İyirminci əsrdə elm

0

“Tanrının əsərlərinin universal gözəlliyini və qüsursuzluğunu öz bütünlüyü içində qavraya bilmək üçün bütün kainatın davamlı və tamamilə azad bir irəliləmə içində olduğunun fərqinə varmalıyıq. Nəticədə, boşluqda/fəzada hər zaman oyanma vaxtı hələ çatmamış, yuxuda olan şeylər vardır.” 

– Gottfried Wilhelm Leibniz –  “Şeylərin kökü haqqında”  (1967)

“Toplum heç bir zaman irəli getməz. Bir yandan nə qədər geriləyərsə, digər yandan eyni sürətlə irəliləyər. Daimi olaraq dəyişiklik içərisindədir; barbardır, sivildir, xristiyandır, zəngindir, elmidir, amma ….. verilən hər şeyə qarşılıq alınan bir şey vardır.”

– Ralph Waldo Emerson  “Esselər : Birinci seriya”  (1841)

İyirminci əsr gətirdiyi üç böyük yeniliklə xatırlanacaq: Yaşamı qorumaq, uzatmaq və gücləndirməyə yönəlmiş indiyə qədər görülməmiş ehtimallar; qlobal sivilizasiyamızı ilk dəfə təhlükəyə atmaq da daxil, yaşamı yox etməyə yönəlmiş görülməmiş ehtimallar; özümüzün və kainatın təbiəti haqqında görülməmiş bilgilər. Bu üç inkişaf da iki ucu kəskin bir qılınc olan elm və texnologiya ilə təmin edilmişdir. Üçünün də kökləri çox qədimdir: insan yaşamını qorumaq, uzatmaq və yaxşılaşdırmaq.

Kənd təsərrüfatının kəşf edildiyi və heyvanların əhliləşdirildiyi on min il əvvələ qədər insanların qidaları təbii çevrədəki meyvə-tərəvəz və heyvanlarla məhduduydu. Təbii olaraq, yetişən ərzaqların qıt olmasına görə Yer on milyon qədərində insan doyura bilirdi. Bunun  qarşılığında 20-ci əsrin sonunda dünyada altı milyard insan olacaq. Bu o deməkdir ki, insanların 99,9%-i yaşamlarını kənd təsərrüfatı texnologiyasına, bunun təməlini qoyan elmə – bitki və heyvan geni və davranışına, kimyəvi gübrələrə, kənd təsərrüfatı dərmanlarına, iş alətlərinə, sulama və yük maşınlarında, dəmir yolu vaqonlarında, marketlərdə və evlərdə soyutma sistemləri istifadə edilməsinə borcludur. “Yaşıl inqilab” da daxil olmaqla kənd təsərrüfatı texnologiyasındakı ən nəzərəçarpan irəliləmələr iyirminci əsrin istehsalıdır.
Şəhər və kənd kanalizasiya və içməli su şəbəkələrinin qurulması, ictimai səhiyyə tədbirləri, xəstəliklərə mikrobların səbəb olduğunun qəbul edilməsi, antibiotiklər və digər dərmanlar, genetik və molekulyar biologiya vasitəsilə tibb  bütün dünyada, amma xüsusilə İEÖ-də insan sağlamlığının çox böyük ölçülərdə yaxşılaşmasını təmin etdi. Çiçək xəstəliyi (smallpox) dünya səviyyəsində həll edildi, qızdırma xəstəliyinin təsir sahəsi hər il gedərək daralır və uşaqlığımdan bildiyim göy öskürək, qızılca, uşaq iflici kimi xəstəliklər bu gün demək olar ki, ortadan qalxdı. İyirminci əsrin ən önəmli yenilikləri arasında  qadınlara ilk dəfə törəmə ilə bağlı talelərini güvənli şəkildə müəyyən etmə imkanı verən və insan nəslinin yarısının azadlığını qazanmasını təmin edən – nisbətən ucuz doğuma nəzarət üsulları da yer tutur. Bu üsullar bir çox ölkədə təhlükəli bir ölçüdə olan nüfuz artışında, cinsi fəaliyyətə təzyiq edərək məhdudlaşdırmadan, ciddi azalmalar təmin edir. Texnologiyanın istehsal etdiyi kimyəvi maddələrin və radiasiyanın yeni xəstəlikləri dəvət etdiyi və xərçənglə əlaqələndirilməsi də təəssüf ki, həqiqətdir. Siqaret istifadəsinin dünya səviyyəsində yayılması hər il üç milyon insanın (təbii ki, hamısı qarşısı alına bilinəcək olan) ölümünə yol açır. Dünya Səhiyyə Təşkilatı bu sayın 2020-ci ildə ildə 10 milyona çatacağını proqnoz verir.
Ancaq texnologiya götürdüyündən daha çoxunu gətirmişdir. Bunun ən açıq göstəricisi ABŞ və Qərbi Avropada 1901-ci ildə 45 il olan ortalama insan ömrünün bugün qadınlarda bir az daha çox, kişilərdə bir az daha az olmaq üzrə 80 ilə yaxınlaşmasıdır. Ortalama yaşam müddəti bəlkə də yaşam keyfiyyəti ilə bağlı ən önəmli göstəricidir: Əgər ölmüsünüzsə, hər halda yaxşı vaxt keçirdiyinizi demək olmaz. Dünyada hələ də kifayət qədər qidalanmayan bir milyard insan vardır və hər gün 40 min uşaq boş-boşuna ölür.
Radio, televiziya, qrammafon, maqnitofon, kompakt disk, telefon, faks maşını və kompyuter informasiya şəbəkəsi (internet) vasitəsilə texnologiya populyar mədəniyyətin görüntüsünü kökündən dəyişdirmişdir. Qlobal əyləncə sektorunun və bəlli bir ölkəyə bağlı olmayan, çoxmillətli şirkətlərin müsbət və mənfi təsirlərinə, transmilli qruplara və digər mədəniyyətlərin siyasi və dini inanclarına vasitəsiz şahidliyi mümkün qılmışdır.
1940-cı illərdə karton örtüklü kitabların bazar üçün çox sayda nəşriylə dünya ədəbiyyatı və hazırki ilə keçmişin böyük mütəfəkkirlərinin fikirləri sıradan insanların yaşamlarına girdi. Bu kitabların qiymətləri bugün çox artmış olsa da, hələ də Dover Yayınlarının bir dollarlıq klassikləri kimi imkanlar bazarda vardır (tərcüməçi: ölkəmizdəki ucuz kitab kompaniyaları, ikinci əl kitablar). Savadlılıqda inkişafa müşayiət edən belə yönəlmələr Ceffersonçu demokratiya ilə oxşayırlar. Digər tərəfdən, Amerikada 20-ci əsrin sonunda savadlı sayılmaq üçün təməl ingilis dili bilgisi kifayət edir və xüsusilə televiziya kütlələri oxumaq vərdişindən uzaqlaşdırır.
Yaşam qurtarmaq xüsusiyyətinə sahib texnologiyanın istifadəsi ölkədən ölkəyə dəyişir. Məsələn, ABŞ sənayeləşmiş ölkələr arasında ən yüksək uşaq ölümü faizinə sahib ölkədir. Həbsxanalardakı qara dərili gənclərin sayı universitetə gedənlərdən daha çoxdur və bütün sənayeləşmiş ölkələr arasında faiz etibarilə həbsxanada olan vətəndaşlarının sayı ən çox olan ölkədir. Tələbələri başqa ölkələrdəki eyni yaş qrupundan olan tələbələrlə qarşılaşdırıldığında standart fənn və riyaziyyat testlərində daha uğursuzdurlar. Son on beş il içində varlılara kasıblar arasında real gəlir bərabərsizliyi sürətlə artmış, orta sinfin çöküşü sürətlənmişdir. İnkişaf etmiş texnologiyaya aid sənaye başqa ölkələrə qaçır. 20-ci əsrin ortasında bunların hamısına liderlik edərək əsrin sonunda ABŞ-da çöküş işarələri görülür. Bunun məsuliyyəti liderlərin keyfiyyəti ilə bağlı olduğu qədər vətəndaşların tənqidi təfəkkürünün azalması, apolitikliyə meyl etməsidir.

Elmin kəşfləri

İyirminci əsrdə elmin hər sahəsində təəccübləndirici dəyişikliklər baş verdi. Xüsusi və ümumi nisbilik nəzəriyyələri ilə kvant mexanikası fizikanın təməllərində inqilab etdi. Atomun quruluşu – proton və neytronlardan ibarət mərkəzi çəyirdək, onu əhatə edən elektronlar- ilk dəfə bu əsrdə məlum oldu. Protonlarla neytronları təşkil edən hissəciklər olan kvarklar ilk dəfə görüldü. Bir qrup qısa ömürlü qəribə hissəcik, yüksək enerjiylə çalışan sürətləndiricilər (accelerator, hızlandırıcı) və kosmik şüaların köməyilə ilk dəfə təyin olundu. Fizyon (fission) və füzyon (fusion), nüvə silahlarının, fisyon enerjisi ilə çalışan enerji stansiyalarının təşkilini və füzyon enerjisiylə çalışacaq stansiyaların təşkili ehtimalını mümkün etdi. Radioaktiv çöküntünün kəşfi Yerin yaşını (4,6 milyard il) və yaşamın nə zaman başladığını (təxminən 3,8-4 milyard il) təyin etməyimizi təmin etdi.
Geofizikada plitə tektonikası (plate tectonics, levha tektoniği) – Dünya səthinin altında, qitələri “doğum”larından “ölüm”lərinə qədər daşıyan və ildə 2.5 sm qədər hərəkət edən plitələr olduğu nəzəriyyəsi kəşf edildi. Plitə tektonikası Yerin formalaşması və tarixi ilə dəniz dibinin topoqrafiyasını anlamaq üçün olan nəzəriyyədir. Beləliklə, yeni bir sahə olan planetlər geologiyası ortaya çıxdı. Beləcə, Yerin şəkli və daxili quruluşu digər planetlər və onların peykləri ilə qarşılaşdırılıra bilinir və başqa planetlərdəki qayaların kimyası – uzaqdan incələnərək ya da kosmik vasitələrlə gətirilən nümunələr və kosmosdan gələn meteoritlər üzərində aparılan araşdırmalarla təyin edilərək – Yerdəki qayalarla müqayisə edilir. Dünyanın daxili quruluşunu incələyən seysmologiya yer qabığının altında yarı maye (semi-fluid, yarı akışkan) bir mantiya təbəqəsi, maye şəklində dəmir çəyirdək və daha içdə qatı bir çəyirdək kəşf etdi.
Planetimizin formalaşma dövrlərini öyrənmək istəyiriksə, bunların hamısının açıqlanması lazımdır. Keçmişdə bəzi canlı növlərinin kütləvi olaraq yox olmasının səbəblərindən birinin, mantiya təbəqəsinin yer səthindən xaricə fışqıraraq torpağı bir lava dəniziylə örtməyi artıq məlumdur. Bir başqa səbəb də böyük kometaların (comets, kuyruklu yıldız) Yerə çırpılması   və yaxından keçən meteoritlərin havada partlama və yanmaya yol açaraq iqlimi dəyişdirməsidir. Növbəti əsrdə (21-ci əsr) içlərindən birinin bizi hədəf alıb almayacağını anlamaq üçün kometalarla meteoritlərin ən azından bir inventarını çıxartmalıyıq.
İyirminci əsrdə  elmin uğurlarından biri də insanda, bitki və heyvanda irsiyyətlə bağlı, açar molekul olan DNT-nin, yəni dezoksiribonüklein turşusunun quruluşu ilə işləmə şəklinin kəşfidir. Hazırda genetik şifrəni oxumağı bilirik. Gen xəritəsini çıxardığımız orqanizmlərin sayı günbəgün artır və genlərin çoxunun bu orqanizmdəki hansı fəaliyyətdən məsul olduğunu bilirik. Genetiklər insan genomunun xəritələnməsi çalışmalarında kifayət qədər çox yol qət ediblər. Bu həm yaxşı, həm də pis nəticələr doğurma potensialı olan yüksək uğurdur. DNT hekayəsinin ən vacib yönü yaşamın təməl prinsiplərinin fizika və kimya baxımından artıq tamamilə anlaşıla bilən hala gəlməsidir. Bu müddətdə yaşam verən güclərə, ruha yer yoxdur. Neyrofiziologiyada da bənzər vəziyyət var: Zehin beyindəki yüz trilyon (100 000 000 000 000) neyron bağlantısıyla bir neçə bəsit kimyəvi maddənin ifadəsi kimi görünür.
Molekulyar biologiya bizə iki canlı növünün tək-tək genlərini, molekulyar quruluşlarını qarşılaşdıraraq qohumluq dərəcələrini ortaya çıxarmaq imkanı verir. Bu təcrübələr bizə Yer kürəsində yaşayan bütün canlılar arasındakı yaxın bənzərliyi dəqiq bir şəkildə göstərir və təkamül biologiyasının daha əvvəl ortaya çıxardığı ümumi əlaqələri doğrulayır. Məsələn, insanlarla şimpanzelər 99,6% eyni aktiv genləri daşıyırlar və bu da şimpanzelərin ən yaxın qohumumuz olduğunu və yaxın keçmişdə ortaq əcdaddan gəldiyimizi doğrulayır.
İyirminci əsrin əvvəlində kosmoloqlar çalxalanan hava okeanının dibinə sıxışmış vəziyyətdə idilər və uzaq dünyaları sadəcə müşahidə edə bilirdilər. İyirminci əsrin sonunda isə Yerin ətrafında göy üzünü qamma şüaları, X şüaları (x-ray, rentgen), ultrabənövşəyi, görünən və infraqırmızı şüalar və radio dalğaları ilə izləyən böyük teleskoplar var.
Elmi inqilabın bəlkə də ən çox narahat edən tərəfi ən dəyər verdiyimiz və bizi çox rahatladan inanclarımızın çoxunu boşa çıxarması oldu. Bizdən əvvəlkilərin üzərində yaşadıqları insan mərkəzli, aşağı-yuxarı kiçik səhnə yerini insanın itib batdığı soyuq, ucsuz-bucaqsız böyük bir kainata buraxdı. Ancaq mən şüurumuzda əvvəlkilərin xəyalını belə qura bilmədiyi qədər möhtəşəm, mürəkkəb və həssas düzən içərisində bir kainatın ortaya çıxdığını hesab edirəm, görürəm. Və əgər bir neçə bəsit təbiət qanunları ilə kainatla bağlı çox şey anlaşılırsa, bu möhtəşəmdir. Tanrıya inanmaq istəyənlər heç şübhəsiz bu gözəl qanunları bütün təbiəti ayaqda tutan, idarə edən bir Ağıla (Tanrı iradəsi) yoza bilər. Mənim şəxsi düşüncəm isə kainatı gerçəkdə olduğu kimi anlamağın olmasını dilədiyimiz bir kainat xəyal etməkdən çox daha yaxşı olduğudur.
İyirminci əsrin elmi kəşfləriylə üz-üzə gəlmək üçün lazım olan anlayış və müdrikliyə çatıb-çatmayacağımız sualı iyirmi birinci əsrdə həllini gözləyən ən böyük problemi olacaqdır.

Carl Sagan “Milyardlarla və Milyardlarla”
Tərcümə etdi: Fəridbəy Həsənli

Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin