Mem Mexanikası

0

Mem mexanikası nədir?

Mem insandan insana və ya digər mediyalar vasitəsilə kopyalanan və ya təqlid edilən bir fikir, bacarıq, texnologiya və ya hekayə kimi bilgiləri ifadə etmək üçün istifadə edilir. “Qırmızı başlıqlı qız bir çox ölkəyə yayılmış çox uğurlu bir memdir, eynilə Nisbilik nəzəriyyəsi kimi” – deyir Suzan Blakmor (Susan Blackmore).

“Fərqli səbəblərdən dolayı yayılmışlar: İlki insanın hekayə anlatmaq sevdasına, digəri isə həqiqəti kəşf etmək arzusuna xitab edir. Lakin, əlbəttə, homeopatiya kimi yanlış fikirlər də mem olaraq yayıla bilir, doğru olduqları üçün deyil, insanlar onların doğru olmalarını istədiyi üçün bu da plasebo effekti yaradır. Memlər də eyni genlər kimi eqoistcəsinə yayılır.”

Mem terminini 1976-cı ildə bioloq Riçard Dokinz (Richard Dawkins) “The Selfish Gene” (Eqoist gen) adlı kitabında ortaya atdı. Blakmor bu mövzu üzərində əhatəli kitab yazdı. “Memləri yayanlar hər kəsin gözünü dikdiyi, qulaqlarını açdığı insanlardır, eynilə pop starlar, elmlə məşğul olanlar kimi. Elmdə ən yaxşı mem yayanlar başqalarının həqiqətən öyrənmək istədiyi işlər görən, yaxşı bir məqalə yazıb səsini duyurmaqdan qorxmayan, konfrans təşkil edəcək qədər özünə güvənənlərdir. Bu şəxslər, ümumi olaraq, kişilərin arasından çıxdı, amma zamanla daha çox qadın memlərini yaymağa başladı”.

Yenə də hələ elm dünyasındakı qadınların sayı kişilərdən çox azdır. “Bu fərqliliyin bir səbəbi də bioloji gerçəklərdir: Kişilər və qadınlar fərqlidir, beyinləri fərqlidir, düşünmə şəkilləri fərqlidir, etmək istədikləri fərqlidir”, deyir Blakmor, – “əlbəttə, bunun istisnaları var, amma daha az qadın yaxşı bir alim olmaq üçün adekvat marağa sahibdir.”

Digər bir səbəb də elmlə məşğul olan çox sayda qadının işi və şəxsi həyatı arasında bir tarazlıq qura bilmək üçün yarım ştat çalışmaq istəməsidir. Elm qurumları isə buna çox icazə vermir. “Rəqabətli və patriarxal sistemdir. Çox qadın karyerasında yüksəlmək üçün mübarizəyə girişmək istəmir. Toplumumuz cinsiyyət fərqliliklərini özünə qatmaq, qazandırmaq məsələsində tamamilə bərbad vəziyyətdədir.”

Mem yarışı sürətlənir. Gedərək artan sürətdə ötürülən bilgi bombardmanına tutuluruq. Elmin özü daha rəqabətli hala gəlir. Blakmorun da dediyi kimi: “Yarım ştat çalışıb bəzi illər tətil edərək uğurlu bir elm adamı ola bilərdiniz, amma daxil olduğunuz sahə nə qədər rəqabətlidirsə, bu o qədər çətin olur.”

Qeyd: Suzan Blakmor haqqında qısa bilgi: Dr. Suzan Blakmor, britaniyalı yazar, mühazirəçi, skeptik, yayımçı, Plimaut (Plymouth) Universitetində müəllim, “The Meme Machine” (Mem mexanikası) kitabının yazarı. Aşağıdakı populyar ifadə də məhz ona məxsusdur:

“Qadınlar uşaq sahibi olmaq istəyib istəmədiklərinə özləri qərar verə bildikləri andan etibarən özlərini sənətə, elmə, musiqiyə və ya hər hansı bir məsləkə həsr edə bildilər”

Mənbə:

Jheni Osman – “Tarixi dəyişdirən 100 fikir”
Tərcümə etdi: Həsənli Fəridbəy

Redaktə etdi: Fatimə Əliyeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin