə biləcəyimiz illəri II dünya müharibəsindən sonraya təsadüf edir. Bu dövrdə çəkdiyi kinolar dövrün ümidsiz havasından payını lazımı qədər alır. O dövrdə yüksələn intihar faizi və dini inancın sarsılması onun rənglərinə də təsir edir. Ortaya sorğulayıcı və qaranlıq əsərlər çıxır. Bunlardan ən vacibi 1949-cu ildə çəkilən “Zindan”dır (Fangelse).
Filmdə gənc rejissorun yanına ağlında film layihəsi olan əvvəlki müəllimi gəlir. O, ssenaridən yola çıxaraq film doğrunu, yanlışı və anlayışların beynimizdəki təsvirini sorğulamağa başlayır.
Bu dövrdə çəkdiyi digər filmləri isə “Böhran” (Kris), “Eşqimizin üstünə yağış yağırdı” (Det regnar på vår kärlek, 1946), “Hindistana gedən gəmi və ya itən qızlar limanı” (Skepp till India land, 1947), “Liman şəhəri” (Hamnstad, 1948), “Susuzluq” (Törst, 1949).

Berqmanın II dövründə sevgi, eşq və ayrılıq mövzuları üstünlük təşkil edir. Bu dövrdə rejissorun qadınlara meyli ön plana çıxır. Onlara açıq şəkildə önəm verir. Onların yanında olur, qoruyur və müdafiə edir. Qalib gəlmələrini təmin edir.
Bu dövrün ən vacib əsərlərindən biri “Bir yay gecəsi gülümsəmələri”dir (Sommarnattens leende). Film 1959-cu ildə Kann kinofestivalında izləyici və münsiflər tərəfindən çox bəyənilir. Hətta, kinoya xüsusi olaraq mükafat yaratmalı olurlar – ədəbi satira mükafatı. Film, eyni zamanda, İsveç kino dünyasını da erotik filmlər dövründən qurtarıb dünyaya tanıdır.

“Sevincə Doğru” (Till gladje, 1949), “Yay oyunları” (Sommarlek, 1950), “Burada edilməyən növdən bir şey” (Sant hander inte her 1951 ), “Qadınların gözləməsi” (Kvinnors väntan, 1952), “Monika ilə yay” (Sommaren med Monika, 1953), “Səyyahlar gecəsi” (Gycklarnas afton, 1953), “Bir sevgi dərsi” (Lektion I Kärlet, 1954), “Qadın yuxuları” (Kvinnodröm, 1955), “Yay Gecəsinin təbəssümü” (Sommarnattes Leende, 1955) kimi filmlər rejissorun II dövrünə damğasını vurmuşdur.

“Əlimdən gələnin ən yaxşısını etməkdən başqa bir əxlaqi qayğım yoxdur. Qorxu, qərarsızlıq ya da geriləmə sənət sahəsində kifayət qədər şeyə damğasını vurur ya da çəp nəzəriyyələr doğurur” İnqmar Berqman

Rejissorun III dövrünə baxanda Berqmanın Tanrı – insan sorğulamasının zirvəyə çatdığını görürük. Berqman inancı, varlığı, yoxluğu sorğulayır. Dinin istismarı rejissorun ən çox vurğuladığı nöqtədir. “Yaxşı adamlar hər zaman qazanırmı?” sualı, xüsusilə, bu dövrə damğa vuran filmlərdən olan “Qaynaq”da (Jungfrukällan) dəfələrlə sorğulanır. Atının üstündə yola çıxan məsum, pislikdən bixəbər bakirənin başına gələnlərə əsaslanaraq günahı və savabı sorğuya çəkir. 1960-ci ildə izləyici qarşısına çıxan kino həm böyük maraq görür, həm də izləyicini qıcıqlandırır. Rejissorun məqsədi onsuz da bu idi.
Dövrə damğasını vuran ən vacib kino isə 1957-ci ildə çəkilmiş “Yeddinci möhür”dür (Det sjunde inseglet). Filmdə səlib yürüşlərindən qayıdan gənc cəngavərin Əzrail ilə dialoqları, sorğuladığı din və insan dilemması Berqmana böyük şöhrət qazandırır.

Dövrün digər önəmli filmi isə “Yabanı çiyələklər”dir (Smultronstället). Film tibb professorunun mükafat almaq üçün çıxdığı səyahət ilə birlikdə, daxili səyahətindən də bəhs edir. Gənclik xatirələri, yalnızlıq, peşmanlıqlar, ölümə yaxın olmağın gətirdiyi çarəsizlik və qorxu üzərinə obrazların möhtəşəm ahəngiylə davam edən film Berqmana uğur gətirmişdir.

Berqmanın III dövründə çəkdiyi digər filmləri isə “Həyatın eşiyində” (Nara livet, 1958), “Üz” (Ansiktet, 1958), “Şeytanın Gözü”dür (Djävulens oğa, 1960).

IV dövr rejissorun Tanrı sorğusuna son dəfə qayıtdığı 3 filmindən ibarətdir. Berqman sorğulamalarına son nöqtəni qoyur və Tanrının ölümünü elan edir. Onun fikrincə, hər varlığı yaşadan və öldürən qüvvə ölmüşdü.
1. Güzgüdəki kimi (Såsom i en spegel, 1961)
2. İbadət edənlər (Nattvardsgästerna, 1962); rejissor burada bir keşişin inancını itirməsindən yola çıxaraq Tanrı sorğulamasına son verir. Onun ölümünü elan edir.
3. Səssizlik (Tystnaden, 1963)

Hər zaman Yucin O’nilin (Eugene O’Neill) məşhur sözlərini xatırlayıram: “İnsanın Tanrı ilə münasibətini ələ almayan bütün dramatik əsərlər mənasızdır”. – İnqmar Berqman

Rejissor sonra 2 film daha çəkir, lakin bu filmlərində Tanrı – insan dilemmasından uzaq durur.

V dövr Berqmanın yaxından çəkilişləri ilə bəzədiyi və “kinoteatr budur” dediyi, bütün qanunları yıxıb yenilərini silinməz hərflərlə həkk etdiyi dövrdür. Berqman insani duyğuları aktyorluğu dibinə qədər istifadə edərək əllərlə, jest və mimikalarla və obrazların obrazlar içərisində yox olub getməsilə ön plana çıxarır. Sevgi, nifrət, yox olma, zorakılıq və səssizliyin içərisində əks-səda verən qışqırıqlar onun bu dövründə heç kimin bacarmadığı və bugün belə qısqanılan bir texnikayla əks olunur. Berqman artıq böyük bir əfsanədir.

1966-cı ildə çəkdiyi “Persona” filmi dövrün ən vacib əsərlərindəndir. Berqman filmdə artıq öz mənliyini də ötüb keçmiş və axtarış içərisindəki iki qadınla birlikdə özü də dəyişmişdir. Film təqdim olunduğu dövrdə həm olduqca bəyənilmiş, həm də şiddətli tənqidlərə məruz qalmışdır.

1968-ci ildə “Qurdların saatı” (Vargtimmen) filmini çəkmişdir. Rejissorun yeganə qorxu filmidir. Con Borq hamilə arvadı ilə birgə yaşayır və rəssamdır. Bir müddət qəribə və qorxuducu qarabasmalar görür. Buna görə yata bilmir. Xüsusilə də, gecənin yerini sabah tərk etdiyi qurdun saatında.

1968-ci ildə isə “Xəcalət” (Skammen) filmini çəkmişdir. Müharibə yalnız onun içərisində ölənlərə yox, arxasında qalan yaşayan ölülərə də təsir edir. Bu kino, eyni zamanda, “bilinməzlik” kinosudur. Bilinməzlik bir müddət sonra yerini müharibə haqqında daha çox öyrənməyə buraxacaq və bu da qəhrəmanlarımızda sonu gəlməyən bir xəcalətə səbəb olacaqdır.
“İnsan üzü işimizin çıxış nöqtəsidir. Kamera tamamilə obyektiv müşahidəçi kimi ona yaxınlaşmalıdır. Aktyorun ən gözəl ifadə vasitəsi baxışlarıdır. Sadəlik, fikrin cəmlənməsi, detallar…Budur, hər səhnənin sonunda bütünün dəyişməz obyektləri bunlar olmalıdır.” – İnqmar Berqman

Berqmanın digər filmləri:

  • 1968 – Riten (Ayin)
  • 1969 – En Passion (Bir Ehtiras)
  • 1970 – The Touch (Təmas)
  • 1972- Viskningar och Rop (Qışqırıqlar və pıçıltılar); Üç bacının yalnızlıq, ölüm və inancla bağlı hekayəsi…
  • 1973 – Scener ur ett äktenskap (Evlilik həyatından səhnələr)
  • 1974 – Trollflöjten (Sehirli fleyta)
  • 1975 – Ansikte mot ansikte (Üz-üzə)
  • 1977 – Das Schlangenei (İlanın yumurtası)
  • 1978 – Höstsonaten (Payız sonatası)
  • 1979 – Farer-Doküment 1979 (Farer adası)
  • 1980 – Aus dem Leben der Marionetten (Kuklaların Həyatından)
  • 1983 – Fanny och Alexander (Fenni və Aleksandr)

Berqman insan deyilən varlığın görünən və gizlənən hər detalını və onun Yaradanla münasibətini öz süzgəcindən elə keçirib bizə ifadə etdi ki, hələ də öz tanınmaz hallarımızda onun cavabları bizə yol göstərəcək xarakterdədir. O, sadəcə böyük bir kinorejissor deyil, eyni zamanda, teatr aşiqi idi. Özünün də dediyi kimi, kinoteatr onsuz, o da teatrsız olmazdı. 9 dəfə ən yaxşı rejissor Oskarına namizəd göstərilən Berqmanın əsərləri 1960, 1961 və 1983-cü illərdə “Ən yaxşı xarici film üzrə akademiya mükafatı”nın sahibi olmuşdur.
Berqman 30 iyul 2007-ci ildə, səhər saatlarında İsveçdə, Farer adasındakı evində 89 yaşında vəfat etmişdir. Qızı Eva Berqman tərəfindən yuxusunda öldüyü bildirilmişdir.

Mənbə: http://www.otekisinema.com/ingmar-bergman/

http://www.olmayanulke.com

Redaktə etdi: Fatimə Əliyeva

 

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin