Martin Heidegger – Sənət Əsərinin Mənşəyi

0

Mənşə sözü burada bir şeyin haradan, nəyin vasitəsilə gəldiyini, nə və necə olduğunu ifadə edir. Olmaq və olmağın necəliyinə nəsnənin varlığı deyirik. Bir nəsnənin mənşəyi onun varlığının mənbəyidir. Sənət əsərinin (red. burada incəsənət yox, sırf sənət demək daha uyğundur) mənşəyi sualı isə onun öznəl (red. subyektiv) mənşəyinin axtarışına da çıxmağımıza səbəb olur. Aydındır ki, əsər sənətkarın fəaliyyəti ilə yaranır. Bəs sənətkar kimdir? Əlbəttə ki, sənətkarın varlığı əsərlə birlikdə ortaya çıxır. Çünki əsər ustasının tərifidir, yəni sənətkar elə öz əsərinin mənbəyidir. Elə əsər də sənətkarın mənbəyidir. Biri olmadan, digəri olmaz. Tək başına biri digərinin yerinə keçə bilməz. Əsər və sənətkar üçüncü bir ünsür sayəsində həm öz içlərində, həm də qarşılıqlı münasibətdə olurlar. Üçüncü ünsür dediyimiz bu əsas ünsür sənətkara və əsərə öz adını verir, bu isə sənətdir.

Əsərin sənətkara mənbə olmağına görə, sənətkarın əsərə mənbə olmağı nə qədər önəmlidirsə, başqa bir üslubda olsa da, sənətin sənətkara və əsərə mənbə olmağı o qədər önəmlidir. Sənət mənbə ola bilərmi? Ondan bəslənmək mümkündürmü? Sənət harada və necə var olmuşdur? Sənət real olan hər hansı bir şeylə qarşılaşdıra bilmədiyimiz bir anlayışdır. Bu sənətin içində olanları, yəni əsər və sənətkarları içinə qoyduğumuz bir çərçivədir: Əgər sənət anlayışı bir çərçivədən başqa bir çox şeyi izah edirsə, sənət anlayışı altında deyilənlər və göstərilənlər sadəcə əsər və sənətkarla bağlı reallığın əsasında olan bir şeydir. Yoxsa əksinədirmi? Sənət ancaq əsərə və sənətkara mənşə olduğu müddət ərzindəmi mövcuddur?

Verilən qərar nə olsa da, sənət əsərinin mənşəyi ilə bağlı olan sual eyni zamanda sənət əsərinin öznəlliyi ilə bağlı olan sualdır.

Sənətin varlığı və ya necə var olması tam aydınlana bilmədiyinə görə sənəti ən tez tapa biləcəyimiz yerdə – sənət əsərində axtaracağıq. Yaxşı, o zaman sənət əsəri nədir?

Sənətin nə olduğu əsərin özündən çıxarılmalıdır, orda axtarıb tapılmalıdır. Əsərin nə olduğunu da sənətin özündən anlaya bilərik. Hər kəsin fərqinə vardığı, standart bir dairədə var-gəl edirik. Məntiqsiz olduğu üçün bu var-gəldən uzaq olmağın normal olduğu düşünülür. Sənət əsərlərinin analizi və ya müqayisəsi ilə sənətin nə olduğunun bilinəcəyi düşünülür. Müqayisə üçün edilən bu müşahidədə sənətin nə olduğunu bilmədən sənət əsərini necə  əsas götürürük? Sənətin özəlliyi, yəni özündəki şey var olan əsərlərin özəllikləri bir araya gətirəndə yox, ancaq fövqəl anlayışlardan edilən çıxarışlarla əldə edilə bilər. Çünki bu çıxarışlar sənət əsərinin nə olduğu ilə bağlı bizə qavraya biləcəyimiz şeyləri verir və öncədən bilinən bir istiqamətə sahibdir. Var olanların içindən əsərlərin seçilməsi və əsas düşüncələrdən çıxarışların edilməsi eyni anda, eyni dərəcədə mümkün olmur. Buna görə də bu cür cəhdlər uğursuz olur.

Bir dövrə yaratmalıyıq. Bu bir olmaza çarə və ya əskiklik deyildir. Bu yolda addımlamaq çətindir. Əgər bu bir vasitəçidirsə, yolda qalmaq düşüncənin bayramıdır,uğurudur.

Əsərdə reallıqla bütünləşən sənətin özünü (red.özündəki şeyi) tapa bilmək üçün real əsəri axtarırıq və əsərin nə və ya necə olduğunu elə əsərin özündən soruşacağıq.

Sənət əsərini hər kəs bilir. Memarlıq və rəsmə aid əsərlər ictimaiyyətə açıq yerlərdə, kilsələrdə, evlərdə açıq-aşkar görünür. Sərgi və muzeylərdə fərqli dövrlərə və fərqli xalqlara aid əsərlər göstərilir. Əgər biz əsərləri öz toxunulmamış real varlığından görsək və bunu ağlımızdakı bəzi qəliblərə qoymasaq, görərik ki, əsərlər də eynən nəsnələr kimi mövcuddurlar. Rəsmlər bir papaq və ya ov tüfəngi kimi divardan asılıblar. Məsələn, bir əkinçi ayaqqabısını göstərən van Qoqun rəsmi sərgilər dolaşır. Eynisi Ruhr bölgəsindən (red. Almaniyada kömür mədənləri olan əyalət) çıxarılan kömürə və ya Qara Meşədən ( alm. Schwarzwald, Almaniyada meşə) kəsilən ağac kötüklərinə də olur. Hölderlinin (alm.Friedrich Hölderlin, alman şair) şeirləri bir əsgərin çantasında təmiz əşyaları ilə bir yerdə olurdu. Bethovenin kvartetləri nəşriyyatlarda eynən kartof kisələri kimi toplanır.

Bütün əsərlərin nəsnəl (red.obyektiv) bir tərəfi də vardır. Belə olmasa necə olardı? Əsərlərin kobud və görünən tərəflərini bəyənməyə bilərik. Sənət əsərlərinə aid bu cür düşüncələrə muzeylərdəki xadimələr və kuryerlər sahib ola bilərlər. Biz əsərləri hiss edən və onları yaşaya bilən biri kimi analiz etməliyik. Bəzi professionalların estetik təcrübəsi (aesthetic – hiss etmə) belə əsərlərdəki nəsnəlliyi maddiləşdirə bilməz. Məsələn, memarlıqdakı daş və ağac, rəsmdəki rəng, ədəbiyyatdakı sözlər, musiqidəki səs. Nəsnəllik sənət əsərinin içinə elə sızmışdır ki, sanki əksini deməliydik: Abidə daşda, oyma sənəti ağacda, rəsm rəngdə, ədəbiyyat sözlərdə, musiqi isə səsə aidmiş kimi görünür. Təbii ki, buna qarşı çıxılacaq. Yaxşı, o zaman sənət əsərindəki təbii nəsnəllik nədir?

Sənət əsərinin nəsnəl olmaqdan başqa məqsədləri olduğu üçün bunu sorğulamaq mənasız və aldadıcı ola bilər. Burada sözügedən şey olan Digər (red. fəlsəfi termin kimi ingiliscə big Other, fransızca autre (Lakanın termini), türkcə Öteki,Diğer sözləri bəzən dilimizdəki Yad, Yadlaşmış mənasını verir) sənət əsərini yaradır. Sənət əsəri yaradılmış bir nəsnədir, amma bəsit bir nəsnəyə aid olmayan şeylər də deyə bilər, yəni αλλο αγοσευι – digər şeylər. Bu bir “alleqoriyadır”. Yaradılmış bir nəsnə bizi əsərdəki nəsnə ilə ilə bütün edir. Bütünləşmək yunanca “ανμβαλλειν” deməkdir. Yəni əsər simvoldur.

Keçmişdən bugünə sənət əsərinin öncəliklərinin hərəkət etdiyi bir çərçivə yaradan alleqoriya və simvoldur. Digəri ifşa edən, yəni bizi Digərlə uzlaşdıran Bir əsərin nəsnəlliyidir. Əsərdəki nəsnəllik, sanki özüldür və bunun üzərinə Digər ilə birlikdə gerçək olan inşa edilmişdir. Əsəri yaradanın, yəni sənətkarın əsərində gerçəklikdən hazırladıqları reallıq deyildirmi?

Əsəri dolaysız və bütün çılpaqlığı ilə görmək istəyirik. Çünki real sənəti ancaq o zaman görə bilərik. Öncə əsərin nəsnəl cəhətlərini əla almalıyıq. Bunun üçün nəsnənin nə olduğunu bilmək lazımdır. Ancaq bundan sonra əsərdəki nəsnəl olanla Digəri ayırd edə bilərik. Hətta əsərin reallıqda başqa bir şey olduğunu və nəsnə olmadığını da deyə bilərik.

 

 

Martin Heidegger – Der Ursprung de Kunstwerks ( Martin Haydegger – Sənət Əsərinin Mənşəyi)

Kitabdan növbəti məqalə: Nəsnə və Əsər

 

Tərcümə və Redaktə etdi: Ziya Mehdiyev Martin Heidegger

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin