Heyvani ətir maddələri

0

Heç bir bitki qoxusu heyvani qoxular qədər kəskin deyildir. Bu səbəbdən, sabitləyicilər içərisində heyvani qoxular daha çox üstünlük təşkil edir. Bir müşk dənəsi illərlə öz təbii qoxusunu qoruyub saxlaya bilir, bu səbəbdən də səhv bir dozada bu maddə heyvan kimi qoxuya bilir.
Marko Polo Çindəki gəzintiləri arasında müşk heyvanından danışır: “Heyvanın dərisi ilə əti arasında dəri ilə birlikdə kəsilən bir hissə vardır. Müşk, əsasən, dekabr ayında, eşq mövsümündə qoxur.”
Çinlilər əsrlər öncə müşkü baş ağrılarına və eləcə də, ilan sancmalarına çarə olaraq istifadə etmişlər. Ərəb məscidləri bu gün belə müşk qoxur. Səbəbi isə divarları tikilərkən suvaqlara bu maddədən qarışdırılmasıdır.
Bütün qoxu maddələri içində ən qalıcı və ən nüfuz edici olanı müşkdür. Uzaq şərqdən çay gətirən gəmi sahiblərinə dünyalar versələr də, yüz qat möhürlənmiş müşkü gəmilərinə almazdılar.
Yüksək dərəcədə çürük qoxusu yayan bu qırmızı maye erkək müşk heyvanının cinsi ifraz vəzindən gəlir. Tibetdə və Çində yaşayan heyvan bu maddəni cinsi bölgələrinin yaxınlığındakı bir cibdə, dəridən bir kisədə saxlayır.
Yazda heyvan meşələrə çəkilir və ətirli bitkilərlə qidalanır. Cütləşmə zamanı, dekabr ayında yaydığı kəskin qoxu ilə bir kilometr məsafədən uzaqdakı dişini özünə çəkə bilir.
Müşk qoxusu afrodizyak olaraq qazandığı məşhurluğu bu xüsusiyyətə borcludur. Kataloqdan ətir satışı edən firmalar bu gün də bu məşhurluqdan istifadə edirlər.
Zibet pişik nəcisinə bənzəyir və eləcə də qoxur. Şimali Afrikada yaşayan Zibet pişiyinin cinsi orqanına yaxın bir kisədən müdafiə məqsədilə ifraz etdiyi məlhəm kimi bir maddədir.
Bu maddəni əldə etmək üçün Zibet pişiyi qəfəsə qoyulur və əsəbiləşdirilirdi. Pişik əsəbindən qəhvəyi-sarımtıl maddə ifraz edir. Çox yaxşı incəldikdə Zibet ifrazı xoş qoxur. Xüsusən də şərq notlu ətirlər üçün istifadə edilir.

Boz ənbər

Ənbər balinasının bağırsaqlarında yaranır, xaric edilir və boz bir kütlə halında dənizin üzərində üzər. Xüsusilə, İrlandiya sahillərində rastlanan bu maddə nəcis kimi qoxur. Lakin çox nadir olan bir maddədir. Bu səbəblə də çox bahalıdır.
Kasteryum (Casterium) yaxud da qunduz xayası qunduzun anusuna yaxın dəridən bir kisəcikdə yerləşir. Ətriyyatçılıqda, xüsusilə də, dəri ya da tütün notlar üzərində olan kişi ətirlərində sabitləyici olaraq istifadə edilir.
Günümüzdə, ətriyyatçılıqda artıq təbii əmbər ya da müşkün heç bir əhəmiyyəti yoxdur. Onların yerini aldadıcı oxşarlıqdakı sünni maddələr almışdır.

Mənbə:

Andrea Hurton – Ətrin Erotizmi, Gözəl qoxuların tarixi

Tərcümə: Bənövşə Su

Redaktə etdi: Fatimə Əliyeva

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin