İnhisar və inhisarlaşma

0

İnhisar nədir?

İnhisar (monopoliya yunanca monos – tək, poleo – satıram). Tək və ya qrup halında şəxslərin, firmaların, dövlətin, məhsulun, xidmətin istehsalına və ya mənimsənilməsinə , müəyyən malların ticarətinə müstəsna (inhisar) hüququdur.

İnhisarlar niyə yaranır?
İnhisarların yaranması haqqında mülahizə yürütdüyümüz zaman əsasən bu qeyd etdiyimiz müddəa əsas götürülür: Əgər firma özünə yaxın substitutları olmayan yeganə məhsul tədarükçüsüdürsə, onda o, inhisara malikdır. İnhisarın yaranmasına əsas səbəb – bazara girişdə əngəllərin olmasıdır. Bu əngəllər digər firmalara inhisarçı ilə rəqabətə girməkdə mane olur. Girişdəki əngəllər isə öz növbəsində növbəti hallarda yaranır:
1. İstehsalatın əsas resursuna yeganə firma malik olduqda;
2. Hökümət bir firmaya hansısa məhsul və ya məhsulların istehsalı üzrə müəyyən hüquqlar verdiyi zaman;
3. Məhsul buraxılışının maksimal səmərəliliyi bazarda yeganə istehsalçının olmasını təmin etdiyi zaman.

İnhisar resurslar

İnhisarların yaranmasının ən sadə üsulu – istehsalatın əsas resursunun yeganə istehsalçının «əllərində» konsentrasiyasıdır. Kiçik bir şəhərin su bazarını nəzərdən keçirək. Əgər əhalinin əksəriyyəti quyulara malikdirsə, satıcıların hərəkətini adekvat şəkildə bazarın rəqib modeli təsvir edir. Lakin əgər şəhərcikdə yeganə quyu vardırsa, suyu isə başqa heç yerdən ala bilmirsə, onda onun sahihkarı yerli su bazarında inhisarçıya çevrilir.
Əsas resursa müstəsna şəkildə malik olmanın inhisarın yaranmasının potensial səbəbi olmasına baxmayaraq praktikada belə hallara kifayət qədər az rast gəlinir. Real milli iqtisadiyyatlar kifayət qədər genişdir. Əsas resurslar müxtəlif şəxslərin və qrupların əmlakında yerləşir. Əmtəələrin əksəriyyəti beynəlxalq ticarət predmeti olduğundan onların bazarının təbii ölçüsü bütün dünyadır. Ona görə də resurslara malik, yaxın substitutları olmayan firmaların nümunələri, çox güman ki, istisna təşkil edir.

Hökumətin yaratdığı inhisar
Bir çox hallarda inhisarın yaranması hökumət tərəfindən fərdi şəxsə və ya firmaya əmtəələrin və xidmətlərin satışı üzrə müstəsna hüquqların verilməsilə bağlıdır. Bəzən belə inhisarın yaranması potensialı «tək təsərrüfatçının» siyasi təsirinin nəticəsinə çevrilir. Bir vaxtlar krallar öz dostlarına və həmkarlarına bu və ya digər fəaliyyət sahəsinə görə müstəsna hüquq verirdilər. Digər hallarda inhisarın yaranması cəmiyyətin maraqlarına cavab verir.
İctimaiyyətin maraqlarının xidmətinə qoyulmuş inhisar nümunəsi patent və müəllif hüququdur. Əgər əczaçılıq kompaniyası yeni dərman vəsaiti kəşf edirsə, o, patentin alınması üçün uyğun hökumət orqanlarına müraciət edə bilər. Əgər onlar yeni preparatı həqiqətən orijinal hesab etsələr, onda istehsalçıya müəyyən müddət ərzində dərmanı istehsal etmək və satmaq üzrə müstəsna hüquq verən patent verilir. Məsələn, bu müddət Amerika Birləşmiş Ştatlarında 17 ildir. Yazıçı yeni əsəri bitirdikdə o, müəllif hüquqlarını qeydiyyatdan keçirə (copyright) bilməsi analoji haldır. Müəllif hüququ (copyright) hökumətin zəmanətidir ki, müəllifin icazəsi olmadan heç kəs həmin kitabı nəşr etdirmək və satmaq hüququna malik deyildir. Müəllif hüququ yazıçını öz kitabının satışı üzrə inhisarçı edir.
Patent və müəllif hüququ haqqında qanunların və qərarların səmərəsi məlumdur. Onlar istehsalçıya inhisar hüquqları ayırdığından əmtəəyə daha yüksək qiymətlər (rəqib bazarla müqayisədə) təsis edilir. Digər tərəfdən, inhisar istehsalçıların yüksək qiymətlərinin (uyğun olaraq, yüksək gəlirlərin) leqallaşdırılması kompaniyalarda və individlərdə cəmiyyətin maraqları fəaliyyətinə həvəs oyadır. Əczaçılıq kompaniyaları tərəfındən patentin əldə edilməsi imkanı onları tədqiqatların davam etdirilməsinə stimullaşdırır, yazıçıların müəllif hüquqları onları yeni daha maraqlı əsərlərin yaradılmasına həvəsləndirir.

Bazarda inhisarın yaranmasına qarşı bir məfhum – İnhisarsızlaşma (De- Monopolizasiya)

İqtisadi siyasət və qanunvericilik çərçivəsində, rəqabətin inkişafına və inhisarların fəaliyyətinin məhdudlaşmasına yönəldilən kompleks tədbirlər, başqa sözlə, rəqabətin inkişafına və bazara inhisarçı təzyiqin zəiflədilməsinə yönəldilmiş dövlət siyasətidir. Qanunvericilik tədbirlərinin köməyi ilə həyata keçirilir. Ümumi halda inhisarsızlaşma dövlətin antiinhisar siyasətinin nəticəsi olub, bir qayda olaraq, iki istiqamətdə aparılır. Birinciyə bazarların ardıcıl liberallaşması aiddir. Belə tənzimləmə özünəməxsus antiinhisar profilaktikası kimi çıxış edir. Bu, iri biznes üçün səmərəsiz olan inhisarçı davranışa yönəlmişdir. Eyni zamanda xüsusilə kiçik və orta sahibkarlığın stimullaşması, xarici sahibkarlar üçün daxili bazarların açılması, xarici investorlar üçün investisiya mühitinin aşağı salınması, lisenziyalaşdırma prosedurlarının sadələşdirilməsi, inhisarların məhsulları ilə rəqabət apara bilən məhsul istehsalının müdafiəsi və s. baş verir.
İkinci istiqamət inhisara təsir üsullarını birləşdirir. Bu daha çox inhisar üzərində inzibati nəzarət tədbirləri qiymətlərin, məhsulun kəmiyyət və keyfiyyətinin maliyyə sanksiyalarıdır ki, antiinhisar qanunvericiliyinin pozulması zamanı tətbiq olunur. Hüquqi tənzimləmə normalarını, yəni inhisarların fəaliyyətinin məhdudlaşmasına yönəldilən antinhisar qanunvericiliyini xüsusi qeyd etmək lazımdır.

  1. İnhisarın qeyri-üstünlükləri

Əslində inhisar, bazar bir və bir neçə qüvvənin, monopolist firmaların əlində cəmlənməsi iqtisadi sistem və cəmiyyət üçün elə mənfi haldır. Amma inhisarın qeyri-üstünlükləri, zərərlərini bildirən 4 ümumiləşmiş müddəa var. Onlar aşağıdakılardır:

1. Zəif xidmət səviyyəsi.
2. İstehlak suverenliyinin olmaması. İnhisarçı bazarda istehlak səviyyəsini tamamilə öz əlində cəmləndirir.
3. İstehlakçılara hətta keyfiyyətsiz mal və xidmətlərin müqabilində yüksək qiymətlər təklif oluna bilər.
4. Rəqabətin olmaması aşağı keyfiyyətə yol açır və vaxtı keçmiş mal və xidmətlərə bazarda rast gəlinməsi mümkündür.

Mənbələr:
1. Q. Menkyu – Ekonomiksin Prinsipləri (ABŞ, 2001 səh. 304-311)
2. Böyük İqtisadi Ensiklopediya (Bakı, 2012)

 

Redaktə etdi:  Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin